Türk xalqına açıq məktub – Fikrət Qoca

53 Baxış

photo_1411

Türkiyə Cümhuriyyəti bütün Avropanın əvəzinə terrora qarşı müharibə apardığı halda, xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin qınaq hədəfi olsa da, yenə də haqq yolundan dönmür. Eşq olsun qəhrəman məhmədçiklərə! Eşq olsun sağlam Türk xalqına. Sağ ol Türk xalqının qəhrəman oğlu Rəcəb Tayyib Ərdoğan!
Azərbaycan göytürklərindən Fikrət Qoca Göyüş oğlu

 

Mən türkəm

Türkəm bu yer üzündə

Neçə yol köç etmişəm.

Şərqdən Qərbə getmişəm.

Səhrada, daş içində,

Cücərmişəm, bitmişəm,

Batmaz, yanmaz, alınmaz

Adayam mən, bir ada.

Hər bir Türkün dünyada

Nəfəsi Türkiyədir.

Durduğu yeri vətən,

Qibləsi Türkiyədir.

 

Qəzəblənib qalxanda

Mən Attila olmuşam,

Mən Çingiz xan olmuşam.

Evlər yıxan olmadım,

Bütlər yıxan olmuşam.

Arzumu hara əksəm

O torpaqda dən tutur.

Bir əlim qalxan olur,

Bir əlim əldən tutur.

Türkün işi bütövdür,

Türkün bütöv sözü var.

Boynunun dalında da

Türkün görən gözü var.

Didərgin övladların

Lələsi Türkiyədir,

Dünyada hər bir türkün

Qibləsi Türkiyədir.

 

Göyüş oğlu Fikrətəm,

Zaman kimi qocayam.

Nə böyüyəm, nə kiçik,

Elə öz boyumcayam.

Dünyanın hər yerində

Azəri türkiyəm mən.

Millətimin düşmənə

Göz dağı, görküyəm mən.

Başım üstəki səma

Türkün asimanıdı.

Yer üzünün oğluyam,

Qanım türkün qanıdı.

Türklük piramidadır,

Qülləsi Türkiyədir.

Dünyada hər bir türkün

Qibləsi Türkiyədir.

 

Bakı

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10