Teatrla əlaqələri olmadığına görə, teatr terminlərindən xəbərsizdirlər

66 Baxış

mubarizhemid

Senet.az Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycanın əməkdar artisti, Kalmıkiyanın əməkdar incəsənət xadimi Mübariz Həmidov ilə müsahibəni təqdim edir:

 

– İstərdim söhbətə yaxın keçmişdən başlayaq. Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunlarına necə hazırlaşmışdı və ümumi nəticə ürəyinizcə oldumu?

– İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi şübhəsiz ki, çox mühüm bir hadisə idi. Xalqımızın hər bir nümayəndəsi, bütün müəssisələr, təşkilatlar kimi teatrlar da bu yarışa  ciddi hazırlaşmışdı.  Əvvəla onu qeyd edim ki, Azərbaycan bu möhtəşəm tədbiri keçirməklə tarixdə bir ilk yazdı. Mənə elə gəlir ki, indiyə qədər bizdə medalların sayı bu qədər olmamışdı. Bunun özü də qürurverici bir hadisədir. Tədbirin möhtəşəm açılış və bağlanış mərasimi də xüsusi diqqətə layiq idi. Təsəvvür edin, bu oyunlara bilet tapılmırdı. Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə olan ortaq layihə çərcivəsində teatrın bədii rəhbəri Boris Manciyev Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”  povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasını hazırlayırdı. İyulun 10-da tamaşanı təhvil verdi. Sonradan Bakını görmək üçün onun qızı da gəldi. Avropa Oyunlarında tamaşaçı kimi iştirak etmək istəyirdilər. O ərəfədə biz onlara çox çətinliklə  bilet tapa bildik. Bütün kassalarda biletlər bitmişdi. Uzun axtarışlardan sonra əldə edə bildik. Onlar da Bakının klassik və müasir memarlığını çox bəyəndiklərini, Avropa Oyunlarının onları sözün yaxşı mənasında təəcübləndirdiyini dedi.

Biz bu oyunların keçirilməsinə xüsusi hazırlaşmışdıq. İyul ayının 12-dən 28-nə kimi olan tarixdə repertuarımıza seçmə tamaşaları daxil etmişdik. Üstünlüyü əsasən Azərbaycan və Avropa klassik dramaturgiya  nümunələrinə vermişdik. İlk olaraq qonaqlara Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərvişi Məstəli şah” tamaşasını təqdim etdik. Daha sonra Hüseyn Cavidin “Şeyx Sənan” , Haqverdiyevin “Pəri Cadu” və Şekspirin “III Riçard” və “Romeo və Cülyetta”, məşhur isveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar”, Rəsul Rzanın “Ana qaz” tamaşalarını nümayiş etdirdik. Eyni zamanda teatrın “Kiçik səhnə”sində Samuel Bekketin “Sözsüz” və Patrik Züskindin “Kontrabas” tamaşalarını qonaqların ixtiyarına verdik. Ümumilikdə 17 gün ərzində 23 tamaşanın nümayişini həyata keçirdik. Deyim ki, nəticə biz gözlədiyimizdən də maraqlı alındı. Bu müddət ərzində 6040 tamaşaçı bizim tamaşaları izlədi. Onlardan 364 nəfəri əcnəbi idi. Tamaşadan sonra xarici qonaqlarla görüşmək imkanı olurdu. Bu ərəfədə teatrımız gücləndirilmiş iş rejiminə keçmişdi. Teatr rəhbərliyi demək olar ki, bütün tamaşalarda iştirak edirdilər. Beləliklə, turistlərlə tez-tez görüşmək, söhbətləşmək imkanımız olurdu. Bu görüşlərin birində ingilis jurnalist: “Bakı şəhəri öz görünüşü ilə Avropanın bir çox şəhərlərini geridə qoyub. Sizin teatr Avropanın bir çox teatrları ilə müqayisə olunacaq səviyyədədir. Düzü bunu gözləmirdik. Azərbaycan ilə bağlı elə də çox məlumatımız yox idi. Bura gələrkən düşünürdük ki, adi bir Şərq ölkəsi ilə qarşılaşacağıq. Burada tamam yeni bir dünya gördük. İnkişaf etmiş, qabaqcıl Avropa ölkəsi ilə tanış olduq. Biz bu barədə öz ölkəmizdə yazacayıq” dedi. Bu möhtəşəm tədbir özünə layiq bir bağlanış mərasimi ilə yekunlaşdı. Düşünürəm ki, uzun illər I Avropa Oyunları bütün dünyada xatırlanacaq. Biz bu oyunların normativini verdik. Bundan sonra hansı ölkə keçirəcəksə, bizim normalarımıza baxıb, ona uyğunlaşdıracaq.

Biz mövsümün stasionarda, yəni binamızda son tamaşasını Avropa Oyunlarının bağlanışı günü başa vurduq – “Rome və Culyetta” tamaşası nümayiş olundu. Bundan sonra artıq bölgələrə qastrol səfərlərinə başladıq. Bilirsiniz ki, ölkə başçısı İlham Əliyevin göstərişi ilə 2009-19-cu illər üçün “Azərbaycan teatrlarının inkişaf etdirilməsi” ilə bağlı tədbirlər planı hazırlanıb. Bu tədbirlər planı çərcivəsində paytaxtda fəaliyyət göstərən teatrların regionlarda yaşayan sakinlərlə görüşü və onlara tamaşaların nümayişi nəzərdə tutulub.

 

– Bu mövsümün əsas uğuru kimi nəyi hesab edirsiniz?

– Mövsüm ümumilikdə bizim üçün çox uğurlu olmuşdu. Mövsümə sentyabr ayının 10-da Şəki şəhərində I Beynəlxalq Teatr Festivalı ilə başladıq. Festivala Lars Nurenin “Mən gəldim qızlar” tamaşası ilə qatılmışdıq. Burada müxtəlif mükafatlar və diplomlar aldıq. Sentyabrın 12-də Belarusiyanın Pres şəhərində ənənəvi olaraq keçirilən “Ağ qala” festivalında iştirak etdik. Orada Samuyel Bekketin “Sözsüz” tamaşasını nümayiş etdirdik.

Sentyabr ayının 18-dən 23-ə qədər Rusiya Teatr Xadimləri İttifaqının dəstəyi ilə Beynəlxalq rejissor laboratoriyası təşkil olunmuşdu. Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutan rejissor labarotoriyasında Rusiya və Azərbaycan rejissorları iştirak etmiş, gənc aktyorlara müxtəlif treninqlər keçmişdi. Bizim teatrın baş rejissoru Bəhram Osmanov da orada Azərbaycan teatrının bu günü ilə bağlı məruzə ilə çıxış etmişdir. Bu çıxışdan sonra təşkilatçılar və rejissorlarda Azərbaycan teatrına böyük maraq yarandı. Bundan sonra təklif etdilər ki, qarşılıqlı əməkdaşlıq edək. Beləliklə, bizim tamaşalardan bir neçəsi Rusiyada nümayiş etdirildi. Bu tamaşalardan sonra müzakirələr getdi və anladıq ki, Gənc Tamaşaçılar Teatrında qurduğumuz repertuar siyasəti doğru istiqamətdədir. Bununla yanaşı mövsüm ərzində ən uğurlu layihələrimizdən biri Kalmıkiyə Respublikası ilə əməkdaşlıq müqaviləsinə əsasən gördüyümüz işlər oldu. Bu barədə də bayaq məlumat vermişdim.

Şübhəsiz biz bunlarla kifayətlənmirik. Görəcəyimiz işlər çoxdur.

 

– Yeni mövsüm üçün hansı hazırlıq işləri görülür? Tamaşaçılar yeni mövsümdə hansı yenilikləri görə biləcək?

– Yeni mövsüm üçün hazırda bir əsərin üzərində yaradıcılıq işləri gedir. Teatrımızın dostu, şair, dramaturq Əjdər Olun bizim sifarişimizlə uşaqlar üçün yazdığı “Biri var idi, biri yox” əsərini səhnələşdiririk.Oktyabr ayının ortalarında təhvil verməyi düşünürük. Bundan başqa “Anamın kitabı” müsabiqəsinin qalibinin əsərinin məşqlərinə başlayacayıq.

 

– Elə onunla bağlı da ayrıca soruşmaq istəyirdim. Mətbuatda teatrın vədindən yayındığını, “Anamın kitabı” müsabiqəsinin qalibinin əsərini tamaşaya qoymaqdan imtina etdiyi barəsində məlumatlar getmişdi.

Bu informasiyanı oxudum və teatrın mətbuat xidmətindən xahiş etdim ki, fikirlərimi çatdırsın. Çünki orada belə bir başlıqla getmişdi ki, “Gənc Tamaşaçılar Teatrı vədindən yayınır?” Mətnin içində də yazmışdılar ki, bu mövsümdə “Anamın kitabı” Ədəbi Müsabiqəsinin qalibinin əsərini tamaşaya qoyacaqlarını söz versələr də, buna əməl etmədilər. Teatrın özünün terminləri var. O söhbət olmuşdu ki, il ərzində qoyulacaq. 2015-ci ilin təhvil olması üçün bir neçə ay var. Bu insanların teatrla əlaqələri olmadığına görə,  teatr terminlərindən xəbərsizdirlər. Mövsümlə ili qarışdırıblar. Açıq-aydın da bütün müsahibələrimdə qeyd etmişdim ki, bu əsər IV rübdə hazırlanacaq. Bir rübə iki, bəzən də üç əsər düşür. Keçən il “Anamın kitabı” müsabiqəsində bizim teatrdan da üç nəfər münsif kimi iştirak etmişdi. Yəni qaliblərin seçilməsində bizim də rolumuz olmuşdu. Onda söz verdim ki, bu əsər teatrda səhnələşdiriləcək. Bunun da hazırlanması IV rübə düşəcək, noyabrın əvvəli ya da axırına hazır olacaq. “Biri var idi, biri yox” III rübün tamaşasıdır. Ancaq məşqlərinə indi başlamışıq. O, əsərin hazırlanması yenə də qüvvədədir. İlin sonuna qədər bu əsər hazırlanacaq. Şübhəsiz bu əsərin üzərində işləmək lazımdır. Çünki keçən il “Anamın kitabı” ədəbi mükafatına təqdim olunan əsərlərin müəlliflərinin əksəriyyəti pyesin yazılış formasını bilmirdi. Bəzisi roman kimi, bəzisi də pyes formasında yazırdı. Bizə təqdim olunan 10 əsərdən bir neçəsini fərqləndirə bildik. Ancaq bu əsərlərin də üzərində işləmək lazımdır.

 

– Bu zaman müəllif də dəvət olunur yoxsa…?

– Bəli, təbii ki, müəllif də iştirak edir. Əsərin hazırlanmasına hansı rejissor təyin olunubsa, o müəlliflə görüşür, fikirlərini dramaturqa çatdırır. Çünki, yazıçı əsərin müəllifidir, ancaq tamaşanın sahibi rejissordur. Ona görə də rejissorla yazar arasında bir razılaşma əldə olunmalıdır. Müəllif də istəyirsə ki, əsər yaxşı alınsın, onda gərək rejissorla razılığa gəlsin. Əlbəttə,  heç kimi məcbur etmirik ki, mütləq bizimlə razılaşmalısınız. Bizim marağımız odur ki, hazırladığımız əsər tamaşaçını cəlb etsin. Söz yığını olacaqsa buna heç kim baxmayacaq. Əgər orada konfilikt olmayacaqsa, ciddi hadisə, insanları həyəcanlandıran ciddi nöqtələr yoxdursa, onda o əsəri oxumaq kifayət edər, səhnəyə qoymağa ehtiyac yoxdur ki! Biz bunu daha canlı, daha yaxşı hazırlamağa çalışırıq.

Yeri gəlmişkən o əsərin adı “Ürəyində bir arzu tut”dur. Biz təklif etdik ki, adını dəyişib “Arzu və Murad” qoyaq. Müəllif də bununla razılaşdı.

 

– Gənc Tamaşaçılar Teatrının repertur siyasəti necə müəyyənləşir? Gənc dramaturqlar sizə müraciət edə, öz əsərlərini verə bilərlərmi?

– Bizə çoxlu sayda müraciətlər olur. Onların arasında gənclər də, orta yaşın nümayəndələri də var. Hamısı da istəyir ki, necə yazmaqlarından asılı olmayaraq onun əsəri tamaşaya qoyulsun. Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrının özünün repertuar siyasəti var. Adından da məlum olduğu kimi bizim teatr gənclərin və böyüklərin maraq dairəsinə uyğun əsərlər hazırlayır. Uşaqlar üçün gündüz, gənclər üçün isə axşam seansında tamaşalar qoyuruq. Biz əsəri seçərkən gəncləri, yeniyetmələri maraqlandıran mövzulara üstünlük veririk. İndi informasiya, internet əsridir. Hər kəsin əlində telefon var. Ünsiyyət istər-istəməz azalır. Amma bütün bunlar nə qədər inkişaf etmiş olursa-olsun teatra maraq azalmır. Çünki teatr canlı sənətdir. Kim deyirsə ki, teatra baxanların sayı azalıb, elə o adamın özü gəlmir teatra. Özündən soruşsan ki, axırıncı dəfə nə vaxt, hansı tamaşada olmusan? Üzünə baxacaq. Əvvəl teatra gəl, sonra fikir bildir. Ağızdan-ağıza eşitdiyin söhbətləri demək doğru deyil.

Respublika üzrə ən çox truppası olan teatr bizdədir. Bizim truppada 86 nəfər aktyor çalışır. Onların arasında xalq artistləri də, əməkdar artistlər də, fəxri adları olmayan istedadlı gənc aktyorlar da var. Biz xüsusən gənclərin inkişaf siyasətini nəzərə alıb onlara uyğun repertuar seçirik. Yəni, bu gün müasir bir əsərdə oynayan gəncə, növbəti dəfə klassik əsər təklif edirik ki, o yetişsin. Yükü çox olan rol etibar edirik ki, o özünü təkmilləşdirə bilsin. Aktyora, rejissora eyni planda tamaşalar təqdim olunsa, onda gənclərdə inkişaf olmayacaq. Amma bu gün komediya oynayan aktyora, 6 aydan sonra ciddi bir əsərdə yer verəndə, istər-istəməz o, aktyorun inkişaf prosesi başlayacaq. Repertuar siyasətimizdə bu məsələyə də diqqət edirik.

 

– Mətbuatda tez-tez tamaşaçıları tənqid edən məqalələr gedir. Bildirirlər ki, tamaşa zamanı səs-küy salır, zalı zibilləyirlər. Bəs siz öz tamaşaçınızdan razısınızmı?

– Olur arada, amma belə hallar kütləvi deyil. Hər teatrın öz tamaşaçısı var. Bizim bir missiyamız da odur ki, tamaşaçı yetişdiririk. Bizim gündüz tamaşalarımızda adətən məktəblilər olur. Onlar da gələndə həmişə sinif rəhbərləri ilə gəlirlər. Bizim də bilet nəzarətçilərimiz olur. Daim onlara istiqamət verilir. Düzdür bəzən olur ki, şuluq uşaq da olur. Ancaq ona xəbərdarlıq edəndən sonra o, sakitləşir.

 

– Artıq mövsüm başa çatdı, istirahətinizi necə qurmağı planlaşdırırsınız?

Sözün düzü hələ tam qərar verə bilməmişəm. Bölgələrimiz günü-gündən abadlaşır. Hər yerdə istirahət mərkəzləri açılır. Yəqin ki, Qəbələ, Oğuz, Şəki rayonlarında olacağam. Əslində istirahət zamanı da işləyirik. Bu ayın sonuna qədər teatr rəhbərliyi müəyyən saatlarda işdə olacaqlar. Binanı cari təmir etdiririk. İl ərzində dağılan yerlər təmir olunur. Çalışırıq ki, istismar etdiyimiz binanın əyər-əksiyini istirahət vaxtı düzəldək. O biri mövsümə hazırlaşırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10