Tural Atəşin “Eva virusu” romanı çap olunub

386 Baxış

Eva virusu kitab- shekil

Gənc yazarın elmi-fantastik romanı çap olunub

“…Cəmiyyətdə uçuruma yuvarladığımız hər adam, uzatdığı əli tutmadığımız hər köməksiz, məhv olmasına laqeyd baxdığımız hər çarəsiz, ədalətsizlik etdiyimiz hər haqlı canavara, insanların potensial düşməninə çevrilir…”

Bu fikirlər gənc yazıçı Tural Atəşin yeni çap olunan “Eva virusu” romanındandır. Bakıda “Pergament” nəşriyyat evində işıq üzü görən əsərdə çağdaş dünyamızın problemləri əks olunub. Texnologiya-insan qarşıdurması bir mübarizəyə dönür, əsər də məhz bu mübarizədən doğan fəsadla – maraqla başlayır.

Bilim-qurğu janrında ədəbiyyatımızda ilk nümunə kimi dəyərləndirilən “Eva virusu” comərd insanların, həqiqi aşiqlərin, parlaq zəkaların hekayəsidir. Əsərdə dünyanın böyük güclərinin insanları idarə etmək üçün törətdikləri cinayətlər, bu kontekstdə CIA-in iç üzü açılır. Texnologiyanın son nailiyyətlərinə sahib təşkilatların insanlar üzərində daha böyük təsirə malik olmaq üçün heç nədən çəkinmədikləri, qorxunc eksperimentlər aparması oxucunu dəhşətə salır. İnsanlığı basqıda saxlamağa, əzməyə yönəlmiş bu əməllərə qarşı mübarizə əsərin əsas obrazları Panın Lilitlə ittifaqa girməsindən sonra daha effektiv xarakter almağa başlayır. Dünyanı idarə edən güclərə qarşı bu iki insanın ideoloji ittifaqı dərin bir sevgiyə dönərək daha da möhkəmlənir. Həyatlarını riskə atan iki “günahkar” adamları bu çirkin oyundan xilas etmək üçün təhlükəli, çox cəsur gedişlər edir.

Romanda vurğulanır ki, bəzən insanın tərəddüdləri qarşısına oyduğu hədəf arasında keçilməz divara çevrilir. Qismət sadəcə insanların həyatın məsuliyyətini boyunlarından atma şəklidir. Qismətə inananlar özləri öz yollarını cızmaq yerinə başqalarının müəyyənləşdirdiyi yolla getməyi seçirlər…

Bütün gərginliklərə baxmayaraq, əsərin müsbət sonla başa çatması oxucuda ruh yüksəkliyi, həyata sevgi, gələcəyə, yaxşılığa inam yaradır. “Eva virusu” yalnız bədii əsər deyil, modern dünyamızın özüdür.

Qeyd edək ki, bundan əvvəl yazarın “O mənim planetim” (2007), “Ölümlə rəqs” (2010) adlı şeir kitabları, 2017-ci ildə isə “Əlcəzairdə həbs” (povest və hekayə) kitabı işıq üzü görüb.

Fariz Yunisli

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10