Tibetə get, dəvəyə min, İncili oxu

161 Baxış

bukovskiSenet.az Sahil Abbasbəylinin tərcüməsində Çarlz Bukovskinin şeirlərini təqdim edir:

 

Silahsız gəzir əsgərlər
Məzarlar bomboş
Günahlar axıb gedir yağışla
Yeniyetmələr yüngül addımlarla
Gülümsəyərək enir pilləkənləri.

Kifayət qədər yemək var
Kirayə götürülmüş ev var
Pivə var.

Qadınlarımız yaşlanmayacaq
Mən yaşlanmayacam
Fahişələrin barmaqlarında almaz üzüklər
Bir yəhudiylə görüşür Hitler
Havadan qızardılmış ət qoxusu gəlir
Yanan bir pərdəyəm mən
Qaynayıb buxar olan su
Bir ilanam
Qırıq şüşənin ucu
Qan, qıpqırmızı
Evinə doğru sürünən sevimli ilbizəm.

 

 

Təsir və əks-təsir

Ən yaxşılar öz əcəlləriylə ölür
çox vaxt.
Çıxıb gedirmiş kimi.
Geridə qalanlar da
başa düşməz heç cür
niyə birinin
onları
atıb
getmək
istəyəcəyini.

 

 

Kiçik bir atom bombası

Ah, kiçik bir atom bombası verin mənə
Çox böyük olmasın, bapbalaca
Küçədə gəzən bir atı öldürməyə bəs edəcək qədər
Amma küçədə heç at yoxdur axı

Onda, dibçəkdəki çiçəkləri partlatmağa bəs edəcək qədər
Amma heç bir çiçək görə bilmirəm
Dibçəkdə

Sevgimi qorxutmağa
Bəs edəcək qədər onda
Amma heç sevgim yoxdur axı

Kirli və sevimli bir uşağı yuyar kimi
Vannamda yuya biləcəyim
Bir atom bombası verin mənə onda
Vannam var.

Sadəcə balaca bir bomba, general
Düymə burunlu
Çəhrayi qulaqlı
İyul ayında alt paltarı kimi iylənən

Dəli olduğumu fikirləşirsiniz?
Belə düşündüyünüzə görə
Mən də sizin dəli olduğunuzu düşünürəm
Başqası göndərməmiş, siz göndərin bir dənə.

 

 

 

Bir dahiylə rastlaşdım

Bu gün qatarda
Bir dahiylə rastlaşdım
6 yaşı olardı
Yanımda oturdu
Və qatar sahil boyunca
İlərləyərkən
Okeana gəlib çıxdıq
Və mənə baxıb dedi
“Heç də gözəl deyilmiş”

Bunu ilk dəfə
O gün başa düşdüm

 

 

Gənclərə dostyana tövsiyyə

Tibetə get
Dəvəyə min
İncili oxu
Ayaqqabılarına mavi boya ilə rənglə
Saqqal saxla
Kağız qayıqla dünyanı gəz
“The Saturday Evening Post”a abunə ol
Yalnız ağzının sol tərəfi ilə çeynə
Tək ayaqlı bir qadınla evlən
Küt ülgüclə təraş ol
Qadının qoluna adını cız
Benzinlə fırçala dişlərini
Bütün günü yat və gecələr ağaca dırman
Rahib ol
Viski ilə pivə iç
Başını suyun altında saxla
Skripka çal
Çəhrayi şam işığında göbəkrəqsi oyna
İtini öldür
Bələdiyyə sədrliyinə namizədliyini ver
Bir bidonun içində yaşa
Balta ilə başını yar
Yağışın altında çiçək ək
AMMA ŞEİR YAZMA

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Böhran

Lap çox
Lap az
Ya da lap gec

Çox kök
Çox arıq
Ya da çox pis

Qəhqəhə
Ya da gözyaşı
Ya da hədsiz vecsizlik

Nifrət edənlər
Sevənlər

Əllərindəki çaxır butulkalarını yellədərək
Qarşılarına çıxanları süngüləyib
Qadınlara təcavüz edən ordular

Ya da ucuz bir yataqxana otağında
Merlin Monronun şəkli ilə yaşayan yaşlı kişi

O qədər böyükdür ki, dünyadakı yalnızlıq
Onu saatın əqrəblərinin ağır hərəklərində
Belə görə bilərsiniz

O qədər böyükdür ki, dünyadakı yalnızlıq
Onu Las Veqasda, Baltimorda, Münhendə
Yanıb sönən gecə lampalarında görə bilərsiniz

İnsanlar yorğundur
Həyat tərəfindən cəzalandırıblar
Ya sevgiylə, ya da sevgisizliklə
 

 

 

Hazırlanmaq

Van Qoq qulağını kəsib
Bir fahişəyə verdi
Fahişə diksinərək
Küçənin ortasına
Atdı qulağı

Van,
Fahişələr
Qulaq istəməzlər
Pul istəyərlər

Deyəsən
Buna görə
Möhtəşəm rəssamsan sən
Başqa heç nədən
Başın çıxmadığına görə

Bölmə : Ədəbiyyat