Türkoloji Qurultayın 90 illiyinə həsr olunan Beynəlxalq konfrans keçiriləcək

25 Baxış

adventure

Cari ilin noyabr ayının 14-15 tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan Beynəlxalq konfrans keçiriləcəkdir.

Senet.az-ın AMEA-dan aldığı məlumata görə, Qurultay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin qeyd olunması haqqında sərəncamına əsasən keçiriləcəkdir.

Bu haqda mətbuata açıqlama verən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Səkkiz gün davam edən, dövrünün möhtəşəm hadisələrindən olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycan ilə yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu tədbirdə nümayiş olunub. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında, milli mənəvi birliyinin formalaşmasında çox böyük əhəmiyyətə malik olan tarixi hadisədir.

Akademik İ.Həbibbəyli Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib. Bildirilib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bununla əlaqədar AMEA-da bir sıra tədbirlər də keçiriləcəkdir.

Qurultayda, I Türkoloji Qurultay türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətdar hadisə kimi, Ortaq ünsiyyət dili yaradılmasında problemlər: dil, əlifba, ədəbiyyat, terminologiya, Türk dillərinin tarixi, Türk lüğətçiliyi, dialektologiyası və qrammatikası, Türk xalqlarının ədəbiyyatı və folkloru, Türk xalqlarının tarixi və etnoqrafiyası, Türk xalqlarının incəsənəti və s. mövzularda tezislər dinləniləcəkdir.

Bölmə : Konfrans