Turan birliyi üçün yola çıxan Odərlərin hekayəsi – Elxan Yurdoğlu

16 Baxış

images1

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad təəssürat” rubrikasından Elxan Yurdoğlunun “Turan birliyi üçün yola çıxan Odərlərin hekayəsi ” yazısını təqdim edir.

Şəmil Sadiqlə bu dəfə Türkiyədə hamının Yavru vətən dediyi Kıbrısda—Küzey Kıbrıs Türk Cümhuriyətində–Şimali Kipr Türk Respublikasında görüşdük. 2016-cı ilin oktyabr ayının 16-da. Hər ikimizin dostu, Kıbrısda Azərbaycan diaspor təşkilatına rəhbərlik edən, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri, bu sahədə fədakarlıqla bir çox uğurlara imza atan dostumuz Orxan Həsənoğlunun təşkilatçılığı ilə həyata vəsiqə alan Türk dünyası gənclərinin I Forumunda maraqlı işgüzar tədbirlərə qatıldıq.

4 gün davam edən Forum günlərinə Azərbaycanın müstəqillik qazanmasının ildönümü də əlavə olununca maraqlı bir Azərbaycan gecəsi təşkil edilmişdi. Kıbrısın paytaxtı Lefkoşada keçirilən bu gözəl gecədə Forum iştirakçısı olan yazıçı, şair və tədqiqatçıların oxucular üçün kitablarını imzalama mətrasimi də düşünülmüşdü.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, eyni zamanda yazıçı Şəmil Sadiq həmin imza mərasimində çoxsaylı tədbir iştirakçıları üçün Türkiyənin “2023” Yayınclık şirkəti tərəfindən nəşr edilmiş “Öderler” romanını imzalayırdı. Mənim üçün də imzaladı. Burda bir haşiyə çıxıb demək istəyirəm ki, “Odərlər” romanı hələ 2013-cü ildə Bakıda Azərbaycan dlində nəşr olunmuşdu. Və həmin kitabdan dəyərli dostumuz Şəmil bəy mənim üçün də imzalı olaraq  Naxçıvana da göndərmşdi.

Etiraf edim ki, bu romanı Türkiyə türkçəsində oxumalı oldum. “Öderler”i  yağışlı və yasəmən qoxulu aprel ayında kitab rəfimdən götürəndə qısa bir zamanda—1 gün içərisində bitirəcəyimi düşünmürdüm. İş, yaradıcılıq, ailə və digər qayğıların içərisndə bugünkü zəmanədə gündəlik olaraq özüm üçün ən az 50 səhifə bədii kitab mütaliəsi nəzərdə tutduğum üçün “Öderler”i də bir neçə günə oxumağı düşünürdüm. Lakin düşündüyüm kimi olmadı. Buna səbəb isə romanın təhkiyəsi, axıcı dili, qeyri-adi və milli kaloritli mövzu seçimi, paralel davam edən Dədə əfəndi söhbətləri və beş ödərin düşmən qərargahına üçrəngli Azərbaycan bayrağını sancmaq üçün çıxdıqları yolda yaşadıqları oldu. Hər bölümün sonunda kitabı sabah davam etmək üçün bir kənara qoysam da bir müddət keçməmiş yenidən kitabla iç-içə olduğuma özüm də təəccüb edirdim.

Etiraf edim ki, “Ödərlər” məni xeyli təəccübləndirdi. Düzdü, müəllifin əjdaha yazıçımız İsa Hüseynovdan—İsa Muğanna yaradıcılığından təsirləndiyi açıqca hiss olunur. Amma bu təsirlənmə “İdeal”dan, “Məhşər”dən təsirlənmə deyil. Birbaşa yazıçının özündən, ideyalarından təsirlənməklə milli ruhda boy atmağa meyillilikdir. Məhz bu “Oderler”də də mən bunu gördüm. Bunu hissi etdim, hətta özüm də bunu yaşadım. Bu mənada Şəmil Sadiqin “tarixi-fəlsəfi roman” adlandırdığı əsərini mən “tarixi-fəlsəfi-milli roman” kimi qiymətləndirməyin tərfdarıyam.

Bu yerdə kitabda İsa Muğannanın 2013-cü ilin 19 aprel tarixində (nə hikmətsə mən də kitabı elə həmin tarixdə oxumağa başlamışdım) “Odərlər” romanı haqqındakı fikirlərinə də diqqət çəkmək istəyirəm. Böyük söz ustadımız yazır ki, “İnttellektual bir oxucu, yazıçının böyük istedadı nəticəsində ortaya çıxan bu əsəri minnətdarlıqla qəbul edəcək və Azərbaycan ədəbiyyatına belə bir istedadın gəlməsinə görə qürur duyacaq. Sadə bir oxucu isə əsərdəki dəyərli bilgilərdən faydalanaraq bilgi dağarcığını daha da genişləndirəcəkdir. Öz xalqına belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur”. Və fikirlərinin sonunda İsa Muğannanın qeydi təkcə mənim üçün yox, bütün oxucular üçün, Şəmil Sadiq və İsa Muğanna oxucuları üçün də maraqlıdır: “Bizim ikimizin də taleyi var bu kitabda”. Bu yerdə xeyli düşünməli olursan. Təkcə Şəmil Sadiqi və onun “Ödərlər”ini düşünmürsən, həm də Azərbaycan nəsrini çiyinlərində daşımağa müvəffəq olmuş bir yazıçının keçdiyi ömür yolunu izləyir, yaşam tərzini nəzərdən keçirir, düşüncə üfqünə boylanmalı olursan. Və o üfüqdə bir gənc nasirin “Odərlər”i də görünür.

 Romanın türkçəyə tərcüməsinə giriş sözü yazmış, eyni məfkurəyə sadiq başqa bir dəyərli yazar dostumuz Orhan Arasın sözləri ilə ifadə etsək “romanı ilk dəfə oxumağa başlayanda klassik xalq hekayəsi dadı versə də oxuduqca fərqli bir təhkiyə və üslubla qarşı-qarşıya olduğumuzu ilk andaca anlayırıq”.

Orxan bəy onu da çox dəqiq vurğulayıb ki, “Şəmil Sadiq bir-birindən maraqlı və fərqli mövzuları oxucunu yormadan romana daxil edə bilmişdir”.

 Ktabı oxuduqca heyrətimi gizlədə bilmirdim. Qeyri-adi improvizələrlə əsərə rəngarənglik qatan müəllifin obrazları da adamda maraq oyadırdı. Nal toplayıcısı, Ata dayı, Dədə əfəndi, Dəmirçioğlu, Koroğlu və s. Bütün bu adların hamısında bir xalq qəhrəmanları, milli-mənəvi mədəniyyət özünü göstərir. Yazıçının ustalığı da məhz ənənəvi xalq qəhrəmanları və motvlərinin yükləndiyi bu obrazlarla qədim bir Türk varlığını, müqəddəs ucalığa sahib bir millətin taleyinə müasir zamanda, günümüz insanlarının iştirakı ilə işıq tutmağa çalışma çabasıdır.

Romandakı paralel mətnlərin birincisində Dədə əfəndi və seçilmişlərdən təşkil olunmuş  bir təşkilatın “Ata ocağı”nda danışılanlar, müzakirə olunanlar dayanırsa, ikinci paralellik beş ödərin, beş Azərbaycan igidinin, kəşfiyyatçısının—Altay Cavadov, Aslan Sultanbəyli, Elçin Əliyev, Ərtoğrul Hüseynov və Ayxan İsmayılovun işğal olunmuş Azərbaycan torpaqlarının içərilərinə qədər gedərək, Şuşaya Azərbaycan bayrağını sancmaq istəkləri üçün çıxdıqları yolda yaşadıqları təsvir edilir.

Həm də “Ata ocağı”nın sirli fikirləri ilə silahlanmış bu silahlı döyüşçülər bu istəklərinə nail olurlar. Aralarından sadəcə birinin—Koroğlu kod adlı Aslan Sultanbəylinin sağ qaldığı bu yolda müqəddəs vəzifə yerinə yetirilmişdi.

Romanın qeyri-adi və sirli təhkiyəsinə açar isə müəllifin təxəyyülünün məhsulu olan əbədiyyət simvolu ilə naxışlanmış müqəddəs kitab id. Əski Ödər dilində yazılmış kitab. Üç kitabdan ibarət olan bu müqəddəs yazılı mənbənin birincisi Qarabağda, Şuşadakı Xəzinə qalası mağarasında idi. Bu kitabın oradan heç kimin əlinə keçmədən çıxarılaraq gətirilməsi vəzifəsini uğurla yerinə yetirmişdi Aslan Sultanbəyli.

Bu yerdə bir məsələni qeyd etmək istərdim. Romanın sonlarına yaxın bu hissəni bitirəndə, sosial şəbəkədə Şəmil Sadiqə belə bir məktub yazdım:

“Ödərlər” məni xeyli təəccübləndirdi. Çooox. Amma son hissəni bu gün oxumaq istəmirəm. Onu saxlayıram tam hazır olanda (Dədə əfəndinin sonda Aslanın suallarına verəcəyi cavablara hazır olanda) oxuyacam. Fikirlərimi yazımda deyəcəm. Qısacası, eşq olsun, qardaş. Son 7 səhifəni oxumadan deyirəm bunu, eşq olsun. Kitabın 2-ci və 3-cü hissələri də olmalıdır, gözləyirəm”.

Cavab isə belə olmuşdu:

“İndi oxu, oxumasan dadı olmaz”.

Və mən oxudum. Ən sondakı bu qeydləri olduğu kimi bura köçürürəm:

“Romanın ikinci hissəsində, Bogomillanın (Bolqarıstan vətəndaşı olan jurnalist) taleyini, onun yazdığı kitabda nələrdən bəhs edildiyini, üçüncü adresin hara olacağını, Aslanın Şuşadan gətirdiyi kitabda nələrin yazıldığını, Çin səfərində başına gələn hadisələri, Uyğurların dünyanın bilmədiyi sirlərin, Aslanın Cənubi Azərbaycan azadlıq hərəkatındakı fəaliyyətlərini, Uca Şaman Məclisinin son qərarlarını və Dədə əfəndinin söhbətlərini oxuyacaqsınız”.

Bu yazıdan sonra romanın mahiyyətini doğru anladığımın yaratdığı sevinc var idi. Demək ki, müəllif elə mən istəyən kimi də qərarlaşdırıb. Ya da belə. Müəllif oxucusuna demək istədiyinə nail olub. Bu üçhissəli bir trilogiyanın birinci kitabı idi.

İnanıram ki, ikinci və üçüncü kitablarda da biz mistik milli mənəvi və müəqəddəs vəzifələr üçün yola çıxan Ödərlərin maraqlı həyatından zövq alacağıq. Həm də bir gün Turan birliyi üçün yola çıxan, Uca Şaman Məclisindən gələn qərarların Dədə Əfəndilərin yolu ilə seçilmişlər vasitəsiylə ruhumuza, düşüncəmizə aşılandığının nəticəsi kimi sayısız Odərlərin varlığıyla qürur duyaraq.

Bu yolda əziz dostum və dəyərli qardaşım, istedadlı yazıçı, yorulmaz tədqiqatçı Şəmil Sadiqə uğurlar arzulayır, tezliklə “Ödərlər”in davamını oxumaq yanğımı da diqqətə çatdırmaq istəyirəm.

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10