Türk Dünyası Sənədli Filmlər Festivalı

3 Baxış

14805769011830152740_1000x669

İstanbulda Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantı keçirilib.

Senet.az-ın Mətbuat Şurasından aldığı məlumata görə, tədbirə Türkiyə və Azərbaycan ilə yanaşı, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kiprdən nümayəndələr qatılıblar.

Dünya Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, türk xalqlarının daşıdıqları dəyərlər demək olar vahid təbiətə malikdir. Bu tədbirlər xalqların bir-birinə daha sıx şəkildə yaxınlaşması, ortaq maraq və mənafelərin dünyaya çatdırılması baxımından son dərəcə vacibdir. “Mövcud xüsusda Azərbaycanın rolu da böyükdür. Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda fəal şəkildə təmsil olunur. Bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində çıxış edir”, – deyən Ə.Amaşov bildirib. O əlavə edib ki, türkdilli xalqların yaşadıqları areal kifayət qədər böyükdür və mövcud məkanda baş verənlərdən daha operativ şəkildə xəbərdar olmaq həmin proseslərə təsir imkanları baxımından müstəsna dividentdir. Qarşılıqlı əməkdaşlıq türk xalqlarının qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir. Dünya Jurnalistlər Federasiyası da Türk Dünyası Sənədli Filmlər Festivalını təşkil etməklə ortaq türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyasını hədəf seçib. O deyib: “Azərbaycandan Mətbuat Şurası olaraq biz bu vacib missiyaya dəstək veririk. Festivalda ölkəmizin sənət adamlarının ərsəyə gətirdikləri 7 ekran əsəri təmsil olundu. Radion İsmayılovun “Doğma ocağı” filmi 3-cü yerə layiq görüldü. Digər iki filmimiz isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırıldı”.

Toplantıda digər çıxış edənlər də Türk Dünyası Sənədli Filmlər Festivalını zəruri edən məqamlara toxunublar. Bildiriblər ki, müxtəlif vaxtlarda türklərin tarixi saxtalaşdırılıb, türk milli kimliyi məsələsi şübhə altına alınıb, türklərin assimlyasiya prosesləri geniş vüsət alıb. Bu kimi mənfi proseslərin təkrarlanmaması üçün mənəvi müqavimət formalaşdırmaq lazımdır. Türk Dünyası Sənədli Filmlər Festivalı tarixdəki bu müqaviməti formalaşdırmaq əzmində olan təşəbbüsdür və bu təşəbbüsün davamlılığı şərtdir.

Bölmə : Kino, Sənət