Türk düşüncə və gələnəyində Dağlar – Elçin İbrahimov

14 Baxış

15894684_1154569134591209_3556559958791238403_n

Senet.az oxucularına Ustad jurnalından Elçin İbrahimovun “Türk düşüncə və gələnəyində Dağlar” adlı yazısını təqdim edir.

Türk mifologiyasında və düşüncəsində dağ anlayışı xüsusi əhəmiyyət kəsb edir. Müqəddəs dağlar bütün mistik inanc sistemlərində göyə yüksəlmə ritualı hesab olunur. Dağlar göy üzünə və dolayısı ilə Tanrıya ən yaxın yerlərdir və yer üzünü göy üzünə bağlayan bir əlaqəni yerinə yetirir. Türkün düşüncə gələnəyində Ulu dağlar müqəddəsdir və inanc yerinə çevrilə bilər, ancaq əsla bir inancvasitəsi deyildir. İlahi dağlar eynilə ağaclar kimi dünyanın mərkəzindədir və göy üzü ilə əlaqəni təmin edən xüsusi yerlərdir.

Türk mifologiyasında Tanrı ay və günəşə toxunan qızıl (qırmızı) bir dağın təpəsindən dünyanı yaradır. Yer üzündə müqəddəs qəbul edilən inanc və dağların, göy üzündə qarşılıqları və arxatipləri vardır. Ural-Altay xalqlarına görə, dünyanın mərkəzindəki dağ Altay (Altın-Tağ) dağıdır vəgöy üzündəki ideal prototipi olan “qütb ulduzu” ilə bərabərdir. Altay dağlarından əlavə türk inanc sistemində Tanrı dağlarının da xüsusi yeri vardır.Mifologiyada yerin qapısı dağlardakı mağaralar, göyün qapısı qütb ulduzu hesab olunur. Türk mifologiyasında və nağıllarında “dəmir dağlar”, “qızıl dağlar”, “mis dağlar” çox tez-tez istifadə olunan motivlərdir.

1.Türklərin müqəddəs dağları

Böyük dağlar, digər mədəni millətlərdə olduğu kimi, türklərin qəlblərində və dolayısıyla dini inanclarında xüsusi bir yer tutur. Zirvələri göy üzünə çatacaq dərəcədə yüksələn və başları buludlar içərisində yoxa çıxan, sanki Tanrı ilə ünsiyyət qururmuş kimi görsənir. Göyün dirəyi dağ, yeri basdıran dağ və Tanrıya gedən ən yaxın yol da yenə dağ idi. Bu səbəblə, “Orta Asiyadakı dağların çoxu, Tanrı ilə əlaqədar adlar almışlar”. Bu yalnız türklərdə deyil; Çində, Hindistanda, İranda və Sami dünyasında da belə idi. İranlıların Elburz dağları, hind mifologiyasının Himalayları (Himavat), çinlilərin Kuan-IungKi-lien sıra dağları ilə Tur-ı Sina, Qafqaz dağları dünya mifologiyasının motivlərini təşkil edir.

Böyük dağlar, türk mifologiyasının da ən önəmli motivləridir. Hər türk əfsanəsində bu müqəddəs dağlar, açıq və ya qapalı bir şəkildə qarşımıza çıxır. Uyğurların ataları olan Kao-çı Toleslərinin mənşə əfsanəsində, “Xaqan qızlarını Tanrı ilə evlənməkləri üçün bir dağın zirvəsinə aparır və kiçik qız bu dağ üzərində erkək bir canavarla evlənərək yeni nəsillər meydana gətirir”.“Erkək qurd” bu əfsanədə Tanrının simvolundan başqa bir şey deyildir. Göytürk mənşə əfsanəsində isə, “Dişi qurd, uşağı götürərək Turfanın şimal-qərbindəki bir dağa aparmış və orda olan bir mağaradan içəriyə girmişdi. Bu mağara da yer altı dünyasına gedən bir yoldu”. Bu yollar, ümumiyyətlə yenə belə müqəddəs dağlardan hesab olunur. Böyük Orta Asiya imperatorluqlarının paytaxtlarının yerləşdiyi “Ötüken dağlar” da türklərin müqəddəs dağlarından hesab olunur.

2. Türklərə görə dünya dağı

X və XI əsrlərdə, böyük dövlətlər quran türklər, olduqca realist bir düşüncə içərisinə girmişlər. Bu düşüncələrin formalaşmasında əlbəttə ki İslam dininin də böyük təsirləri olmuşdu. Buna baxmayaraq, türk atalar sözlərində və şeirlərində əski inancların izlərini də görmək mümkündür. Bu baxımdan aşağıdakı atalar sözünü qeyd etməyin faydası vardır.

“Yür basrukı tag, budun basrukı beg”, “Yerin hakimi dağ, xalqın hakimi bəy və ya hökmdardır”!

Bu qədim türk atalar sözünü başqa bir şəkildə də izah edə bilərik:

“Yeri tutan dağ, milləti tutan isə bəydir”.

Bu atalar sözünə görə, “Əgər dağlar olmasaydı yer olmayacaqdı. Bəlkə də dağılıb gedəcəkdi. Eynilə hökmdarların cəmiyyətləri idarə etdiyi kimi”. Əlbəttə ki, bütün bunları da idarə edən Tanrıdır.

Bununla bağlı bir başqa atalar sözündə:

Tengri, tag birle yerig basurdu”. Yəni “Tanrı dağları yaradaraq yeri daha möhkəm etdi”.

3. Türk mifologiyasında “Altundağ”

Türk inancında uca dağlar Tanrıların yeri olaraq qəbul edilir. Bu inanc, türklər arasında çox yayılmışdır. Bununla bağlı həm qədim türk mənbələrində, həm də qədim İran mənbələrində çoxlu məlumatlar olduğunu bilirik. Bilirik ki, türklər ölən türk böyüklərini, uca dağ başlarında dəfn edirlər. Altay dağlarındakı rast gəlinən kurqanların çoxunun, uca dağlarda tapılmasının səbəbi də hər halda bunlardan irəli gəlir. Elə, Göytürk yazılı abidələrinin (Tonyukuk yazılı abidəsində) bəhs etdiyi “Tinesi oglı yatıgma tag”, yəni “Tinesi oğlunun yatdığı yer”, bunlardan biridir. Qədim türklər, çox yüksək dağlara “Kan” adını verirdilər. Uyğur elinə yaxın, çox yüksək bir dağa da “Altun-Kan” deyirdilər. “Altun” dağları haqqında bir çox qədim yazılı mənbələrdə xüsusilə, Göytürk yazılı abidələrində danışılır. “Altundağ” motivi bütün incəlikləri ilə, yanlız Altay türklərinə aid mifoloji nağıllarda rast gəlinir.

4. Müqəddəs “Dəmirdağ”

Türk mifologiyasına görə dünyanın mərkəzindən yüksələn Dəmirdağ “Ergenokon” əfsanəsinə görə, “Dəmirdağ” motivi üzərində xüsusilə dayanmaq lazımdır. “Dəmirdağ” haqqında bir çox türk mənbələrində danışılır. Eyni zamanda Ergenokon da, bu dəmirdağdan başqa bir şey deyildi. Ancaq bu dağın, dünyanın ortasından yüksəldiyindən və dünyanın dirəyi ilə göbəyinin, bu dağ olduğundan, çox az mənbələrdə danışılır. Qədim qırğızların nəvələri olan Abakan tatarları isə öz nağıllarında, “Bu dağın, dünyanın ortasında olduğunu və dünyanın mərkəzinin də, bura olduğunu” açıq şəkildə söyləyirlər.

5. Yer Qurşağı

“Dünyanın qurşağı olan dağlar”bu inanca daha çox türk mədəniyyətinə yaxın olan Fin-Uqorlarda rast gəlirik. Ural dağları bölgəsində yaşayan türk və fin xalqları, Ural dağlarını “Dünyanın qurşağı” olaraq qəbul edirlər. Onlara görə, “Ural dağları, dünyanı başdan-başa əhatə edən, daş bir qurşaqdan başqa bir şey deyildi”. Bunun üçün ruslar da Ural dağlarına “zemnoy poyas”,“Yer qurşağı” deyirlər. Türklər arasında hal-hazırda bu dağlarla bağlı hər hansı geniş bir bilgi yoxdur.

“Qaf dağı” da Ön Asiya mifologiyasının ən vacib bir motividir. Qaf dağı haqqında rəvayətlər çoxdur. Bir çox mifoloji qaynaqlara görə, Qaf dağı “Dünyanı əhatə edən böyük bir silsilə dağlar” idi. Bir rəvayətə görə, “Qaf dağının ətrafını da böyük bir okean ağuşuna almışdı. Yaşıl bir zümrüddən yaradıldığı” da söylənilən rəvayətlərdəndir. Bu baxımdan, uyğur əfsanəsindəki “Yaşıl sıra” dağları ilə aralarında hər halda hansısa əlaqə vardır.

“Yeddi iqlim”,“Yeddi bölgə” də həmişə Qaf dağına görə tənzimlənirdi. Babildə də, “7 Altundağ zəngiri” ilə “7 bürc” haqqında danışılırdı. Buddizimdəki “Paqodalar” da bir növ dünya dağının simvolu olaraq yanırdı. Buddistlərə görə Pagoda, təmsili olaraq Qütb ulduzlarına qədər uzanırdı.

Yazımızın sonunda “Qutadqu-bilik” əsərində də qeyd olunan dağlarla bağlı bir neçə nümunəni qeyd etmək istərdik.

1.“Dağları Tanrı yaratdı”: Göytürk kitabələrində göy, yer və insanlığın, yəni üç böyük varlığın, Tanrı tərəfindən “kılınmış” yəni yaradılmış olduğu fikirləri üzərində dayanılırdı. Dağ, dəniz və s. kimi varlıqlar isə kiçik və “cuz” idilər. Bəlkə də şərq düşüncələrinin təsiri ilə və ya şeir dili ilə, digər kiçik varlıqlar da, xatırlanırdı:

“Yarattın milyonlar qədər (tümen ming), saysız canlını (tirig)! Yazıyı dağı, denizi, tepeyi (kötki) və çukur yerleri” (Qutadqu-bilik, 21)

2.“İnsanın arxası: dağlar və qayalar”: İnsanın söykənəcəyi, arxalanacağı bir yer, olmalıdır. Bu anlayış, bugün də, dil və düşüncəmizdə yaşayır. İndi də, dağ və ya qaya kimi arxası var deyirlər.

“Kimin adaşı və qoldaşı çok olarsa, onun arxası yalçın (yalım) bərk qaya olar”. (Qutadqu-bilik 1698).

3. “Şəhidlərin dağlara bənzədilməsi”: Göytürk yazılı abidələrində, “Sümüklər  dağ kimi (yıgılup) yatdı” kimi ifadələrə tez-tez rast gəlmək olar. Burada sevərək canını fəda edənlərdən, (sevük can yuluğlap), deyərək söz açılır. “Yoluğ, yuluğ” sözlərinin əski türkcədə çox dərin bir mənası vardır. Sevərək canlarını fəda edərək yatan igidlər, ancaq bu şəklə dirilirlər:

“Ancaq bu şəkildə dirilir, alp-ərənlər, igidlər (ersig eren); sevdikləri canlarını fəda edərək, dağlar və qayalar (kayan) kimi yatarlar” (Qutadqu-bilik 2281).

4.“Dağlar başını əymə”: Dağların başlarını tutub əymək istəyi və ya düşüncəsi, digər türklərin, xalq atalar sözlərində də müşahidə edilir. Kaşğarlı Mahmudun XI əsrdə toplamış olduğu iki atalar sözündə də bu anlayış motivini görə bilərik:

“(Yayın) qurulmuş (kurmış) kirişi dugunlenmez; kementle de (ukruq), dağ egilmez”. Bu motivlə əlaqədar iki anlayış üzərində yuxarıda geniş şəkildə danışmışdıq. Yəni “böyük işlər kiçik işlər edilə bilməz” deyilirdi. Qutadqu-Bilik isə uca dağ başlarının, ancaq ərdəm ilə əyilə biləcəyi” fikirindədir.

Ərdəm ilə əlini uzadıb,  uca dağ başlarını əyib (egip) yerə endirərsən”.(Qutadqu-bilik 2084).

Mənbə: Ustad jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10