“Türküstan”la tanışlıq

188 Baxış

10350516_1492514710973291_7618311123157503407_nBeşinci, altıncı sinifdən başlamışdı məndə millətçilik hissi. İçimdəki milli hisslərin, coşqunun ifadəsini görmək üçün tarix dərsliyi kitabımız məni qane etmir, içimdəki millətçi ruhu coşdururmurdu dərs kitabları.

Yalnız 7-ci sinif kitabının Babək və Hürrəmilik mövzusunu oxuyanda bi raz mənəvi aclığımı təmin edə bilirdim. Ümumiyyətlə tarix dərsliyimiz marksist-leninist metodologiyası ilə yazıldığı üçün Səfəvilər dövrünü oxuyanda da qürur hissi keçirə bilmirdim. Yaxşı ki, evimizdə rəhmətlik babam Sərdar müəllimin kitabxanasından Əlisa Nicatın “Qızılbaşlar” kitabı  əlimə keçmişdi.

Bir az təskinlik tapmışdım bu kitabla. Sonra atam kitabların içərisindən “Türkün Qızıl Kitabı”nı mənə önərdi. Bu kitabla artıq xəyalımdakı, hissimdəki Böyük Vətənin coğrafiyasını çizmiş oldum. Onun Turan olduğunu öyrəndim.

Doqquzuncu sinifdə oxuyurdum, rayon mərkəzində dostlarımla veyil-veyil gəzərkən köşkdən “stuçnu” siqaret alanda gözüm qəzetlərin içərisindən  “Türküstan”  sözünə sataşdı. Siqaret alacağım pulu qəzetə verdim.

İlk dəfə idi ki, əlimə qazet alıb oxuyurdum. Qəzetin adı, yazıları məni özünə və Turançılıq ideologiyasına qırılmaq bilməyən bir iplə bağlamışdı.

Bir məqamı da qeyd edim ki, o vaxtlar məndə yanlış olaraq belə təəssürat yaranmışdı ki, qəzeti yalnız qocalar oxuyur.  Odur ki, qəzeti yolda kiminsə görməsindən utanaraq köynəyimin altında gizlədib evə getdim.

Artıq böyümüşəm və qəzet almaqdan utanan o məktəbli uşağın indi sevdiyi qəzetdə ara sıra yazıları yayımlanır…

 

Odər Sərdar

 

 

Bölmə : OxucuKlubu
KÖŞƏ YAZARLARI
TOP 10