“Toya bir gün qalmış” tamaşası – Musiqili Teatrda

4 Baxış

Azərbaycan Dövlət Musiqili Teatrında tamaşaçıların böyük sevgi və rəğbətini qazanmış Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyası nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, səhnə əsərinin növbəti nümayişi həftəsonu – 30 sentyabr tarixində saat 19.00-da baş tutacaq.

Teatrın aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızı səhhəti ilə əlaqədar yaranmış uzun fasilədən sonra növbəti dəfə səhnəyə çıxacaq. Bundan öncə isə o, 107-ci mövsümün açılış günü – dahi Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyasında tamaşaçıların görüşünə gəlmişdi. Qeyd edək ki, A. Bəşirqızı günümüzün reallıqlarına güzgü tutan, gülməli olduğu qədər də kədər doğuran “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.

Tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları ifa edirlər. Gözlənilməz, sürpriz dolu hadisələrlə zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edir. O, həm də tamaşanın musiqi rəhbəridir.

Qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

 

Bölmə : Teatr