Tarix müəlliminin kədəri… – Cavid Zeynallı – hekayə

24 Baxış

photo_5304

Görəsən, kimdir o uzaqdan gələn adam?! Kimdir o kölgəsini qatıb qabağına, yorğun dəvə kimi sağına da salam verir, soluna da. Kim olacaq, Rəşid müəllimdir, Rəşid müəllim.

- Xoş gördük, Cahangir əmi.

- Salam, salam, Ələsgər. Yorulmayasan. Dedilər, itin öldü, hə?!

- Həmişə ayaq üstə, Aybəniz bacı. Uşaqla bir az məşğul olun. Qədim dövrü yadında yaxşı  saxlaya bilmir. Hə, bir də deyərsiniz, sabaha üst Paleolit dövrünü təkrar eləsin.

Adama elə gəlir, Rəşid müəllim məktəbdən ta evinəcən yolboyu sıralanan qarağaca, palıda, küknara da salam verəcək, yamacda əlçim-əlçim ağaran qoyun-quzuya əl sallayacaq.

Hardasa uzaqdan sinif yoldaşı çıxacaq. Çoban Abdulla. Dayanacaq dikin başında, əlini qoyacaq gözünün üstünə. Təbəssüm əvvəl qonacaq Abdullanın uzun bığlarına, sonra yanaqları dartılacaq və Abdulla dağların o üzünə çəkilən Günəşə dişlərini ağardıb bizim tarix müəllimini salamlayacaq:

- Ey qədim adam, sənə çöllərin salamı var.

Rəşid müəllim də kəndə tökülən sürünün tozanağını vecinə almayıb sinif yoldaşına eləcə təbəssümlə cavab verəcək. Dillənməyəcək ona görə ki, Cahangir əminin, Ələsgərin, Aybəniz bacının qapısında üzü örüşə mələşən quzuların səsinə yad səs qarışmasın. Bir dəfə demişdi, Abdulla, quzuların səsi bizim kəndin nəğməsidir, duasıdır. Çoban da gülüb qayıtmışdı ki, onda işimizi dəyişək: mən olum müəllim, sən çoban; görüm, o nəğməyə, o duaya neçə gün dözə bilirsən? Elə ki, quzular analarının altına təpilib başladılar əmməyə, Rəşid müəllim eynəyinin altında yaşaran gözünü qurudub pıçıltı ilə öz-özünə deyirdi:

- Doyunca yeyin, balalarım, doyunca yeyin.

Və nə yaxşı, Abdulla bunu eşitmirdi.

…O gün bunların heç biri olmadı. Həmin mart axşamçağında. Rəşid müəllimin qabağına qatmağa kölgəsi yox idi. Yorğun adama da oxşamırdı. Qarağacı, palıdı, küknarı salamsız qoydu, dikdə Abdulla, həyət-bacada Aybəniz bacı, Cahangir əmi, Ələsgər baxa-baxa qaldılar. Nə olmuşdu, quzuların səsini nəğmə bilən Rəşid müəllimə?! Nolacaqdı, Rəşid müəllim pul tapmışdı, pul. Hardan tapmışdı?! Məktəb yolundan. Evə hər qayıdanda Göl yerində ayaq saxlamağa adətkar idi, axı. Baxıb-baxıb xəyal edirdi ki, görəsən, buraları qazmağa başlasa, kənddə adını dəli çağırmazlar ki?!

Rəşid müəllim elə bilirdi, dünyanın ən ağıllı tarixçisi budu. Martın əvvəlində Bakıdan gələnlər öz aralarında nələrsə danışıb doluşmuşdular maşınlara, qayıdıb getmişdilər.

İki həftə sonra yenə gəlmişdilər, həvəssiz-həvəssiz bir-iki çuxur qazıb, təzədən itmişdilər ilim-ilim. Yığışıb elə birkərəmlik yox olmuşdular. Öz aramızdı, Rəşid müəllimi incidən həm də o idi ki, Göl yerində üst Paleolitin izlərini axtaran bu tarixçilər ona yuxarıdan aşağı baxırdılar. Yuxarıdan baxmaq bir yana e, bir-birinə göz vurub öz aralarında gülüşürdülər də. Şəstinə toxunmazdımı, toxunardı! O vaxtdan bir ovuc hikkə yer eləmişdi özünə Rəşid müəllimin ürəyində. İndi bizim tarix müəllimini xəyalat aparanda əvvəl gözü sataşmışdı çuxurun dibindəki bir cüt uşaq ayaqqabısına.

- Kimdisə, qudurub. Adam da bu təzəlikdə ayaqqabını atar? – Başlamışdı deyinməyə. – Heç on dəfə geyilməyib ki…

O, bir cüt ayaqqabını götürüb qoymuşdu çantasına ki, qəttəzədir, şagirdlərindən birinə, tutalım, elə musiqi müəlliməsi ərsiz Zəminənin qızı Zümrüdə verər.

- Rəvvadilərin paytaxtı Ərdəbildən sonra hara olub?

Zümrüddən soruşacaqdı ki, ayaqqabıları verməyə bir səbəb tapsın.

- Təbriz, müəllim, Təbriz. – Zümrüd də sevincək dillənəcəkdi.

Amma nə Təbriz paytaxt oldu, nə Zümrüd sevindi! Sevinən elə bizim tarix müəllimi oldu. Çuxurun dibində havadan nəm çəkib şaxlığını itirən pulları qoydu cibinə, ürəyi dartındı evə sarı. Darvazadan addımını içəri qoyanda gördü qızı toyuqlara dən səpir, arvadı təndir qalamağa çırpı yığır. Qızı gülümsəməkdə onu qabaqladı. Atdı əlindəki qabı yerə. Ata-bala bir-birinə sarılıb-sarmaşdılar. Çantanı uzatdı irəli. Sonra nə oldusa, Rəşid müəllimin ayağının altından yer qaçdı. Qız çantanı eşələyib pulu görsəydi, nolacaqdı? Özünə təsəlli verdi: qızı dəftər-kitab dolu çantanı niyə eşələməliydi?

Arvadı duyuq düşmüşdü ki, bizim tarix müəlliminin huşu özündə deyil, fikri tüstü-duman sayaq yayılıb dörd tərəfə. Arvad olasan, xırdaçılıq eləməyəsən. Rəşid müəllimin bəxti onda gətirmişdi. Qadın olub xırdaçılıq eləməyən bəndə əvvəl yerdən dən qabını götürmüşdü, sonra lal-dinməz getmişdi təndir qalamağa. Rəşid müəllim də tualetə dəyib boylanmışdı dikin başına ki, görsün, Abdulla yenə musiqi müəlliməsi ərsiz Zəminəni rayondan gətirən uzaq-uzaq yollara  göz zilləyib, ya sürünü qatıb qabağına yellənir kəndə sarı? Çoban Abdulla mart axşamçağında o dikin başında, o atın kürəyində əlində tüfəng necə əzəmətli görünürdü, İlahi. Deyərdin, Eldəgizdi, Təhmasibdi, Alı oğlu Rövşəndi. Amma tarix müəlliminin qəhrəmanbaz yüngüllüyünə fikir verməyək, Abdullanın əlindən gələn ikicə şey vardı: qoyun-quzu dalına düşmək; musiqi müəlliməsi Zəminənin xəyalını eləmək. Həmin gün Rəşid müəllim qızının gözündən yayınıb pulu ehmalca çantadan götürəndə də özünü vermişdi çobanın yanına. Yaz yeli oxşamışdı ikisinin də üz-gözünü, boyun-boğazını. Deyəsən, at duyuq düşmüşdü ki, hər ikisi sözlü adamdı, hər ikisi dağdan-dərədən danışıb mətləb üstünə gələ bilmirlər. Bəlkə ona görə ayağını yerə döyüb kişnəmişdi?

- O atı niyə elə bağlamısan, ay evi tikilən? Aç, Allahın otunu-ələfini rahat yesin, dənə.

- Təpənin o üzünə ilxı gətiriblər. Bu yanıq da şeyini uzadır qabağa, – Abdulla sağ əlini sol qoluna dirəyib yumruğunu sıxmışdı, – cumur üstdərinə.

- Qoy cumsun də, Allahın heyvanıdır.

- Mən də Allahın insanıyam də.

Rəşid müəllim əvvəl heç nə deməmişdi. Elə bil, ürəyinə çat düşmüşdü. Nəsə qırılmışdı içində. Sonra sinif yoldaşının nəm çəkən gözlərinin dərinliyinə baxıb-baxıb lap pəsdən dillənmişdi:

- Günaha batırsan, ay evin tikilsin. Allaha xoş getməz e. Nə qədər, ilxını aparmayıblar, qoy gedib kefini çəksin.

- Bə mənim günahıma niyə batırlar, hə? Yetimə qoğal haramdı?!

- Haram niyə olur?

- Sən istəsən, Zəminəni mənə alarsan.

Day Rəşid müəllim heç nə danışmamışdı. İkisi də susanda çoban Abdulla cibindən kağız çıxarıb bükmüşdü, içini doldurmaq istəyəndə bizim tarix müəllimi ərklə çəmkirmişdi onun üstünə:

- Ə, oğraş, sən yenə ona dadanmısan?

- Əşşi, neyləyim, e.

- Zəhrimar elə, dərd elə! Sən mənə nə söz vermişdin?!

- Bunu çəkəndə rahatlaşıram, Rəşid, fikrim dağılır.

- Bilirlər ki, nəşəxorun, axmağın birisən, ona görə bu iş alınmır.

- Mən axmaq adam deyiləm, Rəşid. – Abdulla gözlərini qırpmadan səsini qaldırmışdı.

- At onu yerə, tapdala.

- Bunu da çəkim, day çəkməyəcəm.

Rəşid müəllim bükülünü Abdullanın əlindən qapıb almışdı, xırdaca-xırdaca yarpaqlar səpələnmişdi yaz otlarının arasına. Üstündən də bir şapalaq ilişdirmişdi sinif yoldaşının qulağının dibinə. Çoban Abdulla yumruğunu sıxanda Rəşid bu yersiz ərkindən peşman olmamışdımı, olmuşdu! Və qollarını geniş açıb qucaqlamışdı bu çöllər adamını. Nəfəsləri bir-birinə qarışanda yonca qoxusu dolmuşdu Rəşid müəllimin burnuna.

- Zəminəni sənə alacam.

Çoban Abdullanın qolları boşalmışdı. Yumruğu açılmışdı. Ürəyinə dinclik gəlmişdi, sümüklərinə rahatlıq.

- De, Allah haqqı?

- …

- Rəşid, de Fatma bacının qaladığı o təndir haqqı Zəminəni mənə alacaqsan?

- Fatma bacına tapşıracam, onunla danışsın. Özüm də qohumları ilə söhbət eləyərəm. Mənim xətrimi istəyirlər.

- Onu mənə al, qoymayacam rayona gedib-gəlsin. Qoymayacam yollarda əziyyət çəksin. Puluma nə gəlib?

Rəşid müəllim tərs-tərs baxmışdı ona.

- Yaxşı, yaxşı, özüm köçərəm rayona. Uşaqlara musiqi öyrətməkdən qalmaz. O iki qızını da öz balalarım bilərəm, dədəmin urfu haqqı. İnəyin də xiffətini çəkməz.

Və çoban Abdulla gedib atı açıb buraxmışdı örüşə. Ayğır əvvəl qulaqlarını şəkləmişdi təpənin o üzünə sarı. Sonra kişnəyib yorğalama itmişdi gözdən.

- Get, ay Allahın bədbaxtı. Tək niyə qalırsan, get…

Çöllər adamı bunu deyib heybəsindən süfrəyə bükülü pendir-çörək, kartof qızartması, yumurta soyutması çıxarıb Rəşidə:

- Yaxın otur, – demişdi.

- Mənim kitabımı qaytararsan. Uşaqlara lazımdır.

- Axı, alt pale… otdur, nədir, uşaqların nəyinə lazımdır?

- Alt Paleolit, orta Paleolit, üst Paleolit… Necə yəni nəyinə lazımdır? Qədim tarixi bilmək lazımdır. Uşaqlar bilməlidir ki, bugünkü bacarıqlı insanlar nə vaxt yaranmağa başlayıb. Bilməlidirlər ki, üst Paleolit dövründə ağıllı insan Homo sapiensin yaranması başa çatdı.

- Məllim, Göl yerini qazan o alimlər day niyə gəlmirlər?

- …

- Məllim… Eşidirsən, məni?

- Hə… hə… Eşidirəm.

- Sənə nə oldu? Niyə fikrə getdin?

Düzünə qalsa, Rəşid müəllim fikrə getməmişdi, Rəşid müəllim diksinmişdi. Diksinmişdi ki, Bakıdan gələn alimlər hardan düşdü Abdullanın yadına? Pencəyinin döş cibində saxladığı pulların qayğısı ürəyinin başını deşirdi. Və Rəşid müəllim indi-indi başa düşdü ki, əslində, bura çoban sinif yoldaşına arvad almağa, ayğırı madyan belinə atılmaqdan ötrü göndərməyə gəlməyib. Gəlib öyrənsin ki, kənddə pul itirən, pul axtaran yoxdu ki? Bəlkə o pul elə Bakıdan gələn alimlərin cibindən düşmüşdü? Belə olsa, çox əntiqə. O yekəxanaları vecinə almazdı. Xırd edərdi bala-bala. Əşşi, alimdə, özü də orda-burda eşələnən tarixçidə pul nə gəzirdi?

- Elə sən özün eşələ də buraları. Mən də kömək eləyərəm. Bəlkə xəzinə tapıb kasıblığın daşını atdıq? He-he-he… Nolub e, sənə?

- Gülməsələr, eşələyərəm.

- Qoy Zəminə müəllimənin inəyinin iyi-qoxusu çəkilsin, başlayaq. – Abdulla tüfəngi əlinə alıb lüləsini bərk-bərk sıxmışdı. – Tapacam o alçaqları, tapacam.

…Hə, bu başqa əhvalat idi. İkicə gün qabaq Zəminən inəyi örüşdən qayıtmamışdı. Sonra kəndə hay düşdü ki, heyvanı öldürüblər. Leşini də gətirib atıblar Göl yerinə. Müsibət idi. Zəminənin başsız ailəsindən ötəri böyük müsibət idi. Az qala ümidlərini bağlamışdılar o inəyin əmcəklərinə. Rayona musiqi dərsi keçməyə gedəndə zənbilinə süddən-qatıqdan, yağdan-qaymaqdan yığıb tanış alverçilərə verir, əvəzində evin min dərdini ovudurdu. Verirdi deyəndə ki, alverçilər onun zənbilini əlindən qapırdılar. Bilirdilər, dünya dağıla, südə su qatmaz, qatığı üzsüz süddən çalmaz Zəminə. Bəs inək kimin zavalına gəlmişdi? Hərə bir söz danışdı. Axırda dedilər, şəhərdən gələn cavan ovçular keflənib inəyi nişan alıblar. Xəbəri Zəminəyə deyəndə bircə dəfə dizinə vurub “Vay, evim yıxıldı…” demişdi. İki qız yetimi az idi, inəyin də balası olmuşdu üçüncü. Dedilər, Zəminə üç yetim anasıdır. Bu hadisə Rəşid müəllimin yadına əsgərliyini salmışdı.

87-nin qışında gürcü Biçiko Arabaşviliyə evdən məktub gəlmişdi. Biçiko məktubu oxuyar-oxumaz köhnə kazarmanın arxasındakı küknara söykənib hönkürmüşdü.

- Biçiko… Nə yazıblar? Eşidirsən, məni? Nolub?

Qolunu onun boynuna dolayıb tərli saçlarından öpmüşdü.

- Axı, nolub, Biçiko? Sakit ol. De görüm, kim ölüb?

- İnəyimiz.

- İnəyiniz? Elə ona görə ağlayırsan? Yaxşı-yaxşı, uşaqlıq eləmə. Mən də elə bildim, atan ölüb, qardaşlarından, bacılarından kimsə ölüb.

- Kaş mən ölərdim.

- Axmaq-axmaq danışma, Biçiko, o nə sözdür, deyirsən?

- Mənim dörd bacımı, altı qardaşımı o inək böyüdüb. Atam onun südünü-qatığını satıb bizə əyin-baş, dəftər-kitab alıb. Anam onu hər gün əzizləyərdi, atam dərisinə tumar çəkərdi. Uşaq vaxtı elə bilərdik ki, bizi anamız yox, inək doğub. Bir dəfə atam qonşuda çaxır içib gəlmişdi. “Çakrulo” oxuya-oxuya inəyə yaxınlaşıb bilirsən, nə elədi?

- Nə?

- Əyilib inəyin əmcəklərini öpdü. Cibindən darağını çıxarıb quyruğunu daradı. Atam bacılarımın saçını heç vaxt elə daramamışdı. Sonra boynunu qucaqlayıb başladı inəyin qulağına nəğmə deməyə. Bax, ölən o inəkdi. O inəkdi… Anam yazır ki, inəyin qurda-quşa yem olmasına razı olmadıq. Yer qazıb basdırdıq onu.

Biçiko təzədən hönkürmüşdü. Və onun səsini küləyin uzaqdan qovub gətirdiyi əsgər marşı batırmışdı.

Abdullanın da səsini təpənin o üzündən yaz yeli gətirən ayğır kişnərtisi batırdı.

- Deyəsən, yaxın qoymurlar.

- Qələt edirlər. Əl verməyəni qanına qəltan eləyər. At mənimdi, tanıyıram də… – Çoban ayağa duranda Rəşid müəllim ürəyində min dəfə götür-qoy edib fikirləşdi ki, görəsən, kənddə kiminsə pul itirib-itirmədiyini Abdulladan soruşsun, ya yox? Bəlkə elə deyəcəkdi ki, şəhərdən gələn alimlər itirib?

- Gedək, məllim.

- Atı gətirmirsən?

- Yox, əşşi, yorulanda özü qayıdıb gələcək.

- Qoşulub gedər, ha.

- Qanına qəltan eləyərəm e, onu. Məllim, bir sualım var e.

- De, gəlsin.

- Ağıllı insanın adı nə idi? Homo… nə bilim, nə?

- Homo sapiens. – Bizim tarix müəllimi güldü.

- Hə-hə. Ağıllı insanı bildik, bəs vicdanlı insanlar nə vaxt yaranıb?

Və Rəşid müəllim bu sualı eşidib kədərli-kədərli susmuşdu.

***

Bahoo! Biçikodan bizim tarix müəlliminə məktub gəlmişdi.

- Ata, kimsə sənə rus dilində məktub yazıb. – Qızı sevincək olmuşdu. – Ana da oxuya bilmədi, mən də. Gör, nə yazırlar?

Biçiko Rəşid müəllimi kəndlərinə çağırırdı. Yazırdı ki, ürəyimə düşmüsən, götür arvad-uşağı da, gəl Potiyə.

- Pulumuz olsaydı, gedərdik. Biz də düzü-dünyanı görərdik.

Arvadı lap astadan, bir az da turş səslə dedi. Və əl-əlbət, ona işarə edirdi ki, doqquz il əvvəl Rəşid Gürcüstana – Biçikonun görüşünə gedəndə onları aparmamışdı. O səfərdən bizim tarix müəlliminin yaddaşında nələr qalmışdı, Allah. Tez-tez xatırlayıb kövrəlirdi. Biçiko onu Potinin düz göbəyində yaşayan cavan gəlinin görüşünə aparmışdı. Hə, o gürcü gəlini Tamarın bədənindən sarımsaq qoxusu gəlirdi, amma çimçəşməmişdi Rəşid. Çaxırın gətirdiyi xumarlıqdan alçaq səslə qədim Tiflis nəğmələri oxuyan bu istiqanlı qadının nə bədənindən doymuşdu, nə gülümsər işıqlı üzündən. Sağollaşanda da Rəşidin boynuna sarılmışdı. Yaxşı bəs o ördək hardan yaddaşında ilişib qalmışdı? Göyçək-bəzəkli ördək. Əvvəl ayağını qaldırıb dimdiyinin altını qaşımışdı, sonra vaqqıldayıb qanadlarını çırpmışdı. Hələ Poti çayında qayıqla balıq tutanların Rəşidə əl sallamaqları… Ürəyi dartınırdı Biçikonu görməyə, yaman dartınırdı. Aparmağına arvad-uşağı da aparardı. Ancaq hansı pulla? Necə yəni hansı pulla?! Bəs döş cibində saxladığı pul nədən ötrüdür? Arvad-uşağı da vur qoltuğuna, get Bakının qatar vağzalına. Ordan da fitillə Biçikonun yanına.

Di gəl, həmin gün gecədən xeyli keçmiş Rəşid yuxuda sayaqlayıb narahat-narahat yerin içində qıvrılmışdı. Aylı mart gecəsi idi, hardasa çaqqallar ulaşırdı.

- Başına dönüm, niyə pul dərdi çəkirsən? İstəmirik, vallah, heç yerə getmək istəmirik. Gör, sən nəyin fikrini çəkirsən?

Arvadının səsindəki turşluq tamam çəkilib getmişdi; o ipək yumşaqlığa çöldə ulaşan çaqqallar da kirimişdilər. Hələ Ay… Ay da ürəklənib işığını pəncərədən gur salmışdı. Elə Rəşid müəllimi həvəsləndirən Ayın gur işığı olmuşdu. Həyət-bacada gəzişib fikrini dağıtmaq istəyirdi. Kim bilir, bəlkə elə pencəyinin döş cibində gəzdirdiyi pulu da bu Ayın işığında başından rədd edəcəkdi. Zəhər olsun, ağu olsun o pulun içində ki, bir ovuc közə dönüb ürəyinin başını yandırırdı. Yorğanı üstündən atıb ağır-ağır ayağa duranda Fatmanın üzünə lal-dinməz, şübhəli baxmışdı ki: görəsən, sayıqlayanda ağzından artıq-əskik nəsə çıxmayıb? Yox, əşşi, çıxmazdı!

- Mən nəsə danışırdım?

- Hə, hə…

- Nə?

- Ancaq elə onu eşitdim ki, pul-pul deyirdin. Dedim, bəlkə bizim getməyimizə görə pul dərdi çəkirsən. Heç mən sənnən onun davasını eləyərəm?

İndi gəl, Fatmanı başa sal ki, qadın, sənin bilmədiyin çox şey var.

- Hara gedirsən?

- Havamı dəyişim, gəlirəm.

- Mən də düşüm sənnən?

- Sən yat. Yat, nigaran qalma.

Qapını ehmalca açıb eyvana çıxmışdı. Bir qurtum su içib pencəyini çiyninə atanda əlini döş cibinə toxundurmuşdu. Rəşid müəllim düz deyirdi, zəhərə-ağuya qalan o pul bir ovuc közə dönüb təkcə ürəyinin başını yandırmırdı, həm də barmaqlarını yandırırdı. Evin arxasına keçəndə hiss elədi ki, arvadı pəncərənin ağzında dayanıb, yata bilmir. Başını qaldırıb pəncərəyə baxanda Fatmanın şüşənin o üzündə parıldayan gözünə dikildi. Quzuların səsini nəğmə bilən Rəşid müəllim bu yaşınacan heç kimə səsini elə qaldırmamışdı. Heç kimə elə ağır söz deməmişdi. O hikkə, o əsəb hardan gəlib doldu içinə, özü də qaldı məəttəl.

- Fatma… Fatma…

- Hə…

- Demədim, yıxıl yat? – “Yıxıl, öl” demək istədi, dilinin ucunda əritdi.

- Sən də gəl yat, qurban olum. Sənə nolub, axı?

- Nə gönü qalın adamsan! İt balası, söz eşitmirsən?! – Bu acılığı əritməyə dilinin gücü çatdımı, çatmadı!

Örüşdə kiriyən çaqqallar təzədən ulaşmağa başladılar. Bağda bir-birinin böyrünə qısılıb yatışan ağaclar da diksindi. Təkcə Fatma incimədi ha bu acılıqdan, təkcə Fatma incimədi! Ay da hansısa sərgərdan buludun arxasına çəkilib işığını öləzitdi. Sonra hardansa at ayaqlarının tappıltısı gəldi. Rəşid müəllim Abdullanı yadına saldı. Abdullanın təpənin o üzünə madyan belinə atılmağa gedən ayğırını xatırladı. İndi ki Fatmanın ürəyini sındırmışdı, necə deyəcəkdi ki, Zəminəni çoban Abdullaya ərə gəlməyə razı salsın? Allah, o nə and idi, Abdulla verdi:

- Rəşid, de Fatma bacının qaladığı o təndir haqqı Zəminəni mənə alacaqsan?

Bu avara çoban belə sözləri hardan tapıb çıxarır, görəsən?

Pəncərənin o üzündən Fatmanın hıçqırtısı eşidildi. Rəşidin ürəyi yumşaldı və ağlına nə gətirsə, yaxşıdır: bəlkə hər şeyi arvadına danışıb yüngülləşsin? Fatma da ağıllı qadın çıxa, elə söz deyə, Rəşid müəllimin ürəyinin başına sərinlik gələ; Rəşid müəllim bu zəhrimar nigaranlığı çəkib ürəyinin dərin yerindən ata gecənin bu qaranlığına biryolluq. Sonra Ay gizlənsin bulud arxasında, çaqqallar ulaşsın örüşdə, ağaclar diksinsin – nə vecinə! Sonra pul itirən başına döysün, özünü söysün, yıxılıb ölsün, üstünə də qara daş! Qara daş!

Amma o gecə bunların heç biri olmadı. Fatmanın hıçqırtısı kəsilən kimi Rəşid müəllim ayağını qoydu çəpərin o üzünə. Çıxdı Göl yerinə aparan torpaq yola. Hər gün çantası əlində, yastı-yastı gedib-gəlir bu yolu. Bir azdan hava işıqlaşacaq, qapı ağzında, quyu başında hürüşən itlərin səsinə xoruzlar da ban verəcək. Ələsgərin qapısından savayı, hamının həyətindən it səsi gələcəkdi. Küknarlar heç, beş-on günə qarağac, palıd da tumurcuq bağlayıb yarpaq açacaqdı.

Bu da Göl yeri. Suyu yüz il əvvəl çəkilən, yeri oyuq kimi qaralan dərə. Qədim əhvalatda deyilirdi ki, şahın qızını qaçıran ilxıçı oğlu qoşundan gizlənmək üçün bu yerə sığınmışdı. Göl də bu iki sevdalını çəkmişdi suyunun dərin yerinə. Ki, zalım şahın əlində zəbun qalmasınlar.

Kəndin yuxarı başında it uladı.

- Allahın murdarı.

Üşəndi Rəşid müəllim, əlini apardı döş cibinə, səmt aldı çuxura sarı. Hardasa uzaqlarda ağac şaqqıldadı, xollu-budaqlı gəldi üzü torpağa. Sonra lap yaxından torpağa sancılan bel səsi eşitdi. Ayaqlarından mıxlandı yerə. Və bir səfeh fikir gəldi ürəyinə: bəlkə qədim əhvalatdakı oğlanla qızın ruhudur onu ayaqlarından yapışan?

- Qayıdım… Qayıdım…

Uzaqdakı qaraltı qoymadı qayıtmağa. O qaraltı torpağa bel sancırdı. Haçan dayandılar üz-üzə, göz-gözə. Bilmədi ki… Balıq olub keçmişdi o qaraltının qarmağına. Dartınırdı, uçunurdu ona sarı. Əlli-ayaqlı, boylu-buxunlu qadın dayanmışdı qabağında. Baxırdılar bir-birinə; ikisi də lal-dinməz. İkisi də mat-məəttəl. İkisi də tanış. Doğma. Məhrəm. Hər nəfəs çəkəndə küt uğultu qopurdu bu tanış, doğma, məhrəm adamların sinəsindən.

- Zəminə… Zəminə məllimə…

- Hə, Zəminə məllimə…

- Burda neynirsən?

- İnəyi basdıracam. O namərdə deyərsən ki…

- Namərd kimdi?

- Çobana… Görən olub. Qapıma qoyduğu pulu da dünən çuxura atmışam.

Sərgərdan bulud Ayın qabağından çəkildi. Qoymadı işığını öləziməyə.

2019