Tanrının təsəllisi

90 Baxış

xanMüşfiq XAN

 

Hər ölüm erkən ölümdür

 

 

Yetmiş beş gün öncə…

 

Üç ay yayı səbirsizliklə gözlədiyi gün gəlib özünü yetirmişdi. Həmin gün evdə sanki hamı onunla birlikdə birinci sinfə gedəcəkdi. Səhər tezdən ailənin bütün üzvləri əldə-ayaqdaydı. Atası məktəb çantasını, anası acanda dərsarası yeməsi üçün şirniyyat, balaca çay termosunu yerbəyer edir, bacısı köynəyini gətirir, Tale özüsə bayaqdan bəri bəlkə də yüzüncü dəfə dəhlizdəki güzgünün qabağına keçib irəli-geri yeriyir, sevincindən  çırtma çalıb oynayırdı. Gözünün üstünə tökülən tellərini gah sağa, gah sola tumarlayıb hər dəfə də “ata, necədi?”, “ana, belə yaxşıdımı?”, “bacı, gəl sən də bax” – deyə səslənərək evdəkiləri başına yığırdı. Yaş yarımlıq balaca qardaşı da yır-yığışından qalmamışdı – özünün çay-süd içdiyi şüşə butulkanı tələm-tələsik gətirib qardaşının məktəb çantasına dürtüşdürdü. Hamı gülüşdü. Xoşbəxt idilər – dünənə qədər aşıb-daşan qayğılarını birdən-birə unutmuşdular.

İlk dərs günü məktəbdəki açılış tədbiri bitər-bitməz birincilər sevincək sinif otaqlarına doluşdular. Fidan müəllimə mehriban baxışlarıyla yeni şagirdlərinə sığal çəkib növbə ilə adlarını oxumağa başladı. İyirmi altı şagirddən iyirmi beşi sinifdəydi. Ağzını doldurmuşdu ki, Talenin niyə gəlmədiyini xəbər alsın, elə bu dəm səssizə aldığı mobil telefonu gənc qadını fikirlərindən ayırdı. Talenin anası idi – xəstə atasının vəziyyətinin pisləşdiyinə görə uşağın dərsə gələ bilməyəcəyini bildirib, üzürxahlıq etdi.

Bilik günü bütün şagirdlərin, valideynlərin ürəyincə olmuşdu – bir ağızdan dövlət himnini oxumuşdular, çoxlu şeirlər demişdilər, xoşbəxt anlarının dadını o ki var çıxarmışdılar. Ən sonda isə dünənə qədər bir-birini tanımayan bu balacalar ilk müəllimlərinin ətrafında illərin dostları kimi isnişib kollektiv xatirə şəkli çəkdirmişdilər. Həmin gün o şəkildə təkcə Tale olmadı…

 

 

Yetmiş beş gün sonra…

 

İlk dərs günündən sonra bu ailədə artıq həyat düzəninə girmişdi. Tale məktəbə gedib-gəlir, dərslərini əla oxuyurdu. Babası da xeyli dirçəlmiş, nəvəsinin məktəbə getməsi əhvalını yaxşı təsir etmişdi. Hətta Taleni şahmat məktəbinə yazdıracağına dair şərt də kəsmişdilər baba-nəvə.

– Qırx üç, qırx dörd, qırx beş!

Baba, beş ulduzum qaldı. Tale sevincək atılıb-düşməyə başladı.

– Afərin, mənim ağıllı nəvəmə!

– Baba, bəs şahmat müəllimi ilə nə vaxt tanış edəcəksən?

– Əlli ulduzdan razılaşmamışdıq?

Qoca ürəkdən gülümsəyib cığallıq etmək istəyən nəvəsini bərk-bərk bağrına basdı.

– Sabahkı dərslərimin hamısından ulduz gətirəcəm, söz verirəm! Əlli olacaq, baxarsan, – Tale də babasını qolları yetdikcə qucaqdolusu özünə sıxdı.

– Onda sabah gedərik. İndi isə get, anan səni gözləyir – çim, qoğal kimi oğlan ol.

 

Yetmiş altıncı gün…

 

Sinif otağındakı hər kəs susurdu – iyirmi altı nəfər… Yox, bu dəfə də hamı deyildi. Tale yenə ilk dərs günündə olduğu kimi gələ bilməmişdi. Onun partasında oturan gənc qadınsa, müəlliməsi idi. İndi həmişəlik boş qalan bu yerə iyirmi beş cüt göz dikilmişdi…

Dünən gecə Tale evlərindəki hamamda dəm qazından boğulmuşdu…

Məsəl var, deyirlər, oyun bitəndən sonra şahmat taxtasındakı bütün fiqurlar eyni qutuya yığılır. Uşaqların da ölümü piyadanı uduzmağa bənzəyir. Nə arzularla şah, vəzir olacaqları ilə bağlı qurduqları xəyalları qismət yazısı bircə anda gözünü qırpmadan silir. Xatirəsi çox olanların ölümünə alışmaq çətindi, elə deyilmi? İllərlə tanıdığın yaşlı-başlı insanları bircə anda necə unutmaq olar ki? Bəs yetərincə xatirəsi, nişanəsi qalmayan uşaqların ölümü necə? Bəlkə ilk dərs günü çəkilən xatirə şəklində Talenin olmaması valideynləriyçün, müəlliməsiyçün, sinif yoldaşlarıyçün Tanrının təsəllisidi? Özü yaşamayandan sonra sinif şəklini böyüdüb divara asmaq, hər gün ürək ağrısı keçirmək nəyi dəyişəcək ki?

Talelər şahmata başlamamış həyat oyununa məğlub olacaqlar…

Lütfən, heç olmasa siz öz piyadalarınızı uduzmayın…

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat