“Tüstülənən qəlyan” – İlham RƏHİMLİ

41 Baxış

76898_ytn6wmgtrw

Anar nasirdir. Yazdığı “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Vahimə”, “Macal”, “Ağ qoç, qra qoç” povest və romanları, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon” kimi onlarla ədəbiyyatımıza daxil olmuş hekayəsi var.

Bu əsərlərin əksəriyyəti müxtəlif xalqların dillərinə tərcümə edilib və müəllifə Azərbaycandan kənarda da böyük şöhrət qazandırıb.

Anar dramaturqdur. Onun “Şəhərin yay günləri”, “Təhminə və Zaur”, “Adamın adamı”, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Ötən ilin son gecəsi” pyesləri Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, eləcə də Gəncədə, Naxçıvanda, Sumqayıtda, Şəkidə, Lənkəranda… uğurla tamaşaya qoyulub. Hətta 1977-ci ildə Tofiq Kazımovun rejissorluğu ilə tamaşaya  hazırlanmış “Şəhərin yay günləri” tamaşasının yaradıcı heyətindən bir qrup Respublika Dövlət Mükafatına layiq görülüb.

Anar publisistdir. Mənim fikrimcə, ədibin “Anlamaq dərdi”, “Dədə Qorqud” əsərləri milli publisistikamızın şedevrlərindəndir.

Anar ssenaristdir. Ədibin ssenariləri əsasında “Azərbaycanfilm” kinostudiyasında “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi” (Mərkəzi televiziyanın sifarişi ilə),  “Otel otağı”, “Təhminə”, “Əlaqə”, “Cavid ömrü”, “Sübhün səfiri” filmləri, AzTV-də “Evləri köndələn yar”, “Ötən ilin son gecəsi”, “Nigarançılıq” (Mirzə Cəlilin əsərləri əsasında) film-tamaşaları çəkilib. Neçə-neçə sənədli filmin ssenarisini yazıb (məsələn, 1969-cu ildə çəkilmiş “Bu, Səttar Bəhlulzadədir” filmi).

Anar kinorejissordur. Öz ssenarisi əsasında “Üzeyir ömrü”, “Dantenin yubileyi” (Gülbəniz Əzimzadə ilə birlikdə) filmlərini ekranlaşdırıb.

Anar ictimai xadimdir. Azərbaycanın və SSRİ-nin millət vəkili olub. Milli Məclisdə mədəniyyət komissiyasının sədri kimi çalışıb. Neçə illərdir Azərbaycan Yazıçılar Birliyinə səbrlə, təmkinlə ağsaqqallıq edir.

Anar şairdir, tərcüməçidir… və nəhayət, salnaməçidir.

Onun nəfis şəkildə, yüksək poliqrafiya əsasında çap olunmuş “Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti” 3 cildlik kitabı sözün əsl mənasında salnamədir. Kitabların tərtibatı kimi, formatı da bənzərsizdir, cəlbedicidir və müəyyən mənada görkəmcə qədim-qədim dünya salnamələrini xatırladır.

Üç cildlik rus dilində çıxıb və yurdumuza gələn səviyyəli qonaq-qaraya şəstlə, inamla hədiyyə verilməyə layiqdir. Təkcə ona görə yox ki, onu yazan Anardır, yaxud, dediyim kimi, ağ-qara və rəngli şəkillərin çapında alilik var, zəngin faktlar var, gözəllik və cazibədarlıq var. Bir də ona görə ki, bu üç cild milli-mənəvi xəzinəmizi “çığırtısız”, “haysız-küysüz”, əsl vətəndaş qeyrəti ilə dünyaya tanıdır. Üstəlik də Anar bu kitabları elimizə, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə səmimiməhəbbət və sevgi ilə yazıb.

Geniş mənada bu üç cildlik neçə-neçə əsərləri bir-birinə qovuşduran mədəniyyətimizə tutulan sönməz çıraqdır. Elə çıraq ki, onun ziyasında mədəniyyətimizin bizə çox az bəlli olan tərəflərinə heyran qalırıq, əməlli-başlı aşina oluruq, öyrənirik, öyünürük və milli qürurumuz qat-qat artır.

Bununla belə, mən yalnız ikinci cild barədə bir qədər ətraflı yazmaq istəyirəm. Çünki bu mövzu müəyyən mənada mənə daha doğmadır və onun teatr bölməsi elə mənim peşəmdir. Həm də elə bu kitabdan musiqimizin ulu dühası Əbdülqadir Marağayi haqqında (eləcə də neçə-neçə başqa klassiklərimiz barədə) yeni-yeni məlumatlar aldım. İnanıram ki, nə vaxtsa dünya alimlərı vicdanla etiraf edəcəklər ki, peşəkar musiqinin əksər elmi-nəzəri prinsiplərini Avropadan neçə əsr əvvəl Şərqdə, Şərqin Azərbaycan adlı məkanında Marağayi öz əsərlərində filosof müdrikliyi ilə təsdiqləyib. Özünəməxsus, bəşəri mahiyyət daşıyan model-estetika yaradıb. Dünya musiqisinin poetika səciyyələrini riyazi dəqiqliklə müəyyənləşdirib.

Musiqişünaslarımız Üzeyir bəy, baba və nəvə Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Şövkət Məmmədova, Süleyman Ələsgərov, Vasif Adıgözəlov… kimi dühalar, bu gün də ecazkar yaradıcılıqlarını davam etdirən bəstəkar Arif Məlikov, dirijor Rauf Abdullayev, müğənni Zeynəb Xanlarova, pianoçu Fərhad Bədəlbəyli… haqqında gözəl-gözəl əsərlər yazıblar. Bu şəxsiyyətlərə, onların zəngin yaradıcılıqlarına Anarın öz baxışı, öz məhəbbəti və öz yanaşma tərzi, təhlil modeli var. Anarın yazıları bir də ona görə cazibəlidir ki, dili çox səmimidir, bədii, ruha dinclik verən səlist lirizmlə yoğrulub.

Elə buradaca demək istəyirəm ki, Anar səriştəli musiqişünas, rəssamlıq və heykəltəraşlığımızdan silsilə məqalələr, esselər, nəzəri traktatlar müəllifi olan sənətşünasdır. Eləcə də hər hansı kino və teatr xadimi ilə döşləşib istənilən mövzuda elmi-nəzəri söhbət-mübahisə apara biləcək alim teatrşünas və kinoşünas səviyyəsindədir.

Anar sənətlərinə ehtiram bəslədiyi aktyor və rejissorlar barədə yalnız məhəbbətlə, sevgiylə yazmır, həm də dəqiq qiymət verən şünas mövqeyində durmağı, prinsipiallığı əldən verməməyi həssaslıqla bacarır. Bacardığını söz qatarına düzə, fikir boğçasına bükə bilir və bu cəhdə Anarın filosofyana yanaşma qüdrəti adama ləzzət və həzz verir. Bir də ona görə ləzzət və həzz alırasan ki, Anar “fəlsəfəçilik” etmir, adi sözlərə dərin məna donu biçərək hər bir sənətkarın fərdi yaradıcılığına məhz fərdi estetik prizmadan yanaşa, yanaşıb təhlil edə, təhlil edib müəyyən və çox maraqlı, orijinal qənaətə gələ bilir.

Azərbaycan peşəkar teatrının təşəkkülü musiqimiz, miniatürlərimiz, dekoratıv-tətbiqi sənətimiz qədər qədim olmasa da, bütün qüsurları, tərəddüdləri, yaradıcılıq qabarma və çəkilmələri ilə bərabər, inamla şərəfli, şanlı yol keçıb. Bu şərəf və şan yolunda peşəkar dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadədən üzü bəri fədakar dramaturqlarımız, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Nəsibə Zeynalova, Həsən Turabov… və onlarla bu kimi səhnə nəhənglərimiz olub. Bu sənətkarların bir qismi dünyalarını dəyişəndə hələ Anar dünyaya gəlməmişdi. Bir başqa qismini Anar məktəbli və yeniyetmə yaşlarında səhnədə canlı görüb. Amma və di gəl ki, bütün hallarda Anarın təhlil və təriflərindəki obyektivliyə, fakt zənginliyinə heyran qalırsan. O, Ədil İsgəndərovun monumental-romantik, Mehdi Məmmədovun fəlsəfi-idraki, Tofiq Kazmovun lirik-psixoloji rejissorluq estetikalarını, Şəmsi Bədəlbəylinin musiqili teatr janrına gətirdiyi həyati realizmi, onların fərdi duyumlarının özəl cəhətlərini həssaslıqla açıb.

Düzdür, Anar qarşısına milli teatrımızın nəzəri-estetik problemlərini araşdırmaq məqsədi qoymayıb. Müəllifin əsas qayəsi Azərbaycanın mədəniyyətinə, incəsənətinə, o cümlədən, teatr sənətinə dünyəvi pəncərə açmaqdır və buna da şəksiz-şübhəsiz nail olub. Məsələ ondadır ki, xatırlama, esse, publisistika, portret-oçerk, müsahibə, müəyyən məqamlarda təziyə janrının prinsip ahəngdarlığında işlənmiş yazıların bir hüsnü, bir təravəti də onların nəzəri dərinliyində, məfkurə aydınlığındadır.

Haqqında danışdığım ikinci cildin teatr bölməsində elə aktyorlar, elə rejissorlar var ki, onların bəzisi (məsələn, Həsən Turabov) Anarla həmyaşdır və Anarın hansısa əsərinin tamaşasında oynayıblar. Eləcə də Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladov, Yaşar Nuriyev, Zərnigar Ağakişiyeva… barədə yazan Anar həm özünün əsərlərində ifa etdikləri rolları dəqiq qiymətləndirir, həm də və əsasən canlı teatr prosesində onların istedadlarının çəkisini, yerini açıb göstərir.

Son otuz ildə milli teatr rejissuramızda Vaqif Abbasov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Mərahim Fərzəlibəyov, televiziya rejissorluğunda Ramiz Həsənoğlu kimi istedadlar yetişib formalaşmışlar. Anar onlarla ünsiyyətini, iş birliyini, əsaslandıqları məzmun və forma prinsiplərinə, üslub estetikalarına dərindən müdaxilə etməklə sənətkarların canlı obrazlarını yarada bilib.

Anar həm teatr, həm də musiqi (bura ifaçılıq da, bəstəkarlıq da, dirijorluq da, müğənnilik də daxildir), rəssamlıq, kino sahəsində çalışmış və hazırda çağdaşımız olan onlarla qüdrətli sənətkarlarla həm yaradıcılıq ünsiyyəti yaradıb, həm də əksəriyyəti ilə dost olub. Üç cildliyin bir gözəlliyi, mənə xoş gələn bir cəhəti də odur ki, nasir, dramaturq, ssenarist, rejissor Anar dostluqda sədaqətlidir, səmimidir, mehribandır. Anar həm də özündən gənc dostlarına diqqətcildir, lütfkardır…

Son illər Anarın müxtəlif qəzetlərdə, jurnallarda, saytlarda verilən şəkillərində müdrik mütəfəkkirimizin damağında qəlyan var. Qəlyan ona siqaretdən qat-qat çox yaraşır, bu, öz yerində.

Yadıma SSRİ, Amerika və Böyük Britaniya liderlərinin məşhur Potsdam görüşündən bir məqam düşür. Qeyd edim ki, həmin epizodu Stalinin tərcüməçisi Berejkov öz xatirələrində qələmə alıb. (Deməli, Anarın kitabları həm də xatirələr toplusunun zənginliyi ilə gözəldir, dəyərlidir).

Üçlüyün faşist Almaniyasına qarşı İkinci cəbhəni açmaq barədə söhbətləri istənilən səviyyədə alınır. Rəsmi hissə qurtarandan sonra Çörçil Stalindən soruşur:

- Cənab Stalin, düşmənlərinizi ləzzətlə çəkib tüstüyə verdiyiniz məşhur qəlyanınızı görmürəm.

Stalin özünəməxsus təbəssümlə cavab verir:

- Mister Çörçil, mən bütün düşmənlərimi yandırıb tüstülətmişəm, daha qəlyana ehtiyac qalmayıb…

Anarla son illərdə nə vaxt görüşmüşəmsə, müəyyən söhbətdən sonra asta-asta qəlyanını ətirli tənbəkiylə doldurub damağında dəmə qoyur. Ağ saçları çox vaxt darağa həsrət qalan nurani yazıçı dostuma baxdıqca mənə elə gəlir ki, Anar ona olan hansısa haqsız kini-küdurəti ürəyinə salmır, tənbəkiyə qarışdırıb beləcə tüstüyə verir.

Bir də mənə elə gəlir və buna əminəm ki, Anarın qəlyanı tüstülənirsə, deməli onun təfəkküründə hansısa mövzu dumanı fırlanır… Və vaxtı çatanda Anar onları təfəkkür dumanından sivirib çıxaracaq, hansısa janrda yazıb-yaradıb sevənlərə, geniş mənada Azərbaycan mədəniyyətinə ərməğan edəcək…

Qəlyanın tüstülənsin, Anar bəy!..

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10