Türk dünyası tələbələrinin “Birinci Beynəlxalq Türkbilim” qurultayı keçirilib

41 Baxış

6f8b4cbb-53f0-4784-a4af-cccff0a8bfdc

4-5 sentyabr tarixlərində “I. Beynəlxalq Türkbilim Tələbə” qurultayı keçirilib. 4 sentyabr tarixində baş tutan Açılış mərasimində Beynəlxalq Türk Akademiyasının Prezidenti professor Darxan Xıdırəli və bir çox qurum rəhbərləri, tanınmış elm xadimləri çıxış edib.

Akademiya Prezidenti çıxışında gənclərə öz tövsiyələrini vermiş və Akademiyanın qurultayı öz himayəsinə götürdüyünü, tez müddətdə məqalələr toplusunu nəşr edəcəyini söyləyib. Digər çıxışçılar ‒ prof. Yavuz Kartallıoğlu, prof. Ramiz Əskər, prof. Hamidulla Dadaboyev, prof. Özkul Çobanoğlu, dr. Gulzada Stanalıyeva, dr. Nodirbek Jurakuziyev, dosent Tudora Arnaut bu qurultayın gənc türkoloqlar üçün önəmindən bəhs edərək təşkilatçıları təbrik ediblər.

Açılış mərasimi bitdikdən sonra 4 sentyabr tarixində 5 bölmə iclası, 5 sentyabr tarixində isə 4 bölmə iclası keçirilib. Ümumilikdə 2 gün ərzində 9 bölmə iclasında Azərbaycan, türk, özbək, qırğız, qazax, türkmən, qaqauz, uyğur, balkan türkcələrində 80-ə yaxın məruzə dinlənilib. Bölmə iclasları bitdikdən sonra isə yekun olaraq Bağlanış mərasimi keçirilib. Bağlanışda prof. Timur Kocaoğlu, dr. Elçin İbrahimov və qurultayın 13 nəfərdən ibarət idarə heyəti çıxış edib. Qurultay təşkilatçıları bildirib ki, qatılmaq üçün 150-ə qədər gənc öz məqalələri ilə müraciət etsə də, yoxlama nəticəsində onlardan 86 məqalə qəbul edilib. Qurultayda iştirak edən məruzəçilərə sertifikatlar veriləcəyi söylənilib.

Qeyd edək ki, qurultayın əsas təşəbbüskarları azərbaycanlı gənclər olub. BDU-nun əməkdaşı Gülnar Axundovanın ideyası və BDU-nun Filologiya fakültəsinin TEC-in sədri, Türkoloji Dərnəyin rəhbəri Məleykə Mirzəlinin səyi ilə bu iş başlanıb. Daha sonra heyətə Azərbaycandan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan bir çox gənc türkoloqlar – dr. Gulzada Stanaliyeva, dr. Jurakuziyev Nodirbek, dr. Zarina Calbiyeva, Intımakgul Nurmagombetova, Lalə Əliyeva, Beyza Türkkolu, Hicret Daşdemir, Zulfiyyə Ağayeva, Nur Sena Taşçı, Burak Özşahin, Gül Akbaş cəlb edilib.