Türkiyədə Nizaminin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb

2 Baxış

hg

Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami Gəncəvi İli”nə həsr olunan bürüncdən xatirə pulu buraxıb.

AZƏRTAC xəbər verir ki, xatirə pulunun ön üzündə Nizami Gəncəvinin portreti, “Azerbaycan Şairi Nizami Gencevi’nin Doğumunun 880. Yılı” yazısı, arxa üzündə isə Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsi əksini tapıb.

Səfirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi” haqqında Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyənin Zərbxanası ilə xatirə pulunun buraxılmasına dair razılıq əldə olunub.

Xatirə pulunun sertifikatında bildirilir ki, 2021-ci il böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyidir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvi müxtəlif mövzularda yazdığı beş məsnəvidən ibarət “Xəmsə”si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncülük etmişdir. Bu yönüylə mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizami Gəncəvinin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Böyük Azərbaycan-türk şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir.

Bölmə : Manşet, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10