Tanrının cılız dəstəkçiləri

125 Baxış

SadiqF.ü.f.d.,dos. Şəmil Sadiq

“Müasir elm ortaya çıxarmışdır ki, insan yalan danışdığı zaman beynin Prefrontal Cortex adlanan ön hissəsinin aktivlik dərəcəsi artır, yəni beynin yalan  mexanizminə cavabdeh olan hissəsi məhz alnımızın altında yerləşir. İndi mən desəm ki, Quran bunu 14 əsr əvvəl demişdi, inanmayacaqsınız: “Yox, yox! (bu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik.  Özü də yalançı kəkilindən.”  (ƏlLəq, 15-16)”

Bu mətnin müəllifi kimdir, dəqiq bilmirəm. Bu yaxınlarda yaxın dostlarımdan biri göndərib. Ardınca da yazıb: sənin Quran haqqında şübhələrinə yaxşı cavab olar məncə. O müqəddəs kitabda çoxlu belə faktlar var ki, sonradan təsdiqini tapmışdır.  Sənə olan qardaşlıq istəyimdən çox istərdim ki, daxilində Allaha və onun  göndərdiyi kitaba heç bir şübhən olmasın. İnşaallah dini düşüncələrimiz də tezliklə üst-üstə düşər. Mən bunu arzu edirəm.

Mənim dostuma yazdığım cavabı da oxuyun, sonra keçək mətləbə….

“Qardaş, məncə çox narahat olma, sənin Allah, mənim isə Tanrı, Yaradan adı ilə adlandırdığım ifadələr bir-birindən formaca fərqlənsələr də, mənaca eynidir. Ona görə də Tanrı düşüncəmizdə heç bir fərq yoxdur, o ki qaldı, din məsələsinə mən qardaşlıq, sevgi, vicdan dininə inanıram, elə buna görə də, düşünürəm ki, burda da bir fərq yoxdur”.

Bu yazışmalardan da aydın görünür ki, bizim hər ikimiz də əslində eyni düşüncədəyik. Lakin savadsızlığın və ya fikri düzgün ifadə edə bilməməyin problemini yaşayırıq biz insanlar. Amma mən yenə də son fikirlərin yox, yuxarıda Quranın müqəddəs kitab olduğunu sübut etmək üçün həvəskar gənclərin yazdığı mətnə diqqət çəkmək istəyirəm. Ümumi nəticə budur ki, elmin sübutu ilə Qurandakı fikir bir-birinə yaxındır. Necə də gülünc və mövhumatçı təfəkkürün ortaya çıxardığı faktdır.  İnsan elə bir məxluqdur ki, yozmaq onun üçün çox sadə sənətdir.

Bir Tanrının onun varlığını bu cür cılız dəlillərlə sübut etməyə ehtiyacı ola bilməz, məncə. Əgər bir insan görür və eşidirsə, demək ki, kiminsə onun yaradılmasında rolu olduğunu dərk edir. Necə gördüyünü dərk edə bilməyən və bununla da Tanrı anlayışını qəbul etməyən insana da Tanrı haqqındakı bu cür qara piyarla heç nə vermək olmaz… Bu “okeanda su olmur” deyən adama okeanda suyun olduğunu sübut etmək üçün adını heç bir zaman eşitmədiyi osminoq adlı heyvanın yalnız okeanda yaşadığını misal gətirməyə bənzəyir. Halbuki adam durub okeanın lap kənarında, sadəcə görmək istəmir. Görürsə, dərk etmirsə, ona sudan içirtmək əvəzinə, nağıl danışmağa bənzəyir bu tipli yersiz cəhdlər. Nəsə, bu da işbazların işidir ki, Tanrı dəllallığı edirlər. Sözüm bunda deyil, məramım başqadır. Məni narahat edən məqamlardan ən əsası odur ki, niyə məhz biz hələ də açıq fikri qəbul edə bilmirik. Hərdən düşünür və qərara gəlirəm ki, xristian xalqların inkişaf etmə səbəblərindən biri Allahın oğlu adlandırdıqları İsa Peyğəmbəri insan obrazında görə bilmələridir. Onu müzakirə edə bildikləri üçün bu gün bir çox şeyə qadir olublar. Biz isə İslam sözünün təslim ol mənasından heç bir halda uzağa gedə bilmirik.

Bir nəfər dini kitablardakı hansısa fikri bəyənmədiyini və ya qəbul etmədiyini deyən kimi onu ateist adlandırırlar. Axı dinə inananmamaqla, allaha inanmamaq arasında çox fərq var. Kimsə dinə inanmırsa və ya şübhə ilə yanaşırsa, o demək deyil ki, o adam Tanrının da varlığını qəbul etmir. Sadəcə dinə inanmayan adam deyir ki, mənim təsəvvürümdəki Tanrı, sənin bu müqəddəs kitab kimi qəbul etdiklərindən daha yüksəkdədir, daha alidir, daha pakdır, daha böyükdür. Mən Tanrımı bir kitaba sığacaq qədər kiçik görmək istəmirəm. Bu fikri deyən birinə necə Allahsız demək olar? Ən yaxşı halda deist demək olar ki, bu terminin özü də mübahisəlidir.

Hə düşünsək ki, Allahın var olduğunu da, bu kitabın Allah tərəfindən göndərildiyini də söyləyən yeganə mənbə məhz müqəddəs kitablardır, deməli, sadəcə bir qaynaq var. Bu qaynağa görə də, Allah var deyib, amma kitaba inanmamaq və ya şübhə etmək, Tanrıya inanmamaq deməkdir.  Bax, ən böyük problem də elə burdan başlayır. Kimsə Tanrının var olmasını hansısa kitabdan oxuduğu fikirlərə görə qəbul edirsə, etmək istəyirsə, bu onun problemidir, amma qəlbinin, vicdanının, ruhunun, eşqinin, əməllərinin gözü ilə Tanrısını görənləri, tanrısını yaradanları, onunla danışanları, onunla dərdləşənləri, lütfən, əlifba öyrənən uşaqlarla qarışdırmayın.

İnsan daima cahil ola bilməz, kitablar gəldi və ona həqiqəti dedisə, tutalım, bu həqiqəti qəbul etdi və inandı. Yenə də artıq iş bitmişdir. Kitab da işini bitirmişdir. İndi başqa mətləblərdən danışmalı, kamilliyin yollarını başqa məqamlarda axtarmamalıyıq. Yoxsa ki, insanlıq tarixin ilmələrində ilişib qalsa, xalçanın toxunması bitməz, elə olduğu yerdə də qalar.

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet