Teymur Fərzi 34-cü İstanbul Beynəlxalq Kitab Sərgisindən yazır

108 Baxış

Picture17“XAN” nəşriyyatının İstanbula ezam olunmuş nümayəndəsi Teymur Fərzi Senet.az üçün 34-cü İstanbul Beynəlxalq Kitab Sərgisindən yazır:

 

34-cü İstanbul Beynəlxalq Kitab Sərgisi noyabrın 7-si, saat 14:00-da İstanbul valisi Vasip Şahinin də iştirakı ilə açıldı.

750 yerli və xarici nəşriyyatın və qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən sərgi 15 noyabra qədər davam edəcək. Sərgiyə qonaq qismində ölkə xaricindən 30 yazıçı qatılacaq. Doqquz gün ərzində 1500 imza günü, 300 tədbir və 7 sərgi keçiriləcək.

Açılış günü (7 noyabr) şəhərdə gəzərkən, bir çox yerdə insanların sərgi ilə maraqlandıqlarının şahidi oldum. Tədbirin keçiriləcəyi TÜYAP istiqamətindəki nəqliyyat vasitələrində əksəriyyəti sərgiyə gedirdi. İnsanların nəqliyyatdan endikdən sonra tələsə-tələsə sərgi yerinə getməsi insana zövq verirdi. Belə bir səhnəyə tamaşa etməyin necə duyğu olduğunu izah etmək çətindir.

Sərgi salonunun 1-ci sırası xarici qonaqlar üçün nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə ölkəmizə aid olan stend bu il üçün sərgi qonağı olan Rumıniya ilə eyni sırada idi. “Hədəf” və “XAN” nəşriyyatının  150 adda kitabı stenddə ön sıralarda yerini almışdı. Tanıtım məqsədi ilə bir çox nəşrimiz sərgi iştirakçılarına hədiyyə edilirdi. Mədəniyyət və Turizm Nazirliyi ilə “XAN” Nəşrlərinin ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəsti də ən çox maraq görən nəşrlər siyahısında idi.

34-cü İstanbul Beynəlxalq Kitab Sərgisi bir daha onu sübut etdi ki, Türkiyə kitabçılıq sahəsində çox irəlidədir. İstər nəşriyyat və poliqrafiya, istərsə də nəşrlərin marketinqi öz inkişafını bütün stendlərdə hiss etdirirdi. Stendlərin dizayn və tərtibatından başlayaraq, kitabların seçimi və düzəlişi, sərgi iştirakçıları üçün seçilmiş satış təmsilçilərinin xidməti yüksək səviyyədə idi. Böyük nəşriyyatların kitab çeşidinin çox olması onlar haqqında məlumat verməkdə çətinlik yaratmırdı. Seçilmiş satış təmsilçiləri iştirakçıları doğru yönləndirməyi bacarırdı.

Zaman-zaman bəzi stendlərin qarşısında izdihamlar olurdu. İştirakçıların müəlliflərə kitab imzalatmaq üçün yaratdıqları uzun sıralar kitaba olan sevginin təcəssümü idi.

İxtisaslaşmış nəşriyyatların olması xüsusilə təqdirəlayiq idi. Sərgi iştirakçıları rahatlıqla axtardıqları ədəbiyyatı tapa bilirdilər.

Kitab və digər nəşrlərin tərtibatının fərqliliyi stendlərə görə dəyişirdi. 34-cü kitab sərgisi uşaq ədəbiyyatı nəşrlərindəki yenilikləri bir daha gözlər önünə sərdi. Ənənəvi nəşr tərtibatları və formatları əksəriyyət stendlərdə dəyişmişdi. Yeni texnologiyaların tətbiqi (üçölçülülük, fərqli kəsim və s.) rəngarəngliyi ilə birlikdə azyaşlılara kitab sevincini yaşatmaq üçün şərait yaradırdı.

Bütün stendlərdə kitabçılıqla əlaqəli mütəxəssislər iştirakçıları rahat şəkildə ovsunlamağı bacarırdı.

Sərginin ilk günü bitdikdən sonra çıxışda əliboş insanları görmək olmurdu.

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10