Tanrının imzası (esse) – Tural Cəfərli

34 Baxış

14718600_1131987790211434_1097322847381874645_n

Senet.az oxucularına “Ustad” jurnalından Tural Cəfərlinin “Tanrının imzası (esse)” yazısını təqdim edir.

Tanrının imzası (esse)

Günəşin minnətsiz işığında isinən əllərimdə sənin yoxluğunun şəkli çəkilib.  Mən bu şəkli neçə illərdi Luvrdakı, Ermitajdakı sənət əsərlərindən də yaxşı qoruyub saxlamışam. Tez-tez əllərimi yusam da, sənin yoxluğunun şəkli olduğu kimi qalıb. Hərdən mənə elə gəlir ki, əllərimdə Tanrının imzası var.

Bir gün bu imzalı əllərimi sənə göndərəcəm. Ya payız yağışıyla, ya soyuq bir küləklə, ya da yorğun bir qatarla. Bilmirəm, bəlkə, o zaman sən qabları yuyacaqsan, ya ərinin qurumuş paltarlarını ipdən yığaqscan, ya da ənənəvi ev xanımları kimi uzun və mənasız bir seriala baxacaqsan… Hər halda, işıq qəbzi kimi, ya da çağırılmamış qonaq kimi sənə gələn əllərimə baxarsan. İşdi  lazım olmasa, körpənə göz dəyməsin deyə, asarsan onu uşaq otağından göz muncuğu kimi…

Səndən sonra yeni kitablarla tanış oldum. Həyatın mübarizə meydanı olduğunu anladım. Köhnə dostlarımla tez-tez əlaqə saxlayıb şahmat oynamağı öyrəndim. Gec də olsa başa düşdüm ki,  piyada olmaq həm də hünərli olmaq kimi bir şeydi. Özümü qabağa verirəm, qayğılara qucaq açıram, qorxmuram problemlərin acımasız rəftarından…

Əllərimdə naməlum xətlərə baxıb, ulduzları, planetləri, kainatı düşünürəm. Hardasa sönmüş bir ulduzun, daha mövcüd olmayan bir kainatın qopmuş zərrəciklərindən biri kimi özümü hiss edirəm. Bəlkə də, hələ də varlığını sürən bir dünyanın adamıyam, canlı olduğuma görə kimə borcluyam?

İndi gecələr Tanrı ilə söhbətləşməyə vaxtım çox olur. Səndən sonra, Tanrı yadıma düşüb yaman. Ona ünvanladığım suallarla rahatlıq tapıram, cavab almasam da… Bilirsən, yaşamağı əzablarla birlikdə dərk etmək, məncə, daha gözəldi. Özümü asmış ananın körpəsi kimi bilirəm. Taleyin sərt üzünü görmüşəm sənin yoxluğun ilə… Başqaları kimi deyinmirəm, aldığım məvacibim məni qane edir az olsa da… Sağlıq durumum da yaxşıdı. Ürəyimlə bağlı ara-sıra şikayətim olsa da, hələ ki öz ritmində, nizamında döyünməkdədi.

Sərsəm əhvalatlar eşidirəm. Ruhum incimir, sakit qarşılayıram daha hər şeyi. Sənin yoxluğun məni güclü edir. Özümə inamım artıb, indi daha pozitiv olmuşam. Gülürəm, güldükcə güzgüyə baxıram, danışıram, ən adi məqamları da bölüşməyi bacarıram artıq.

Tez-tez ölüm haqqında düşünürəm. Məzar soyuqluğunu hiss edirəm. Üzülən adamların gözlərindəki kədəri duyuram. Sənə çox minnətdaram. Sən məni həssas etdin. Əslində çox da duyğusuz deyildim, ən azı hind filmlərinə baxıb ağladığım vaxtlar olub. Sadəcə olaraq, indi daha həssas olmuşam, Suriyada ölən körpələrin xəbəri məni paramparça edir. Qalıqlarımı içimdə axan yaşlarda, bir də ağ vərəqə köçürdüyüm misralarda tapıram. Qəribə olsa da, qanımın istiliyindən üşüyürəm. Bütün bunlar sənin yoxluğunun nəticəsidir. Necə də uğurlu bir nəticədir, deyilmi?

Atamın qayğıları yaşı ilə bərabər artmaqdadı, anamın dərmansız bir günü də keçmir. Onların varlığı ilə təsəlli alıram naməlum şəraitdə darıxmağımdan.  Yaxşı ki, Tanrının söz adlı bir ixtirası var bu fani dünyada, yoxsa nə ilə təskinlik tapıb, həyatımıza davam edərdik?!…

Bu qış da beləcə bitmək üzrədi. Düzdü, baharda da soyuq günlər olur, amma mənən üşüməyən insanlar üçün havanın proqnozunun elə də bir əhəmiyyəti yoxdu. Baxdığım filmlərdə öz rolunu oynayan aktyorlara həsəd aparıram. Necə də gözəl oynayırlar… Bəzilərinin hələ də oskar almadıqlarına inana bilmirəm. Hərdən o qədər başım qarışır, həyatda oynayan insanların aktyorluq məharətlərinə bir film izləyirmiş kimi baxıram. Mənəvi kasıblıqdan böyük dərd ola bilərmi? Bəlkə də bu elə bir bəladır ki, onu dərk etmək də bir bəladır. Eh, nə isə…

Musiqi zövqümü korlamamaq üçün xarici dil bilgimi artırmışam. Sakit bir şəraitdə ömrümü sürürəm. Spinozanı, Hegeli tez-tez oxuyuram. Musiqi dinləyərək. Doğrusu, onları oxuyub qulağıma bir musiqi sədaları səslənsə də, bu notları təhlil etməkdə çətinlik çəkirəm.

Hərdən salam verdiyin insanların azalmasından narahat oluram. Narahat oluram ki, bu sözü leksikonumdan çıxara bilərəm yaxın zamanlarda. Bu söz mənim xoşuma gəlir, sadə və səmimi səslənir. Lakin qorxuram bu sözü də itirim beləcə… Dahi Füzulinin “Salam verdim, rüşvət deyildir deyə almadılar” misrası ilə doğmalaşan bü söz məni özündən uzaqlaşdırır, yad bir dünyaya aparır…

Təbitlə ünsiyyətim yaxşı alınırmış demə. Ağaclarla, yarpaqlarla səmimi və bir o qədər mehriban olmuşam. Kəndimiz Köhnəqlada 3 ədəd xurma ağacı əkmişəm. İki armud ağacını əhənglə rəngləmişəm. İndi onlara baxıb Günəşin işığına ehtiyac duyuram. Torpaqla bərabər böyüdüyümün fərqinə varıram.  Küləyin hansı istiqamətdə əsməyindən çox şey asılı imiş. Küləklər kimi insanlar da var. Bunu çox aydın şəkildə yəqin etmişəm. Bəzən küləyin istiqamətini müəyyən etsəm də, müəyyən insanların istiqamətlərini bilməkdə ciddi surətdə çətinlik çəkirəm. Eybi yox, bu məni o qədər də məyus etmir. Olan işdi.

Tanrının imzasını hər gün, hər an oxumaqda inanılmaz zövq aldığımı bildirmək istəyirəm. Bu məni lap min il əvvələ də apara bilər, min il sonraya da. Hiss etdiklərim mənim qərarlarıma da təsir edir. Ruh halım mənim görüntümün tam əksidir. Baxışlarımda canlandırdığım aləm öz rənglərini dəyişir mütəmadi olaraq. Bu rənglərin fonunda Tanrının bir işarəsini görürəm. O nədənsə həmişə səni işarə edir…  Zaman amansız düşmən kimi öz işini görür. Sənin yoxluğunda zaman daha fəlsəfi və dərin məna kəsb etməyə başladı. Saniyələrin saatlar qarşısında hökmranlığını gördüm, günlərin keçməzliyinin şahidi oldum, etiraf edim ki, ən çox zamana küsdüm, zamana qarğış etdim. Elə bilirdim ki, zaman hər şeyin günahını daşıyır, hər şey zamanın üzündən baş verib. Sən demə, hər şey ona bağlı imiş. Tanrının digər bir imzası kimi qarşıma çıxan “zaman” anlayışının dərkini ədəbiyyat adamlarının daxili sarsıntılarından yaranan ədəbi nümünələrində gördüm…

Yuxularım qarışıq olmağa başladı. Gah rəngli yuxular gördüm, gah da ağ qara fonda. Sənin varlığını yuxularım gerçək itdiyi zamanlar oldu. Bilirdim ki, yuxular gerçək olmur. Ona görə də həyəcanım olmurdu. Sonra isə gerçəkliyi yuxu kimi görməyə başladım. Bir sözlə, qarışıq bir həyatın içində idim. Düşmənimə də arzu etmirəm bunu…

Həyat ondan küsənləri incitdiyi kimi, həm də bağışlamır. Ona görə ki, biz həyatın içində bir sistem qurmuşuq, bu sistem cəmiyyət olaraq qarşımıza çıxır. Cəmiyyət kütlə psixologiyasına təsir edir və nəticə etibarilə yeni sisoal münasibətlər yaranır. Bu bizim daxili imkanlarımızı artırır. Daxili imkanlarımız isə bizi daha çox insan olaraq özümüzü dərk etməyə sövq edir. Xülasə, həyat bizə verilən ən gözəl fürsətdi-yaşamaq üçün…

Hə, sənin yoxluğundan söz düşmüşkən, kim olduğunu açıqlamıram, kimliyin önəmli deyil, önəmli olan yoxluğunun dərk olunmasıdı əslində. Kimsə yoxluq üçün obyekt seçilir və məqsəd bu obyektin bilavasitə iştirakı ilə yoxluğu dərk etmək olr. İndi də sən mənim yoxluq analayışımın dərk edilməsində daşıdığın vəzifəni başa düşürsənmi? Əgər dərk etdinsə, çox sağ ol. Sağ ol ki, yoxluqla bağlı təsəvvürlərimdə iştirak etdin. Bu iştirakınla məni özümə, sözümə, Tanrıma qaytardın.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10