Tut ağacı – ESSE

134 Baxış

teraneBakıda Dağlı məhəlləsinə yaxın küçələrin birində beşmərtəbəli bir bina vardı…. Binanın arxa tərəfi göz oxşayan meyvə ağacları və gül-çiçəkli bağı xatırladırdı. Qoca tut ağacı yaz başlar-başlamaz, ta payızın axırına kimi binanın arxasını gündən qoruyardı. Biz uşaqlar pəncərədən əlimizi uzadıb tut yeyər, doyduqdan sonra da şirəli əllərimizi üstümüzə sürtərdik. Qonşuların və nənəmin hesabına həyətimiz səs- küylü keçərdi. Həyətdəki yelləncək üstdə növbə həmişə pozulardı, çünki uşaqlar cığallıq edər, bəzən də iş, süpürləşməyə qədər gedib çıxardı. Böyüklər təbii ki, işləri tez yoluna qoyardı. Qonşuların mehribanlığı, bir yerə yığışıb çay içməyi, şirin-şirin söhbətləşməyi ətraf məhəllədəki böyüklərin, hətta uşaqların da qısqanclığına səbəb olardı. Qəbahət iş tutanda, dərslərimi pis oxuyanda, atam məni danlar, böyük qardaşım isə, əlinə düşən fürsəti qaçırmaz, başımı qapazlar, saçlarımı yolardı. Qardaşımdan qorxduğuma görə, cavab qaytarmaz, küskünlüyümü həyətdəki tut ağacına dırmaşmaqla bildirərdim. Mənim üçün tut ağacı alınmaz qala, kiçik hücrə və xəyallarımla baş-başa qaldığım sirli bir məkan idi. Ağacın ən hündür budağında oturub əlimi gözümə dayaq edib, uzaqlara baxardım. Özümü kino qəhrəmanına bənzədir, sanki çox mühüm bir hadisəni burdan seyr edərdim. Bazar günü radioda mugam səslənərdi. Nə sirr idisə, muğamatı ağacda dinləməyi çox sevirdim. Bu ecazkar musiqi məni ağuşuna alıb, uzaqlara aparardı. Gözümün yaşını sel kimi axıdar, sirli-sehirli bir hiss məni təlatümə gətirərdi…

Bahar gəlmiş, ağaclar, otlar oyanmağa başlamışdı. Evlərdə novruz tədarükü görülür, həyət-baca təmizlənir, ağacların gövdələri əhənglənirdi. Bu bahar ovqatı bizim evdə duyulmurdu. Anam əməliyyat olunub xəstəxanadan təzəcə qayıtdığından biz biş-düş eləməmişdik. Anamı yoluxmağa gələn qonşular böyük ailəyə bəs edəcək qədər novruz sovqatı gətirmişdilər bizə. Kövrələn anam onlara dil-ağız edərdi. Yadımdadır, Novruzun son çərşənbəsi hamılıqla yanan tonqalın ətrafına toplaşmışdıq, deyib-gülürdük. Qonşu qadınlar xəstəhal anamı dilə tutub həyətə çıxartmışdılar. Yazıq anam da o qədər geyinmişdi ki, güclə yeriyirdi. O, tonqalda oda baxır, sevinirdi. Mən də çox sevinir və inanırdım ki, anam tonqalın üstündən tullansa ağrıları mütləq keçib gedəcək. Qonşu Buxara xala məni kənara çəkib ərklə dedi:

-Ay bala, burda niyə dayanmısan, get uşaqlarnan oyna. Yox, dayan! Əvvəl anana görə dilək elə, qulaq falına çıx. Nə eşitdin, gəl, mənə gizlin de. Sonra get, nə qədər oynayırsan oyna. Bir neçə dəqiqədən sonra tövşüyə- tövşüyə Buxara xalaya eşitdiklərimi danışmağa başladım:

- Səyyarə nənəgilin qapısını pusdum. Akif baba dedi ki, tut ağacı yaman qol-budaq atıb, kəsib götürmək lazımdı. Qonşumuz Buxara xalanın gözlərindən yaş süzülürdü. Mən təəccüb içində :

-Ağlama xala, görərsən, anam sağalacaq… Xərcəng xəstəliyi anamın bədəninə yayılmışdı. Bir neçə aydan sonra o, dünyasını dəyişdi… İllər keçdi, zaman dolandı. İri gövdəli tut ağacı, yaşıllıq və mehriban qonşular… Keçmişdən qalan nə varsa, dünyasını dəyişmiş, darmadağın olmuşdu. Əvəzində isə, hər tərəfi ağuşuna alan göydələnlər ucalmışdı…

Təranə Fazilqızı

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10