Turgenyevə yazığım gəlir

51 Baxış

vidadi hesenov

Senet.az “XAN” nəşriyyatında çapdan çıxmış Əməkdar artist Vidadi Həsənovun “Qum dənələri” adlı şeirlər kitabından seçmələri təqdim edir.

 

 

…   Hamının

çəkdiyi yükü

daşıya bilərsən –

bu hələ

yük daşımaq deyil…

 

…   Adamlar arasında

hamı kimi

yaşaya bilərsən –

bu hələ

adam kimi yaşamaq deyil…

 

 

 

* * *

 

… Ay işığının

kədərinə

uzanan bir cüt əl,

heyva sarısı

rəngində

bir kəlmə söz-

indi gəl

və  bunu  çöz…

 

 

* * *

 

…   Uşaqlar

kök,

gombul,

şar kimi şişman –

ağır,

ağır…

 

…   Qadınlar

ətli,

piyli,

soyuducu kimi dolu –

ağır,

ağır…

 

…   Kişilər

acgöz,

tamahkar,

siçovullar kimi dombaqarın –

ağır,

ağır…

 

…   Bu şəhər

bir gün

batacaq,

batacaq –

ağır-ağır,

ağır-ağır…

 

 

qumdeneleri* * *

 

… Tənha ağaclara,

kimsəsiz itlərə,

bu şəhərə, bu küçəyə,

bu evə -

yazığım gəlir…

 

… Kədərli payız gecəsi,

kədərli yağışlar yağanda,

kədərli lampa işığında

Dostoyevskini oxuyuram –

Turgenyevə yazığım gəlir…

 

 

 

* * *

 

…   “Artist  döngəsi”ndəki

ucuzvari  kafedə

qırmızı çaxır içirəm

divardakı  kölgəmlə –

pəncərədən baxan bulud

üçüncü olarsanmı,

gəl qoşul bizə

doldur  tuluğunu…

 

…   Sərxoş olan kimi

göylərə   qalxıb

kəmşirin yağışlar yağdır

bu şəhərin üstünə –

onsuz  da nə yağışdan,

nə günahdan qorxan var

əyyaş yuxusuna bənzəyən

bu əhli-kef  şəhərdə…

 

…   Sən yurdsuz-yuvasız

sərsəri bulud,

mən ruhsuz-bədənsiz

qeybanə sərxoş –

gəl içək,

içək bu son badəni,

sonra dəli külək olub

keçək bu şəhərin üstündən…

 

* * *

 

…    Dilim

başımın  bəlasıdı –

ağzıma nə gəldi

danışdı,

dişimin  dibindən  nə  çıxdı

dedi…

 

…    Dilim

başımın bəlasıdı –

ağzımın içində

bəslədim-böyütdüm,

axırda  qayıdıb  öz  başımı

yedi…

 


 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10