Tarixin ağ ləkələri: Nəhəng Çin piramidaları

56 Baxış

hqdefault

 I hissə

Qədim Çin əfsanəsinə görə, bu ölkədə tikilmiş yüzdən çox piramida planetimizin başqa dünya sakinləri tərəfindən ziyarətinə şahidlik edir. XX əsrin əvvəllərində avstraliyalı iki tacir Çinin mərkəzi hissəsindəki Siçuanın geniş ovalığında olur. Burada yüzdən çox piramida aşkar edirlər. Avstraliyalılar məlumat almaq üçün yerli məbədə müraciət edir və dərhal da “çox qədimdirlər” cavabı alırlar. Bu tikililərdəki qeydlər ən azı 5000 il qabaq yazılmışdı, ona görə də onların yaşını sadəcə təsəvvür etmək olardı.

Tacirlərə deyirlər ki, bu piramidalar Çində başqaplanetli sivilizasiyaların varlığına inanan imperatorların hakimiyyəti dövründə tikilib. Eyni zamanda, imperatorlar “Dəmir əjdahalarda Yerə gurultuyla düşmüş səma oğulları”nın nəslindən olduğunu iddia edirmişlər. Yaradılan mənzərəyə görə, bu piramidalar da onların köməyilə tikilib.

1994-cü ilin martında avstraliyalı Hartviq Hausdorf Çinin mərkəzi hissəsində yerləşən Sian şəhərinin yanındakı, əcnəbilərə girişi qadağan olunan rayona səfər edir. Səfər müddətində altı əfsanəvi piramida görür. 1994-cü ilin oktyabrındasa kamera götürərək yenidən ora qayıdır. Hausdorf 18 dəqiqəlik film çəkməyə nail olur. Evə qayıdandan sonra çəkdiyi videomateriallara baxan səyyah kadrları yaxınlaşdırarkən arxa planda daha bir neçə piramida görür. Beləliklə, 2000 kvadrat kilometrlik ərazidə yüzdən çox piramida aşkar olunur.

Hazırda bu piramidalardan bəziləri kifayət qədər pis vəziyyətdədir, zaman-zaman da yerli sakinlər tərəfindən talan edilir. Onlar daşdan yox, əsasən gil və torpaqdan tikildiyinə görə, sakinlər hissələri dağıdıb materialdan öz həyətyanı sahələri və fermalarında istifadə edirlər.

Hausdorf bu qəribə piramidalar üzərində tədqiqatlarını davam etdirmək üçün böyük çətinliklə icazə ala bilir, amma Çin hökuməti arxeoloji qazıntı aparmağı qadağan edir.

Bu qədim tikililər özündə nə daşıyır?

Siçuan ovalığında yerləşmiş bu piramidaların hündürlüyü 25-100 metr arasında dəyişir. Hamısından şimalda – Çzya Lin çayının vadisində yerləşən piramida isə istisnadır. Onu Böyük Ağ Piramida adlandırırlar. O, həqiqətən, nəhəngdir, hündürlüyü təxminən 300 metrdir. Onu heç çəkinmədən bütün çin piramidalarının anası adlandırmaq olar.

images (1)

Bir neçə il qabaq Çin hökiməti Böyük Ağ Piramidanın yerləşdiyi ərazini qapalı rayon elan edib, amma son illərdə orada raketlərin orbitə buraxılması üçün meydança inşa edilib.

Bu piramidalar xarici görünüşcə Cənubi Amerika piramidalarını xatırladır. Uyğunluq sadəcə heyrətamizdir. Bu sahə ilə maraqlanan mütəxəssislər bir-birindən bu qədər uzaq məsafədə yerləşən piramidaların eyni əl tərəfindən tikildiyinə şübhə etmirlər.

Çin piramidaları indiyədək Yer insanlarına tapmaca qalmaqda davam edir – onlar haqda heç harda doğru-düzgün məlumata rast gəlinmir. Ümumiyyətlə, şəxsi tanıma cəhdlərini nəzərə almasaq, bu tikililərin varlığından dünya ictimaiyyəti XX əsrin ortalarında xəbər tutub. Çin hökuməti nəyə görəsə indiyə qədər də başqa ölkələrdən olan tədqiqatçıları həmin rayon ərazisində araşdırma aparmağa icazə vermir.

Amerikalı yazıçı Corc Hantom Vilyamson BBC-nin ABŞ bürosuyla əlaqə saxlayıb Sian şəhərinin topoqrafik xəritəsinin fotosurətini əldə edir. Xəritə peykdən alınan görüntülər əsasında hazırlanıb, Sian yaxınlığında yerləşən 16 piramidanın yeri də göstərilibmiş.

1963-cü ildə Yeni Zelandiyalı təyyarəçi Brüs Kaqi 1912-cü ildə yazılmış Şröderin gündəlik və məqaləsini axtarırmış. Fred Mayer Şröder avstraliyalı tacir imiş və karvanları Böyük Çin Səddindən ölkənin dərinliyinə qədər aparmaqla məşğulmuş. Bir dəfə – monqol ruhi rəhbər Boqdıxanla birgə çin-monqol sərhəddi boyu gedən vaxtı yoldaşı ona deyir: “Biz piramidaların yanından gedəcəyik. Onlar Çinin qədim paytaxtı Sian Fu yaxınlığında yerləşir”.

“Bir neçə günlük yorucu səyahətdən sonra üfüqdə nələrinsə yüksəldiyini gördük. İlk baxışdan dağa oxşayırdı, amma yaxınlaşdıqca gördük ki, bu, bükülü tinləri, yastı başı olan tikilidir”.

Şröder həyatı boyu gördüyü insan əməyinin ən əzəmətlisi olan bu tikiliyə karıxmış heyranlıqla baxır. Bu cür tikilini planlaşdırıb inşa edə bilən bilikli insanların indi yer üzündən silindiyi fikri onu çaşqınlığa salır.

“Biz onlara şərq tərəfdən yaxınlaşırdıq, – deyə Şröder yazır, – və gördük ki, Şimal qrupunda üç nəhəng piramida var, qalanlarısa cənuba doğru getdikcə kiçilirdi. Onlar münbit torpaqların və kəndlərin üzərinə kölgə salaraq bir-birindən 6-8 mil məsafədə yerləşirdi. Onlar yerli əhalinin burnunun ucunda, amma qərb dünyası üçün tamamilə naməlum şəraitdə vüqarla dayanmışdılar.

Böyük piramida təxminən min fut hündürlükdəydi (üç yüz metrə yaxın, Xeops piramidasından az qala iki dəfə hündür). Bu Çin piramidasının dörd küncü kompas cəhətləri istiqamətinə orientləşdirilmişdi. Künclər müxtəlif rəngdəydi: qara şimalı, göyümtül-yaşıl şərqi, qırmızı cənubu, ağ rəng isə qərbi göstərirdi. Piramidanın hamar üstü sarı torpaqla örtülmüşdü.

Nəvaxtsa piramidanın künclərində zirvəsinə aparan pilləkənlər varmış, indisə onların yerində çökmüş daş qırıqları vardı. Lap ətəklərindəsə yüksək sıxlıqlı qaya parçaları görünürdü (hər bir daş təxminən üç kvadrat fut həcmində idi).

Bu piramida Çinin digər tikililəri kimi, palçıqdan inşa edilmişdi. Divarları boyunca dağ kanyonlarına bənzər nəhəng novlar uzanırdı. Onlar da daşla döşənmişdi. Ətəklərində ağaclar və pirmidanı təbiətin bir hissəsinə bənzədən müxtəlif kol-kos bitmişdi. Bu dahiyanə görüntüyə nəfəsimi almadan baxırdım. Biz çıxışı axtara-axtara piramidaları keçsək də, tapa bilmədik.”

Şröder Boqdıxandan piramidaların yaşı haqda soruşanda bu cavabı alıb: “Onların beş mindən çox yaşı var”. Niyə belə düşünməsi sualına isə bu cür cavab verib: “Beş min il əvvəl yazılmış kitablarımızda bu piramidalardan qədim tikililər kimi bəhs edilir”.

Şröder azsaylı avropalıdan biridir ki, Şansidəki piramidaların hamısını görə bilib. Ümid edirik, gələcəkdə Çin hökuməti bu rayon üzərindən məxfilik statusunu götürüb, xarici tədqiqatçıların işləməsinə şərait yaradacaq.

“Məni ən çox maraqlandıran məsələ, – deyə amerikalı tədqiqatçı Vens Ted yazır, – Çin piamidalarının yerləşdiyi coğrafi koordinatlardır. Sian şimal enliyinin 34-cü dərəcəsində yerləşir. Çin piramidalaının yerləşdirilməsi planı Misir piramidalarını xatırladır. Burdan da o fikrə gəlmək olar ki, məlum tikililər eyni qədim sivilizasiya tərəfindən inşa edilib. Mənə elə gəlir ki, piramidaların hər biri məxsusi funksiyanı yerinə yetirirmiş və dünyanın müxtəlif künclərindəki bu piramidalar arasında hansısa coğrafi konfiqurasiya var. Misir piramidaları eyni enliyin 30-cu, Çindəkilərsə 34-cü dərəcəsində yerləşir. Düşünürəm, nəvaxtsa Gizi və Şansi piramidalar kompleksinin koordinatları arasında hansısa coğrafi bağlılıq sübut olunacaq.

piramida_china3

Vilyamson Tedə məktubunda yazırdı ki, xəritədə göstərilən sayca dördüncü piramida elə 1947-ci ildə şəkli çəkilmiş piramidanın özüdür.

“İlkin hesablamalarıma görə, – ardınca V.Ted yazır, – bu piramida ilə böyük Xeops piramidası arasında hansısa riyazi uyğunluq var, belə ki, hər biri üçün əsas rəqəm 16944-dür. Kompüterdə bu piramidanı N6 adlandırdım. Şansidəki N6 piramidasıyla Misirdəki nəhəng piramidanın ətraf məsafəsindəki qövs qiymətləri ilə dəniz səviyyəsi tamamilə eyni gəldi: 3849 dərəcə, 5333 dəqiqə. Bu da kürənin 64.15888 enlik dərəcəsinə bərabərdir. Bu ədədin iki kvadrata nisbəti isə kütlənin harmonik ekvivalentinə bərabərdir – 16944430.

Şansidəki N4 və N5 piramidalarının Misirdəki məlum piramida arasındakı məsafənin qövs qiymətləri ilə dəniz səviyyəsinin dərəcələrə nisbətində də eyni rəqəm alınır.

İlkin hesablamanın nəticələri göstərir ki, işıq sahəsinin mərkəzi ilə əlaqəli kütləin harmonik ekvivalenti arasında dünyadakı bütün piramida kompleksinin yerləşməsində nəsə əlaqə var. Ən müxtəlif riyazi kombinasiyalar nədənsə bu qəribə rəqəmlə nəticələnir – 16944430.

Şübhəsiz, istənilən qrupdakı ən böyük piramidalar hansısa xüsusi funkisiyaya malikdir. Amma hər bir qrupdakı daxili yerləşmədə mövcud olan bütün sahələrlə (işıq, maqnit və s.) rezonanslaşdırmağa imkan verən harmonik bərabərlik var. Bu, bizə nə deyir? Bu gün məlumdur ki, Yer kürəsinin müxtəlif hissələrində həndəsi olaraq bir-birinə uyğun gələn elektron stansiyalar tiksək, kürənin müxtəlif yanlarında yerləşən iki nöqtə arasında rahatlıqla əlaqə saxlaya bilərik. Ola bilsin, bu qədim tikililər məhz həmin məqsədlə yaradılıb. Məlum tikili komplekslərinin Yer üzündə hansı məntiqlə düzülməyini bilməsək də, məqsədini təxmin edə bilərik. Bu da piramidaları ucaldan qədim sivilizasiyanın hansı səviyyədə Yer Anaya sahib olduqlarını təsəvvür etməkdə köməyimizə gələ bilər.

II hissə

Çin piramidalarının tikiliş texnikasının mümkün variantları.

Tikintinin bir variantı “Daşın yumşaldılması”dır. Misir piramidalarının tikinti ustalarının “qohumları” – Amerika qitəsinin piramida ustaları daşın yumşaldılması sirrini əldə edə bilmişdilər (bitki estraktındakı xüsusi mayenin köməyilə yüksək sıxlıqlı daşlar plastilin kimi elastikləşir, amma qəlibləmə və qurutma prosesindən sonra daş öz sıxlığını bərpa edir). Yuşaldılmanın texnoloji əsasları bu günə kimi də tərəfimizdən kəşf olunmayıb, ona görə bu mayenin (və ya sıyığın) tətbiqi prosesindən keçmiş daşların bərkitmə vasitəsini də hələ bilmirik (güman edilir ki, sözügedən “yumşaltma” vasitəsi təkcə kimyəvi aktiv maddə deyil). Qədim misirlilər və latın amerikalıların bilgini eyni mənbədən alması məsələsi indi mumiyaların balzamlama texnikası qədər aydın görünür. Onda nəyə görə tikintidə eyni “yumşaldılma” texnologiyasından istifadə edilməsin? Təsəvvür edin, karxanada daşlar heç bir əziyyətsiz əzilir və kütləvi istehsal olunur, yumşaldılıb qəlibə tökülür, ya da, necə deyərlər, uşaqların plastilinlə oynadığı kimi, ağır çəkili daşlar çox optimal vəziyyətə gətirilərək lazım olan yerə rahatca yerləşdirilir.

Yeri gəlmişkən, texnologiyalar müxtəlif də ola bilər, çünki nəhayətdə bu piramidalar kürənin müxtəlif künclərində tikilib.

Çin piramidaları Misir piramidalarından az sual buraxmır, biz onlar barədə ona görə az bilirik ki, Sianyanq şəhərinin qərb istiqamətinin bir neçə kilometrliyində, kənd təsərrfüfatı sahələrinin arasında yerləşən onlarla piramida az qala məxfi ərazi kimi qorunur. Bir sıra tədqiqatçılar hesab edir ki, Çin alimləri piramidaların daxilinə girib, orada Yer kürəsində mövcudluğumuz haqdakı təsəvvürlərimizi yerlə-yeksan edəcək sənəd və sübutlarla qarşılaşmaqdan qorxurlar. Həqiqətən, qədim Çin tikililərinin təyinatı nədədn ibarətdir? “Ənənəvi” baxışları olan “Çin spesifikalı misirşünaslar” arasında belə bir variant da var ki, bu tikililər imperatorların məqbərələridir. Başqa versiya “Piramidalar Çində “Fen Şuy” adlanan nəhəng müqəddəs xətlər sisteminin yalnız bir hissəsidir” fərziyyəsinə əsaslanır. Məsələn, çinli arxeoloq Vonq Şipinq hesab edir ki, bu tikililər astronomik aspekt nisbətinə tamamilə uyğun gəlir və ulu babalarımızın coğrafiya və riyaziyyat haqda olan heyrətamiz biliklərinə şahidlik edir.

Əgər 5 min il qabaq yazılmış qədim kitabələrdəki yazılardan çıxarışlara inansaq, bu möhtəşəm layihənin müəllifləri ondan da bir neçə min il öncə öz “odburaxan dəmir əjdahaları”nda Yerə enmiş Səma Oğullarıdır. Səma elçisi imperator Xuan Di barədə əfsanə ilə tutuşduranda bu versiya tamamilə inandırıcı görünür.

Piramidaların ucaldılmasının hansı vasitələrlə başa gəlməsindən asılı olmayaraq, yenə bir sual açıq qalır: “Bu tikinti sirlərini, dövrünə görə əlçatmaz olan bu bilgini qədim insanlara kim vermişdi?”. Atlantlarmı, qədim kahinlərmi, başqa planetlilərmi, yoxsa tamam başqaları? Ufoloji cəhətcə yanaşanda da bəzi anlaşılmaz tərəfləri görmək olur. Əgər baiskar başqa planetlilərdisə, niyə onlar fironlara kömək edirdilər? Axı, məsələyə dini nöqteyi-nəzərdən baxanda “kafir fironlara”, “allahsız imperatorlara” səmadan enənlər (və ya mələklər) yardım edə bilməzdi. İstənilən halda, bizə olduqca uzaq olan tarixi dövrdə ya anlayışlar fərqli imiş, ya da Yer Ana həqiqətən təsəvvürümüzə sığmayacaq qədər qızıl dövrü yaşayıb.

Çin ərazisindəki başqa piramidalar barədə.

Yerin distansion zondlaşdırılmasında (ekoloji məqsədlə) materialların tədqiqi prosesində (LANDSAT-7 peyki ilə) ÇXR ərazisində “çin piramidaları” sinfinə çox uyğun olan bir sıra tikililərə rast gəlinir. Müşahidə olunan bu obyektləri ilk dəfə II Dünya Müharibəsi vaxtı Hindistandan Pekinə uçan təyyarənin amerikalı pilotu görür. Əvvəllər “1945 piramida”sının yerini dəqiqləşdirmək üçün dəfələrlə cəhd edilib, amma süni peyklə çəkilən şəkillərin əksəriyyəti keyfiyyətsiz olduğuna görə buna nail olunmayıb.

Klassik tarixi xronologiyaya baxsaq, həmin coğrafiya üçün ən yaddaqalan abidə e.ə. II əsrdə yaşamış Xan imperatorluğunun Lyü Çe sülaləsindən olan Vu Dinin məqbərəsi və ya başqa adla, Maolinq mavzoleyidir. Hərbi xadimlərin, alim və əsilzadələrin məqbərələri olan geniş kompleksdir. Bu sərdabə piramidanı xatırladan formaya sahibdir. Sərdabənin ətəyində (gil divarların eroziyasının qarşısını almaq üçün çinlilərin əkdiyi) kiçik ağaclar bitir, bunlar da bir sıra alimlərin fikrincə, XX əsrin 60-70-ci illərindən tez əkilməyib.

Sərdabənin xeyli detalı LANDSAT və İkonosun çəkdiyi şəkildən heç fərqlənmir. 2004-cü ilin yayında Şansiyə səfər edən amerikalı araşdırmaçı Kris Mayerin qeydlərinə görə, “1945 piramidası” elə Maolinq mavzoleyinin özüdür.

hqdefault

Piramida və onun ətrafındakı kiçik tikililər məkanda yeganə və kifayət qədər dəqiq orientasiyaya malikdir. Yeri gəlmişkən, “kompleksin mərkəzi” Şimal-Cənub istiqəmətinə deyil, 5-7 dərəcə maililiklə saat əqrəblərinin əksinə yönəlib (regiondakı bütün bənzər quruluşlardan fərqli olaraq). Bunun səbəbləri naməlumdur, heç bir mənbədə bu mövzuya uyğun bir rəvayətə də rast gəlinməyib. Bu faktı izah etməyə çalışan bəzi fərziyyələrsə, əlbəttə ki, var: relyefə görə tənzimləmə, eroziya səbəbindən gilin aşınması, kompleksin naməlum astronomik funksiyası, qədim kompleksin yerində piramidaların dəqiqliklə yenidən qurulması, dövrünə görə Yerin digər nöqtələriylə əlaqə yaratmaq cəhdi və s.

Bu kompleksdən başqa Sian şəhərinin şimal və şərq istiqəmətində də bəzi piramidalar aşkar edilib.

Aeroportun yanındakı piramidalar haqda ilk dəfə yazıçı və səyyah Hartviq Haustorf 1990-cı illərin axırlarında Şansi səfərindən sonra məlumat verib. Onun sözlərinə görə, ən azı bir piramida Sian aeroportuna gedən yolun yaxınlığında yerləşir. Başqa bir piramida isə həmin şossenin cənub istiqamətinə doğru 2-3 km məsafədə yerləşir.

Peyk məlumatlarına əsasən, onun sahəsi 180-200 kv metrə bərabərdir, hündürlüyü isə 20 metrdən çox deyil, üzərindəsə, demək olar, bitki bitməyib.

Koordinatları: enlik – 34.39057, uzunluq – 108.73933.

Başqa bir tikili – Çinlinq piramidası isə Sianın şərq istiqəmətində, Lişan şəhərinin Çinlinq kəndində, dağ yamacında yerləşir. Hündürlüyü təxminən 20 metr, sahəsi 400 kv metrdir. Sıx ağaclarla örtülüdür. Günəşin səmadakı yolu istiqamətinə çox dəqiqliklə uyğunlaşdırılıb.

Mərkəzi Çində “piramidaların yoxluğu” haqdakı söhbətlər həqiqəti əks etdirmir. Hər iki yazıda təsvir olunan tikililərdən əlavə, Çin ərazisində güman olunan nə qədər böyüklü-kiçikli bu cür tikililər var ki, ərazilərində arxeoloji qazıntılar və ya ümumiyyətlə heç bir elmi tədqiqat işləri aparılmayıb. Müasir dövr üçün Çin boyda dövlətin bu addımı qəribə gəlmirmi? İndi bu qədim piramidaların astro-arxeoloji tədqiqatı, tikiliş texnologiyasına izah tapılması həm maraqlı, həm də perspektivli görünməlidir. Ən azından, Avropa alimləri Çin mütəxəssislərilə əlbir olub bu obyektlərin qravimetriya və mikromaqnitometriya sahəsi üzrə tədqiqatlarını təşkil edə bilərlər. Bu ki qlobal anlayışdır. Amma Çin hökuməti hələ də bu qədim sərvətləri maksimum cəhdlə ört-basdır etməyə çalışır.

III hissə

Araşdırmanın əvvəlki hissələrində Yer kürəsindəki digər piramidaları tədqiq edən və bu barədə kifayət qədər biliklərə sahib olan Avropa və Amerika alimlərinin fikirlərilə yanaşı, Çindəki piramidaları öz gözlərilə görən sadə avropalıların təcrübələri, düşüncələrilə tanış olduq. Bu dəfə Çinə daha yaxın olan Türkiyənin gözü ilə məşhur ağ piramidalara baxmağa çalışacağıq.

-cin-deki-turk-piramitleri-tarihi-ezberi-bozacak--578832

Bildiyimiz kimi, Çinin Şansi əyaləti tarix boyu türk mənşəli millətlərin çox yaşadığı yerlər olub. Xüsusilə Çinin ən qədim və hələ də mədəniyyət mərkəzlərindən ən məşhuru olan Sian şəhəri qeyri-çin mənşəli millətlərin çoxluq təşkil etdiyi məkandır. Tarixçilərin uzun əsrlik mübahisə mövzusu olması bu əyalətin tarixinə təkrar-təkrar qayıtmağımıza, orada yerləşən qədim abidələrin araşdırılmasına təxirəsalınmaz ehtiyac yaradır. Amma əvvəlki hissələrdə deyildiyi kimi, müasir Çin hökuməti bu tədbirlərin peşəkar səviyyədə aparılmasına şərait yaratmır, əksinə hər cəhdlə mane olmağa çalışır.

Türkiyədə əsasən türk mənşəli etnoslarının araşdırmaçısı kimi tanınan tarixçi-tədqiqatçı Oktan Keleş Mərkəzi Çinin Şansi əyalətinin paytaxtı olan Sian şəhərinin yaxınlığında yerləşən Çin piramidalarını araşdırmaq üçün ora səfər edir. Sözügedən piramidalara daxil olan ilk türk tədqiqatçı Keleş səfərinin nəticəsini Türkiyə mətbuatına belə açıqlayır: “Piramidaların içərisində olan materiallar Türk tarixi üçün və dünya tarixinin bütün yaddaşını pozmaq baxımından böyük əhəmiyyətə malikdir”.

Keleş tədqiqat aparmaq üçün əvvəlcə başqa bölgəyə səfər edir, amma sonra təsadüfən alınan şansdan istifadə edib ağ piramidalara gəlir. Oralarda şəkil çəkilməsinə ciddi qadağa olmasına baxmayaraq türk alimi məhdud şəraitdə bəzi görüntülər çəkməyə nail olur. Hesab olunur ki, Keleşin piramidanın içində çəkdiyi şəkillər ictimailəşən ilk və hələ də yeganə orijinal nümunələrdir.

Yaşlı bir çinli bələdçinin köməkliyi ilə ağ piramidaya daxil olan Keleş içəridə rast gəldiyi simvol, heykəl və kitabələri görəndə heyrətə gəlir. Dediyinə görə, qədim zamanlarda muzdlu döyüşçülər olaraq Çinə xidmət edən uyğurlar bu ərazilərdəki tikililərdə müstəsna rola sahibdir, burdakı simvol və kitabələr də onlara aiddir.

-cin-deki-turk-piramitleri-tarihi-ezberi-bozacak--578834

Oktan Keleş səfər təəssüratlarında yazır:

“Qoca çinli bələdçinin rəhbərliyi altında zülmət içində təbii tunel boyu 40-50 metrə getdik. Sonra şaquli yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gələndə qoca çinli astadan “Artıq piramidanın içindəyik” dedi. Piramida olduqca təbii formada qurulmuşdu, içəridə qəribə atmosfer vardı. Bir az irəlilədikdən sonra bir otağa çatdıq. Otaqda yerə uzadılmış 2 metr uzunluğunda mumiya vardı. Onun başı üzərindəki qayada müxtəlif işarələr və yazılar, eyni zamanda, “Ay, ulduz və qurd başlarının təsviri” olduğunu gördük. Otağı yaxşı işıqlandıranda əməllicə heyrətə düşdük – qarşımızda 3 metr uzunluğunda, ehtimal ki, qranitdən olan daş heykəl vardı. Heykəlin üst tərəfində qoşa buynuzlu bir fiqur, başının ortasındasa Ay-ulduz simvolu görünürdü. Həmin heykəlin yanında qucağında uşaq tutmuş qadın heykəli da vardı. Bu məqamda qoca çinli dizlərini yerə qoyaraq nəsə pıçıldamağa başladı. Bələdçimiz ayağa qalxandan sonra astadan dedi: “Təxminən 30 il qabaq siması daha aydın bilinirdi, hətta ayaqlarında çəkməyə bənzər nəsə vardı”.

-cin-deki-turk-piramitleri-tarihi-ezberi-bozacak--578836

İçəridə təxminən 7-8 dəqiqə qalandan sonra qoca çinli həyəcanla tez çıxmalı olduğumuzu işarə elədi. Biz isə bir az da qalmaq, ətrafa baxmaq istəyirdik. Qoca çinli anidən əsəbiləşdi və təklifimizi kobudluqla rədd etdi.

Sərdabə otağının yanında aşağı – qaranlıq boşluğa doğru enən daha bir nərdivan vardı, onunla aşağı enmək istədiyimizi bildirdik, amma qoca çinli bu arzumuza da özünəməxsus sakit aqressiya ilə etirazını bildirdi: “Ora enmək çox çətin, oradan çıxmaq isə ondan da çətindir. Biz qayıtsaq yaxşıdır”. Onun etirazı ucbatından aşağı düşə bilməsək də, əlimizdəki fənərlə sərdabə otağının divarlarına tələsik baxmağa başladıq. Divarda yazı və şəkillərlə dolu müxtəlif kitabələr vardı, daha artığını seçə bilmədik.”

Keleşin iddiasına görə, sonradan qoca çinli yerdəki mumiyanın yerli sakinlər tərəfindən tələf edildiyini deyib. Qoşa buynuzlu qranit heykəlin nə ifadə etdiyini soruşanda isə, çinlinin “O, sizin babanız Oğuz Kağanı təmsil edən heykəldir” sözünə heyrətə düşdüklərindən yazır. Qoca çinli deyirmiş: “Sərdabənin enmədiyimiz alt qatında daha bir mumiya var, o, yuxarıdakına nisbətən xeyli salamatdır. Amma oradakı daş kitabələr də çoxdan qaldığına görə bir-birinə yapışır və getdikcə oxunulması çətinləşir.”

Müsahibələrinin birində jurnalistin həmin bölgəyə ziyarətin qadağan olmasıyla bağlı sualına Oktan Keleş belə cavab verir: “Bölgə tamamilə qadağan olunmuş bölgə deyil, sadəcə bələdçilərin köməyilə həyata keçirilən piramida gəzintisində hər hansı bir araşdırma etməyə və ya çəliliş aparmağa icazə verilmir. Amma oradakı yoldaşımın köməyilə bələdçinin gözlərindən yayınıb bir neçə şəkil çəkə bildim. Düzdür, mən bu səfərdən heç bir maddi sübut əldə etmədən qayıtdım, amma bildiyim qədərilə, çəkdiyim şəkillər bu mənada xüsusi dəyərə sahibdir.”

-cin-deki-turk-piramitleri-tarihi-ezberi-bozacak--578838

Bu sahədə dərin araşdırmaların müəllifi daha bir türkiyəli alim Kazım Mirşandır. 2016-cı ildə vəfat edən bu tarixçi alimin misirşünaslıqda xüsusi hörmətə sahib olmaqla yanaşı, Çindəki ağ piramidalarla bağlı da araşdırmaları var. Misir piramidalarında 184 ədəd heroqlifi Ön-türkcə adlandırdığı yazı sistemi vasitəsilə deşifrə edən Mirşan eramızdan əvvəl 3000-ci illərdə mumiyalama texnikasının Altay dağlarında yerləşən sivilizasiyadan dünyaya yayıldığını, eyni zamanda, piramidaların tikintisinin birinci Çində, sonra dünyanın müxtəlif nöqtələrində həyata keçirildiyi fərziyyəsini irəli sürmüşdü. Kazım Mirşanın bir çox fikirləri, o cümlədən, Yer kürəsində inşa edilən bütün piramidaların eyni əl (sivilizasiya) tərəfindən tikilməsi istiqamətində gətirdiyi maddi və məntiqi sübutlar qərb alimlərinin fikirlərilə üst-üstə düşür. Tarixçilik və arxeologiyada daha çox praqmatizm tərəfdarı olan Kazım Mirşan qədim sivilizasiyanın bütün dünyada vahid dövlət tərəfindən idarə olunduğuna və yüksək zəkaya sahib bu xalqın indiki türklərin ataları olduğuna inanırdı.

Hazırladı: Səbuhi Şahmursoy

 

KÖŞƏ YAZARLARI
TOP 10