Trikster – Təlxək obrazları – Günel Eyvazlı

8 Baxış

author_27

Triksterə ilkin obraz olaraq mifologiyada, folklorda rast gəlirik. Birbaşa ingilis dilindən tərcüməsi yalançı, uydurmaçı, kələkbaz anlamındadır. Onu bəzən məsuliyyəti olmayan dərrakəsiz də adlandırırlar. Çünki hərəkətləri bir növ küt, qavrayışı olmayan kimi görünə bilir, amma nəticə daima yaxşılıqla yekunlaşır. O, hiyləgərdir, çox ağıllıdır. Bəzi məqamlarda anlayışsız, key kimi görünmək onun işinə yarayır. Bəli, ona gülürlər, ələ salınır. Amma sözünü deməyi bacarır. Yox, sözünü deyə bilmək və cəzalanmamaq sonrakı təlxəklərin taleyində yaşanırdı. Çünki təlxəyin qəlbə dəyən sözlərindən hiddətlənmək onu cəzalandıranın özünü gülməli vəziyyətə sala bilərdi. Bu da ağlı başında olan hökmdar üçün ağızlara söz olmaq, rəvayətə, gülməcəyə çevrilmək qorxusu idi.

Trikster isə hələ ibtidai forma idi. Gələcək sarayların içinə daxil olacaq, bədii əsərlərin qanına hopacaq ilkin forma idi. Həm tarix, həm də ədəbiyyatın təlxək başlanğıcı, odur. İbtidai şüur isə bu mifik obrazı yaradaraq yeni dönəmə addım atmışdı. Tənqid dönəminə istiqamət alımışdı. Mədəni, mətnaltı tənqid dönəminə. Bəlkə də niyəsinə cavab tapmaq istədiyimiz açılış elə, budur. Bəlkə yumor, təlxəklik pərdəsi və satira mənfiləri söyləmək üçün əla çıxış yolu idi?

Ona Skandınaviya, slavyan, yunan miflərində daha çox rast gələ bilərik. Trikster ondan sonra yaranan bütün təlxək obrazlarının ulu babası, çiy, bəsit forması idi. Başlanğıcı idi.

Rus folklorunda rast gəldiyimiz İvan-Duraçok, tarixdə adını Şiko kimi rəsmiləşdirən III və IV Henrixin sarayında çalışan tarixi şəxsiyyət Jan-Antuan d,anqlere ondan çox sonra meydana gəlmişdi. Siyahını davam etdirə bilərik: Ədəbiyyatda qurbağa təxəllüslü obraz (Edqar Allen Po “Qurbağa”- “Təlxək Hopfroq” hekayəsi), Şekspirin “Kral Lir”nin ən yaxın dostu, onu tərk etməyən təlxəyi, özünü sarsaqlığa, dəliliyə vuran Hamlet, ağ-qara, səssiz filmlərin gülməli Çarli Çaplini, bəlkə də Hamlet ilə eyni ruhi, daxili sarsıntını keçirən Kefli İsgəndər və s.-ləri ilkin formadan inkişaf etmişdilər. Amma bu forma əsrlərin forması idi. Yeganə çıxış priyomu idi. İstəkləri dilə gətirmək üçün əla vasitə idi.

Doğrusu, bu yönümdə çox düşünürdüm. Ələlxüsus, Şekspiri dəfələrlə oxuduqdan sonra. Onun əsəsrlərini təbəssümsüz oxumaq qeyri-mümkündür. Birbaşa olaraq təlxəklik statusuna malik olmasa da, gülməli durumda olan bir obraz mütləq şəkildə onun əsərlərindən ana xətt olaraq keçir. Şekspir teatral strukturlu əsərlərində təlxəksiz keçinə bilmir. Bu priyomdan dəfələrlə istifadə edir. Məqsəd əslində güldürmək yox, düşündürmək idi.

Tarixdə adını təlxək olaraq rəsmiləşdirən bir çox saray adamları olub. Hətta adbaad onları sadalaya da bilərik. Tribule, Balakirev, Stançik, Şiko, Boqdonoff, Klaus Narr, Prozorovski qardaşları, Pedrillo və b. gerçək tarixi şəxsiyyətlər idi. Onlar xalq arasından çıxmış növbəti həyatını saraylarda davam etdirən şəxslər idi.

Edqar Allen Po hökmdarların nə üçün saraylarında təlxəkləri saxlamasını özünəməxsus şəkildə hekayədə bir neçə cümlə ilə ifadə edir: Uzun günləri maraqlı etmək, əylənmək, gülmək üçün vasitə lazım idi hökmdarlara, vəssalam.

Tarixdə gerçək təlxəklər olub ki, onlar daha çox məsləhətdaş olaraq hökmdarların karına gəliblər. Xüsusilə Avropa saraylarında. Şərq gerçək tarixində təlxək görünmür. Bəlkə də iki qüvvə: müdrik və qəddar olaraq təsvir olunan vəzirlər bu funksiyanı bir növ yerinə yetirirdi. Medalın iki üzü kimi. Xeyir və Şər kimi ikitərəfli mövqe hökmdarın sağ və sol qulağında pıçıldayırdı. Kimin sözünə qulaq asması isə hökmdarın aqilliyindən asılı idi. Biz folklor nümunələrimizdə, bədii əsərlərdə, nağıllarda bu incə xətti sezə bilirik: “Biri vardı, biri yox idi, bir hökmdarın aqil bir vəziri var idi” və.s. Baxın, sözün düzünü söyləmək bizim folklorda mütrüb obrazında deyil, müdrik obrazında görünür. Eynilə folklorumuzda rast gəlinən Xoca Nəsrəddin obrazı kimi. O ağsaqqaldır, sözləri gülüş doğurur, həm də çox düşündürür. Amma ələ salınmır. Məsxərə obyekti deyil. Sadəcə fikirlərini müdrikcəsinə söyləyə bilən baməzə insandır. Eynilə Makedoniyalı İsgəndərə “günəşin qarşısından çəkil, kölgən mane olur” -deyən Diogen kimi.

Tədqiqatçılar daha qədimlərə boylanaraq təlxəkləri gülməcə obrazı olaraq deyil, müdrik, peyğəmbər, pifiya olaraq qiymətləndirirlər.

Xalqın daxilinə eniş edən bu müdriklər insanların hadisələrə olan münasibətlərə gözünü açmasına xidmət edirdilər və bunu çox aqilcəsinə yerinə yetirərdilər. Sadə insanların həyat tərzlərinə uyğun şəkildə onları başa salırdılar. Gülməcələrlə. Şərq və Qərb fərqi də elə buradadır. Bu o demək deyil ki, Şərq gülməyi bacarmırdı, yox. Sadəcə elə tabular var idi ki, o əndazələri aşmaq mümkün deyildi. Çünki hökmdar Allaha bərabər tutulan qüdrətilə heç vaxt məsxərə obyekti ola bilməzdi. O, Yaradanın yerdəki kölgəsi idi.

Bu baxımdan təlxəyə baxış bucağı Avropa yönümündən bir cür, Şərq yönümündən başqa cür görünə bilər. Məsələn, siz heç zaman Yapon imperatorunun yanında da təlxək görə bilməzsiniz. Heç Türk sultanı ətrafında da təlxək yoxdur.

Bəs Bəhlul Danəndə kim idi?

Deyilənə görə o real obraz idi və doqquzuncu əsrdə Bağdadda yaşamış, tarixdə Harun ər-Rəşid adı ilə tanınan gerçək hökmdarın qardaşı olmuşdu. Onun siyasət və səltənətdən əl çəkib özünü dəliliyə vurması ironik, incə yumoru ilə xalqın sevimlisinə çevrilməsi haqqında da çox oxumuşuq. Bəlkə də Danəndə adlı obraz gerçəkdən mövcud olub. Düşünürəm ki, hökmdar qardaşı olmaq isə onun növbəti hoqqası, yumoru idi.

Hər halda, bayaq söylədiklərimizin əksi olaraq nəhayət ki, Şərq folklorunda hökmdarın adını öz adı yanında paralel hallandıran bir obraz peyda olur. Amma nə yazıq ki, bu şəxs xalq arasında dəli, divanə Bəhlul olaraq tanınır. Dəli isə hər şey söyləyə bilər. Dəlinin söylədiklərinə isə ciddi baxmaq özü axmaqlıqdır, elə deyilmi?

İstənilən halda özünü dəliliyə vuran Hamlet qədər Bəhlul Danəndə də hərəkətlərini düşünülmüş şəkildə icra edən obraz olaraq diqqətimizi çəkir. Eyni priyomdur.

Avropa saraylarında ab-hava ilə Şərq həyat tərzi eyni deyildi. Həm də siyasi prizmadan baxsaq, fərqlilik görünürdü. Məsələn, bir çox tədqiqatçılar hesab edir ki, bir zamanların aristokratları və hökmdarı arasında elə bir münasibət var idi ki (çünki mülk, mal, var baxımından onlar demək olar ki, bərabər idilər. Avropada), hökmdar fikirlərini, iradlarını bəzən onlara söyləyə bilmirdi və yaxud əksinə – aristokratlar fikirlərini deyə bilmirdilər. Təlxəklər isə bu situasiyada bir növ hadisələrin ironik çatdırıcısı idi. Vasitəçi idi.

Təlxək elementini “Min bir gecə”də də görə bilərik. Amma təlxək libasında yox. Dilənçi, sadə insan obrazında.

Hekəyətdə nəql olunur ki, hökmdar əhvalının açılması üçün bir dilənçi ilə qəddar zarafat etmək fikrinə düşür. Və bu zarafat onun öz ölümü ilə yekunlaşır. Ən çox sevdiyim yekun isə nağılda budur ki, dilənçi pərdə arxasında kiminsə güldüyünü eşidib dəlilik həddinə çataraq pərdəyə qılınc vurur. Kimsə yerə sərilir.  Gülüş sədası kəsilir. Dilənçi vəzirdən yerə yıxılmış, qana bulanmış şəxsin kim olduğunu soruşduqda isə, ondan “o, sarayın təlxəyi idi, möhtərəm hökmdar” cavabını eşidir.

Ədəbiyyata gəldikdə isə, Avropa ədəbiyyatında təlxək obrazından çox istifadə olunub. İndiyə qədər bu obraz lazımlı bir element olaraq əsərlərin daxilindən keçir. Aleksandr Dümanın (ata) trilogiyasında da Şiko obraz olaraq qələmə alınır. Hötenin “Faust”unda isə eyni funksiyanı Mefistofel yerinə yetirir.

Ədəbiyyatımızda bu obraz barmaqla sayılacaq qədərdir. Bizdə hadisələr daha çox didaktika ilə əhatələnib. Bu isə heç də təsadüfi deyil. Baməzəlik daha çox xalq oyunlarında, folklorda, bayramlarda keçirilən retual olaraq qəbulediləndir. Şərq saraylarında bu tərzdə insanların mövcudluğu qeyri-mümkün idi. Hətta əsərlərini hökmdarlara hazırlayan böyük Nizami Gəncəvi özü də hökmdarı tənqid edən, hoqqabazlıq edən təlxək obrazını əsərlərinə gətirərək risqə gedə bilməzdi. O səbəbdən də köməyə didaktika və aqil vəzir tərəfindən söylənilən ibrətamiz fikirlər gəlirdi.

Biz ironik şəkildə hadisələri nəql etməyə, şərh etməyə sonrakı dövrlərdə rast gəlirik. Haqverdiyevdə, C. Məmmədqluzadədə. Onlar hadisəyə acı gülüşlə də olsa boylana bilirdilər.  “Molla Nəsrəddin” jurnalında sözə ehtiyacı olmayan karikaturalar da mənzərəni əhatələməyi bacarırdı. Hadisələr şərhsiz ifadə olunurdu. Onların əsərlərində də tamlıqla gülməcə libası geyinən təlxək yoxdur. Durum özü gülməlidir. Sosial vəziyyət özü gülməlidir. Sadəcə avamlıq donu altından acı gülüş üzünü bizə tutub ironik təbəssüm edir, vəssalam.

Və yaxud Hüseyn Cavidin “Topal Teymur”unun üçüncü pərdəsində peyda olan Cücə obrazı da maraqlı element olaraq yazıçı tərəfindən profissional şəkildə istifadə olunmuşdu. Sonrakı pərdələrdə rast gəlinməyən Cücə müharibə öncəsi öz missiyasına yekun etmişdi. Topal Teymurun qiyafəsində görünən təlxək obrazı əslində sərxoş Yıldırım Bəyazidə əsərin növbəti pərdəsində üz-üzə gələcəyi topal qəhrəmanla məzəli tanışlıq hazırlamışdı.

Cücənin dırnaqarası məsxərəyə bürünmüş təsvirləri Yıldırımı xoşbəxt etmir. Hətta onun məşuqəsinin də qəlbini sıxır. Cavid əfəndinin vasitə olaraq istifadə etdiyi təlxək məhz həmin məqam üçün, qısa dialoqların açılışı ilə çox maraqlı mətləbləri pərdə arxasından göstərirdi. Cücənin Topal Teymur haqqında nəhəng fikirləri, nəql etdiyi istila ardıcıllığı, harada, necə dünyaya göz açması Cücə qədər sadə olan xalq toplumunun bilgiləri idi. Teymura olan rəğbət hissi idi.

Hər halda istər tarixdə, istərsə də əsərlərdə yaşayan təlxəklər bu dünya düzümünün insanları deyildilər. Əgər əsrin əvvəllərində Avropada bu peşəyə çoxu yaxşı maddi imkan qazanmaq üçün gəlirdisə (ağıldankəm görünmək damğasını qəbullananlar), sonralar onların saraylara gətirdikləri üslubla incəsənət nümunələrinin, ədəbiyyatın baş obrazına çevrilə bilirlər. Rable bu tərzi öz həyat tərzinə çevirir və bu maska altında yaşamağa başlayırsa, Servantes isə təlxək elementlərini “Don Kixot”una köçürərək uğura imza atmış olur. Və təlxək gülüşü vasitə olaraq bir çox yazıçıların karına gələrək onları dünya ədəbiyyatı zirvəsini fəth etməyə istiqamətləndirir.

Gülüş ədəbiyyatın vacib elementidir.  Əslində yetərincə ciddi və hər kəsin bacarmadığı üslubdur. Çünki zahiri gülməcə və satira ilə düzənlənən nümunələrdən savayı yazarın özünün təlxəkvari düşüncə tərzinə ehtiyac var. Bunu bacarmaq isə xüsusi istedad tələb edir.

KÖŞƏ YAZARLARI
TOP 10