Aprelin 20-si Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xəyalə Selvinin “Saçlarıma ay qonub” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Senet.az Xəyalə Selvinin kitabda yer alan şeirlərindən bir neçəsini təqdim edir:
İllər sonrakı görüş
Nə yaman gec qayıtmısan?
Səni elə gözləyirdim.
Deyirdilər dönməyəcək,
Bilə – bilə gözləyirdim.
Eh, soruşma ürəyimi,
Yadın olub, yadın olub.
O qızcığaz da böyüyüb,
Qadın olub, qadın olub.
Daha sənə aldanmağa
Böyüyübdü, ağlı qoymaz.
Dayanma yolum üstündə,
Qızı qoysa, oğlu qoymaz.
Baxma səni görən kimi
Gözlərimi yaşlamışam.
Deyirsən: “bağışla məni”
Mən çoxdan bağışlamışam.
O illərin arxasınca
Ayım gedir, ilim gedir.
Bu gün bizim toyumuzdu,
Göz yaşlarım gəlin gedir…
Pəncərədən boylanıram
Pəncərədən boylanıram,
Ay güzgümdə aylanıram.
Yer üzü qadın qapısı,
Gecə yarı döymək olmur.
Göy üzü yadın qapısı,
Dəymək olmur,
Dəymək olmur…
Həmin yol, həmin küçədi,
Qarayanız bir gecədi.
Bu azalan adamların arasında
Bir sən yoxsan,
Bir mən yoxam.
İki oldu bu yoxluq.
Böyüdü, boyumdan da
Yekə oldu bu yoxluq.
Heç kim ilə bölünməyən
Tikə oldu bu yoxluq.
Ömrümdən sənsiz illərim
Meyvə kimi dəyib düşür,
Gözlərimi döyüb düşür.
Və beləcə…
Və beləcə
Ölüm məndən duyuq düşür.
Torpağın qara canına
Mənim boyda oyuq düşür.