Tanrınızdan mümkün olmayan bir şeyi tələb eləyirsiniz

65 Baxış

fraud

 “XAN” nəşriyyatında Ziqmund Freydin “Bir illuziyanın gələcəyi” kitabı işıq üzü görüb. Kitabı rus dilindən tərcümə edən Araz Gündüz, redaktoru isə Azad Qaradərəlidir.

Senet.az “Bir illuziyanın gələcəyi” kitabından bir hissəni təqdim edir:

 

İki məqamın üzərində dayanmaq istəyirəm. Birincisi, mənim mövqeyimin zəifliyi heç də sizin mövqeyinizin güclü olduğu anlamına gəlmir. Məncə, siz, uduzulmuş bir işi müdafiə etməklə məşğulsunuz. Biz hər ikimiz ürəyimiz nə qədər istəyirsə, insanın intellektinin onun impulsiv istəklərindən zəif olduğunu deyə bilərik və bu dediklərimizin hamısında haqlı da ola bilərik. Ancaq intellektin ilk baxışdan belə görünən zəifliyində nə isə çox qeyri-adi bir özəllik də vardır; intellektin səsi uca deyildir, ancaq o, onu eşitməyənə kimi səsini kəsmədən özünün varlığını duydurmaqda davam eləyir. Sonunda, onu dönə-dönə, sonsuz sayda durumlarda sıxışdırıb, öz yerində oturtsalar da, ancaq o da tutduğunu buraxmır və istəyinə çatmayınca toxdamır. Bu isə, insanlığın gələcəyi ilə bağlı bizi ümidləndirən azsaylı durumlardan biridir, ancaq bu durum öz-özlüyündə çox şeylərdən xəbər verir. Onun varlığına güvənərək daha da başqa ümidlərə qapılmaq mümkündür. İntellektin üstünlük qazanacağı günün yaxında olmadığı bəllidir, bunu bugünkü durum da göstərir, ancaq işlərin gedişi o günün sonsuz uzaqda olmadığını da göstərməkdədir. Habelə, elə o da, sizin Tanrıdan gözlədiklərinizi gerçəkləşdirməyi öz qarşısına məqsəd qoymuşdur, ancaq o bunu gerçəkliyin yol verdiyi və insanın gücünün çatdığı ölçülərdə eləməyə çalışır, onun bizə aşıladığı zərurətə görə biz də öz aramızda bir-birimizi sevmək, bir-birimizin ağrı-acılarımızı yüngülləşdirmək çağırışları eləyə bilərik və bu zərurətin göstərdiyi kimi, bizim qarşılıqlı ziddiyyətlərimizin keçici olduğunu, insanların sonunda barış içində yaşamağa gəlib çıxacağını da deyə bilərik. Biz elə eyni şeylərə ümid bəsləyirik, ancaq siz bu ümidin doğrulmasına dözümsüz, aşırı tələbkarlıq, pis niyyətlə yanaşırsınız və bununla da mən və mənim kimi düşünənlərdən fərqlənirsiniz, bütün bunlar göz önündədirsə, mən nədən bunları açıb deməməliyəm? Siz ölümdən sonra birbaşa, daha yaxşı bir yaşama düşüb orada ömür sürməyi istəyirsiniz, öz Tanrınızdan mümkün olmayan bir şeyi tələb eləyirsiniz və heç cür öz şəxsi iddialarınızdan əl çəkmək istəmirsiniz. Bizim Anlam (Loqos) adlandırdığımız Tanrımız isə, insanın istəklərindən təbiətin yol verdiyi nə varsa hamısını gerçəkləşdirir, ancaq bunu tələsmədən eləyir və onun, bizim istəyimizlə elədikləri ən çox yaxın gələcəkdə yaşayan insanların və onların törəmələrinin işinə yarayır. Bizim ağrı-acılar içində keçən yaşamımıza görə, o bizə heç bir mükafat vəd eləmir. Bizim kimi düşünənlərin qarşıya qoyduğu bu uzaq məqsədlərə gedən yolda sizin dini təliminiz tükənib yoxa çıxacaqdır. Lap ola bilsin, bizim ilk cəhdimiz uğursuzluqla bitsin, sonrakı cəhdlərimizin yaratdığı durum da qoy dayanıqlı olmasın, ancaq sonunda bu çalışmalar, sizin inandığınız dinin aradan qalxmasına gətirib çıxaracaqdır. Bunun niyə hökmən belə olacağını da deyim biləsiniz; yer üzündə, sonunda, heç kim əqli mühakiməyə və təcrübələrə qarşı dayana bilməmişdir, din isə onların ikisi ilə də açıq-aydın qarşıdurmaya gedir. Dini ideyaların hansısa çox köhnəlmiş anlayışlardan təmizlənməsi də, onu yoxluğa gömülməkdən qurtara bilməyəcəkdir, insanları yalan vədlərlə ovundurmağa çalışdıqca din buna məhkumdur. Yeri gəlmişkən siz öz dini təliminizi yeniləşdirib onu hansısa yüksəkdə dayanan, özəllikləri qeyri-müəyyən və məqsədləri qavranıla bilməyən bir ruhani gerçəkliklə bağlamağa çalışsanız, onda bu yeni dini təliminiz elmi tənqid və araşdırmalar üçün əlçatmaz olmaqla yanaşı, həm də, insanların maraq çevrəsindən qırağa çıxacaq və onlara da gərək olmayacaqdır.

İkincisi, sizin və mənim illüziyaya baxışlarımız arasındakı fərqə göz yetirin. Siz qarşınıza, nəyin bahasına olursa-olsun, dini illüziyanı qorumaq məqsədi qoymusunuz; sizin əsaslandığınız arqumentlər möhkəm deyildir və onların getdikcə dəyərdən düşməsi də göz önündədir, beləliklə də, onlar öz dəyərlərini itirdikcə sizin öz illüziyalarınızdan yaratdığınız bu dünya da uçub dağılacaqdır. Onda sizin mədəniyyət və insanın gələcəyi ilə bağlı şübhələrə qapılmaqdan başqa əlinizdən başqa bir iş də gəlməyəcəkdir. Ancaq mən və mənim kimi düşünənlər sizin bu təhkimçilik asılılığınızdan azad olan insanlarıq. Ona görə də, biz yeri gəldikcə özümüzün yanlış mülahizələrimizdən əl çəkməyə də hazırıq, hətta, bizim bir sıra gözləntilərimizin illüziya olduğu bəlli olanda da, ruhdan düşməyəcək, öz yolumuza davam eləyə biləcəyik.

Ola bilsin, tərbiyənin dini təlimlərin basqılarından azad eləmək insanın psixi varlığında çox az şeyi dəyişəcəkdir, habelə, bizim Anlam (Loqos) adlandıra biləcəyimiz Tanrımız da yenilməz güc yiyəsi deyildir, o özündən öncə gələn sələflərinin vəd elədiklərinin yalnız bir hissəsini yerinə yetirə bilir. Biz bunun belə olduğunu görəndə də, ruhdan düşməyəcək, bunun gerçəkliyin indiki durumu ilə bağlı əldə oluna bilən uğurlar olduğunu, bundan artığına hal-hazırda əl çatmadığını anlayıb bununla barışacağıq. Bütün bunlara görə də, biz dünyaya və yaşama olan marağımızı itirməyəcəyik, axı bizim sizdə çatışmayan, elm adında çox möhkəm bir dayağımız vardır. Elmin, ağır əməklərə qatlaşmaqla və yorulmaq bilmədən apardığı axtarışları ilə, dünyanın çoxlu gerçəkliklərini öyrənə biləcəyinə inanırıq və onun bu uğurlarına arxalanaraq biz də gücümüzü artıracaq və öz yaşamımızı ürəyimizcə olan kimi quracağıq. Mənim bu inamım illüziyadırsa, onda biz sizinlə eyni durumdayıq, ancaq elm özünün ardıcıl və məhsuldar fəaliyyətində qazandığı uğurları ilə mənim arxalandığım inamın illüziya olmadığını sübut eləyə bilmişdir. Elm dini inamı gücdən saldığı və onu aradan qaldırmaq gücünün olduğunu göstərdiyi üçün, indi onun – bacardığı bu işə görə! – ondan öc almağa çalışan çoxlu açıq və gizli düşmənləri vardır. Onu bizə çox az şeylər öyrətməkdə, hələ çoxlu problemləri aça bilməməkdə qınayıb gözdən salmağa çalışırlar. Ancaq bütün bunlarla yanaşı, onun hələ çox gənc olduğunu, ilk addımlarının necə çətin başa gəldiyini və insan intellektinin möhkəmlənib belə çətinlikləri adlamağa gəlib çıxması üçün nə qədər az zaman keçdiyini də gözardı eləyirlər. Biz öz mülahizələrimizin doğruluğunu əsaslandırmaq üçün olduqca kiçik zaman kəsiyinə dayaqlanmaqla ikimiz də eyni yanlışlığa qapılmırıqmı? Bizim geoloqlardan örnək götürməyimiz daha yaxşı olardı. İnsanlar elmin etibarsızlığından şikayətlənirlər, onun dünən qanun kimi tanıtdığı nəyinsə sonradan gələn nəsil tərəfindən yanlış olduğunun sübut olunmasını və yenilənməsini, bu yeni qanunun da uzunömürlü olmasına şübhələrin qaldığını deyirlər. Bu deyilənlərdə həqiqət payı olsa da, ancaq elmə qarşı yönələn bu qınaqlar ədalətli sayıla bilməz. Elmi rəylərin dəyişilməsi onların inkişafının, tərəqqisinin göstəricisidir, dağılmağının əlamətləri deyildir. Haçansa doğru sayılan bir qanunun sonradan daha böyük bir qanunauyğunluğun xüsusi bir halı olduğu üzə çıxırsa, yaxud, hansısa qanun ondan sonra tapılan başqa bir qanuna görə təkmilləş dirilirsə, bunun nəyi pisdir? Burada gerçəkliyə naşıcasına yanaşmanın yerini ona daha səriştəli və dəqiq yanaşmanın tutduğu və elə bu yanaşmanın da yeniləşməyə açıq olduğu göz önündə deyilmi? Elmin bir sıra sahələrinin öyrənilməsi, hələ də, bir çox hipotezlərin sonacan araşdırılıb yararlığının müəyyən olunmasına, yaxud da, bütünlüklə atılmasına gəlib çıxmamışdır; onun bir sıra başqa sahələrində isə, artıq, bu iş görülmüş və elmi baxışların dayanıqlı nüvəsi yaradıla bilmişdir. Burada elmi çalışmaları dəyərsizləşdirmək üçün belə bir şeyə də cəhd eləmişlər, sən demə, bizim təbii varlığımızın imkanları elmi qavramların yalnız subyektiv ola bilməsinə gətirib çıxarır və bizim təbiətimizin qavraya bilməyəcəyi çoxlu nəsnələrlə bağlı elm heç vaxt obyektiv biliklər verə bilmək gücündə deyildir. Bu cəhdi eləyənlər elmi çalışmaları anlamaq üçün gərəkli olan bir sıra məqamları gözdən qaçırırlar: bizim təbii varlığımızın başlıca göstəricisi olan şüurumuz, başqa sözlə desək psixi aparatımız, məhz elə dünyanın bizdən qıraqda olan gerçəklərini qavramağa çalışmaq üzərində formalaşmışdır və onun quruluşunda bu gerçəklərlə əlaqə qura biləcək elementlər də hökmən vardır. Bizim şüurumuz, elə özü də, araşdırdığımız gerçəkliklərin tərkib hissələrindən biridir və ona görə də, bu gerçəkləri araşdırmaq üçün çox yaxşı imkanları vardır. Elmi çalışmaların uğurlarını ortaya qoyanda onların çox böyük bir hissəsinin heç də birbaşa bizim təbii varlığımızla və subyektiv düşüncələrimizlə bağlı olmadığı da, bu gün, açıq-aydın görünür. Elmi araşdırmaların gəldiyi sonuclar təkcə bizim varlığımızla bağlı deyildir, həm də, bizim varlığımıza təsir eləyən, bizimlə bir təbii quruluşdan olmayan nəsnələrin də qavranılmasıdır və dünyanın yaradılışının və inkişafının, bizim bu dünyanı qavramaq üçün çalışmalarımızın gedişində yaranan psixologiyamızın qavraya bilməyəcəyi qanunauyğunluqlar əsasında baş verdiyini demək, heç bir real dəyəri olmayan boş və anlamsız sözlərdir.

Yox, bizim elm illüziya deyildir. Ancaq elmin hal-ha-zırda bizə verə bilmədiklərinin hansısa başqa bir qaynaqdan alına biləcəyinə bəslənən inam gerçəkdən də bir illüziya sayılmalıdır.

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10