Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəkinin loqotipi hazırlanıb 

28 Baxış

Şəki Türk dünyasının paytaxtıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 19 yanvar 2016-cı il tarixli Sərəncam xalqımızın zəngin mədəni irsinə verilən yüksək qiymətin növbəti nümunəsi olmuşdur. Bu mühüm sənəd Azərbaycanın çoxəsrlik keçmişə malik şəhərlərindən olan Şəkinin tarixi görünüşünün, onun memarlıq üslubunun qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün möhkəm zəmin yaradır.

Son illər ərzində Şəki şəhərində aparılan abadlıq-quruculuq işləri, mühüm infrastruktur layihələrin icrası, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində görülən ardıcıl tədbirlər Şəkinin turizm potensialının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınmasında böyük rol oynamışdır.

Sevindirici haldır ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, bununla əlaqədar  nazirlik, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanmışdır. Mədəniyyət Paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı “Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı” Loqotipi də hazırlanmışdır. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilmişdir.