Torpaq biznən hesab çəkir

51 Baxış

əfrahim hüseynli

Bu gün istedadlı şair, gözəl insan, dəyərli həkim Əfrahim Hüseynlinin doğum günüdür. Senet.az Şairi bu münasibətlə təbrik edir, yaradıcılığında və şəxsi həyatında müvəffəqiyyətlər diləyir.

 

Əfrahim Hüseynli

TORPAQ BİZNƏN HESAB ÇƏKİR

Yalanmış, bu sevgi yalan!
Ölmədi gözləri dolan.
Yadların əlində qalan
Torpaq biznən hesab çəkir.

Biri qəmli, beşi gülən…
Hara getdi dərdi bilən?
Vaxtsız saralıb tökülən
Yarpaq biznən hesab çəkir.

Bilmədik ulduz neçədi,-
Ölüb dirilmək necədi.
Göz – gözü görməz gecədi,
Çıraq biznən hesab çəkir.

Eniş, yoxuş, qaya, gədik
Baxır yolumuza dik-dik.
Gəzdirə bildik… bilmədik?!-
Papaq biznən hesab çəkir.

 

DAHA GECƏLƏR DƏ GÖZÜMDƏN DÜŞÜB…

Kaş ki sözlərimə inanmayaydın,
Bir yalan biləydin doğru arzunu.
Əlçatmaz, ünyetməz gümana belə
Əlimi açmazdım ömrüm uzunu.

Bəlkə nahaq yerə ürək sirrimi
Xahişsiz, filansız açmışam mən də…
Vəsfinə yazdığım şeirlərimi
Oxuyub kiməsə, öyünürsən də.

Gecənin gözündə əriyən kimdi?-
Bu qismət soyuqluq üzündən düşüb.
Ay da doğma idi, ulduz da doğma,
Daha gecələr də gözümdən düşüb.

Necə yaxın idik gözlə qaş kimi,
Necə uzaq düşdük göy üzü qədər.
Duman da biz olduq, qaya-dağ da biz,
Uzanan yolları qınadıq…hədər!

Yollarım üstünə yağan qar kimi
Ələnir üstümə suallar indi.
Yüz-yüz sorğuların cavabı bumu?-
Hə… biri var idi, biri yox idi…

 

ŞAİRLƏR ÖLÜMÜN ÜZÜNƏ AĞDI

Gələndə bəxtinə yazılar qəbri,
Gecəli-gündüzlü qazılar qəbri.
Gözləri yollardan asılar qəbrin,-
Min il gözləsə də, şairlər sağdı,
Şairlər ölümün üzünə üzünə ağdı.

Şeirə əyri, yalan şikarsa, ovsa,
Sevinc əvəzinə dərd haqq-hesabsa,
Ömür möcüzəylə dolu kitabsa,
Şeir yazılmayan gün ağ vərəqdi,-
Şairlər ölümün üzünə ağdı.

Şeir namərd üçün şaxtadı… kəsər,
Mərdə dərd aparan küləkdi, əsər.
Şairlər ölümü çıraqla gəzər,
Bu daşlı-kəsəkli yollar uzaqdı,-
Şairlər ölümün üzünə ağdı.

Sözüylə qaraldar ağaran saçı,
Anaya oğuldu, qadaşa bacı.
Şairlər padşahdı, şeirsə tacı,
Sözdən, sətirlərdən qurular taxtı,-
Şairlər ölümün üzünə ağdı.

Hamıya isinər, bənzəyən olmaz,
Ərköyün olsa da, küsəyən olmaz.
Bəlası – dilinə “döz” deyən olmaz.
Haqqı axtarsa da, haqqdan soraqdı,-
Şairlər ölümün üzünə ağdı.

Sözü gözümüzdə yaşa dönməsə,-
Daşlar çiçəkləyən daşa dönməsə,
Bahara, payıza, qışa dönməsə,
Şair də hamıtək demək qonaqdı…
Şairlər ölümün üzünə ağdı.

 

BARIŞMAĞA GƏLMİSƏN

İtib gedib, o gəncliyin izi yox,
O ocağın külü qalıb, közü yox.
Dayanıbsan nə lal-dinməz, sözü yox,
Təzədənmi alışmağa gəlmisən?
Bilirəm ki, barışmağa gəlmisən.

Ömrün-günün hay-harayın itirdik,
Özümüzü haralara gətirdik.
Bir sevdanı xatirəylə bitirdik,
Bu sevdaya qarışmağa gəlmisən?!
Bilirəm ki, barışmağa gəlmisən.

Qəbahətin ömür deyil, yaş deyil,
Anlayıbsan güman yeri boş deyil.
Nə gec duydun, mənim qəlbim daş deyil…
Bildiyini soruşmağa gəlmisən,
Bilirəm ki, barışmağa gəlmisən.

Bu sevdanın həsrətilə yanasan!-
Mənə çətin, sənə isə yol asan.
Duyan olsa, sənə deyər yolazan.
Günahkartək yanaşmağa gəlmisən,
Bilirəm ki, barışmağa gəlmisən.

Biləmmədik ömrümüzün sirrini,
Nə mən bildim, nə də sən öz yerini.
Xoşbəxt etdik sən də, mən də birini,
Mənə çox sirr danışmağa gəlmisən!
Bilirəm ki, barışmağa gəlmisən.