Türkiyəli yazar: “Şairlər Namiq Qaraçuxurluyla söz yarışına girir”

72 Baxış

IrfanSenet.az türk yazıçı İrfan Çiftçinin müsahibəsini ixtisarla təqdim edir.

Irfan Çiftçi imzası  Azərbaycan oxucusuna  “Xəzər” dərgisindən şeirləri ilə tanışdır. Demək olar ki, onu çoxdandır tanıyıram. Türkiyədə təhsil dönəmimizdə ara-sıra görüşmələrimiz, söhbətlərimiz də oldu. Hər zaman türk dünyasından gələn tələbələrə  Türkiyəni sevgiylə anlatdı və onlara mənəvi dəstəyini əsirgəmədi. Yaxşı bilirəm ki, bu gün Azərbaycanda şəxsən tanıdığı, ünsiyyət qurduğu xeyli dostları da var. Son dərəcə maraqlı insan olmasıyla bahəm, özünün də dediyi kimi, dünya ədəbiyyatını, mədəniyyətini, eləcə də türk dünyasının ədəbiyyatını, mədəniyyətini, tarixini özünəməxsus şəkildə öyrənən, bilən və həm də öyrədən eşqli bir insandır. Onu heç vaxt unutmasam da, Rusiya –Türkiyə qarşıdurması İrfan bəyi yadıma yenidən saldı. Belə qərara gəldim ki, bir neçə sualla onun fikirlərini Azərbaycan oxucularına da çatdırım. Xatırladım ki, müsahibəni yazılı şəkildə cavablandıran İrfan Çiftçinin cümlələri aşağı-yuxarı Azərbaycan ağzına daha çox yaxın olduğundan, o qədər də Azərbaycan yazı qayda və cümlə quruluşlarına  məhəl qoymadan bir şirinlik ifadə nümunəsi olaraq saxladım. Müsahibədə həm ümumi  olaraq Türk ədəbiyyatı, modern və modernsonrası türk şeiri, həm də son zamanlar Türkiyədə AK  Partiyanın öndərliyində aparılan siyasi yönümləriylə, Türkiyənin qloballaşan dünya düzənində tutduğu yolla bağlı son dərəcə ilginc fikirləri yer alır. Buyurun oxuyun.

 

– Azərbaycan oxucuları üçün özünüzü  necə tanıda bilərsiniz?

 

– 4 yaşımdan oxuma-yazmağı öyrəndim. O vaxtdan bəri içində olduğum bu dünyanı oxuyub- anlamağa çalışıram (hələ bircə qınnax başa düşürəm).  10-11 yaşımda sol–radikal Leninist ideologiya ilə tanış olaraq,  çox aktiv birinə çevrildim. 13 yaşımda ilk dəfə  qəzet çıxarmışam. O zamandan bu yana həmişə bu kimi işlərlə məşğul olmuşam. Özəl sektorda və dövlətin  müxtəlif işlərində çalışdım. Tələbəlik illərində qəzetçilik, nəşriyyatçılıq, sonra İncəsənət rerjissorluğ işləri, UNESCO-da isə  vəzifə  aldım… Tayyib Ərdoğanın vaxtında İBB Mədəniyyət İdarəsinin başda gələnlərindən biriydim. Milli və beynəlxalq mədəniyyət-sənət festivalı, bu işlərin rejissorluğunu, prodüserliyini v.s. yapdım. Bir sözlə, dünyanın bir çox, eləcə də Avrasiya ölkələrində oldum….amma həmişə şair, mədəniyyət adamı olaraq qaldım, bir siyasətçi kimi dünyaya baxmadım. Çünki siyasət çoxölçülü həyatın sadəcə bir ölçüsüdür. Kimlərəsə çəkici gələ bilər, məncə dünyada baş verənləri anlamaq üçün cılız bir alətəm. Cəmiyyətləri, dövlətləri, hələ- hələ insanı başa düşmək üçün bəzən ayaqqabının, qələmin, stəkanların, əşyaların tarixini, və ya yemək mədəniyyəti, evlilik adətləri, arxitektorial simvollar siyasətdən daha çox məlumat və feyz  verə bilir bizə…onun üçün zənn edirəm,  bir az Oktava Paz kimi, Yahya Kamal kimi  bir şair sayıla bilirəm. Halhazırda  İstanbul Ünversiteti Siyasət və Beynəlxalq Əlaqələr  bölümündə  təhsil verirəm. AYB-nin Türkiyə təmsilçisi, Ulduz jurnalı və 525-ci qəzetin uzun zamandır (hələ də onlar məni yazarları hesab edirlərmi, bilmirəm) yazarı desəm, Azərbaycan oxucuları üçün yetərli olar hər halda.

 

– Siz 90 –cı illərdə Türk şeirində ən önəm kəsb edən gənc şairlərdən biri  olmusunuz. Mən sizin şeirlərinizlə 1991-ci ildə  “XƏZƏR”  dərgisində tanış oldum.  Özünüzə məxsus cizgilər, poetik özəlliklər, öz  üslubunuz olduğu halda, nədən o zamandan bu zamana yazmağısanki  durdurdunuz? Özəl və ya hər hansı bir səbəb varmı?

 

– Poetik duruşum və xarakterimlə bağlı olaraq söylədiklərinizə görə çox sağ olun. Yazmağımı dayandırmadım və özümün hələ də şair olduğumun şüurundayam. Zaman irəlilədikcə insan daha az yazır və daha seçici olub az çap olunur. Mən 15-20 yaş arasında minlərcə şeir yazdım. Amma 20 yaşımda şeirdə ən böyük ustadım olaraq gördüyüm Rilkenin öyüdünə inanaraq yazdıqlarımın  99 faizini yandırdım. Ancaq bir faizi əlimdə qaldı.İndi 50 yaşımdayam, 20 yaşımdan bu günə qədər də davamlı olaraq getdikcə daha az, amma hələ də yaza bilirəm.:))Allaha şükür ki, indiyə qədər mən şeirdən uzaqlaşmadım. Şeir də məni hələ ki, tərk etməyib. Nəsib. Hər yeni şeir yazdıqdan sonra bir daha yazmayacağım kabusunu yaşayıram. Amma baxıram ki, 3 ay, 1 il və ya 2 il sonra yeni bir şeylər yaza bilirəm. Ondan sonra yenidən həyata bir daha gəlmişəm hissini yaşayıram. Nə qədər çox insanın oxuması vacib deyil, fəqət oxumasını bilənlər oxuyur mənim şeirlərimi. Bir sözlə, həyatımdan olduğu kimi,  ədəbiyyat tərəfimdən də rahatam…

Başqa bir səbəbi də, bəlkə insan gənclik illərində olduğu qədər ədəbiyyat-şeir ortamında görünməklə populyar olmaq həyəcanını itirir. Mən bunu da qeyd etmədim sanıram, hələ də fanzin dərgiləri internetdəki blok səviyəsindəki şeir-ədəbiyyat ortamlarını belə izləyirəm. Bu hərəkətim bəzən dostlarıma qəribə gəlir…həmişə bir çox işi eyni vaxtda reallaşdırırdım, kültür-sənət sahəsində bir prodüser kimi çox iş gördüm, ancaq özüm üçün deyil, Türkiyə, Türk dünyası və insanlıq üçün. Digər tərəfədən geçən illərdə unveristet ilə bərabər bəzi rəsmi vəzifələrim də oldu. TRT YK üzvülüyü v.s. Yəni yenə bu kimi bir neçə işi eyni vaxtda gördüm. İndi əsasən bütün gücümlə və imkanlarımla müəllimlik edirəm.Hər halda bir az da standartdan kənardayam, Haiddeggeri, Molla Nəsrəddini bəzən Cəm Yılmaz kimi başa saldığımı da deyir tələbələrim. Məsələn, vaxt- imkan əldə eləyə bilsəm, hələ də şeir – mədəniyyət təfərrüatlı dərgi çıxarmaq istərdim. O mürəkkəb və sellüloz qoxusunu indiki gənclik bilmir, amma mənim gənizimi sızladır. Bu arzularımı gənclərlə, (insanla) doğrudan məşğul olaraq vaxtımı onlara sərf etməklə gerçəkləşdirirəm. Çünki insan yetişdirmək mücəvhər işçiliyi kimi çox çətindir. Verdiyi həzz olduqca bambaşqadır. Mən də onun öhdəsindən bir az  da olsa gəldiyimi düşünürəm. Sonuc olaraq, siyasətdən mədəniyyətə, mədəniyyətdən də mənəviyyata doğru istiqamət alan həyat sərəncamımın içində kitab, şeir, eşq və məhəbbət həmişə var və inşaAllah hər zaman da olması üçün dua edirəm.

 

–  Sizin dönəmin şairləri sizdən öncəki cümhuriyyət dönəminin digərədəbi nəsillərindən hansı xüsusiyyətləri ilə özlərini isbatlaya bildilər?

 

– Bizim dönəm dediyimiz zaman, mən bunu belə sinifləndirirəm, bunu da yazmışam. 1960-75-ci illər arasında dünyaya gələnlər deyə bilərik. Bu Türkiyədə “Şeirdə 80-ci illərin ədəbi nəsli”  deyilən ədəbi nəsildən sonradır məncə….çünki 80-ci illərin ədəbi nəsli, modern  türk şeirinin  girizgahi bir əsasıyıq….ikinci yenidən (1950-ci ildən sonra) bizə qədər gələn aradakı nəsillər psixoloji olaraq əzik, ideologiyalar arasında qalmaqdan poetikası cılızlaşmış, cümhuriyyətin ilk  illərindən gələn modern-qərb –şərq-yerli-milli v.s. kompleksləri olmayan nəsil Türkiyədə bizim nəsildir. Yəni əriyi meyvə satandan almayan, ağacdan dərib yeyən, nənənsindən nağıl dinləyə bilən həyat tərzi olaraq da eyni rahatlıqla Parisdə bir kafedə oturub rom içən və ya Anadoluda bir yaylaqda bağdaş qurub ayran içməyi ancaq bizim nəsil bacardı.Çünki Türklərin tarix boyunca ən çox içlərinə qapandıqları dönəm 1920-1960 –cı illər arasıdır.1950-ci ilə qədər  şairlər, yazarlar imperatorluq nəslidir. Nazım Hikmt, Yahya Kamal, Ahmet Hamdi Tanpınar, hətta Əziz Nesin, Orhan Kamal, Kamal Tahir, Halidə  Ədip, Nəcip Fazıl, Cəmil Meriç, Hilmi Ziya Ülkən v.b. şair, yazar və mütəfəkkirlər həyata Osmanlı- yəni imperatorluk atmosferində başlamışdı. Cümhuriyyətin əsas adamı Orhan Vəli, Məlih Cevdət hər bir anlamda öz dedikləri kimi “Qərip” dövrü, şeiri cılızlaşdırıb, öz ifadələriylə  “küçələrə salmış”  nəslidir. Küçələrə çıxan, tökülən uşaq, insan, qadın nə olursa, eləcə də bizdə də yüksək sənət kalibirləşməni və mövqeyi olan şeir eləcə olmuşdur…bu dönəm bir az şizofrenik bir dönəmdir…ancaq bizim nəsillər ilə yenidən1950-ci illərin şeirin gümrah havası olan (suyunun suyu, bu suyun birisi Osmanlı, digəri də  modern Qərb idi) İKİnci Yeni mentaliteti ilə qoparılan bağları bərpa etdik. Beləliklə 80-ci illərin ədəbi nəslindən bir qism şairlər və bizim nəsil bu İKİnci yeni ilə əqrabalığından və 70-ci illərin ədəbi nəslinə olan məsafəsindən dolayı atasından çox babsına bənzəyir. Onun üçün bizlər həm Füzulini, Camal Sürəyyanı,  İsmet Özəli həm də Baudleranı, Höteyi, Rilkeyi, Pasternakı, Ezra Paundu rahatca oxuduq…Çünkü ideolojik ön yargılar bizə gəlincəyə qədər, əvvəlki nəsillər tərəfindən parça parça qırıldığından dolayı,  bizim Türk ve Dünya şeirinin  gövdəsinə monolit olarak daxil olmağımız  təmin edildi. Yəni əvvəllər şairin şeirindən öncə onun kimlik dəyərlərinə baxılırdı. Filan klassik, o faşist , digəri düşmən, bu ustad kimi. Amma biz, hesab edirəm ki, əvvəlcə şeirə baxmağı bacardıq. Bəzən yalnız şeirə yönəlməyin mübarizəsini aparırıq. Bizim nəsillər ümumi olaraq, üzərlərindəki təzyiqdən öz mədəniyyətlərindən duyulan  və insana dair komplekslərdən təmizləndi. Solçular Yahya Kamalı oxusa sağçı, Vozneseniskini oxusa kommunist olacaqlarmışlar  kimi şübhələri vardır. Neçə il bundan qabaq bir simpoziumda ilk Türk şairinin Alp Çor Tiginin  Sapphodan, Vergilidən daha  dərin olduğunu anlatdığımda bəzi dostlarımız əsəbləşdi, amma çox sonra mənə haqq qazandırmışdılar. Yenə şeiri az ideololojik olaraq qiymətləndirdik, bir məslək olaraq deyil, bir məşrəp  olaraq qiymətləndirmə hakim oldu…beləliklə, yazdığımız şeirlə bir sosial və bədii status əldə etmək yerinə, “ yaxşı şeiri necə yaza bilərik”-  fikri bizdə daha çox hakim oldu. Bütün bu dediklərim ədəbiyyatın sosiaologiyası baxımından bir analizidir. Bəzi yöndən analitik-akademik müstəvidə burdan baxıb qiymətləndirə bilirik, amma bu şəkildə sənətin bütününü və ya əsası ilə ilgili hökm  və qərar da verməyin mümkün olmadığını bilməyimiz lazımdır. Ədəbiyyat müəllimləri, mövzuları daha asan başa salmaq üçün təsnifata və kateqoriyalara qədər   varırlar. Biz də bu metodlardan istifadə edirik, amma sənətkarların və sənətin bu təsnifata əsla sığmayacağını heç vaxt unutmamaq  şərtiylə…

Məsələn, bizim ədəbi nəslə 1960-75-ci illərin doğulanları desək, bu ümumiləşdirmə o dönəmdə yazanların nə qədərinə aid edilə bilər? Ya da 80-cı illərin nəsli və ya Qərib nəsli içində belə o dövrdən daha çox bizə və ya ikinci yeniyə yaxın olanlar vardır….bu hər ölkə üçün azacıq fərqlə eynidir…. ümumiləşdirmələr bizə hasil  nöqtələri göstərir, bu qədər. Sənətdə nəsilləri, cərəyanları, dönəmləri əlbətdə ki bilmək lazımdır, amma bütövlükdə də bu kateqoriyaların  üzərindən qiymətləndirmək  də düzgün deyil. Çünki sonucda sənət fərdi bir yaratmanın sonucudur. Yəni meşəyə baxdığında tək-tək ağacları unutmamaq lazımdır. Bildiyimiz kimi, əsasən şeirin çayı bu nəsllərin, ümumi qiymətləndirmələrin kənarından axır. Mən indi universitetdə (dünyada və Türkiyədə başqa nümunəsi yoxddur) magistr səviyyəli  “Şeir və Poetika” dərsi keçirəm. Orda da incələdiyimiz mətnləri  hardasa dondurmaqla və ya öldürərək bu analizləri aparırıq. Fəqət real sənət əsəri canlı bir şeydir. Onun da özünə görə bir sərəncamı var. Onun üçün həmişə şeirlə və bütün sənətlərlə ilgili dəyərləndirmə apararkən daima “indilik”  şəklində vurğulayıram. Çünki sabah zövqüm, anlayışım (algım ) və dolayısıyla fikrim dəyişə bilər.  Ehtiyat igidin yaraşığı deyilmi?  Bu gün sizə qaranlıq görünən bir tablo, mənzərə və ya bir şeir, sabah içinizə bir işıq düşər və ya sizə elə bir hal gələr ki, sizi yerinizdən oynadar. Zatən sənət əsəri analizlərin, tənqid və ya təşhirin çox ötəsində bir az da anlatılması çətin həzz, zamanın ötəsində estetik bir sehir deyilmi?

 

– Sizə görə çağdaş türk şeirinin yönümü, istiqamətləri  qərb şeirinin  təsirindən nə  qədər  uzaqdadır, nə qədər  yaxındadır?

 

– Bir az öncə söylədiklərimdən davam edərək cavablayım. Artıq ana ekol, cərəyan Türk şeiri üçün özəl olaraq Qərbin və ya başqa bir yerin çox xüsusi  bir təsiri yoxdur. 1940-cı illərdə Orxan Vəli bir az fransızcayla bir iki fransız şair bilirdi və onları yamsılayırdı.Bu gün dünyanın hər yerindən bir şey türkçəyə tərcümə edilir. (xüsusi ilə dünyanı gəzdikcə görürəm ki, bu bütün bəşəri və sosial elmlərdə də, bu gün türkcə ingiliscədən sonra ən zəngin və təzə literatürə sahbdir. Çünki türkcəyə ingiliscənin dışında almanca, fransızca, rusca və digər bütün dünya dillərindən tərcümələr edilir, amma bu almanca, fransızca da yox…) bununla bərabər artıq türk oxucuları-yazarları bir çox dili bilirlər. Yəni mentalitet olaraq Qərb qaynaqlarına yetişmək nöqtəsində oxuyub –yazan bir türkün fransızdan və ya isveçlidən heç bir fərqi yoxdur…türklərin məhəlli xəstəlik və kompleksləri  Türkiyənin  Turqut Özal dönəmindəki dünyaya açılma sürəcində əməlli-başlı itki sayılsa da,  bu itkini də arxada qoyduq deyə bilərəm. Bu dönəmdə yalnız ekonomi olaraq deyil, mədəniyyət, sənət, həyat da dünyaya açıla bildi. Dolayısıyla gözlər, könüllər, ruhlar ehtiyacı olduğu yaxşı və pis nə varsa, tapdı, aldı və zəngilləşdi…Amma post-sovet ölkələrinin zehin dünyasında bizim keçən əsrin 50-ci illərinin sıxıntıları var. Bu məmləkətlər mentalitet olaraq Hegeldən sonrasının şifrəsini çözə bilmir, kodlaşdıra bilmir. Çünki pozitivist sovet ideologiyası olduqca materialistdir. Din düşüncəsini o qədər dərindən qazıdılar ki, adəta insan mentalitetinin metafizikası yox oldu, hardasa ruh yox oldu , sadəcə ağıl qaldı.Yəni ona görə də qloballaşmanın və post –modernizmin bu post-sovet ölkələrində anlaşılmadığını görürəm… İranın, ərəblərin və Çin isə ontolojik olaraq xeyli metafizik olduğu üçün bu anlamda şansları azdır. Məsələ, Türkiyədə əlaqədar mühitlər zəmanəmizin ən yüksək səviyyədəki Qərb düşüncəsinin təmsilçiləri Antoni Giddens, Habermas, Derrida kimi fikir adamlarının fikirlərini, öz ölkələrindəki qədər içəridən duyaraq oxuya bilirlər. Çağdaştürk şeirinin də Qərb ilə eyni hüquqlu və ya ona bərabər  əlaqəsi var,  bəzən bənzər,  bəzən də hər iki tərəfin də özlərinə xas gözəllikləri vəxəstəlikləri var təbii…Paralel kompartımanlarda seyredir  artıq…bu başqa sənətlərdə də elədir, musiqidə, rəsmdə, amma plastik sənətlərdə və teatrda biz sizdən daha zəyifik…Əsl məsələ artıq şərq-qərb, şimal-cənub,  hər şeyi boz  görünür. Zamanımızda qloballaşmayla gələn mədəni dalğalanmalar zatən hər milli və ya yerli mədəniyytləri bir qədər mələzləşdirir.Dünyanı bürüyən bu atmosfer qarşısında sənətlər içərisində də saflığını qorumaq üçün cəbhənin ən önündə şeir mübarizə aparır, döyüşür. Şairlər hesab edirəm ki, çoxdandır içlərindəki ortaq ideyaya çox bənzəsələr də, daha milliyətçi və mühafizəkar dəyərlərin tərəfində olacaqlar…bu şizoit kimi görünən dualist hal, dövrümüzün şairlərinin çiləsi, kəffarəsi olur. Yəni ki, müasir şairlərin psixianalitik vəziyyəti Yunqun elitist bir dillə anlatdığı kimi deyil, Faucault’un qarmaqarışıq  pərişan bir üslupla  anlatdığı kimidir….

 

– Azərbaycan ədəbiyatını izləmə imkanlarınız varmı? Kimləri oxuya bildiniz? Genəl olaraq, Azərbaycan ədəbiyyatı, özəlliklə şeiri  ilə bağlıgörüşlərinizi  almaq istərdik…

 

– Həmişə əvvəldən və hər zaman böyük həyəcanla və hər oxuyuşumda yeni bir şeylər kəşf etdiyim və maraqla gözlədiyim Ramiz Rövşəni yaxından izləyirəm. Hər halda 30 ildən çox oldu ki, Azərbaycanın bütün boyutları ilə mədəniyyəti, xüsusən də ədəbiyyatı və şeiri ilə yaxından maraqlanıram. Oxuduqlarımın təbii ki, hamsısnı saymağı lüzum görmürəm. Payladığım xaricində minə yaxın kitabım vardı. Bu gün də saytları belə izləyirəm. Sevib seçdiklərimi söyləyim: Əliağa Vahid, həm poetik həm də lirik şeirləriylə Rəsul Rza, Nigar Rəfibəyli, hüzünlü və ağırduruşlu Əli Kərim, şeirin dili və zəkasıyla Səməd Vurğun, Fikrət Qoca sadə hüzünü, Bəxtiyar Vahabzadənin didaktik tərəfi, Vaqif Səmədoğlunun yumoru və tragediyası ilə bir şeir oxucusu kimi mənim diqqətimi çəkdi. Təbii ki, bu xüsusiyyətlərin hamısı Ramiz Rövşənin şeirlərində sintezləşmiş olaraq var. O Azərbaycanda yetişmiş özünəxas bir fenomendir, çünki bu saydığım adların sizin nəsillərə qədər arada məncə Ramiz Rövşəndən başqa çox diqqətimi çəkən ad yoxdur. Təbii mənim hələ ki, bilmədiklərim, çatışmazlıqlarım ola bilər. Bəndəniz Platonun dediyi şair və ozan ayrımının tərədarıyam.Bu əslində bizim ənənəvi şeirimizdə də var. Toylarda və ya yaslarda ağı deyənlər ozan, Alp Çor Tigin isə şairdir. Soruşduğunuz üçün söyləyəcəm. Azərbaycanda ozan (öz özünə, gücü özündən başqasına yetməyən söz yozan) çoxdur, şair isə təəssüflər ki, azdır.

Bilindiyi kimi şeir sıxlaşma və öz sənətidir. Yaymaq, çalxalamaq və sözü çürütmək işi poetik ola bilər. Amma şeir deyil. Azərbaycan şeirində bu cılk olma durumu təəsüf, çox təəssüf. .. Şeir yazanlar da yazdıqları mətnlər də oluqca içlərinə qapalıdır, olduqca xeyli məhəllidir…məsələn, deyək ki, bir tək sətirlə çiçəkləri rəmzləşdirmək istəyir. Sizinkilər başlayır hardasa sadəcə özünün bildiyi bütün kəndin çiçəklərinin həm də yerli adını saymağa. Yəni bir fenomen çaları, bənzəri o şeyin əslinə ən uzaq şeydir. Koroğlu başqa, korun oğlu olmaq başqa.  Bizim Qarsda aşıqlar məclisi yorduğunda ərkan sahibləri “sözünün canını de, əcəm aşığı kimi havayı dolanma” deyirlər… sonra olduqca yerli və başdan ayağa qulağa çalınmış mənasız aforizmilər. “Yuxarıdan da yuxarı, o tayın ən oyan tayı” da eyni sarsaq ifadələr deyilmi? Belə gərilmiş neon işığı kimi imitasiya edilmiş obrazlar dünya şeirinin gəldiyi yerdə estetik və poetik deyil. Olduqca məhəllidir. Şairlər müğənni, küftə yazarları, Namiq Qaraçuxurluyla söz yarışına girir, ordan da toy meyxanası, təntənəsi  çıxır təəssüflər olsun. Bunları ən çox da şeir, sənət qusar. Bütünlüklə, oxuduqlarım və izlədiklərim deyil, haqqında danışdığım arazlardan uzaq qalmış özümə yaxın hiss etdiyim  və sevdiyim gənc  adları da söyləmək istəyirəm: gənc yazarlardan Qismət Rüstəmov, sən (Xanəmir), Rəbiqə Nazimqızı, Əsəd Qaraqaplan,  Elçin Aslan, Qan Turalı, Günel Eminli, Sevinc Mürvətqızı, Səlim Babullaoğlu…yazarlardan fikirləri və yazdıqlarını maraqla izlədiyim Kamal Abdulla, Bəsti Əlibəyli, Anar, Rəşad Məcid, Afaq Məsud, Sara Oğuz, Əjdər Ol, Nəriman Qasımoğlunun əvvəlki və yeni yazılarını zövqlə oxuyuram və maraqla izləyirəm….

 

 

 

Söhbətləşdi: Xanəmir Telmanoğlu

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10