Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

62 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından ikinci hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

Qəhrəmanlar və Millət

Bəzi dövlətlərdə ciddi böhranlar baş verir və ya onlar bütünlüklə məhv olurlar. Bəzi millətlər isə həyatlarını müdrik bir şəkildə xüsusi gözəlliklə nizamlayırlar. Bu nümunələr yalnız dövlət adamları, millət vəkilləri, senatorlar və çarlara aid deyil, cəmiyyətin hər bir üzvünün maraqlanmalı olduğu məsələlərdir.

Kişi və ya qadın, qoca və ya gənc, kəndli və ya şəhərli, zehni və ya fiziki iş görməsindən asılı olmayaraq hər kəs bu məsələlərlə bağlı düşünməlidir.

Dövlətlərin güclü və zəif məqamları, millətlərin irəliləməsi və ya dayanması yalnız dövlət məmurlarından, onların idarəçilik qabiliyyətlərindən və ya bacarıqsızlıqlarından qaynaqlanmır. İdarəçilər yaxşı və ya pis, qəhrəman və ya zalım ola bilərlər, lakin onlar öz millətlərinin nümayəndələridirlər və öz millətlərini təcəssüm etdirirlər. Onlar milli ruhun birbaşa surətləridir, xalqın içində doğulublar. Bir millət necədirsə, dövlət adamları da onlar kimidir. Elə bu səbəbdəndir ki, qədimdən “Hər millət layiq olduğu idarəçilik sisteminə və dövlət adamlarına sahibdir.” deyilib.

Təəssüf ki, çox yaxşı başa düşülməyən bu həqiqəti daha yaxşı açıqlamaq üçün yüzillər boyu müzakirə edilən fəlsəfi və tarixi bir məsələ üzərində dayanmaq istərdim. Məsələ bundan ibarətdir:

Millətlərin tarixini kim yaradır? Dövlətlərin və bütün insanlığın həyatındakı ən böyük hadisələr kimlər tərəfindən yönləndirilir və idarə olunur? Müstəqil fərdlər tərəfindənmi? Yəni bəzi böyük şəxsiyyətlər tərəfindən təkbaşınamı? Yəni məşhur İngilis mütəfəkkiri Karlilin[1] dediyi kimi qəhrəmanlar tərəfindənmi, yoxsa millətin bütün nümayəndələrinin səyi və xalq ruhunun dirçəlməsi və genişlənməsi sayəsindəmi? Karlil birinci fikri müdafiə etmiş və bunu sübuta yetirmişdir, ikinci fikir isə Lev Tolstoy tərəfindən dəstəklənmişdir.

Karlil “Qəhrəmanlar və Tarixdə Qəhrəmanlar” adlı əsərində qəhrəmanları və meydana gətirdikləri mədəniyyətlərlə  “culte/kült”[2]“culture/mədəniyyət”[3] anlayışları üzərində dayanır. Karlilə görə millət cansız bir gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz və hərəkətsiz qalacaq.

Lakin Sezar[4], Napaleon[5], Böyük Pyotr[6], Sokrat[7], Məhəmməd[8] kimi bir sənətkar, böyük bir şəxsiyyət, bir qəhrəman, bir öndər irəliyə çıxıb bu gili əlinə alarsa onu istədiyi formaya sala bilər.

Çingiz xan[9] Asiyada milyonlarla insanı birləşdirdi, öz hakimiyyəti altına aldı. Çini, Hindistanı, İranı, qədim Rusiyanı fəth etdi, Peder Pierre d`Amiyen[10] Qüdsü müsəlmanlardan geri almaq üçün bütün Katolik Avropasını ayağa qaldırdı, Martin Lüter[11] islahatlar həyata keçirdi. Neronlar[12], Kaliqulalar[13] Romanı dağıdıtdılar.  Bismarkların, Hohenzollernlərin siyasəti Almaniyada ciddi sarsıntılara səbəb oldu.

Qısacası, Karlilin düşüncəsinə görə, millətlərin və hətta bütün insanlığın tarixini yaradan ruhən güclü olanlar, ağıl və bacarıq sahibi olan fərdlərdir, yəni qəhrəmanlardır. Elə Ramzeslər[14], Romuluslar[15], Femistokllar[16], Lüterlər, Bismarklar və s. belə insanlardır.

Lev Tolstoy isə bunun tamamilə əksini irəli sürərək belə söyləyir:

Həyatı yaradan, hadisələrin gedişini, onların xüsusiyyət və formasını təyin edən tək-tək insanlar- Napaleonlar deyil, xalqın özüdür.

Digər tərəfdən isə Tomas Karlil:

Xalq kütləsi yerdə hərəkətsiz yatan[17] və çürüyən bir saman çöpü kimidir. Böyük şəxsiyyətlər və qəhrəmanlar isə samanları alovlandıran, kütlələri canlandıran və hərəkətə gətirən göydən düşən bir ildırım kimidir.- deyir.

          Lev Tolstoy başqa bir misal gətirərək belə söyləyir:

Dənizlərdə böyük, həm də çox böyük bir gəminin Transatlantikə doğru istiqamət aldığnı düşünün. Hərəkət zamanı gəminin önündən sular bir lent kimi keçib gedir. Bu su xəttinin gəmini sürüdüyünü kim iddia edə bilər? Məlumdur ki, bu su axınını gəminin özü yaradır, öz qarşısında qovub aparır. Güc əslində gəminin özündədir. Axan su isə sadəcə bunun nəticəsidir.

          Bəli, Tolstoy belə deyir. Bir millətə hərəkət gücü gəlib gedirsə, öz-özlüyündən hərəkətə keçmiş olur və önündəki suları qovur. Öz həyat tərzini, maraq və həssaslığını ifadə edən bir nəfəri özünə lider olaraq seçir.

 “Hərb və Sülh” romanının müəllifi olan Lev Tolstoy əgər Tomas Karlilin qəhrəman ildırım bənzətməsini qəbul etsəydi hər halda belə deyərdi:

Bəli, böyük şəxsiyyət bir qəhrəmandır, bir ildırımdır. Amma xalq kütləsi nə gil təbəqəsi, nə də saman tayasıdır. O ildırımı yaradan millətin özüdür. Bulud topası elektirk yaratdığı vaxt ildırım da öz-özlüyündən yaranır. Əgər buludlar elektriklə yüklənməyiblərsə heç bir zaman şimşək və ya ildırım yaranmaz, bulud elə nəm buxar halında qalar. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini özündə daşıyırsa, ondan ildırımlar yaranar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəm bir buxar halındadırsa, heç bir güc ondan ildırım çıxara bilməz.

          İlk baxışdan bu iki baxış bir-birinə zidd və bir-birinə uyğunsuz görünür.

Bunlardan birini seçmək lazım gəlir. Karlil haqlıdır, yoxsa Tolstoy? Ancaq Karlillə Tolstoy arasında bu ziddiyyət səthidir. Həqiqətdə isə Karlil ilə Tolstoy bir-birinə qarşı deyillər. Hər ikisi bir-birini tamamlayır. Burada ikisindən birini seçmək lazım deyil. Onlara “Karlil və Tolstoy” deyilməliydi. Karlil də Tolstoy da haqlıdır. Eynilə pulun hər iki üzü kimi. Hərəsi həqiqətin bir yarısıdır.

Qəhrəmanlar xalqı həyəcanlandırır və alovlandırır. Ancaq onu millətindən aldığı alov və həyəcanla yandıra bilər.

Misal üçün bir linzanı ələ götürək. O, geniş sahəyə dağılmış günəş şüalarını bir nöqtədə toplama xüsusiyyətlərinə malikdir.  Milyonlarla günəş şüasının bir yerə toplanmasından parlaq bir nöqtə yaranır. Bu güclü enerjili nöqtə kağız, saman kimi yanıcı maddələri bir anda alışdırır; daşı, şüşəni və dəmiri qızdırır.

Millətin böyük insanları da elə linza kimidir. O, özündə millətin gücünü və özəl xüsusiyyətlərini cəmləşdirir, bununla da milyonlarla insanın ruhunu alovlandırır. Ancaq günəş işığının olmadığı buludlu hava şəraitində heç bir linzanın bir qar dənəsini əritməyə, bir su damlasını belə isitməyə gücü çatmaz.

İsveçrə pendiri yalnız yüksək dağlarda otlayan inəklərin südündən hazırlanır. Müxtəlif vaxtlarda və müxtəlif millətlərin içində yetişən böyük şəxsiyyətlər də belədir. Onlar çiçək açmağa başlayan bir millətin incə qoxusudur. Napaleon qədim sülhsevər Çində deyil, Fransada yetişib. İngiltərə Darvini[18] yetişdirib, o da “Növlərin Mübarizəsi”[19] qaydasını ortaya qoyub. Rusiya isə müqavimətsizliyin[20] carçısı olan Tolstoyu yetişdirib. Bunun tərsi baş verməyib.

Hər zaman və hər yerdə eyni şeylər baş verib. Almaniyanı I Dünya Müharibəsinə qatan II Vilhelm deyildi. Amma almanların döyüşkən ruhu Bismarklarda, Vilhelmlərdə, Hindenburqlarda[21] və Rohrbachlarda[22] öz əksini tapıb. Qədim Romanı Neronlar, Caracallalar[23] və Commodlar[24] məhv etməyib. Ancaq hər işdə ehtiraslı olan İspaniya dünyaya Loyolanı[25] və inkvizisiyanı verib, Almaniya isə bir tərəfdə Kantı[26], digər tərəfdə isə Kruppu[27] yetişdirib.

Hər millət iqtidara ya qüdrətli, ya da əhəmiyyətsiz birini gətirir. Onlardan hansının hakimiyyətə gəlməsi isə millətin əxlaqi səviyyəsi və həyatına bağlıdır.

Millətdə cəmləşmiş yaxşı nə isə var, yoxsa yox? Millətin ağlı, millətin iradəsi, millətin vicdanı yüksəlir, yoxsa korlanıb zəhərlənir? Bayağı və səfil bir həyat içində yox olub gedirmi?

Burada hər birimizin həyatının xüsusiyyətləri və fəaliyyət forması önə çıxır. Biz öz ölkəmizdə hansı işləri görürük? Millətimizin gələcəyində hansı rolu oynayırıq?

Cənub dənizlərində beş-on mərcan adası var. Mərcanlar gil kimi xüsusi bir quruluşa malikdir.

Kiçik poliplər bədənlərindən xüsusi orqanik maddə ifraz edirlər, amma bunların fərqini görmək xüsusi diqqət tələb edir. Ancaq bu ifrazatların toplanması ilə zaman-zaman mərcan adaları adlı kiçik adalar meydana gəlir. Hətta bu adalarda insanlar belə yaşaya bilir.

Digər tərəfdən cənub ölkələrində xüsusi növ kiçik qarışqalar var ki, o bölgə əhalisi üçün tam bir fəlakət hesab edilirlər. Onlar əhalinin sığındığı qamış və taxta evləri və içində olan mebel tipli əşyaları yeyirlər. Bu qarışqaların peyda olduğu yerlərdə insanlar evlərini tərk edib, başqa bölgələrə köçmək məcburiyyətində qalırlar.

İndi də öz ölkəmizin vəziyyətinə nəzər salaq:

Ölkədə necə bir istehsalat həyata keçiririk? Çalışmağımız nə isə hazırlamaq, yoxsa məhv etmək istiqamətindədir? Müsbət, yoxsa mənfidir?

Ölkələrin rifahı və xoşbəxtliyini, cəmiyyətin qürur və şərəfinin xalqın iradəsinə bağlı olduğunu sübut edən nəzərə çarpacaq bir nümunə olması səbəbindən kiçik və yoxsul ölkələr göstərə bilərik. Bura isə iki milyon əhalisi olan Finlandiyadır.

Avropanın ən şimalında yerləşən Finlandiyanın sərt bir iqlimi var.[28] Havası əksər vaxt dumanlı olur. Baharın ilk vaxtlarında belə don olur. Avqust ayından etibarən soyuqlar başlayır. Ərazisini də olduqca səmərəsiz torpaqlar təşkil edir. Ölkə ərazisinin əsas hissəsi sərt qranit qayalıqlardan ibarətdir. Qalan hissəsini isə çuxur və bataqlıqlar təşkil edir. Ölkədə mədən təsərrüfatı adında demək olar ki heç nə yoxdur. Kənd təsərrüfatı ilə məşğul olmaq çox çətinliklə mümkündür. Xalq isə heç bir vaxt tam müstəqillik əldə edə bilməmişdir. Hər zaman gah bir, gah da digər qonşusunun hakimiyyəti altında olub.

Finlər özlərini “Suomi” adlandırırlar və çox sevdikləri ölkələrini də “Suomi” kimi təqdim edirlər ki, bu da “bataqlıq ərazi” mənasını verir.[29]

——–

[1]Thomas Carlyle (1795-1881): Britaniyada Viktoriya dövrünün Şotlandiya din xadimi, mütəfəkkiri, tarixçisi və ədəbiyyatçısı. Onun ədəbiyyatla bağlı bəzi baxışlarını Tolstoy ilə qarşılaşdırırlar. Ərəb hərfləri ilə yazılmış xüsusi mətndə isə “Karlayl” olaraq göstərilib.

[2]Əsərdə “kült” sözü yerinə “məzhəb“ sözü istifadə edilib.

[3]Əsərdə “kültür” sözü yerinə “hars” sözü işlənib.

[4]Yuli Sezar (Julius Sezar) (e.ə. 100-44): Romalı əsgəri və siyasi lider. Yulu Sezar “Brut sən də?” ifadəsinin sahibidir. Suiqəsd nəticəsində öldürülən Sezarın doğum tarixi ilə bağlı fərqli fikirlər söylənilir.

[5]Napaleon Bonapart (Napaleon Bonaparte) (1769-1821): Fransa inqilabının məşhur generalı, Fransa imperatoru

[6]I Pyotr (Rusca: Петр I Великий) (1672-1725): Türk tarixində Dəli Pyotr kimi tanınan, Rusiyanın qərbləşməsi və müasirləşməsi üçün çalışan çar.

[7]Sokrates (e.ə. 469-399): Qədim Yunan filosofu. Yunan fəlsəfəsinin qurucularındandır.

[8]Hz. Məhəmməd (570-632): İslam inancına görə son peyğəmbər.

[9]Çingiz xan (Chingiz Khaan, Cinggis Haan) (1167-1227): Monqol Borjigin sülaləsindən olan siyasətçi və sərkərdə. Monqol İmperiyasını quran hökmdar.

[10]Peder Pierre d`Amiyen (Peter Amienski, Pier Damiani, Pietro Damiani, St. Peter Damian, Petrus Damiani) (1007-? 1077): Orta əsrlərdə İtaliyada inqilabi düşüncə sahibi və din xadimi.

[11]Martin Luther (1483-1546): Almaniyada din xadimi və ilahiyyatçı. Protestantlığın atası və Lüterçiliyin banisi.

[12]Neron (Claudius Caesar Audustus Germanicus) (37-68): Yulilər- Klavdilər sülaləsinin beşinci və Romanın son imperatoru. Romanı yandırdığı; Roma yanarkən musiqi ifa etdiyi iddia edilən hökmdar.

[13]Caligula (Gaius Julius Caesar Audustos Germanicus) (12-41): Daha çox Kaliqula ləqəbi ilə tanınıb, Yulilər-Klavdilər sülaləsinin nümayəndəsi və Roma İmperiyasının üçüncü imperatoru olub.

[14]I Ramzes (e.ə. 14-cü əsr): Misir fironu, 19-cu sülalənin banisi. II Ramzes (e.ə. 1302-1212): Qədim Misirdə 19-cu sülalənin fironlarından biri.

[15]Romulüs (Flavius Romulus Audustus): Ümumiyyətlə,  Romulus Augustulus “Kiçik Augustus” kimi xatırlanır. 463-476-cı illərdə hakimiyyətdə olmuş son Qərbi Roma imperatoru olub.

[16]Temistoklis və ya Themistocles (e.ə. 524-459): Fars müharibələri dövründə Afina məclisində vəzifə tutmuş Afinalı siyasətçi və general

[17]Mətndə yanan olaraq yazılıb.

[18]Charles Robert Darvin (1809-1882): İngilis bioloq və təbiət tarixçisi; Təkamül nəzəriyyəsinin banisi.

[19]Mətndə “Həyat mübarizəsi” başlığı ilə qeyd edilib. (Not: Növlərin Mənşəyi)

[20]Mətndə “adəmi müqavimət” olaraq tərcümə edilən “nonresistance” termini İngilis dilində “hər cür güc sahibinin haqsız və qeyri-qanuni təzyiqlərinə qarşı belə şiddət yolu ilə cavab verməyən pasifizmin bir növü; güc sahibinə müqavimət göstərməyən prinsip və praktik” mənasını verir.

[21]Paul von Hindenburg (1847-1934): Prusiyalı Alman marşalı, dövlət xadimi, siyasətçi.

[22]Paul Rohrbach (1869-1956): Dünya siyasəti ilə maraqlanan Almaniyalı yazıçı.

[23]Lucius Septimius Bassianus (186-217): Caracalla kimi kimi tanınan Roma imperatoru. Ərəb hərfləri ilə yazılmış xüsusi mətndə Karakalla kimi qeyd edilib.

[24]Marcus Aurelius Commodus Antoninus (161-192): Roma imperatoru. Ərəb hərfləri ilə yazılmış xüsusi mətndə Kom(m)od kimi qeyd edilib.

[25]Saint İgnatius o Loyola (Əziz Loyolalı İqnatius) (1491-1556): İspaniyada din xadimi; Cizvitlər təriqətinin banisi.

[26]İmmanuel Kant (1724-1804): Alman filosofu.

[27]Almaniyanın Essen bölgəsində polad, silah və sursat istehsalı ilə məşhur sənayeçi ailəsi. Krupp firması 1811-ci ildə Fridrix Krupp tərəfindən yaradılıb.

[28]Təbii gözəllikləri olan cənnət. Bu gün Finlandiyanın təbiəti ilə bağlı fikirlər müsbətdir.

[29]Yazıçının bu fikri müzakirə olunmalıdır.