Tarix yazan qadın hökmdar haqda roman

77 Baxış

Terzioğlu Tomris xanKənan Hacı

Tarix yazan qadın hökmdar haqda roman

Biz bütün yaradıcı sahələrdə, xüsusən də ədəbiyyatda tarixə yeni baxış epoxasına qədəm qoymuşuq. Bu gün ənənəvi ədəbiyyat kateqoriyasına aid edilən realist əsərlər yumşaq desək, ciddi qəbul olunmur. Dünya romançılığı özünün yeni mərhələsini yaşayır. Müxtəlif izmlərin qarışığından ibarət mozaik nəsr nümunələri, pazl romanlar yaranır. Amma…

Məni bir məsələ düşündürür. Yazıçının qarşısına tarixə orijinal münasibət göstərmək kimi bir tələb qoymaq nə dərədəcə doğrudur? Əlbəttə, yazıçı tarixdən xammal kimi istifadə edib özünün fərqli yanaşma tərzini, subyektiv münasibətini ortaya qoya bilər. Buna görə yazıçını ittiham etmək nə qədər gülüncdürsə, onu hansısa tarixi dövr, tarixi şəxsiyyət haqqında salnaməçi modunda yazmaqda yarğılamaq da o qədər gülünc görünür. Bu günlərdə türk yazıçısı Ahmet Haldun Terzioğlunun “Tomris xan” romanını oxudum. Əsər “Xan” nəşriyyatı tərəfindən bizim dilə uyğunlaşdırılaraq çap olunub. Əsər Herodotun “Tarix” əsərindəki mənbələr əsasında yazılsa da bədiilik prinsipləri sonadək qorunub saxlanılıb. Sak xaqanı Tomrisin qeyri-adi şücaətləri, Alp xaqandan sonra taxta çıxması, qadınlıq, analıq hissləri zərif boyalarla təsvir edilir. Saysız qoşunu ilə massagetlərin üzərinə yeriyən Əhəməni hökmdarı Kir üzərində qələbə çalması və onu qan içində boğması Tomrisin adı ətrafında əbədi bir mif toru hördü. Tarixə məlum olan bu faktlar “Tomris xan” romanında tarixilik və bədiiliyin prinsipləri qorunmaqla vahid süjet xəttinə tabe edilib. Məlumatlar yazıçı peşəkarlığı ilə süjet xəttinə proyeksiya olunub.

Ahmet Haldun Terzioğlunun yaradıcı bioqrafiyasına nəzər salanda görürük ki, onun yaradıcılığı məhz unudulan bir tarixin, yaddaşların künclərində yaşayan inancın, min illər boyu formalaşan dünyagörüşünün bərpasına xidmət edir. Yazıçının indiyədək yazdığı romanların adlarına fikir verin: “Mete Xan”, “Çingiz Xan”, “Alp Ər Tunqa” və sair. “Tomris Xan” da bu qəbil əsərlərdəndir. Bu əsərlər türk xalqlarının əsrlər boyu şifahi şəkildə yaşatdığı və sonra yazıyı köçürdüyü epos təfəkkürünün məhsuludur. Biz həmin qədim sivilizasiyanın varisləriyik və qloballaşan dünyada özümüzü itirməmək üçün hardan gəldiyimizi də unutmamalıyıq. Məhz buna görə tarixi yaddaşımıza daha çox güvənməliyik. Azərbaycan ədəbiyyatında bu mövzuda çox az sayda əsərlər yazılıb. Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı bu əsərlərin içərisində həm də xüsusilə seçilir. Əsərin müstəsnalığı həm də yazıçının əsəri göy türklərin dilində yazmasıdır. Göy Tanrı inancına görə şəhidin ruhu Tanrı qatına yüksəlir və əbədi ölümsüzlük qazanır. “Tomris Xan” əsərində də sakları qələbəyə aparan məhz bu inancdır. Hiylə nəticəsində Kirə əsir düşən Tomrisin oğlu İsparqa Tigin dövlətinin təhlükəsizliyi naminə bir anda özünə qəsd edir. Onun bu hərəkəti Kiri heyrətə gətirir, o, ömründə belə bir halla rastlaşmamışdı və o zaman anlayır ki, saklara heç cür qalib gələ bilməyəcək.

Bu günlərdə Bakıda keçirilən “Oxu günü” aksiyasında Ahmet Haldun Terzioğlu da iştirak edirdi. Onunla qısa görüş yaddaşımda dərin iz buraxdı. Yazıçı Bakıda kitabının nəşrindən hədsiz sevinc hissi duyduğunu dilə gətirdi və kitabı imzalayarkən dedi ki, çox istərdim ki, siz bu əsəri oxuyasınız.  Oxudum və düşündüm ki, bu cür əsərlər doğrudan da dünya üçün maraq kəsb etməyə bilər, amma Şərq dünyasının bu cür əsərlərə çox böyük ehtiyacı var. İlqar Fəhminin “Qapalı dairə və ya bitməyən XX” silsilə yazılarındakı bir məqamı xatırladım. Dostumuz çox haqlı olaraq yazır ki, yazıçı milli sifətini mütləq saxlamalıdır. Bu, vacibdir. Belə olan halda isə dünyaya (Qərbə) çıxış məhdudlaşmış olur. Biz dünya ədəbiyyatına həddən artıq aludə olmuşuq, ən pisi isə odur ki, çoxumuz bizə yad olan bu dəyərləri imitasiya etməklə guya böyük ədəbiyyat yaratdığımızı zənn edirik. Amma heç düşünmüşükmü ki, özümüz nə boyda zəngin bir xəzinəyə sahibik və bu xəzinədən nə üçün yararlanmayaq?..

“Tomris Xan” romanı bu cümlə ilə bitir: “Soykökünü, özünü unutma!”

“Tomris Xan”ı dilimizdə nəşr edən “Xan” nəşriyyatına təşəkkürlərlə