Türk inancında Tenqriçilik – Zibeydə Quliyeva

13 Baxış

turk_yurtlari_birlessin1

Senet.az oxucularına Ustad jurnalından Zibeydə Quliyevanın “Türk inancında Tenqriçilik” adlı yazısını təqdim edir.

Tenqriçilik nədir? Tenqriçilik türklərə aid olan bir inanc və düşüncə formasıdır. Tenqriçilikdə tək Tanrı inanışı vardır. Tenqriçiliyin müqəddəs kitabı yoxdur. Tenqriçiliyə görə ən böyük müqəddəs kitab təbiətin özüdür. Tenqriçilik türk mifologiyası, ya da şamanizmlə qarışdırılmamalıdır.  Tenqriçilik türk mifologiyasından, ya da şamanizmdən müəyyən parçalar daşısa da, bu anlayışlarla birbaşa əlaqəli deyildir.  Tenqriçilkdə tək Tanrı inancı vardır. Bu Tanrı qadın, ya da kişi deyil. Məlum  bir görünüşü yoxdur. Yaşayan canlılara bənzəməz. Tenqri kəlməsi orta asiya dillərində “göy üzü” mənasına gəlir.

Eyni zamanda mavi rəngi də ifadə edir. Müasir türk dilində işlətdiyimiz Tanrı sözü birbaşa əski türkcədəki tenqri sözündən gəlmişdir. Tenqri sözünün ən qədim köklərini eramızdan beş min il əvvəl mövcud olmuş Şumerlərdə görmək olar. Şumerlərdə “dingir” sözü birbaşa Tanrı mənasını verirdi. Tenqri sözü digər türk dillərində Tanrı, tanqara, tingir, tinür kimi formalarda da işlənməkdədir. Xüsusilə Göytürk dövrü yazılı abidələrində tez-tez rast gəlinən və ən açıq ilahi anlayışdır.  Tenqriçilk, göy Tanrı dini, tenqrizm, göy tenqri inancı bu inanc və dünyagörüşünün başlıca adlarıdır.

Tenqriçiliyin əsas xüsusiyyətləri: Göy Tanrı inancında qulluq anlayışı yoxdur. İnsanlar Tanrının qulu deyildir. Onun tamamlayıcı bir hissəsidirlər. İnsanlar göy Tanrının uşaqlarıdır. Tenqriçi inanc və düşüncə tərzində qadın və kişi arasında fərq yoxdur. Bu səbəblə aralarında bir-birilərinə qarşı bir üstünlükləri də yoxdur. Göy Tanrı inancına görə yer üzündə yaşayan ilk insan göy üzündən törəmişdir. Bu ilk insan göy üzündə bir işıq olaraq yaradılmış, sonra yer üzündəki bir ağacın içinə düşmüş və ağacın kölgəsi getdikcə şişməyə başlamışdır.Ağacın yarılan gövdəsinin içindən də bu ilk insan çıxmışdır.

Qıpçaq türklərinin adı olan “qıpçaq” sözü qədim türkcədə “ağac qabığı” mənasını ifadə edir.Qıpçaq türkləri özlərinin bir ağacın içindən çıxdığına inanırdılar. Buna görə də ağaclar türk yaşayışı üçün xüsusi müqəddəslik ifadə edir. Orta Asiyada atası olmayan uşağa bir ağac göstərilərək “bu sənin atandır” deyilməkdədir. Həmçinin, əri olmayan qadınlar da simvolik olaraq bir ağacla evləndirilə bilməkdədir. Göy Tanrı inancında cənnət və cəhənnəm kimi anlayışlar yoxdur. Cənnət və cəhənnəm kimi anlayışlar insanlar arasında eqoistliyə və fərdçiliyəsəbəb olmuşdur. İnsanları ölümdən sonrakı həyat üçün Tanrı ilə razılaşma aparmağa sövq etmişdir. Hər biri ölümdən sonrakı xoşbəxtlik üçün yalnız özünü düşünməyə başlamışdır. Bunun kimi eqoist və fərdçi yanaşmalar tenqriçilikdə yoxdur.

Göy Tanrı inancında fərdlər bir-birilərinin etdiklərinə görə məsuliyyət daşıyırlar. Bir insanın yanlışı eyni zamanda cəmiyyətin yanlışıdır. Bir insanın doğrusu eyni zamanda cəmiyyətin doğrusudur. Bu səbəblə fərdlər bir-birilərinə qarşı məsuliyyətli olmalı və bir-birilərini yönləndirməlidirlər. Göy Tanrı inancında fərdçilik deyil, cəmiyyətçilik vardır. Göy Tanrı inancına görə ölən insanın kölgəsi təbiətə qarışır və kainatın bir hissəsi olur. Ruh mənasına gələn ölən insanın təni də müxtəlif hissələrə ayrılaraq, bildiyimiz yer və zamandan sovrulur. Məsələn, tənin bir hissəsi təbiətdəki digər canlıların içinə girir və o canlılarla birlikdə gəzir. Tənin digər hissələri də ölən adamın atalarının yanına gedər. Həmçinin bu inancda tən digər bir neçə növə də ayrılır.

Göy Tanrı inancında insanın yaşayarkən etdiyi əməllərin məsuliyyəti öləndən sonra, öz nəslindən olanların üstünə qalar.Tenqriçiliyə görə bir insan öldükdə yaşayarkən etmiş olduğu əməllərin məsuliyyətindən azad olmuş olur. O, insan artıq ölmüş, yaşayanların dünyası ilə əlaqəsi qalmamışdır. Ancaq belə bir hal vardır: Həyat yaşamında pis əməl sahibi olmuş, adı uşaqları tərəfindən anılmaz. Adı anılmayan insanın ruhu yoxluq aləminə qarışır.Yoxluq aləmi qaranlıq və sıxıntı verən ruhlardır.  Bu vəziyyət ölən insanın digər dünyada çəkə biləcəyi ən böyük kədərdir.

Göy Tanrı inancına görə hər bir fərd özündən əvvəl yaşamış ən az yeddi nəsil əvvəlki atalarının adını bilməlidir. Ölmüş ataların ruhu nəvələri onları yad etdikcə sevinərlər. Bu adət Qazaxıstan və Qırğızıstan kimi Orta Asiya ölkələrində geniş şəkildə davam etməkdədir. Yaşayan fərdlər öldükdən sonra adlarının yad edilməsini istəyirlərsə həyatları boyunca yaxşı əməllər etməlidirlər. Bu inanc türklərdə körpü tikdirmək, bulaq tikdirmək, su quyusu düzəltdirmək kimi adətlərin yaranmasına yol açmışdır. Burada məqsəd körpüdən keçənlərin körpünü tikdirənin adını yad etməsi, bulaqdan su içənin bulağı tikdirənin adını yad etməsinə səbəb olmaqdır. Buna bənzər şəkildə, öz atalarının görmüş olduğu pis əməllərin yükünü üstündən atmaq istəyən nəvələr, bu kimi, xeyirli işlər görmüşlər.

Tenqriçilikdə məndən əvvəlkilərin və sonrakıların nə etdikləri və nə edəcəkləri,həmçinin, ətrafdakıların da nə etdiyi kimi fikirlər yoxdur. Tenqriçilikdə fərdçiliyin olmadığını demişdik.  Lakin belə bir xüsusi hal var. Tenqriçiliyə görə hər fərd öz daxilində bir kainatdır. Fərdlər bir-biri ilə eyni deyildir. Beləliklə tenqriçilikdə hər fərdin özünəməxsus olan düşüncə və insanı xüsusiyyətlərinə hörmət göstərilir. Hər fərdin də bir-birindən fərqli xüsusiyyətlərinin olması gözlənilir.

Tenqriçi düşüncə və inanc formasında konkret olaraq ayrılmış yaxşı və pis anlayışı yoxdur.  Yaxşı və pis anlayışı bir-birinin içinə keçmiş bir-birini tamamlayan anlayışlardır. Nəyin nəyə görə yaxşı və ya pis olması kimi qiymətləndirici meyarlar yoxdur. Bunlar mücərrəd anlayışlardır.

Tenqriçiliyə görə kainat bir-birindən konkret olaraq ayrılmış anlayışlardan ibarət deyildir. Kəskin şəkildə bir-birindən ayrılmış ziddiyyətlərin çatışması tenqriçilikdə yoxdur.Tenqriçiliyə görə daxili və xarici tarazlığa qovuşa bilmiş adamlar xüsusi insanlardır. Bu tarazlıq yolunu tapa bilməmiş cəmiyyətin digər fərdləri bu xüsusi insanları taparaq tarazlığa qovuşmağın yolunu öyrənməlidir.  Türk yaşamında soyuqqanlı olmaq və ortaq yolu tapa bilmək önəmlidir. İnsanlar  daxili və xarici tarazlıqlarını pozacaq əməllərdən çəkinməlidirlər. Göy Tanrı inancında atalar anlayışı əhəmiyyətli yer tutur. Atalarımızdan qalan xatirələri qorumaq, onların istifadə etdikləri əşyaları saxlamaq, onların olduğu yerlərə hörmət etmək, onların adını yad etmək önəmlidir. Məzar başında dua etmək, uşağa öz babasının adını vermək kimi əməllər göy Tanrı inancından gəlməkdədir.

 Göy Tanrı inancına görə həftə ortası ölüləri yad etmək günüdür.  Müasir təqvim quruluşuna görə, cümə axşamı günü ölüləri anmaq günüdür.  Cümə axşamı günündə dünyasını dəyişən insanlar yad edilir.  Onların yaşayarkən sevdikləri yeməklər bişirilir. Bişirilən yeməklərin qoxusunun onların ruhunu şad etdiyinə inanırlar. Bu günlərdə paltar yumarıq. Kirli suyun atalarımızın ruhunu narahat edəcəyinə və onların evimizə gəlməyəcəyinə inanarıq. Yenə orta gündə evdəki işıqları yandırarıq. Atalarımızın ruhunun qaranlıq evə gəlməyəcəyinə inanarıq.

 Bu adətlər bugün də Türkmənistanda və bir çox türk toplumunda yaşanmaqdadır.  Tenqri müqəddəslik anlayışının mənbəyidir. Müqəddəslik insanları ucaldır, bolluq mənbəyidir, sağlıq qaynağıdır, rəhbər şəxslərə cəmiyyəti daha yaxşı idarə edə bilməsi üçün güc verir. Bütün bunların qarşılığında tenqri insanların gündəlik həyatlarında nələr etdikləri ilə maraqlanmaz. Tenqri insanların gündəlik həyatına qarışmaz və onları yönləndirməz.  Tenqri insanlara onu edin, bunu edin, onunla savaşın, bunu öldürün deməz.  Bütün bunlar insanların öz gündəlik işləri ilə bağlı anlayışlardır.

Bu səbəblə göy Tanrı inancında peyğəmbərlik anlayışı yoxdur.  Tanrı heç kimə başqalarının eşidə bilməyəcəyi sözü söyləməz. Tanrı heç kimi başqalarından ayırmaz.  Əgər Tanrı kiməsə bir söz söyləmək istəyərsə bunu digər bütün insanlar da eşitməlidir.

Göy Tanrının ən böyük sözü təbiətin özüdür. Tenqriçi inanc formasına görə canlı və ya cansız bütün varlıq aləminin ruhu vardır. Tədqiqatçı ilahiyyatçılar bu anlayışa animizm deyirlər.

Torpağın, suyun, yerdəki daşın bir təni-ruhu vardır.  Bunlar yiyələrdir. Yiyə əski türkcədə sahib mənasını verir. Axan suyun yiyəsi o suyun içində olan ruhudur, hörmət göstərilir. Yanan alovun içində o alovun yiyəsi vardır, hörmət göstərilir. Alovun içinə tüpürülməz, alov su ilə söndürülməz. Alovun yiyəsini şad etmək üçün onun içinə yağ və bunun kimi qidalar atılır.  Bütün bunlar yaşayan, ya da yaşamayan bütün varlıqların ruhu olduğu düşüncəsindən gəlir. İnsanın mehriban və bərabərlik içərisində həyatını davam etdirə bilməsi üçün yaşayan və yaşamayan bütün varlıqların ruhuna hörmət göstərmək lazımdır.

Göy Tanrı inancında insanın səcdə etməsi qadağan edilmişdir.  Ancaq kölələr səcdə edərlər və göy Tanrı inancında köləlik quruluşu qadağan edilmişdir. Bir insanın alnı yerə dəyməməlidir. Çünki torpaq mənfi enerjini təmsil edir, xəstəliklərin, eqoistliyin, sıxıntıların mənbəyi torpaqdır. Türklər bu səbəblə torpağa dəyməyi sevməzlər. Səcdə edən insanlar eqoist və maddiyyatçı bir xarakterə bürünmüş olur.  Bir insan hətta gəzərkən yerə çox baxmamalıdır.  Yerə baxan insanlar  yerdən mənfi enerji alırlar. Qadın, kişi hər insan gəzərkən göy üzünə doğru baxmalıdır. Göy üzündə müqəddəslik vardır, göy üzündə müsbət enerji vardır. Göy üzü bizə hər zaman qucaq açar.  Bizlər göy üzünün azad övladlarıyıq.  Bu səbəblə başımız dik və yuxarı baxaraq gəzmək lazımdır.

Tenqriçilikdə Tanrıya yalvararkən əl açılmaz, çünki ancaq dilənçilər əl açarlar. Dilənçilik türk dünyagörüşündə oğurluq hesab olunur. Əski türklər dilənçilərə oğrulara tətbiq etdikləri qanunları tətbiq edərdilər.

 Göy Tanrı inancına görə, heç kim Tanrıdan özü üçün bir şey istəməz. Bir insan ancaq yaxın ətrafı üçün Tanrıdan bir şey istəyə bilər. Məsələn, yoldaşı və uşaqları üçün. İnsan Tanrıdan ancaq sağlıq, yaxşılıq, salamatlıq istəyə bilər. Maddi şeylər istənməz. Bir insan Tanrıya yalvararkən də bəzəkli sözlər istifadə etmək əvəzinə içdən gələn və sadə sözlər seçməlidir. İnsan əvvəlcə özünü Tanrıya tanıdar, sonra dilədiyi şeyləri Tanrıya söyləyər. Hörmət göstərmək üçün insan əsla səcdə etməz. Sağ diz qabağa atılır sol diz qırılaraq yerə vurulur, sağ əl sol sinənin üstündə olar. Buna diz vurmaq deyilir. Diz vurularkən də baş yuxarı baxmalıdır.  Bu türklərə xas olan bir hörmət əlamətidir.

Göy Tanrı inancına görə, yalnız qadın və kişi cinsi arasında yaşanan cinsi bərabərlik forması məqbuldur. Bunun xaricindəki əməllər uyğun deyildir.

Tenqriçilikdə qadın və kişilərin saç düzümü də xüsusi qanunlara bağlıdır. Məsələn, türk kişilərinin  yanlardan kəsik təpədən uzun hörüklü saçları vardır. Qadınların saçları isə tamamən uzun və hörüklüdür.  Saç Tanrıya olan bağlılığın simvoludur. Tenqriçilikdən din olaraq bəhs etsək də əslində din olmaqdan çox yaşam tərzidir.  Tenqriçiliyi bir inanc forması, ya da düşüncə və həyat tərzi olaraq qəbul oluna bilər. Tenqriçilikdə sünilik yoxdur. Göy Tanrı özünə inananlarla və inanmayanlarla  maraqlanmaz. Bu səbəblə tenqriçilikdə missionerlik də yoxdur. Göy Tanrı inancı yayılmağa çalışmaz, buna aid öyüdlər də verməz. Göy Tanrı düşüncəsinin çox geniş yayılmamış olmasının səbəbi də budur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə sadəcə budur: bizə bənzəyən insanları tapmaq və maraqlanarlarsa göy Tanrı düşüncəsini onlara çatdırmaqdır.

Göy Tanrı düşüncəsində bərabərlərin bərabərliyi qanunu vardır. Təbiətdəki heç bir canlının digərinə üstünlüyü yoxdur. Eyni zamanda insanların arasında da birinin digərinə üstünlüyü yoxdur. İnsan yer üzünün qoruyucusu və gözətçisi deyildir. Bütün kainatın sıradan bir hissəsidir.  Göy Tanrıçılıq doğuşdan gələn bir düşüncə tərzi və yaşam forması deyildir, dövrlər boyu yeniləşmə prosesindən keçmişdir. Tenqriçilik elmlə iç-içədir, elimin göstərdiyi yoldan gedər və özünü inkişaf etdirər. Tenqriçiliyə görə yer üzündə qüsursuz din yoxdur.  Tenqriçilik də qüsursuz deyildir. Hər inanc və düşüncə tipi mənsub olduğucəmiyyətin şərtlərinə əsasən öz doğrusunu öz yolu ilə tapmışdır.

Tenqriçi olmaq bütünlükdə bir türk kimi düşünmək, bütünlükdə bir türk kimi yaşamaqdır. Göy Tanrı inancı və yaşam tərzi türklərin tarixi kimliyidir. Tenqriçi yaşam tərzini unutmuş olan türk cəmiyyəti sürətlə yadlaşmış, digər xalqların həyat tərzinə öyrəşmiş və öz köklərini unutmuşdur. Mədəni türklük göy Tanrı inancından keçər. Göy Tanrı inancı türklərin həqiqi dinidir.  Atalarımızın həyata baxış forması və həyat tərzinin böyük bir hissəsini göy Tanrı inancına olan bağlılıqları ilə izah etmək olar. Tenqriçiliyə görə bütün türklər bir gün Altay dağlarının ətəklərində yenidən görüşəcəklər.  Buna “Atanar daş” deyilir. Altay dağlarındakı bir inanca əsasən, Altay dağlarından qopan hər bir daş parçası bir gün Altay dağlarına geri qayıdacaq. Göy Tanrının övladları da bir gün Altay dağlarının ətəklərində görüşəcəkələr.

Tenqriçilik kitabı olmayan, peyğəmbəri olmayan, simvolu olmayan bir həyat tərzi və düşüncə formasıdır. Tanrı, atalar və təbiətin yiyələri tenqriçi inanc və düşüncə quruluşunun əsasən hissələridir. Göy Tanrı inancının tətbiqlərinə, adətlərinə və tarixi köklərinə gələcəkdə toxunacayıq…

Qeyd:Tenqriçiliklə bağlı daha ətraflı məlumatı “Göy Tanrı inancının bilinməyənləri” adlı kitabdan əldə etmək mümkündür.

 Mənbə: Ustad juranlının 9-cu sayı.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10