“Türk ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib

8 Baxış

14846690142129411705_1000x669

Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində (AYB) türkoloq–ədəbiyyatşünas, Əməkdar Elm Xadimi, AYB-in Moskva bölməsinin müdiri Tofiq Məliklinin “Türk ədəbiyyatı tarixi” (rus dilində I cild) kitabının təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, AYB-in sədri, Xalq Yazıçısı Anar 1300 illik türk ədəbiyyatının görkəmli nümayəndələri haqqında yazılmış kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, qədim türk ədəbiyyatının ilkin “Orxon-Yenisey” abidələrindən başlayaraq 2006-cı ilin Nobel mükafatçısı Orxan Pamuka qədərki mərhələnin ədəbi-bədii məhsullarını araşdırıb, ensiklopedik bir toplu ərsəyə gətirib.

Tədbirdə yazıçı-dramaturq və publisist, filologiya elmləri doktoru, Aqşin Babayev, Xalq Şairi Nəriman Həsənzadə, filologiya elmləri doktorları – Əsgər Rəsulov, Vaqif Sultanlı, Elman Quliyev, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə, gənc tədqiqatçı alim Pərvin Nurullayeva və digər çıxış edənlər böyük bir tədqiqat əsəri olan kitabın dilimizə tərcümə edilərək universitetlərdə tədris vəsaiti kimi istifadə olunmasını təklif ediblər.

Bildirilib ki, 410 səhifəlik möhtəşəm tədqiqat əsərində qədim türk ədəbiyyatı, islamaqədərki və islamdan sonrakı türk ədəbiyyatı və türkün müasir yazıçıları haqqında ensiklopedik məlumatlar toplanıb. Kitabdakı ayrı-ayrı oçerklər böyük əməyin, uzun axtarışların məhsulu kimi yüksək dəyərləndirilib.

Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım ortaq mədəniyyəti paylaşan xalqlarımız üçün böyük bir müjdə olan kitabı yüksək dəyərləndirib. O, kitabın türk dilinə tərcümə edilərək yayılmasının vacibliyini söyləyib.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif kitabda böyük türk ədəbiyyatının fonunda konseptual olaraq zirvə sayılan mütəfəkkirlərin yaradıcılığını incələməyi və oxucusuna çatdırmağı qarşısına məqsəd qoyduğunu söyləyib.

KÖŞƏ YAZARLARI
TOP 10