“TÜRKSOY və türk dünyası” mövzusunda konfrans

22 Baxış

14876087916348461590_1000x669

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və İstanbul Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “TÜRKSOY və türk dünyası” mövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində “TÜRKSOY-Azərbaycan”, “TÜRKSOY-Qazaxıstan”, “TÜRKSOY-Qırğızıstan” kitablarının təqdimat mərasimi də olub.

Senet.az-ın Azertac-a istinadən məlumatına görə, İstanbuldakı “Türk Dünyası” Mədəniyyət Mərkəzində keçirilən mərasimdə diplomatlar, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatçılar, kitabsevərlər iştirak ediblər.

Mərasimin rəsmi açılışında TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və İstanbul “Kültür və sənət nümunələri” şirkətinin baş direktoru Nevzat Kütük çıxış ediblər.

TÜRKSOY-un fəaliyyətini əks etdirən sənədli filmin nümayişindən sonra konfrans işinə davam edib.

Konfransda TÜRKSOY-un əməkdaşları – Azərbaycan təmsilçisi Elçin Qafarlı, Qazaxıstan nümayəndəsi Asgar Turganbayev, Qırğızıstandan Hocageldi Kuluyev və başqaları təşkilatın ötən dövrdəki fəaliyyəti barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, TÜRKSOY ötən dövrdəki səmərəli fəaliyyəti çərçivəsində türkdilli xalqların mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri, o cümlədən adət və ənənələri barədə genişmiqyaslı tanıtma işləri həyata keçirib. Bildirilib ki, təşkilatın müxtəlif illərdə hazırladığı nəşrlər, o cümlədən incəsənət tədbirləri türkdilli xalqların inteqrasiyasında və dünyada tanınmasında mühüm rola malikdir. Çıxışlarda təşkilatın perspektivdə olan layihələrin əhəmiyyəti, qarşıda duran vəzifələrin həyata keçirilməsinin yollarından bəhs olunub.

Sonda türkdilli xalqların tanınmış rəssamlarının əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.

İştirakçılara təqdim olunan “TÜRKSOY-Azərbaycan” kitab-albomunda təşkilatın Azərbaycanla bağlı çoxşaxəli fəaliyyəti barədə müfəssəl məlumat verilir.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.

KÖŞƏ YAZARLARI
TOP 10