Teymuraz xanın böyük sevgisi

31 Baxış

Gülüstandan öncəSenet.az “Xan” nəşriyyatında “Tarixi romanlar” silsiləsində çap olunan “Gülüstandan öncə” romanından bir hissəni təqdim edir. 

Tarixi romanlar müəllifi olan Əzizə Cəfərzadənin “Gülüstandan öncə” romanı Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk etməsindən, Cavad xanın həlakından bəhs edir. Bütün bu tarixi qırğınlar, əhəmiyyətli hadisələr fonunda yaşanan Teymuraz xanın böyük sevgisi gözəl hislərin şah-rəiyyət tanımadığını bir daha sübuta yetirir.

GÜLXATIN ANA

Gülxatın neçə gün idi ki, Teymurazın yolunu güdürdü. Daldalarda durub oğlanın gedən vaxtını, gələn vaxtını qaralayır, xanzadəni təkbətək görməyə can atırdı. Ana ürəyi övladlarının heç birindən keçə bilmirdi. Nə doğub böyutdüyü qızından, nə körpəlikdən qolları üstündə çağlayıb daşan, boya-başa çatan Teymurazdan. Qız üçün rüsvayçılıqdan, oğlan üçün xan qəzəbindən qorxurdu. Teymuraz bəyin yolunu güdə-güdə düşünürdü: “Axı, mən ona nə deyəcəm? Deməz ki, nəsihəti qızına ver? Deməz ki, qanqal olub yolumun qırağında bitib? Ağbaxt olmuşu danlamaqdan, deyinməkdən yorulmuşam… Elə hey gözünün yaşını ab-leysan kimi tökür. Elə hey gözümdən oğurlanıb bulaq başına tək qaçır. Bilirəm ki, görüşə qaçır. Neynim, neceliyim, Allah? Ay gözə görünməz, neyşə ürəyinə öz göbəkkəsməsinin məhəbbətini salmadın? Axı, – “əmoğluynan əmiqızının kəbini göylərdə kəsi-lir”, – deyirlər. Bəs hanı, bizə nöş düşmədi o baxtdan?”
Bu gün Gülxatın arvadın baxtı gətirdi. Xanzadəni elə uzaqdan, qara köhlənin üstündə oturuşundan tanıdı. Tək idi, ovdan qayıdırdı. “Qurbanı olduğuma Tanrım bir oturuş-duruş, bir gözəllik verib ki, çoxlarının ürəyinə köz basıb. Bədbəxt balamı yoldan eləyən elə bu döyü bəyəm?”
Atlı yaxınlaşdıqca cavanlığı hələ üstündə, şax duruşunda, qırışsız sifətində, dingə altından təkbir görünən şəvə saçlarında bəlirən Gülxatın ana Teymurazı seyr edirdi. Oğlan yəhərin qancığabağısına bir neçə kəklik vurub asmışdı. Yaxınlaşdı… Teymuraz da dayəsini elə uzaqdan tanımışdı. Ürəyi səksəkəliydi. Görəsən duyubmu, bilirmi? Bilirsə, nə deyəcək? Bilmirsə, niyə kəsib yolumun üstünü? Aşkar görünür ki, məni gözləyir. Hər iki halda nə deyəcəyini düşünə-düşünə atın başını çəkib yavaş-yavaş, qədəm-qədəm sürür, dayəsinə yaxınlaşırdı. Və yaxınlaşdıqca ürəyində son, qəti bir qərar əmələ gəlirdi: “Yasəməndən əl çək desə, çəkməyəcəyimi bildirərəm. Açıq danışa bilsəm, utanmasam, bütün ürəyimi dayəmə açaram. O mənə danışdığı nağıllardakı “Novruzla Qəndəf”, “Tahirlə Zöhrə” kimi dəli eləyib məni bu arzu deyərəm. Yasəmənin gözəlliyi könlümə elə yer eləyib ki, Fərhadın külüngüylə qazsan da qopara bilməzsən, dayə!” — deyərəm.
Gözəllik səadətdir. Oğlan bunu gözəl təbiət qoynunda heyrətə gələ-gələ böyüyəndə öyrənmişdi. Gözəllik qarşısında daima heyran durur, sanki bütə pərəstiş edirdi. Bu pərəstişdə qibtə vardı, raz-niyaz vardı. Arabir Yasəmənə küsənəndə belə, səbəbi dilinə gətirə bilmirdi. Axı, məhəbbət — Adəmlə Həvva arasında yaranan o ilk məhəbbət əbədiydi, əzəliydi. Gözəllik kimi o da insanla Yaranıb insanla ölürdü. Və cavanlığına baxmayaraq, Teymuraz bəy bu əzəli və əbədi gözəllik, bu əzəli və əbədi məhəbbət qarşısında özündən asılı olmayaraq səcdə edirdi, heyran idi. Düşünürdü ki, insan, Günəşə bənzəməlidi; təbəssümü də, işığı və sıcaqlığı da hamıya eyni bərabərdə bəxş etməlidi. Amma… Amma Yasəmənin ondan başqa, birisinə belə zənaxdanlı təbəssüm bəxş etdiyini xəyalına da gətirə bilmirdi; bilsəydi, bağrı çatlardı. Bacarsaydı, şairlər kimi, – “səni şəklin düşən öz gözlərimin giləsinə də qısqanıram”, – deyərdi. Qısqanclıq sözünün mənasını bilmədən, bəlkə heç adını da eşitmədən qısqanır, duyurdu bu hissi.
Yasəmənin gözəlliyi üzündə, Teymurazın gözəlliyi bunu duyub qıza dediyi sözlərdəydi.
Gülxatın ana Teymurazın atıyla döş-döşə gələn kimi, xanzadənin üzəngisinə sarıldı. Amma nə deyəcəyini, necə başlayacağını bilmirdi.
Teymuraz söz olsun deyə dilləndi:
– Dayə, ovum qanlı olub. Gəl sənə bir cüt kəklik verim. Yeyərsiz mənim sağlığıma.
Gülxatının gözləri dolmuşdu: – Sənin sağlığın dilimin hər saatkı duasıdı, baaşuva dönüm. Çox sağ ol! Biz xan yeyən tikədən yeyə bilmərik. Qudurarıq yoxsa. Ağanın ağa, nökərin nökər yeməyi var.
– Niyə elə deyirsən, dayə? Bəyəm məni indi tanıyırsan? — deyə qancığabağıya uzanan əlini çəkdi.
– Elə tanıdığım üçün deyirəm, qurbanın olum. Yasəməndən sarı…
Oğlan təşvişə düşdü:
— Nə olub ki Yasəmənə?
— Bir şey olmayıb. O batmışdan üzül, qurbanın olum. Bizi qana çalxama! Demə ki, neyşə sənə deyirəm bu sözü. Elə bilmə ki, qızıma qadağa vermirəm. Verirəm, canın da alıram.
Teymurazın ürəyi uçundu. Dayə Yasəməni döyür yoxsa?
– Dayə, onun nə günahı var? Sözün var, mənə de! Mənəm günahkar. Ona əl qaldırsan, elə bil, məni döyürsən.

– İrağ canından. Baaşuva dönüm, qız xaylağı saçı uzun, ağlı gödək olar. Sən ötüş onnan! Səni bu sinəm üstündə bəsləmişəm. Canım qurban sənə, nə çoxdu əsilzadə qızları. Xan da, xanımlar da bu işi bilsələr, qiyamət qopardarlar. Əmin oğlu hadisəsini yadına sal!

– Axı, biz pis əməl tutmuruq ki… İstəkdi bu, dayə!.. Allahın əmriylə…
– Heç kim razı olmaz!
– Niyə ki? Xan atam özü neçə kənizlə evlənib. Saray xanımlarının biri eləyib.
– Qurbanın olum! Sarayı sən tanımırsan. Əsilzadə xan arvadlarından o kənizlərin nə çəkdiyini biz yaxşı bilirik. Necə dodaq büzürlər. “Aaaaz, təzə xanım”, – deyib ələ salırlar. Hər işinə rişxənd eləyirlər.
– Bəs xan?
– Xan qurbanı olduğum bilir bəyəm? Kim deyəcək ona, kimdədi o cürət? Kəniz arvadlar qorxudan şikayətlənmirlər. Hər nəsə… Əməyimi yerdə qoyma, xahişimə əməl elə! Əgər mənə, qıza hörmətin varsa…
– Yox, dayə! — deyə Teymuraz bəy qətiyyətlə dilləndi. — Yox, mən heç vaxt, ölsəm də Yasəməndən əl götürmərəm! Xan atamın acığı tutsa, qəzəblənsə, götürüb gedərəm dünyanın lap o biri başına.
– Allah, sən saxla!
– Allah üstümüzdə olacaq, dayə! Təki sən incimə, onu da incitmə, dayə! Bu istək ölüncədi…
Gülxatın arvad üzəngini buraxdı. Qara köhlən sahibinin yüyəni boşaltdığını duyunca götürüldü. Sürətlə uzaqlaşdı.

Gülxatın ana hönkürtüylə yerə çökdü. Tozun-torpağın içində dizlərini qucaqlayıb ağladı. Balasının belə böyük bir məhəbbətlə sevildiyinə sevinərdi, əgər bu oğlan xanzadə Teymuraz yox, bağban Teymuraz, naxırçı Teymuraz, çoban Teymuraz olsaydı. Yasəmənə ana xeyir-duasını elə indidən verərdi. Amma… Amma Teymuraz bəy Mustafa xanın vəliəhdi, Şirvan xanlığının gələcək sahibi idi!.. Gülxatın ananı qorxudan da buydu.
Gülxatın ana bu son günlərdə tez-tez talesiz İsmayılın oğlu bədbəxt Fəti bəyi düşünürdü. Xanın ədalətinə güvənsə də, oğlanın cavanlığına hayıfsılanırdı. Odur ki, daha çox Teymuraz üçün qorxurdu: “Qızım qurban ona, xan başına döndüyüm qıza bir şey eləməyəcək. Duyuq düşsə, nə eləsə oğluna eləyəcək! Allah, sən qoru balamı rüsvayçılıqdan, xanzadə Teymurazı ata qəzəbindən! Yoox, bu işi belə qoymaq olmaz. Çatdırarlar xanın qulağına. Onda gəl ölünü qoy, dirini ağla. Gərək bir iş tutam. Qaynımgilə xəbər eləyəm, – “göbəkkəsmələrin vaxtıdı”, – deyəm, toy tədarükünə başladam. Yoxsa bu işdən qada əskik döyül…”
Gözlərini qurulayıb ayağa qalxdı…