Türk poeziyasından seçmələr – Dilsuzun tədimatında

10 Baxış

author_32

Əli Yücənin şeirləri

EHTİMAL

Mən,
çocuq olsaydım əgər,
qov çaxmaq satardım
bulud əmilərə -
əvəzində
peşmək,
bir də közdə bişirilmiş
qarğıdalı alardım.
Mən,
çiçək olsaydım əgər,
heç saxsı ayaqqabı
geyinməzdim ayağıma,
borc qanad alardım
göyərçin xalalarımdan -
“Sülh” deyə-deyə
uçardım başınızın üstündən.

Mən,
çay olsaydım əgər,
düşmən kimi
sürünə-sürünə
yaxınlaşmazdım dənizə.
Mən,
tüfəng olsaydım əgər,
ölüm saçmazdım,
od püskürməzdim -
utanardım tətiyimdən,
bir də
insanların əyri barmağından.

SEVDALI SÖZCÜKLƏR

Məni tanımadınmı dedi
bir sözcük bir sözcüyə.
Çevir zamanın vərəqlərini,
Yaddaşını bir qurdala…
Yaxşı bax gözlərimin içinə,
xatirələr
bərq vuracaq üzümdə.
Bir
yağışlı gündən
sonra idi,
yan-yana düşmüşdük
bir şeirin ilk misrasında.
Göz-gözə gəldik
qəflətən,
bir şey qımıldadı
içimizdə;
sonra qovulduq şeirdən -
gizli öpüşmüşdük deyə…

Xatırladım dedi o biri,
əlin əlimə dəyəndə
sıçradım
sevdanın bənövşəyi atına;
eyy… haralara getmədim?
Mən getdikcə -
ayrılıq böyüdü,
mən getdikcə -
həsrət böyüdü,
mən getdikcə -
hüzn böyüdü…
Bilmədim, nə idi,
qırıldı, töküldü içimə.
Nə acılar çəkdim,
bir bilsən,
üzümmü gülər qürbətdə?
Amma
bir an belə
unutmadım səni,
üz-üzə,
göz-gözə durmadım heç
bir başqa sözcüklə…

Səsin səsimə qovuşunca
içimdəki süd dənizləri
qabarmağa başladı yenə-
öpüşə batırınca
dodaqlarımızı,
öz ətrini duydu yosun,
öz rəngini gördü
bənövşə…
Haydı, gəl, dedi,
qız sözcük
oğlan sözcüyə:
“Başqa bir şeirə girək
ozan babanın
gözünə görünmədən…”

SEVGİ

Nəyinə lazımdı
bağça-bağ,
nəyinə lazımdı bahar
səsi bərbad bir quşun?
Nəyinə lazımdı naz-qəmzə,
nəyinə lazımdı al yanaq
qaraqabaq bir qızın,
deyilmi,
Qaracaoğlan?
İrmaq idik – axdıq,
şimşək idik – çaxdıq,
hər şeyin axırına çıxdıq,
dinimiz, imanımız -
tək türkümüz
qaldı əlimizdə,
tək sevgimiz
qaldı əlimizdə,
deyilmi,
Yunus Əmrə?
Dinləyin məni, çocuqlar,
minməyin bu kor gəmiyə.
cançəkişən dənizi
aparın bir sərinə…
Kiklop əmilərə
fikir verməyin;
minlərcə qəlb,
minlərcə göz – sizdə,
deyilmi, Homer?
Dəniz pərilərinin
çaldıqları sirenlər də
bir şeyə yaramaz,
deyilmi,
Ruhi Usta?
Yalnızlıq nədi ki,
haydı, çocuqlar,
enirik
bu başsız dağdan.
Ayrılıq nədi ki,
boyayır qürbət
öz-özünü
gözlərimizin rənginə,
deyilmi,
Nazim Hikmət?
Yer yorğun,
göy yorğun,
susuz-qısır buludlar…
Çıxırıq bu meyvəsiz bağdan,
haydı, haydı, çocuqlar.
Əzrail kimdi ki,
kimdi ki, Xızır paşa,
minlərlə can
hər birimizdə,
deyilmi,
Pir Sultan?
Yer darğın,
göy darğın,
irmaq idik – axdıq,
şimşək idik – çaxdıq,
hər şeyin
axırına çıxdıq,
dinimiz, imanımız -
tək türkümüz
qaldı əlimizdə,
tək sevgimiz
qaldı əlimizdə.
Haydı, haydı, çocuqlar,
gedirik bu qəvi dağdan,
“Mərhaba!” deyirik insanlara.
Hirs, acıq nədi ki?
Baxmayın siz
Pinoçetlərə,
deyilmi,
Pablo Neruda…

Asəf Halət ÇƏLƏBİ
ŞƏFQƏT

Nə olar,
başqasının olanda,
bir insan yavrusunu
sevmək istəyirəm,
ağzı,
burnu,
qulağı
və isti qanı olan,
və uyuya bilən
bir insan yavrusunu.
Uyu, çocuq, uyu
dizimin üstə,
Böyü, çocuq, böyü
dizimin üstə…

Məcid BENİCE
QARDƏLƏN

Mənim adım – Qardələn.
Bir çiçəyəm -

gün işığına aşiq.
İstəsən,
vur incəcik boynumu,
vur səhər ayazı,
vur,
axsın qızıl qanım
bəyaz qarın üztünə…
Ölümdən
zərrə qədər də
qorxmuram.
Ən gözəl ölüm
baharla,
gün işığıyla
gələn ölümdü…
Mənim adım – Qardələn.
Bir çiçəyəm -
gün işığına aşiq.
Səbr
edə bilmədim
üç-beş gün daha,
gözləmədim
qarın əriməsini,
bir sancı sardı
bətnimdəki toxumu,
vaxtsız-vədəsiz…
Gün işığını öpmək
keçdi ürəyimdən -
dəldim
bəyaz qarı,
uzatdım boynumu…
Ən gözəl ölüm
baharla,
gün işığıyla
gələn ölümdü,
vur incəcik boynumu,
vur səhər ayazı,
vur,
axsın qızıl qanım
bəyaz qarın üstünə.
Ölümdən
zərrə qədər də
qorxmuram.
Mənim adım – Qardələn.
Bir çiçəyəm -
gün işığına aşiq.

KÖŞƏ YAZARLARI
TOP 10