Tarixin dəhşətsaçan faciəsi –  Çərkəz soyqırım-sürgünü…  

30 Baxış

121

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri, fəlsəfə doktoru, dosent Yusif Alı Afşar

 

Nədənsə bizlərə şüuraltı olaraq “Tarix unudulmur!” deyə cəfəng bir fikir də yerləşdirə biliblər. Amma gerçəkdə isə tarix unudulur, və ya unutdurulur. Əzilmiş xalqları qəddarcasına idarəedən barbar dövlətlər həmin əsarətdəki xalqların tarixini də, mədəniyyətini də, adət ənənələrini də məqsədli şəkildə unutdururlar. Amma bu tarix müəyyən zaman kəsiyində məcburən unutdurulur. Həmin unudulmuş zaman kəsiyində isə düşmən dost kimi, dost da düşmən kimi qələmə verilir. Necə ki, biz Azərbaycan türklərinin, çərkəzlərin, Krım tatarlarının çeçenlərin, ahiskalıların başlarına gətirilmiş sürgün faciələri bir zaman az qala yaddaşlardan silinərək unutdurulmuşdur. Bunu yapan düşmən qüvvələr isə sanki heç nə olmamış kimi başımız üzərində var-gəl edərək, bizə məzlum xalqlara “divan tutan xalq” kimi qiymət verirlər.

Rusiyanın 1721-ci ildə İsveç üzərində qələbəsindən sonra, I Pyotrun ideyaları və rəhbərliyi altında imperiya formasında təşəkkül tapması Avropa və Asiyada təlatümlə qarşılanmışdı. Bu imperiyanın qüvvətlənməsi ilə paralel olaraq Türk dövlət və imperiyaları zəifləməyə başladı. Ruslar imperyanın sərhədlərini tarixi Türk torpaqlarının hesabına genişləndirərək bu millətə qarşı bənzəri olmayan faciələr yaşatmışdır. Rusların bu ilhaq və işğal siyasətinə erməni və gürcülər kimi xırda etnoslar yardımçı olmuşlar.

Rusların 1828-ci il Türkmənçay müqaviləsindən sonra həyata keçirdiyi erməni siyasəti, ermənilərin milli komitələr yaradaraq müstəqillik mücadiləsinə başlamasına yol açmış oldu. Osmanlı İmperiyasında yüksək dövlət vəzifələri tutmuş, kifayət qədər zəngin olan ermənilər bu mücadiləyə gizlin və ya açıq formada yardımlar, dəstəklər göstərirdi. 29 mart 1863-cü il tarixində Osmanlı dövlətində yaşayan ermənilər etnik durumlarını daha da möhkəmləndirmək üçün Erməni Patrix məclisləri tərəfindən hazırlanmış “Erməni millətinin nizamnaməsi” adlı nizamnamə ilə “dövlət içində dövlət” müstəqilliyi kimi yüksək imtiyaz aldılar.

Ermənilərin rus himayədarları sayəsində tarixi Türk torpaqlarında “Dənizdən dənizə Böyük ermənistan” yaratmaq xülyası ilə məşğul olduqları bir vaxtda, Qafqazda Türk-müsəlman xalqlarına faciələr və fəlakətlər yaşadılaraq məhv edilirdilər.

Bu fəlakətlərdən ən dəhşətlisi isə bütöv bir xalqın – çərkəzlərin kütləvi qətlə yetirilməsi yaşadığı ərazidən tamamilə sürgün edilməsi olmuşdur.

Qara dəniz sahil yolunun Rusiya üçün böyük önəmi olduğundan buranı yerli xalqlardan təmizləməyi məqsəd şəklində qarşıya qoydular və tam olaraq məqsədlərinə də çatdılar. Cənubi Qafqazda, yəni bugünki Çeçenistan, İnquşetiya, Dağıstan və Osetiya ərazilərində misli görünməmiş sürgün planları hazırlandı. Belə ki, bu bölgələrdə yaşayan çərkəzlər, abxazlar və ubilar doğma vətənlərindən sürgün edilməli idi. Çar hökuməti boyunduruq altına salmaqda çətinlik çəkdiyi Çərkəzlərin strateji əhəmiyyəti önəmli olan bir bölgədə yaşamalarını istəmirdi. Coğrafi baxımdan dənizə bitişik olduğu üçün hər cür əməliyyata təhlükəli olan sahil yolu üəzrində yaşayan bu xalqlar, gələcəkdə problem yaratmaması üçün bu ərazilərdən sürgün yoluyla təmizləndi.

Bu sürgünə mane ola biləcək qüvvə ancaq və ancaq Osmanlı dövləti ola bilərdi. Həmin zaman zəif düşən və sərhəd problemləri yaşayan Osmanlı dövləti isə savaşa biləcək güc – əsgər axtarışındaydı. Belə bir mövcud hərbi güc vəziyyətinə uyğun olaraq Osmanlı sultanı və Rusiya çarı öz aralarında bu sorunda təbii ki, Rusların xeyrinə anlaşdılar.

21 may 1864-cü il uzun sürən Qafqaz-rus savaşlarının sonucu, fədakər, əzabkeş çərkəzlərin müqavimətinin tükəndiyi gündür. Həmin gün dünya kültüründə savaşa, kinə, nifrətə qiymət verəcək bir xalqın – çərkəzlərin tragediya, faciə günüdür. Həmin gün çərkəzlər əzablı və məşəqqətli bir durumla Osmanlıya sürgünə yollandılar. Ruslar gələcəkdə burada yaşananların hesabını soracaq bir xalqın qalmasından ehtiyat edərək, buranı aborigen əhalidən tamamilə təmizlədilər.

Sürgünün acı nəticələrinə nəzər salaq. 1,5 milyon insan doğma vətənini tərk edərək çöllərə düşdü. 500 mindən çox insan uzun sürgün yolunda və ilk yerləşdikləri yurdlarda həyatlarını itirdilər. Təkcə Trabzonda, əksəriyyəti uşaq və yaşlı olmaqla 7 gün içində 53 min insan öldü. adıgey, abxaz və ubıhlara (bu xalqın dilində danışacaq bir kimsə qalmayıb) məkan açıqlamasından baxdıqda, Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq yaşayanların, Qafqazda, yəni tarixi ana vətənində yaşayanlardan çox olması, sürgün dəhşətlərindən xəbər verir. Bu xalqlar təbii və milli ortaqlıqlarından qoparıldı. Qafqazın yerli xalqlarından adıgeylərin bir qolu olan Natuhayların adı, sadəcə, tarixin arxivində qaldı. Qafqazda gedən savaşlar bu yerli xalqı yox etdi.

Çərkəzlərin başlarına gətirilən faciəni həm sürgün, həm də tam mənada soyqırım adlandırmaq olar. Bunun üçün bu iki məhfumun tam izahına diqqət yetirək.

Sürgün: İşğal edilən ölkədəki insanların bütövlüklə və zorla öz torpaqlarından çıxardılması və başqa yerlərə göndərilməsi və yerlərinə başqa xalqların yerləşdirilməsidir.

Soyqırım: İşğal edilən torpaqlardakı xalqları planlı bir şəkildə və bir daha toparlana bilməyəcək formada kütləvi məhv etmək və yerlərinə işğalçıları və ya qonşu millətləri yerləşdirməkdir.

Çərkəzlərin soyqırımı və tarıxi vətənlərindən sürgün edilməsi faktlarına dünya və rus hərbi arxivlərində və məşhur insanların qələmə aldıqları xatirələrində də rast gəlinir.

Çar naibi olmuş Prens Baryatinski: “Qara dənizin bir rus dənizi, ətraf torpaqlarını bir rus torpağı halına gətirmək üçün dağlıları bu ərazilərdən təmizləmək məcburiyyətindəydik. Buna görə də bu xalqların bütünlüklə sürgün olunması qərarına gəldik”.

Məşhur rus ədəbiyyatçısı Lev Tolstoy: “Kəndlərə gecə vaxtı girmək adət halını almışdır. Gecənin qaranlığında rus əsgərlərinin ikibir, üçbir evlərə dolmasını izləyən dəhşət səhnəsi o qədər qorxuncdur ki, heç bir rəhbər vəzifəli şəxs onları axtarmaya cəsarət etməzdi”.

Rus hərbi corafiyaçısı, general Mixail Venyukov: “…Savaş son dərəcə amansıcasına gedirdi. Biz, geri dönülməsi mümkün olmayacaq şəklildə, əsgərlərin ayaq basdığı hər yeri, son nəfərə qədər çərkəzlərdən təmizləyərək irəliləyirdik…”.

Polyak polkovnik Teophil Lapinsky: “Köçkünlərin sorunu fəlakətə dönürdü. Aclıq və xəstəlik tüğyan edir. Trabzona gələn 100 min insan 70 min nəfər oldu. Samsuna 70 min nəfər düşdü. Günlük ölü sayı 500-700 nəfərdir”.

İtalyan alim Barozzinin raportlarında daha ilginc olaylar diqqət çəkir: “İnsanlar uzün müddət bitkilər, bitki kökləri və çörək qırıntılarıyla “qidalanmağa” çalışırdılar. əgər buna qidalanma deyilərsə”.

Rus tarixçi Sulujiyen: “Dağlılar təslim olmurlar deyə biz davamizdan vaz keçe bilməzdik. Silahlarını ala bilmək üçün yarısının qırılması gərək idi. Qanlı savaşda bir çox qəbilə tamamilə yox oldu. Bir çox analar uşaqlarını bizə verməmək üçün öz əlləri ilə balalarını öldürürdülər…”

Vətənlərindən zorla çıxarılmış, soyqırıma məruz qalmış çərkəzlər daim öz torpaqlarına qayıtmaq ümidi ilə Osmanlıya güvənirdilər. Geri dönüş üçün fürsət axtarışında idilər. Nəhayət həmin an yetişmiş göründü çərkəzlərə. 1877-ci ildəki Osmanlı-rus savaşı önəmli bir imkan idi. 15 yaşından 80 yaşınadək olan bütün çərkəz kişiləri türk ordusunda, türklərlə birgə Balkan və Şərq cəbhələrində Ruslara qarşı ölüm-dirim savaşına qalxdılar. Lakin bu dəfə də Tanrıdan qara gələn bəxt çərkəzlərin üzünə gülmədi. Osmanlı dövləti bu savaşdan böyük itkilərlə məğlub durumda çıxdı.

Tarix bir daha çərkəzlərə vətənə dönmək şansı bəxş etmədi. 150 il bundan əvvəl sürgün edilmiş 2 milyon çərkəzin bugünkü sayı 5 milyon nəfərə yaxın ola bilərdi. Məsələn, əhalisi 150 il bundan öncə 2 milyon nəfər olan Slovak xalqı bu gün 5 milyon nəfərdən çoxdur. Görəsən dünya dövlətləri bu olaylardan doğrudanmı xəbərsizdir? Cavab isə birmənalı və konkretdir- xeyr yetərincə xəbərləri var. Sadəcə olaraq buna göz yumurlar.

1864-cü il çərkəz sürgünü ruslar üçün ilk və son olmadı. İkinci Dünya müharibəsi illərində SSRİ höküməti 1,5 milyondan çox qaraçay-balkarı, çeçen-inquşu doğma yurdlarından zorla çıxardaraq Orta Asiyanın qumsal çöllərinə və Sibirin ucsuz bucaqsiz qarlı düzlərinə sürgün etdilər. 15 noyabr 1944-cü ildə bircə gecənin içində 200 min ahıska türkü dərmə-deşikli yük və heyvan vaqonlarında, Sibirə, Qazaxstana, Qırğızıstana və Özbəkistana sürülmüşdülər. 1948-1953-cü illərdə Azərbaycan türklərinin tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan deportasiya olunması da rusların məkirli soyqırım və sürgün planlarının davamı idi.

Belə faktları sakitcə oxuyub üzərindən keçməyin necə ağır olduğunu yəqin ki, hər birimiz anlayırıq. Sürgün və soyqırım acısını yaşayan bir xalq kimi, belə bir məşəqqətli sürgünün necə dəhşətli və dözülməz olduğunun fərqindəyik. Bu gün dünyanın ən “zavallı xalqı”nı – erməniləri müdafiə edərək sanki Türklərin və müsəlmanların gözündə özlərinin törətdiklərini kölgələmək istəyən düşmənlərə artıq DAYAN deyilməlidir. Bu cür soyqırım və sürgünləri bizlərə yaşadan dövlətlərin, xalqların ədalət mühakiməsi qarşısında cavab verməsini tələb etmək isə bizlərin haqq vəzifəsidir.

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10