Toyxana musiqiçinin zövqünü korlayır

44 Baxış

cemilemirovSenet.az S.Soltanlının bəstəkar, cazmen, Əməkdar incəsənət xadimi Cəmil Əmirovla müsahibəsini təqdim edir:

 


– Cəmil müəllim, caz sahəsində durum necədir, hansı yeniliklər var?


– Caz kütləvi sənət deyil, dünyanın hər yerində belədir. Bu yaxında yeni caz klubumuz açılıb, orada imkanlar normaldır. 150 nəfər tutar. Bizim şəhərə bu da bəs edər. Əsas odur ki, dinləyicilər gəlsin. Bakıda 30 il bundan öncə caza münasibət daha yaxşı idi, onu başa düşürdülər. İndi klassik musiqini də dinləyənlər azalıb. Ona görə ki, televiziya kanallarımızda klassik musiqiyə az yer ayırırlar. Zövqlər şou-biznes üzərində köklənib. Bu üzdən yaradıcılıq yoxa çıxıb. Fransanın bir klassik və caz musiqisi kanalı var, ardıcıl onu izləyirəm, çox bənzərsiz kanaldır.

 


– “Savab” qrupunuzda işlər necə gedir?

– 2003-cü ildən bu qrupu yaratmışam. Savab, xeyir işlər görməyi xoşlayıram. Bu adın üzərimizdə böyük məsuliyyəti var. Elə olub ki, bu ada görə uyğun olmayan hərəkət edə bilməmişəm. İndi bizə tələbat azdır. Dolanmaq çətindir, ona görə üzvlərimiz toya gedirlər. Başqa yol yoxdur, çünki ailə saxlayırlar. Toyxana isə musiqiçinin zövqünü korlayır. Vaxtilə mən də Akif İslamzadə, Hüseynağa Hadıyevlə toylara getmişəm. O vaxtın toyları konsert, dərs idi. Onda insanlar musiqi çalınanda yemək yeməyib bizi dinləyirdilər. O vaxtın musiqisi də, insanları da fərqli idi.

 
– Azərbaycanda caz tədris olunurmu?
– Xarici ölkələrin çoxunda caz tədris edilir. Vaxtilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında caz fakültəsi açmışdıq. Bir il fəaliyyət göstərdi, ancaq istənilən nəticəni vermədi. Dövlət himayəsində olan caz kolleci yaradılsa, bu sahədə tədrisi daha yaxşı təşkil etmək olar. Kadrlarımız, istedadlı gənclərimiz də var. Yanıma çoxlu gənclər gəlir, gərək olan məsləhətlər verirəm, ancaq bu, çıxış yolu deyil.

 
– Siz həm də kino bəstəkarısınız. Filmlərə caz musiqisi yazmaq üçün rejissorlar sizə müraciət edirlərmi?
–  Əvvəllər olub, indi yoxdur. Caz gərək kinoya uyğun olsun. İndiki rejissorlar başqa yöndə işləyirlər.

 
– Atanızın cazı seçməyinizə münasibəti necə oldu? 
– Gözümü dünyaya açandan musiqi içində böyümüşəm. O, mənə qanla keçib. Musiqiçi olmağım çox təbii baş verdi. İlk məktəbim, müəllimim atam olub. O işləyəndə qapını bağlayırdı ki, kimsə mane olmasın. Balaca idim, mən də royalın altında oturub mane olmamaq şərtilə ona baxır, qulaq asırdım. Məktəbdə tarixi sevirdim, həmişə 5 alırdım. Demə, atam da Gəncədə oxuyanda tarixçi olmaq istəyib. Klassik musiqi məni bir o qədər də özünə çəkmədi. Atam da gördü ki, caza böyük həvəsim var. Tanış-bilişlər deyirdilər ki, gərək mən atamın yolunu davam etdirəydim. Atam isə heyfsilənmədi. Dedi ki, ürəyin hansı yönü istəyir, ora get. Onun zəngin val kolleksiyası vardı. İçərisində caz musiqiləri də olurdu. Atam deyirdi ki, yüngül musiqi janrı yoxdur, müəllif yüngül yanaşarsa, əsər də yüngül olar. Beş il Bakı Musiqi Akademiyasında böyük bəstəkar Cövdət Hacıyevin sinfində bəstəkarlıq sənətinin sirlərinə yiyələndim. Bütün klassik musiqi formalarını öyrəndim. Sonra iki il aspirantura oxudum. Ardınca da mərhum bəstəkar, cazmen Rafiq Babayev məktəbini keçdim. 10 ildən artıq onunla çalışdım. Üç məktəb keçmişəm: Fikrət Əmirov, Cövdət Hacıyev, Rafiq Babayev. R.Babayev məni caza daha dərindən bağladı. O, insan kimi də çox böyük şəxsiyyət idi.

 
– Sizin üstün keyfiyyətiniz caz yaradıcılığınızın milli yöndə olmasıdır… 
– Xalq musiqisini çox sevirəm, ona görə onlardan öz əsərlərimdə istifadə edirəm. Qrupumuzda zurna, balaban, nağara kimi milli alətlərimiz var. Mənimlə çalışan insanlar həm xalq, həm də caz musiqisini dərindən bilirlər. Bizim eksperimentlər hər musiqiçi ilə alınmır. Qrupa saz və qanun alətlərini də cəlb etmək istəyirəm. Aşıq musiqisi dəryadır. Tələbəlik illərində bizi bir ay bölgələrə göndərirdilər, musiqi folkloru toplayır, aşıqlarla görüşürdük. Bəstəkar üçün bu, çox gərəklidir. Atam da vaxtilə tələbə ikən yoldaşları ilə xalq musiqisini toplayıblar.

 

 

– Siz öncədən caz kompozisiyasını bəstələyirsiniz. Üstəlik, ifa zamanı improvizasiyalar baş verir. Belə çıxır ki, bir əsərin iki variantı yaranır?
– Hələ üçüncü variant da olur. Birinci və ikinci variant mütləq olmalıdır. Bir-iki dəfə birgə məşq edəndən sonra görürəm ki, musiqiçilər hərəsi bir tərəfdən improvizələr edirlər və gözəl nəticə alınır. Mən neçə gün düşünsəydim, belə şey alınmazdı. Sonra həmin əlavələri nəzərə almaqla əsəri yenidən işləyirəm. Dəfələrlə əsər dəyişilir. Elə olur ki, konsert günü əsərdə dəyişikliklər edirəm. İstəyirəm ki, musiqiçilər improvizə etsinlər. Əsər üzərində kollektiv işləyirik. Mənim işim ortaya ideya atmaqdır.

 
– Bu qədər əlavələrdən sonra caz əsərinin yekun variantı olurmu?
– Olur. Cazda ifaçı standartdan qırağa çıxır. Burada yaxşı cəhət ondadır ki, hansısa əsəri neçə dəfə ifa eləsək, ifaların biri o birisinə oxşamayacaq. Mən bundan zövq alıram. Sanki əsəri hər dəfə yenidən yazırsan, əslində, yeni deyil. Cazda fərdilik həmişə qorunmalıdır. Muğamda da elədir. Hər dəfə muğam eyni ifaçı tərəfindən fərqli oxunur, çalınır.

 
– İndi ancaq cazla məşğul olursunuz? Bəstəkar olaraq klassik əsərlər də yazırsınızmı?
–  Əvvəllər yazırdım, belə əsərlərim çoxdur. Caz vaxtımı çox alır, ömrümü buna vermişəm. Simfoniya, sonata, skripka, simli orkestr üçün əsərlər yazmışam. Bir əldə iki qarpız tutmaq çətindir, ona görə cazı seçdim.

 
– Musiqidə sizi yaradıcılığa həvəsləndirən nədir? 

– Mən səsdən həvəslənirəm. Səs məni dalınca aparır, bir də görürəm, əsər yazılıb. Klassik musiqidə səslərin forması öncədən qurulub, cazda isə daim yeni səslər yaratmaq gərəkdir.

                                                                                                                                                                             

 

                                                                                                                                                   

 Mədəniyyət qəzeti

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10