Türkdilli dövlətlərin mədəniyyət festivalı – Seulda

8 Baxış

seul-800x480Noyabrın 8-13-də Seulda “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək

Senet.az saytının APA-dan əldə etdiyi məlumata əsasən Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət xadimləri iştirak edəcək.

8 noyabr tarixində Seuldakı Koreya Milli Muzeyində festivalın açılış mərasimi keçiriləcək. Növbəti gün Seulda Azərbaycan günü, 13 noyabr tarixində isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət xadimlərinin iştirakı ilə birgə konsert baş tutacaq. Festivalda Azərbaycanı Milli İnstrumental Ansamblı, Azərbaycan Mahnı və Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Elçin Şirinov və caz qrupu təmsil edəcək.

Konsert proqramlarına paralel olaraq tədbirin keçiriləcəyi Koreya Milli Muzeyinin lobbisində Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, təbiəti, müasir arxitekturasını əks etdirən foto, həmçinin milli geyim sərgisi nümayiş etdiriləcək.

Festival çərçivəsində 11 noyabr tarixində Rövşən İsaxın Koreya dilində subtitrlə hazırlanmış “Aktrisa” filmi nümayiş olunacaq. Azərbaycan nümayəndə heyətinin iştirakı, habelə foto və milli geyimlərin, Azərbaycan filminin nümayişi Azərbaycan Mədəniyyət və Turizm, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə baş tutub.

 

Bölmə : Konfrans, Manşet