Tanrım, mənə bir dad ver

126 Baxış

xanimismayilqiziXanım İsmayılqızı

 

Taxt qursam da baxtına,
Tac qoysam da taxtına,
Sən uçdun öz vaxtına
Yerin olmayan yerdən…

Özünə çatmayanda,
Ömrünü tapmayanda,
Qaçdın, yandığın anda
Sərin olmayan yerdən…

Saxlayaraq qatarı,
Silərək ünvanları,
Qalxdın göylərə sarı
Dərin olmayan yerdən…

Kim gələr, kimsə keçər,
Bilməyib yoxu seçər…
Bir qız da gəlin köçər
Qəlbin olmayan yerdən…

 

 ***

 

Tanrım, mənə bir dad ver,
Aldığın qədər olsun.
Elə bir gün bağışla,
Olduğun qədər olsun.

Alnımı yoxla bir də,
Nəfəsin hər sətirdə.
Ömrüm, mənimlə yerdə
Qaldığın qədər olsun.

Vaxt ayırma seçimə,
Bir sarvan qoş köçümə.
Sevgini ver… İçimə
Dolduğun qədər olsun.

 

 

 ***

Bilmirəm…Payızdayam?
Yoxsa ki, qışım gəlir?
Neçənci ildən sonra,
Neçənci yaşım gəlir?

Getdi gəlib-getməzim,
Göz önündə ötməzim.
Ürəyimə – itməzim,
Başıma – daşım gəlir.

Güllə yağır hər günə,
Qarışır səsim ünə.
Ölürəm… Dönə-dönə
Üstümə qoşun gəlir.

 

 

 ***

Hər gün birini gözləmək…
Tək birini…
Pəncərədən, qapıdan,
Səslərdən, ətirlərdən
Bir az onu oğurlamaq.
Gözlərinin içindən də
Onu qoparıb götürmək,
Yatağına gətirmək,
Yenə üstünü örtmək
Və gözlərindən öpmək…

Hər gün birini gözləmək…
Tək birini…
Kölgələrin boyunda
Axtarışına çıxmaq.
Göydən, yerdən,
Buludların arasından,
Ağacların, adamların arxasından
Boylandığını görmək,
Bir də, bir də itirmək,
İtirdiyində itmək…

Hər gün birini gözləmək…
Tək birini…
Masanın boş yerində
Onun yerini saxlamaq,
Telefonun zənginə,
Qapı döyülüşünə,
Dəli kimi gülüşünə
Diksinərək atılmaq…
Ayılmaq və ayılmaq…
Yoxluğu udub əsmək,
Ayıqlığından küsmək…

Tək birini… Tək birini
Hər gün, hər gün gözləmək…
Tək birini…Tək birini
Ölüncə əzizləmək…

 

 

***

Dünyanın hər dadında
Batıram, bəsdi artıq.
Həyatın zindanında
Yatıram, bəsdi artıq.

Ağrıların zilinə,
Ocağımın külünə,
Cəlladımın əlinə
Çatıram, bəsdi artıq.

Aldanmışam min kərə
Hər açılan səhərə.
Kədəri dərə-dərə
Satıram, bəsdi artıq.

Ruh bürünüb tüstümə,
Ürək durub qəsdimə.
Kəfənimi üstümə
Atıram, bəsdi artıq.

Silərək yaddaşımı,
Yüzə vurdum qışımı.
Bir əsrdi başımı
Qatıram, bəsdi artıq.

 

 

***

Bu sancı kürəyimdən,
Dost kimi ayrılıb gedə.
Bu ağrı ürəyimdən,
Xəncərtək sıyrılıb gedə.

Bir qapı açılıb ki,
Bağlamağa güc istəyir.
Üstümə bir toz qonub,
Daşımağa koç istəyir.

Bir ox sinəmdən qopdu,
Bir damla qanım çıxmadı.
Başım daşa çırpıldı,
Nə əcəb canım çıxmadı.

 

 

***

Gözlər öz üzündən qopub,
Uzun yollara sarılır.
Ağrılar özündən bezib,
Çarpaz qollara sarılır.

Bu dar girişlər, çıxışlar,
Qərib enişlər, yoxuşlar,
Hardansa yağan yağışlar,
Bəxtsiz qullara sarılır.

Dərdi canına daraşan,
Çöpdən tutmağa çalışan,
Ölüm-dirimlə uğraşan,
Səfil hallara sarılır.

Kimdən gəldi, kimə getdi?..
Allah necə xilas etdi?..
Bütün cavablar da indi,
Bu suallara sarılır.

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10