Tbilisidə Azərbaycan yazıçılarının kitablarının təqdimatı keçirilib

14 Baxış

92609_dg1id9rrov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində çapdan çıxan “Azərbaycan xalqının tarixi bioqrafiyası” və “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri, tanınmış jurnalist-şair Dəyanət Osmanlının tərtib etdiyi “Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu” kitablarının Tbilisidə təqdimatı olub.

Tədbirdə Azərbaycanın və Gürcüstanın elm, ictimaiyyət xadimləri, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) müşaviri, yazıçı-jurnalist Elçin Hüseynbəyli, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə nəşr olunan kitabların Azərbaycan-Gürcüstan dostluğuna və ədəbi-mədəni əlaqələrin inkişafına qiymətli töhfə olduğunu bildiriblər.

Nizami Cəfərov bildirib ki, “Azərbaycan xalqının tarixi bioqrafiyası” kitabı rus, ingilis və ərəb dillərinə tərcümə olunub. Azərbaycan etnosunun tarixi, yaranması və inkişaf yolundan bəhs edən bu kitab nəsillərə nümunədir.

Tədbirdə son illər ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdiyi və bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün müxtəlif tədbirlərin, gürcü və Azərbaycan yazıçılarının kitablarının hər iki xalqın dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb.

Dəyanət Osmanlı tərtib etdiyi kitabın məziyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, kitabda dərc olunan əsərlər Azərbaycan və gürcü yazıçılarına, jurnalistlərə məxsusdur.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf səviyyəsindən danışıb. O, ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

Elçin Hüseynbəyli “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə tədbirlər iki ölkə arasında dostluq əlaqələrinin inkişafına və daha da möhkəmləndirilməsi işinə xidmət edir.

Yazıçı-tədqiqatçı Mirzə Məmmədoğlu “Azərbaycan xalqının tarixi bioqrafiyası” kitabının gürcü dilinə tərcümə olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, bu nəşr gələcəkdə Azərbaycan və gürcü tarixçiləri tərəfindən yazılacaq kitablar üçün qiymətli mənbə olacaq.

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabın məsləhətçisi Milli Məclisin deputatları, akademik Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.

KÖŞƏ YAZARLARI
TOP 10