Televiziyalara senzura arzulayanlar

49 Baxış

elxanFevralın 14-də Azərbaycanda televiziyanın (AzTV) yaranmasının 59-cu ilində, efirdən on üç yaş kiçik (46 yaşlı) facebook dostum Hətəm Cabbarlı belə bir status yazmışdı: “Kim nə deyirsə desin! Azərbaycanda TV-lərə və KİV-lərə ciddi senzura lazımdır. Ordakı insanabənzər məxluqlar özlərini senzura edə bilmirlər.” Ölkədə efirin yarandığı gün bütövlükdə telekanallara tamaşaçı münasibətini göstərən bu sosial şəbəkə qeydinə yazılan şərhlərə baxanda, “əslində hər cür senzura var, özüdə necə… bircə əxlaqsızlığa senzura yoxdu…” fikri diqqətimi çəkdi. Deməli, tamaşaçı “gözəgörünməz” senzuranın televiziyaları hazırkı vəziyyətə saldığını dərk edir.

 

Yadınızdadırsa, Həmid Herisçi “Reytinqin qurbanları” məqaləsində efirlərdə hansı verilişlərin at oynatmasını dəqiq ifadə eləmişdi: – “REYTİNQ efirdə ancaq dava-şava, ailə qalmaqalları, şou, musiqi görmək istəyir. Biz ciddi verlişləri efirə buraxa bilmərik” – Mirşahinlə Seyfulla Mustafayev dərindən ah çəkirlər. ”

 

Çəkilən ah təkcə ANS kanalının rəhbərliyində təmsil olunanlara aid deyil, əslində bütün kanal rəhbərlərinin yaralı yeridir. Nə hikmətdirsə, özəl kanal rəhbərlərinin hamısı guya, tamaşaçıların bayağı verilişlərə baxdığını, hansısa düşük müğənninin vulqar sözlərini eşitmək arzusunda olduğunu, ciddi proqramlara maraq göstərilmədiyini səbəb kimi əllərində bayraq edirlər.

 

İş o həddə çatdı ki, 2009-cu ilin oktyabrında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev uzun müddət müzakirə mövzusuna çevrilən “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində yazdı: “Bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir.”

 

Akademik Ramiz Mehdiyevin həmin məqaləsində yerli kanallar haqqında bildirilən fikirlərin hamısı ilə ikiəlli razılaşmaq lazımdır. Bəs nə baş verdi ki, kanallarda dəyişən sadəcə verilişlərin adı oldu. Hə, bir də aradan iki-üç il keçəndən sonra yerli kanallardan bir neçəsinin rəhbərliyi dəyişdi. Başqa heç nə,.. köhnə hamam, köhnə tas.

 

Azərbaycan telekanallarında mövcud həftəbecər vəziyyətlə cəmiyyətə nəsə vermək mümkün deyil. Hazırkı bulaşıq efir siyasətində kanallar cəmiyyətin simasını müəyyən etmək bacarığından olduqca uzaq görünür. Bunun müxtəlif səbəblərindən biri də televiziya üçün yaradıcı potensialı, xüsusən də görünən simaları hazırlamaq imkanlarının azlığıdır. Hər telekanalın öz bazasında bir müddətlik maaşsız təcrübə keçmək yaxşı perspektiv vəd eləmir. Nəticədə aparıcıların, telejurnalistlərin Rusiya və Türkiyə kanallarından nəsə öyrənmək, tətbiq eləmək cəhdi gülünc vəziyyət yaradır. Tutaq ki, cinsindən asılı olmayaraq, kimsə ayaq üstündə, əl-qolla hərəkət edərək danışırsa, başqa biri həmsöhbətinin sözünü qışqıraraq yarımçıq saxlayırsa, arada tamaşaçıya ağıl öyrətmək, məsləhət vermək cəhdini edirsə, deməli o əsl efir adamıdır. Ona söz deyilməli deyil, irad bildirilməməlidir. Guya, bu ölkədə nə qədər uğursuz insan varsa, hamısı iş-gücünü atıb, məhz filan aparıcıya qara yaxır. (Bu çürük fikrin məqsədi hələ də bəlli deyil!)

 

Hazırda yerli kanallarda aparıcı bilmədiyi mövzu haqqında müdrik görkəmlə danışmaqdan, ittiham eləməkdən, ələ salmaqdan başqa heç nə bilmir. Çünki aparıcıya nəzarət edənlərin – verilişi hazırlayan yaradıcı heyətin özü aparıcıdan fərqlənmir. Amma aparıcılar hansı mövzulardan danışmamalı olduqlarını, hansı ifadələri pafosla deməli olduqlarını gözəl bilirlər. Əsas məsələ sosial sifarişi deyil, konkret tapşırığı efirdə tətbiq eləməkdir. Bunlara əməl etdinsə, boşboğazlıq eləməkdə, guya efirdə sərbəst, xalqın sevilən siması olmaqda azadsan. Nə qədər istəyirsən özün haqqında bir o qədər yüksək fikirdə ola bilərsən. Nəticədə tamaşaçı efirdə gördüyü boşboğazlara görə, televiziyalara senzura arzusuna düşür. Əslində isə senzuranın efiri boşboğazlarla doldurduğunun fərqinə varmır.

 

Bu gün Azərbaycan tamaşaçısı öz ana dilində cəmiyyətin ehtiyacı olan mövzularda normal müzakirələrə, maarifləndirici verilişlərə, tarixi araşdırma proqramlarına daha çox ehtiyac duyur, nəinki məişət səviyyəsində gəlin-qaynana-baldız problemlərinin fəlsəfəsini şok effektlə həll olunmasına. Bu cür yağışdan sonrakı göbələk kimi efirə doldurulan verilişlər tamaşaçını yormaqdan, mənfi enerjini yükləməkdən, bezdirməkdən, qıcıqlandırmaqdan başqa heç nə bacarmır. Ən dəhşətlisi isə budur ki, qüsur eşidənlər özlərini eşitməməzliyə, görməməzliyə vuraraq, utanmadan “bəyənmirsən, baxma” deyir. Bu cavab özü həmin qəbildən olanların tamaşaçıya işləmədiyini, işinin peşəkarı olmadığını sübut edir.

 

  Elxan Xanəlizadə

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10