Bu gün tatarların və türk dünyasının sevimli şairi Abdulla Tukayın doğum günüdür. Senet.az oxucularına Abdulla Tukayın həyat və yaradıcılığı ilə bağlı araşdırma yazını təqdim edir.
Abdulla Tukay qardaş tatar xalqının bağrından qopan, onun ruhuna, arzu və düşüncələrinə tərcüman olan azman bir sənətkardır. Qətiyyətlə demək olar ki, hələ heç bir tatar şairi öz xalqına A.Tukay qədər yaxın olmamış və tatar xalqı hələ heç bir şairini Tukayı sevdiyi qədər səmimiyyətlə, hətta dəlicəsinə sevməmişdir. Halbuki A.Tukaya qədər tatarların min illik tarixə malik qədim və zəngin ədəbiyyatı, yüzlərlə şairi olmuşdur. Bu sevginin, zənnimcə, bir neçə səbəbi vardır. Hər şeydən əvvəl, Tukay son dərəcə parlaq istedad sahibidir. O, bir dahi olaraq doğulmuş, ulu Tanrı ona sağlamlıqdan başqa hər şeyi böyük səxavətlə əta etmişdir.
İkincisi, Tukay bu istedadını həlakət həddinə çatan bir fədakarlıqla, heç bir qarşılıq gözləmədən, son damlasına qədər doğma xalqına xərcləmişdir. Üçüncüsü, tatar tarixində heç bir şair Tukay qədər xəlqi və milli olmamışdır. Dördüncüsü, Tukay zəmanənin yetirdiyi bir sənətkar idi.
Tatar ədəbiyyatında Abdulla Tukayın tutduğu mövqe barədə bir cümlə ilə bunu demək olar: o, tatarların Bayronu, Puşkini, Dantesi, Məxdimqulusu və Sabiridir.
***
Abdulla Tukay 26 aprel 1886-cı ildə Tatarıstanın paytaxtı Kazan şəhərindən 60 verst aralıda yerləşən Quşlavıç kəndində (indiki Ətnə rayonu) doğulmuşdur. Atası Məhəmmədarif Məhəmmədalim oğlu (1843-1886) dövrünün təhsil almış mütərəqqi bir ziyalısı – kənd mollası, anası Bibiməmdudə Zinətulla qızı (1864-1890) isə savadlı, ara-sıra şeir yazan bir qadın idi. Abdullanın hər iki babası rəsmi icazə ilə uzun müddət mollalıq etmişdir. Abdulla beş aylıq ikən atası vəfat etmişdir. O, 2 yaş səkkiz aylığına qədər anası ilə qalır, lakin anası qonşu Sasna kəndinin mollası ilə ailə həyatı qurduğu üçün onu müvəqqəti olaraq Şərifə adlı həmkəndlisinə əmanət edir. 1889-cu ilin yazında anası onu öz yanına aparır, lakin tale bu dəfə də Abdullanın üzünə gülmür; o, 1890-cı ilin yanvarında anasını itirir, atalığı onu babasının yanına göndərir. Sonrakı illərdə Abdulla beş-altı dəfə başqa-başqa ailələr tərəfindən övladlığa götürülür… (Bu barədə şairin“Yadımda qalanlar” adlı xatirəsində geniş məlumat var – R.Ə.).
A.Tukay hələ uşaqlıqdan öz yaddaşı, məntiqi, ağlı, fərasəti, dərinmüşahidə qabiliyyəti ilə seçilir.
Gördüyü, eşitdiyi hər şeyi yaddaşına həkk edir, nağılları, atalar sözlərini, rəvayətləri, xalq nəğmələrini, mahnıları, bir sözlə, zəngin tatar folklorunu dərindən öyrənir.
Tatarıstanın füsunkar təbiəti, ab-havası, qalın meşələri, çayları ona erkən yaşlarda poetik duyğular aşılayır. Ara-sıra Kazana, Ətnəyə, Daşayaq bazarına gedərkən hər dəfə özü üçün yeni-yeni kəşflər edir, dünyagörüşünü genişləndirir, artırır.
Bir neçə il Qırlavıç, Sasna, Qırlay, Yeni Sloboda kəndlərində müxtəlif ailələrdə yaşadıqdan sonra, nəhayət, bibisi Əzizə və əri Ələsgər Osmanovun səyi nəticəsində 1894-cü ildə Abdulla Tukay Yaik (indiki Uralsk) şəhərinə gəlir və 1907-ci ilə qədər burada yaşayır.
Yaik şəhəri 1613-cü ildə, Romanovlar sülaləsinin taxta çıxdığı il hərbi-strateji məntəqə kimi salınmışdır. O, İdil-Ural eli ilə Orta Asiya arasında mühüm bir şəhər kimi sürətlə böyümüş, iri ticarət mərkəzinə çevrilmişdir. 1775-ci ildə şəhərin adı dəyişdirilərək Uralsk adlandırılmışdır. Salındığı gündən şəhərdə rus, ukraynalı, qazax, yəhudi icmaları yaranmış, lakin onun əsas əhalisi tatarlardan ibarət olmuşdur. Onlar Tatarıstanın müxtəlif yerlərindən, ələlxüsus da Kazan ətrafından buraya köçərək məskunlaşmış, əkinçilik və ticarətlə məşğul olmuşlar. Abdulla Tukayın bibisinin əri son dövrün tatar köçkünlərindən biri idi.
O dövrdə Uralskda “Mütiiyyə”, “Rəqibiyyə” və “Eyniyyə” adlı üç mədrəsə fəaliyyət göstərirdi. “Mütiiyyə” mədrəsəsi dövrünə görə xeyli mütərəqqi təhsil ocağı sayılırdı. Mədrəsənin sahibi elmi-əruz, fiqh, ərəb dili dərslərini deyən Mütiulla Töhfətullinin evində royal və iri bir kitabxana vardı, onun oğlu Kamil isə hafiz olmaqla yanaşı, ərəbcə, farsca və rusca yaxşı bilirdi. Kamillə dostlaşan Abdulla ondan və evlərindəki kitabxanadan çox şey əxz etmişdi. Kamil təhsilini artırmaq məqsədilə iki illiyə İstanbula getmiş, qayıdanda özü ilə xeyli kitab gətirmiş və bunları oxumaq üçün Abdullaya vermişdi…
1896-cı ildə Abdulla üçillik rus məktəbinə yazılır, müəllimi Əhmədşah Siracəddinovun sayəsində rusca öyrənir, rus ədəbiy- yatı ilə dərindən tanış olur. 1899-cu ildə həmin məktəbi bitirən gənc Abdulla türk, ərəb, fars və rus dilləri və ədəbiyyatı sahəsində dərin bilikli bir insan kimi formalaşır.
1900-cü ildə özü ilə eyni mədrəsədə oxuyan şair Mirheydər Çolpanın təsiri ilə Abdulla Tukay ilk poetik qələm təcrübələrini ortaya qoyur. Bu işdə İstanbul Universitetindən qovulan türk gənci Əbdüləli Əmrullanın da rolu vardı. O, təxminən bir il Abdulla Tukayın oxuduğu mədrəsədə təhsil almışdı. Məktəb yoldaşlarının verdikləri məlumata görə, onlar şairin ilk şeirlərini 1902-ci ildə onun öz dilindən eşitmişdilər. Lakin həmin dövrdə Uralskda tatarca mətbuat olmadığından bu şeirləri çap etmək mümkün olmamışdı.
I Rus inqilabının təsiri ilə çar II Nikolay 17 oktyabr 1905-ci ildə manifest imzalayaraq bəzi güzəştlər edir. O vaxtdan başlayaraq Rusiyanın türk xalqları, o cümlədən tatarlar da öz dillərində qəzət və jurnallar, kitablar nəşr etmək imkanı qazanırlar. Yeni vəziyyətdən istifadə edən Molla Mütiullanın oğlu Kamil “Uralets” qəzetinin mətbəəsini satın alır. A.Tukay burada mürəttib işinə düzəlir.
A.Tukayın dostları ilə birlikdə hələ 1904-cü ilin iyunundan “Əsrül-cədid” (“Yeni əsr”) adlı əlyazma jurnal buraxdığı məlumdur. Sonuncu nömrəsi 1905-ci ilin 12 mayında çıxan (cəmi 9 nömrə) bu jurnalda onun ilk yazıları verilmişdir. Şairin şeirləri ilk dəfə 1905-ci ilin sentyabrında “Əsrül-cədid” qəzetinin reklam-elan vərəqlərində çap edilir. Həmin il sentyabrın 2-də Peterburqda ilk tatar qəzeti olan “Nur” çapdan çıxdığı zaman A.Tukay bu hadisəni alqışlayan şeir yazıb redaksiyaya göndərir.
1905-ci ilin 26 noyabr günü Kamil Töhfətullinin redaktorluğu altında “Fikir” qəzetinin birinci sayı nəşr olunur. A.Tukay burada əvvəlcə mürəttib-korrektor, sonra isə xəbərlər şöbəsinin müdiri işləyir. Burada onun “Mujik yolkası”, Uralskda “Kazan” mehmanxanasının açılışı münasibətilə “Bu gündə bir saray açdı əhali”, “Hürriyyət haqqında”, “Dostlara bir söz”, “İttifaq haqqında” adlı şeirləri və başqa yazıları dərc edilir.
1906-cı il yanvarın 15-də Kamil Töhfətullinin redaktorluğu altında “Əsrül-cədid” adlı aylıq ədəbi-elmi-ictimai jurnal nəşrə başlayır. A.Tukay burada redaksiya heyətinin üzvü, daha sonra məsul katib və faktiki olaraq redaktor vəzifəsində çalışır.
Jurnalın ilk nömrəsində onun “Allah eşqinə” şeiri, ikinci nömrəsində Krılovdan tərcümələri verilir. 1906-cı ilin iyununda “Uklar” (“Oxlar”) jurnalı fəaliyyətə başlayır. A.Tukay Uralskda çıxan bütün mətbuat orqanlarında şeir, məqalə və tərcümələrini çap etdirir, lakin 1907-ci ilin mayında “Fikir” qəzeti və “Əsrül-cədid” jurnalı bağlanır, A.Tukay işsiz qalır.
Uralsk şəhəri, onun ədəbi-mədəni-mətbu aləmi artıq Abdulla Tukaya dar gəlir. Uşaqlıqdan bəri dərin məhəbbətlə sevdiyi elm, mədəniyyət mərkəzi Kazan onu özünə çəkir. Şair 1907-ci ilin payızında yola çıxır, Uralskdan Kazana gəlir. Tukay bunu özünün “Bir cüt at” şeirində bədii boyalarla təsvir etmişdir.
8 yaşında bir mollaxana şagirdi olaraq ayrıldığı bu yerlərə artıq təhsilini başa vurmuş, öz gözəl əsərləri ilə bütün Tatarıstanda və ətraf türk ellərində tanınan məşhur şair və publisist kimi qayıdan Abdulla Tukayı Kazanın coşqun ədəbi mühiti öz ağuşuna alır. Şairin bundan sonra qalan qısa ömrü (5 il 8 ay) və yaradıcılığının ən yetkin dövrü burada keçir.
A.Tukay həmin dövrdə Kazanda nəşr olunan “Əl-İslah”, “Yaşen” (“İldırım”), “Yalt-yult” (“Şəfəq”), “Millət”, “Azad xalq”, “Ülfət”, “Azad”, “Əxbar”, “Vətən xadimi” və b. tatar qəzet və jurnallarında öz şeirlərini, publisistik yazılarını çap etdirir, şəhərdə keçirilən müxtəlif mədəni tədbirlərdə, ədəbi-bədii gecələrdə, müsamirələrdə, teatr tamaşalarında iştirak edir, klublarda mühazirələr oxuyur.
Şair burada yeni dostlar da qazanır: Fatih Əmirxan, Ələsgər Kamal, Əhməd Urmançiyev, Fahih Seyfi Kazanlı, Nəcib Dumavi, Səid Sünçələy, Şəhid Əhmədiyev, Mirəziz Ukmasi, Məcid Qafuri, Qafur Güləhmədov və başqa qələm sahibləri ilə dostlaşan Abdulla Tukay yavaş-yavaş Kazanın qaynar ədəbi mühitinə bələd olur. Fatih Əmirxan və Səid Sünçələy onun xüsusilə sevdiyi və bəhrələndiyi məsləkdaşları idi.
Abdulla Tukay Kazanda əvvəlcə “Əl-İslah” qəzetində, daha sonra (1908-ci ilin martında) “Kitab” nəşriyyatında korrektor və ekspeditor kimi çalışmağa başlayır. Avqustda isə “Yaşen” jurnalının əməkdaşı, faktiki redaktoru olur və öz satirik şeirlərini də bu jurnalın səhifələrində dərc etdirir.
Burada o dövr üçün xarakterik olan bir məsələni qeyd etmək lazımdır. 1909-cu ildə Tukayın ardıcıl olaraq beş-altı kitabı çapdan çıxmışdı. Ümumi həcmi 48 səhifə olan “Divan” 6 min nüsxə, fevralda çıxan 18 səhifəlik “Altın ətəç” adlı kitabı 5 min nüsxə, 6 mart tarixində çapa imzalanan 48 səhifəlik “Şeirlər”i 4 min nüsxə tirajla nəşr olunur. Göründüyü kimi, kitabların həcmi kiçik olsa da, tirajları olduqca böyükdür. Deməli, o dövrdə tatar cəmiyyətində mütaliəyə, xüsusən də Tukayın şeirlərini oxumağa böyük həvəs varmış.
15 mart 1910-cu ildə Kazanda Əhməd Urmançiyevin redaktorluğu altında satirik “Yalt-yult” jurnalının ilk nömrəsi çapdan çıxır. Kazan, Krım, Ural tatarları arasında hədsiz dərəcədə populyar olan bu rəngli, illüstrasiyalı jurnal Orta Asiyada və Azərbaycanda da sevilə-sevilə oxunurdu. Onun tirajı 1.200 nüsxədən artıq idi. Bu işdə məsul katib və müəllif kimi A.Tukayın xidməti əvəzsiz idi.
1910-cu ildə A.Tukayın bir neçə kitabı, o cümlədən “Könüllü səhifələr” (aprel ayında, 16 səhifə, 5 min ədəd) və “Könül meyvələri” (may ayında, 46 səhifə, 6 min tiraj) çapdan çıxır və qısa müddət ərzində satılır.
Onu da qeyd edək ki, A.Tukay bir kitabında çıxan şeirini başqa kitabına daxil etmirdi. O, ildə bir neçə dəfə təzə şeirlərindən ibarət yeni kitabı ilə oxucuların görüşünə gəlirdi. Burada bir statistik məlumatı da vermək lazımdır; hazırda elmə Tukayın, təxminən, 410 şeiri məlumdur. Müəllif bunları 7-8 il ərzində yazmışdır.
A.Tukayın tatar məktəblərində ədəbiyyat fənni üçün hazırladığı dərs vəsaitləri, oxu kitabları və müntəxəbatlar, müxtəlif qəzetlərdə yazdığı saysız-hesabsız publisistik məqalə və məruzələri, polemika və mübahisələr, kitablarının təshihi və s. onun səhhətini korlayır. Gecə-gündüz gərgin işləmək uşaqlıqdan bəri vərəmdən əziyyət çəkən zəif cüssəli A.Tukayı əldən salmışdı. Ailə qurmayan, tək yaşayan, hotellərdə qalan gəncin sağlamlığında ciddi problemlər yaranır. A.Tukay bir qədər dincəlmək üçün səyahətə çıxır. 1911-ci ildə Üçilə kəndinə gedərək bir
neçə ay orada qalır. Sonra Ufaya, Peterburqa, Novqoroda, Həştərxana səfər edir.
1912-ci ildə yaxın dostu Həsən Yamaşevin ölümü Tukayı hədsiz dərəcədə sarsıdır. Lakin o, ədəbiyyatdan bir saniyə də olsun ayrılmır. Hətta yeni-yeni layihələr üzərində düşünür, “Anq” (“Şüur”) adlı yeni bir mətbuat orqanı yaratmaq üçün təşəbbüs göstərir.
1913-cü ilin əvvəllərində A.Tukayın səhhəti getdikcə ağırlaşır. Yaxın dostlarının məsləhəti ilə o, xəstəxanada yatmalı olsa da, artıq çox gec idi… Dostu Fatih Əmirxan ona sağalmağı və tezliklə görüşməyi arzulayanda Abdulla Tukay gülərək “Belə tez görüşə ehtiyac yoxdur. Sən hələ uzun illər yaşa” deyir.
1913-cü ilin 15 aprelində Abdulla Tukayın gənc, lakin yorğun qəlbi dayanır. Şairin ölümü ildırım sürətilə bütün Tatarıstana yayılır. Dəfn mərasimində Kazanda bütün məktəblər, dükanlar bağlanmış, on minlərlə adam bu böyük şairə ehtiramını bildirmək və onu son mənzilə yola salmaq üçün toplaşmışdı. Qəzet və jurnal redaksiyalarına saysız-hesabsız başsağlığı teleqramı daxil olurdu. Tatarıstanda, Moskvada, Peterburqda çıxan qəzetlərdə nekroloqlar dərc edilirdi. Peterburqda nəşr olunan “Den” qəzeti onu “tatar Puşkini” adlandırmışdı…
A.Tukayın sənəti haqqında Maksim Qorki, Lui Araqon, Aleksandr Fadeyev, Pavlo Tıçina, Muxtar Auezov, Çingiz Aytmatov… kimi şəxslər xoş sözlər söyləmişlər. Hətta dünya proletariatının rəhbəri, ədəbiyyatı ideoloji işin, partiyanın “vintciyi və təkərciyi” adlandıran Vladimir Lenin də onun poeziyası ilə tanış imiş. 1921-ci ildə Rusiya bolşeviklərinin X qurultayında tatar bolşevikləri ilə söhbət zamanı “Hə, tatar ədəbiyyatı nə yerdədir? Sizdə bir şair vardı. Mollanın oğlu… Puşkini, Lermontovu öz dilinə tərcümə eləmişdi. Onun layiqli davamçıları varmı? Nəydi adı… Abdulla, Abdulla…” deyərkən tatar bolşevikləri “Bəli, Vladimir İliç, Tukay” demişlər. Lenin razılıqla gülümsəmişdi…
A.Tukay tatar ədəbiyyatının Dankosu idi. Ürəyini günəşə çevirərək bütün varlığı ilə yandı, dağma xalqının cəhalətdən, zülmətdən çıxmasına kömək etdi, bu yolda öz həyatını əsirgəmədi.
A.Tukay bu gün də öz xalqı ilə birlikdədir. Gənc nəsilləri tərbiyə edir. Onun şeirləri tatarlara ana laylası qədər şirin, ana südü qədər əzizdir. Burada Tukayın mövzuları, realizmi, xəlqiliyi, milliliyi, ideya-siyasi mübarizəsi, sənətkarlıq xüsusiyyətləri, müasir ədəbi tatar dilini yaratması mühüm rol oynamışdır. O, Azərbaycanla, məşhur “Molla Nəsrəddin”lə, Sabirlə də bağlı olmuşdur.
A.Tukayın xatirəsi vətənində daima əziz tutulur. Tatarıstanda bir çox elm və mədəniyyət mərkəzinə, məktəblərə və küçələrə Abdulla Tukayın adı verilmiş, heykəlləri ucaldılmış, adına muzeylər açılmışdır. Onun əsərlərinin beş cildliyi nəşr edilmiş, yaradıcılığı ciddi şəkildə tədqiq olunmuş, haqqında çoxlu məqalə və dissertasiya yazılmış, həyatı haqqında elmi, bədii kitablar qələmə alınmışdır. Tukayın əsərləri mövzusunda bir neçə balet və simfoniya yazılmış, cizgi filmləri çəkilmiş, rəsm əsərləri yaradılmışdır. Tatarıstan Respublikasında 1958-ci ildə Abdulla Tukay adına Dövlət mükafatı təsis edilmişdir.
Tukayın adı və əsərləri ucsuz-bucaqsız türk coğrafiyasının hər guşəsində oxunur. O, Azərbaycanda da çox sevilir. Şairin bəzi şeirləri ana dilimizə çevrilmiş, lakin ayrıca kitabı nəşr edilməmişdi. 2011-ci ildə Abdulla Tukayın 125 illik yubileyi ərəfəsində şairin “Millətim” adlı kitabı bu sətirlərin müəllifi tərəfindən Bakıda (azərbaycanca) çap olunmuşdur. Bu, Abdulla Tukay sənətinə böyük sevginin kiçik bir təzahürüdür.
Mənbə: “Türkologiya” jurnalı, 2016, №2.