“Tereza qışqıran adam”

32 Baxış

Italo-Calvinoİtalo Calvino

Tereza qışqıran adam

(hekayə)

Qəmbərliklə üzüaşağı enib bir neçə addım atandan sonra küçənin ortasında əllərimi boru edib binanın yuxarısına tərəf qışqırdım:

“Tereza!”

Kölgəm Ay işığından çəkinib ayaqlarımın altına sığındı. Kimsə gəlirdi. Yenidən qışqırdım:

“Tereza!”

Gələn adam yaxınlaşıb dedi:

“Bir az möhkəm qışqırmasan, səni eşitməyəcək. Bir yerdə qışqıraq. Üçə qədər say və bir yerdə!”

“Bir, iki, üç” – dedi və birlikdə qışqırdıq:

“Tereeeezaaaa!”

Kinoteatrdan, ya da yeməkxanadan çıxmışdılar yəqin, kiçik bir dost qrupu gəlirdi, bizi gördülər:

“Kömək eləyək” – dedilər.

Küçənin ortasında bizə qoşuldular, birinci adam “bir, iki, üç” – dedi və hamımız birlikdə bağırdıq:

“Te-reee-zaaa!”

Bir nəfər də gəlib bizə qoşuldu; on beş dəqiqənin içində təxminən iyirmi adam olmuşduq. Yenə qoşulmağa davam eləyirdilər. Həmahəng, eyni anda bir səs çıxararaq qışqırmaq üçün özümüzü toplamaq asan olmurdu. Hər dəfə ya biri “üç” demədən, hamıdan əvvəl qışqırmağa başlayırdı, ya da o birilərindən gec bitirirdi, amma axırda qışqırıqlarımızı yaxşı vəziyyətə gətirdik. Birinci “te” qalın səslə və uzun qışqırılacaq, “re” nazik və uzun, “za” qalın və qısa, – belə razılığa gəldik. Əntiqə bir səs çıxırdı. Tam adam kimi, lazım olan kimi düzgün qışqırmağa başlamışdıq ki, aramızdakı, üzündə xal olan bir nəfər soruşdu:

“Yaxşı, bəs qızın evdə olduğuna əminsən?”

“Xeyr” – dedim.

“Hm, heyif” – dedi başqa bir adam.

“Açar yadından çıxıb, hə?”

“Əslində”, – dedim, “açarım var”.

- Aa, bəs – dedilər, – niyə yuxarı çıxmırsan?

- Axı mən bu binada yaşamıram, – cavab verdim, – Şəhərin o biri tərəfində oluram.

- Yaxşı, elə isə, – dedi xallı adam, – bağışla sualıma görə, bəs burda kim olur?

- Heç bilmirəm ki – dedim.

Fikirləri bir az qarışdı.

- Zəhmət olmasa, izah eləyə bilərsənmi, – boğuq səsli bir adam dedi, – niyə burada dayanıb “Tereza” qışqırırsan?

- Vallah, hava da yaxşıdı, məndən olsa – dedim, – başqa bir ad da qışqıra bilərik, ya da başqa bir yerə gedib orada da qışqırmaq olar. Mənim üçün fərqi yoxdu.

Kefləri bir az pozuldu.

“Ümid eləyirəm, bizi dolamırdın”, – xallı adam şübhəylə dedi.

“Necə?” – dedim.

Tərəfdar tapmaq üçün camaata tərəf döndüm. Heç kəs səsini çıxarmırdı, nə baş verdiyini anlamadan baxırdılar. Ortada narahatlıq vardı.

“Gəlin,” – dedi adamlardan biri xoş niyyətlə, “axırıncı dəfə qışqırıb dağılışaq”.

Bir də qışqırdıq:

“Bir, iki, üç. Tereza!”, amma bu dəfə səs yaxşı çıxmadı.

Sonra hamı evinə, hərə bir tərəfə üz tutdu. O biri küçəyə burulmuşdum ki, bir nəfərin hələ də qışqırmaqda olduğunu eşitdi qulağım:

“Tee-reee-za!” – Bir nəfər qalıb qışqırmağa davam edirdi. İnadcıl bir nəfər.