Türklüyün keçmişinə işıq tutan roman – Bədirxan Əhmədov

9 Baxış

102354_v07jskm6eh

Tarixi romanı oxumaq həmişə maraqlı olub; çünki roman vasitəsilə keçmişə işıq tutulur, təsəvvürümüzdəki hadisələr yenidən canlandırılır. 

Tarixi tarixçilərin tədqiqatları ilə yanaşı, həm də tarixi romanlardan öyrənmək mümkün olur. Bəlkə daha yaxşı öyrənmək mümkün olur, ona görə ki, romanda tarixi hadisələr yazıçı təxəyyülündə interpretasiya olunur, tarixçinin əhəmiyyət vermədiyi ən xırda detallar belə burada funksionallıq qazanır. Bu mənada Türkiyə yazarı Muhsin Kadıoğlunun “Nar ölkəsi. Əndəlusun son illəri” tarixi romanı olduqca maraqlıdır. Romandakı tarixi hadisələrin türk bədii düşüncəsində indiyədək öz əksini tapmaması əsərə olan marağı daha da artırır.

Romanda 1492-ci ildə İspaniyadan qovulan yəhudilərin və müsəlmanların Osmanlı tərəfindən öz ölkəsinə qəbul edilməsi prosesləri təsvir edilir. Romanın iç-içə keçmiş hadisələrində türklərin “Qızıl Alma” kimi tarixi idealları, Avropanın yəhudi və müsəlmanların başına müsibətlər gətirməsi və onların bu yoldakı cəsarət və qəhrəmanlıqları bəlgələr və bədii təxəyyül kontekstində göstərilir. Romanın struktur zənginliyi, müxtəlif bölümlərə bölünməsi hadisələrin bütün detalları ilə göstərilməsinə imkan vermişdir. “Araqon krallığında Əndəlus mübahisəsi”, “Osmanlı və Məmlük”, “Afşin bəy Dulkadiroğlu sarayında”, “Əndəlus elçiləri Osmanlı sarayında”, “İspaniya yəhudilərinin Sultan Bəyaziddən yardım istəməsi”, “Osmanlı şeyxülislamından Papaya məktub”, “Topqapı sarayındakı cəsus”, “Kamal Rəis Misirdə”, “Tunisdə qarışıqlıqlar”, “Türk elçisi İspaniya sarayında”, “Hər türk kəlləsinə bir qızıl”, “Müsəlman qadınların monastıra basqını”, “İspaniya donanmasının Əlcəzairə hücumu” və s. fəsillərdə ana xətt yəhudilərin İspaniyadan qovulması olsa da, ondan əvvəl və sonra Avropada baş verən tarixi hadisələrə də geniş yer verilir.

Məlumdur ki, Kastiliya krallığı 1482-ci ildə İspaniyadakı müsəlman dövləti olan Qranada əmirliyinə hücum edərək on il sürən amansız savaşlardan sonra Qranada əmirliyini bütünlüklə işğal etmişdir. Lakin əsərdə təkcə bu onillik savaş tarixi təsvir edilmir, həm də bu savaşın gətirdiyi fəlakətlər, Avropada yəhudilərə və müsəlmanlara qarşı aparılan gizli oyunlar, fəlakətlər, faciələr göstərilir. Qranada əmiri 12-ci Məhəmməd ilə bağlanan müqavilədə din azadlığı açıq şəkildə qaranti altına alınmış olsa da, əvvəlcə yəhudilərdən müqavilədə bununla bağlı heç bir qeyd olmasa da, katolikliyi qəbul etmələri istənmiş, bunun ardınca isə daha sərt qərarlar verilmişdir. Bu məkrli qərarlar sonucunda yəhudilərə İspaniya torpaqlarını tərk etmələri üçün cəmi üç ay vaxt verilir. Bu, sürgün deyildi, sürgündə gedəcəyin ünvan bəlli olur; burada isə gediləcək yerin bəlli olmadığı bir durum yaranmışdı. Əvvəlcə müsəlmanlardan torpaqları tərk etmələri istənməsə də, “İspaniya krallığı torpaqlarında katoliklərdən başqası yaşaya bilməz” hökmü hadisələrin sonrakı gedişini dəyişir. Yəhudilər kimi katolik xristian olmağı rədd edən müsəlmanlar da özünün faciəvi günlərini yaşayır. Beləliklə, dinlərini dəyişdirmək istəməyən yəhudilər və müsəlmanlar eyni aqibəti yaşayaraq məskunlaşdığı tarixi torpaqlardan çıxmaq məcburiyyəti qarşısında qalırlar. Lakin necə və haraya?! Yazıçı tarixi romanında buna aydınlıq gətirməyə çalışmış, Avropada yəhudilər və müsəlmanlar üzərində oynanılan oyunların mahiyyətini açmışdır. Bütün bu tarixi hadisələr fonunda müsəlmanlarla yəhudilərin bir-birinə dayaq olması və Osmanlının bu tarixi ədalətsizliyə qarşı çıxaraq yüz minlərlə insanı ölümdən qurtarması reallıqla göstərilir.

M.Kadıoğlu romanın əvvəlində yəhudi və müsəlmanların Qranadadan qovulması üçün xristianların qurduğu məkrli planları ən incə detalları ilə oxucuya çatdırır. Fernando və İzabella krallıqları birləşdikdən sonra ortaq düşmən olaraq gördükləri Qranada Əmirliyini İber yarımadasından atmaq üçün müxtəlif planlar qururlar. Bunun üçün hər şeydən əvvəl, müəyyən ictimai-siyasi səbəblər yaratmaq lazım gəlirdi. Bunun üçün də hər hansı bir bəhanə lazım idi. Lakin elə etmək lazım idi ki, bu proseslər Məmlük Sultanlığı və Osmanlı İmperatorluğu ilə olan yaxın ilişgilərə zərbə vurmasın. Planın həyata keçirilməsi üçün hətta Papaya müraciət edib Xaçlı ordusunu da köməyə çağırmaq olardı. Ancaq ilk başda buna o qədər də lüzum görülmür. Müttəfiqlər Qranada Əmirliyinin müdafiə zəifliyindən istifadə edirlər. Bir neçə sərxoşa müsəlman geyimləri geydirib Qranada torpaqlarına hücum etmələri tapşırılır. Bundan sonra baş verən proseslər iki əmirlik arasında münaqişəyə səbəb ola bilərdi. Günahkarlar ələ keçdiyi zaman hücum edənlər katolik olduqlarından onları müəyyən edə bilməyəcəklər və günahkarların İspaniyanın ixtiyarına verilməsi tələbinin rədd edilməsi müharibə üçün yaxşı bir səbəb ola bilərdi. Hadisələr elə bu süjet xəttilə davam edir.

Mövcud vəziyyətdə müsəlmanların durumu yəhudilərinkindən bir qədər fərqlənirdi. Belə ki, dənizin qarşı sahilində daha iki müsəlman əmirliyi vardı; lakin hər iki əmirliyin İspaniya krallığı ilə əlaqələri pozmamaq üçün müsəlmanları qəbul etməyəcəklərini bəyan etməsi onların da vəziyyətini çətinləşdirmiş olur. Roman boyu müəllifin çatdırmaq istədiyi əsas ideyadan biri bölgədə olan türk dövlətlərinin birliyi məsələsidir. Məlumdur ki, bu dövrdə bölgədəki türk dövlətlərinin birliyinin olmaması sonrakı məğlubiyyətlər üçün əsas olur. Buna görə də müəllif Afşin bəyin düşüncəsində müsəlmanların kimliyindən asılı olmayaraq, birliyi məsələsini qoyur. Afşin bəy Sultan Bəyazidlə söhbətində məsələyə daha qlobal yanaşır. Bu söhbətdən məlum olur ki, türklərin özünün birləşməsində bəzi problemlər var. O, Süleyman bəylə söhbətində” – Ağqoyunlular da müsəlmandır və sizin, bizim kimi türkdür” deyincə, Süleyman bəy: “Müsəlmanız derlər, ama qoyun toteminə inanmaqdan vaz keçməzlər”, – deyə etiraz etdi. Bunun üzərinə mən: “Hər millətin milli dəyərləri də var. İslam, millətlərin dəyərlərini rədd etməz. Əgər islam millətlərin dəyərlərini yasaqlasaydı, heç bir millət müsəlman olmazdı. Çünki hər millət üçün milli dəyərləri son dərəcə önəmlidir, toxunulmazdır”, – dedim”. Dulqədiroğlu Süleyman bəy Ağqoyunlular ilə ticarətdən əldə etdikləri gəlirin aşağı düşməsindən, ticarət vergisinin 20 dirhəmdən 1 dirhəmə düşməsindən şikayətlənir. Afşin bəy türk topluluqları arasındakı bu cür məhəlli problemləri yoluna qoymaq üçün elə bir səbəbin olmadığını müdafiə edir. Çünki qlobal məsələlərdə türk topluluqlarının birliyinə daha çox ehtiyac yaranır. Afşin bəy Süleyman bəyin “biz sünniyiz” fikrilə də razılaşmır və “Biz sünniyiz dersək, onlar da “biz şiəyiz” deyər və beləcə ayrılıq başlayar. Eləsə, hər iki tərəf türkdür. Demək ki, türk olduğumuzu xatırlasaq, türklük üzərinə qardaşlıq inşa edərsək, bu ayrılıqlar ortaya çıxmaz”, – düsturu bu gün üçün də aktuallığını qoruyub saxlayır.

Hadisələrin baş verdiyi zaman müsəlman dünyasında birliyin olmaması proseslərin gedişinə öz təsirini göstərmiş olur. Məmlük İmperatorluğu ilə Osmanlı İmperatorluğunun savaş halında olması proseslərə müdaxiləni çətinləşdirir. Yazıçı hadisələrin təsvirində Afşin bəy, Kamal Rəis və Molla Güranini önə çıxarır. Qranadadan qovulan müsəlmanları və yəhudiləri qurtarmaq üçün müəyyən tədbirlər görülür. Sultan Bəyazid Əndəlus yəhudiləri və müsəlmanlarının azad edilməsini Kamal Rəisin bacaracağına əmin olduğundan onu hüzuruna çağırtdırır və tapşırığını verir. Kamal Rəis donanmayla tanış olmaq üçün Qalataya gedir və bir həftə orada qalaraq vəziyyəti təhlil etdikdən sonra Sultan Bəyazidlə yenidən görüşür. Kamal Rəis səfərə çıxmazdan əvvəl İstanbul limanında adamlarını yerləşdirir. Onlar limana gələn avropalı casusların izinə düşür, onların dəyişik yöntəmlərlə yazdığı məktubları ələ keçirərək Avropadakı planlardan xəbər tuturdu. Kamal Rəis səfərə çıxmazdan əvvəl evə gedərək atası ilə görüşüb söhbətləşir. Atası oğlunun Avropaya yola çıxmasından məlumatlı deyildi. Uzun gecəni söhbətləşdikdən sonra atası yatıb yuxusunda bir yanan kağız görür. Kağız gəmi kimiydi, Ağ Dənizə tərəf yol alırdı. Yuxusunu oğluna danışan atası: “- Kamal Rəis yanğın yerinə gedir. İnşallah Qranada müsəlmanlarına yardıma gedir. İnşallah, bu yanğını da o söndürəcək”, – deyə gələcəkdən xəbər verir.

Kamal Rəis avropalıların zülmündən qurtarmaq üçün yola çıxır və yəhudi və müsəlman əsirləri heç bir fərq qoymadan azadlığına qovuşdurur. Məhz onların sayəsində müsəlmanlar və yəhudilər Osmanlı torpaqlarına sığınırlar. Romanda Kamal Rəisin başçılığı ilə yəhudi və müsəlmanları azad etmək üçün yola çıxan donanmanın qəhrəmanlıqları və üzərlərinə düşən vəzifələrini yerinə yetirmələri tarixi reallığa uyğun olaraq göstərilir. Yazıçı Kamal Rəisi mövcud ictimai-siyasi hadisələri düzgün dəyərləndirən, zamanında doğru qərarlar verən, ağıllı, yenilikçi, cəsarətli bir qəhrəman olaraq təsvir edir. Deməliyik ki, yazıçının romandakı tarixi obrazları ilə yanaşı, həm də bədii təxəyyülün cizgilərilə yaradılmış əsas obrazlarından biridir. Kamal Rəis Malaqadakı monastrı məhz ağılının sayəsində ələ keçirmişdir. Belə ki, bu monastra ildə bir dəfə İspaniya kralı və kraliçası gələrək ziyarət edir və böyük sədəqə buraxırdılar. Bu kilsədə səksən keşiş olduğu söylənirdi. Ona görə də Kamal Rəis bu monastrı ələ keçirməyi düşünür və plan qurur. İslamı qəbul edən iki portəgiz əsilli qadın bu planda yer alır. Onlar günlərin birində monastra gəlib müsəlmanların əlindən zorla qurtulduqlarını iddia edirlər. Uzun sorğu-sualdan sonra onları qəbul edirlər. Qadınlar isə günlərin birində monastrın qapılarını türklərin üzünü açırlar və beləcə monastrı asanlıqla ələ keçiririlir. Monastrı ələ keçirən Kamal Rəis öz ədalətini burada da göstərir, keşişlərlə yaxşı davranır, hətta yığılan pulların bir qismini onlara saxlayır. Bundan təsirlənən ispan rahib “yazıq bizə. Bunca illər müsəlmanlar haqqında nə yanlış şeylər söyləmişiz”, – deyə düşünür.

Romanda Kamal Rəisin başındakı mücahidlərlə İspaniyadakı mücadiləsinə geniş yer verilir. Nəhayət İspaniya kralı Fernando Kamal Rəis və türk donanmasını buradan uzaqlaşdırmanın yeganə yolu yəhudi və müsəlmanları gəmilərə doldurub Osmanlıya aparmasına izn verməkdədir. Belə olduqda həm İspaniya sahilləri rahatlanar, həm də donanmanın toparlanması üçün vaxt qazanmış olar. Yazıçı bu prosesi də həyati faktlarla təsvir edir. Xüsusilə, oyuncağını Qranadada unudan uşağın göz yaşlarına dayana bilməyən ailəsinin oyuncağı almaq üçün geriyə döndüyündə ispan əsgərləri tərəfindən öldürülməsi səhnəsi son dərəcə təsirlidir. Vətəndən ayrılmaq həmişə çətindir. “Bu torpaqlarda ölürsəm, məni Qranadada dəfn edin”,- deyə vəsiyyət edənlər də vardı. Lakin ən maraqlı cəhət insanların bütünlüklə vətənlərini itirməsi bahasına olsa belə, xristianlığı qəbul etməmələri idi. Romanın süjeti boyu bu xətt gizli şəkildə inkişaf edir: ya torpaqlar, ya din. İnsanlar vətənlərini itirməyi milli kimliklərini, dinlərini itirməkdən üstün tuturlar.

Romanda az da olsa, türk torpaqlarında yəhudiləri hansı həyatı gözlədiyinə də yer verilmişdir. Çox qısa icmaldan məlum olur ki, yəhudilər üçün belə bir həlledici məqamda Osmanlı sultanı “Qəbul fərmanı” imzalamışdır. Bu fərmana görə yəhudilərə tarlalar və mülklər verilirdi. Bununla yazıçı müsəlmanlar və yəhudilər üçün yeni və rahat bir həyatın başlanması anonsunu verir.

Romanda həmin dövrə məxsus bəzi sənədlərə, əlyazmalara də müraciət edilir, buraya daxil edilən məktublar həm sənədlilik baxımından romanın yükünü artırır, həm də yazıçının tarixə ekskursunu intensivləşdirir. Osmanlı Şeyxülislamı Molla Güraninin Roma papasına, Məmlük Sultanına məktubları və s. sənədlərə müraciət romanın tarixi dəyərini artırmış olur. Şeyxülislamın Roma papasına məktubunda baş verən hadisələrə daha geniş miqyasdan baxılır və humanist mövqe nümayiş etdirilir. “Papanın vəzifəsi xristianları xoşbəxt etmək ola bilir, lakin digər xalqların papa üçün heçmi önəmi yoxdur?” sualını ünvanlayan Şeyxülislam məktubun sonunda Osmanlıda da xristianların olduğunu, onların azad şəkildə yaşadığını və kilsələrinin olduğunu, onları düşünmələrini xatırladaraq yazır: “Sən ki Papasan!

Əgər müsəlmanlar, yəhudilər və əmrinizə girməyən xristian təriqətlər üzərindəki təzyiqləriniz və zülmləriniz sona erməzsə, Osmanlı məmləkətlərindəki xristianların göz yaşının məsuliyyətini qəbul etməli olacaqsan.

Son sözüm budur!”

Molla Güraninin Kamal Rəislə söhbətində dediyi dualar da maraq doğurur. Bu dualar Dədə Qorqudun duaları ilə yaxından səsləşir: “…Silahlarını yaxşı qoru ki, düşmanların silahlarından xəbərdar olmasın. Silah ustalarına bol maaş ver ki, onların dünya gailələrilə dərdləri qalmasın və gecə-gündüz öz işlərinin başında olsunlar…

Yaxşı adını pisliyə çıxarma və pislərlə yoldaş olma! Zərərin çəkərsən.

İrəli get, gözüm, qalma geri!

Alay pozma, tarlaya basma, yaran payına sarkma!” və s.

M.Kadıoğlunun “Nar ölkəsi. Əndəlusun son illəri” romanı Yaxın Şərqdə gedən indiki ictimai-siyasi proseslər kontekstində olduqca aktual səslənir. Romanda qoyulan müsəlmanların birliyi, yəhudilərin qurtarılması ideyası bu gün İraqda və Suriyada gedən hərbi münaqişələr kontekstində türk və müsəlman dünyasına yeni mesajlar vermiş olur. Yazıçı türkün hər zaman qürurlandığı tarixi keçmişi anladır və demək istəyir ki, türkün keçmişində bəşəriyyətə örnək ola biləcək bu cür hadisələr çoxdur.

KÖŞƏ YAZARLARI
TOP 10