Tütünlə işiniz olmasın!.. :)) – Rəşad Məcid

26 Baxış

img1728886

Hörmətli millət vəkilləri!

Bir-iki gündür, xəbər gəzir ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun layihəsinin müzakirəsinə hazırlıq görürsünüz. Gedişatdan belə anlaşılır ki, bir dəfə əl qaldırmaqla, bir düymə basmaqla hansısa rahat, münasib məkanda bir stəkan pürrəngi çayın, yaxud ləzzətli bir təamın üstündən bir siqaret yandırıb çəkmək, yüngülləşmək, sakitləşmək imkanını əlimizdən almaq istəyirsiniz. Amma əslində, bilirəm ki, aranızda bir çoxu Onunla uzun illərdən bəri dostluq edir, hətta bəziləriniz az qala hər gün təkcə parlament binasında yox, hava alanında, dəbdəbəli iclas salonlarında, digər ictimai yerlərdə O dostunuzla baş-başa qalmaqdan ötrü münasib guşə axtarsanız və əminəm ki,  bu qanunun qəbulu heç də hamınızın ürəyincə deyil…

Dünyadakı bütün qanunlar yalnız soyuq, bumbuz ağlın gücü ilə qəbul edilməyib. Ruhun, qəlbin, hətta poetik ovqatın təsiri ilə verilən çox vacib qanunlar da az olmayıb. Bu həqiqətə inandığıma görə, siqaretlə bağlı müxtəlif illərdə yazdığım iki şerimi diqqətinizə çatdırır və ümid edirəm ki, müzakirə zamanı bu şeirlərin poetik dumanını BİR DƏRİN QULLAB KİMİ sinənizə çəkib, sonra qərar verəcəksiniz.

Xilaskarım

Bu şeir 2011-ci il oktyabrın 5-də Ankarada «Riksos» otelində, gecəyarısı, Yəsəvi Universitetinin bloknotuna yazılıb. Bu şeirin ünvanının, həqiqətən, siqaret olduğuna indinin özündə də əmin deyiləm. Amma siqaret bu və bundan sonrakı – artıq sayını da dəqiq bilmədiyim – şeirlərin yazılmasında mənə sadiq yoldaş olduğuna görə «Xilaskarım»ın ünvanını dəyişmədim.

Sən – dərdin qənimi!
Sən – qüssənin cəlladı!
Sən – ağrıların keyidicisi!
Sən gerçək – yalan,
artan, çoxalan,
yüzə, minə vurulan
bəd xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!

Sən – ən kədərli anımın sirdaşı,
ən kefli halımın yoldaşı!
Sən olmasaydın,
canıma mikrobtək
düşən,
qanıma işləyən
bu fəlakət virusları,
bu ölüm epidemiyaları,
bu bəd xəbərlər
çoxdan yayılmışdı
beynimin hər küncünə,
ürəyimin içinə!
Sən saxladın onu damarlarımın divarlarında,
beynimin qapaqlarında!
Qoymadın yayılmağa!
Boğazımdakı qəhərdən qalxıb
beynimdə insulta,
ürəyimdə infarkta keçməyə qoymadın!

Sən, ən böyük rahatlığım!
Ona görə yeyirəm ki,
dadına dad artıracaq!
İçirəm ki, səni şirinləşdirəcək!
Ən uzun öpüşlərim
sənnəndir!
Dırnaqlarım dayanmır, sığallayır
tellərinin ucunu…
Sənə görə yeriyir,
sənə görə gəzirəm!

Səhər tezdən yanındayam –
bir qurtum su ilə,
bir qaşıq balla!
Axşam səninlə bağlanır göz qapaqlarım!
Xilaskarım!

Kimdi səni anlayan –
barmaqla sayılan azlar!
Çörəyi dizinin üstə olan
ətəyindən tutub qalxan
sonra səni söyən,
tapdalayan dayazlar,
anlamazlar!
Amma ən çətin anlarında
barmaqlarını aralayıb –
birin ver – deyərlər!

Üstünə yüyürür bəşər!
Səni göydələnlərdən çıxarıb
bomj kimi
qapı ağzına atırlar,
təyyarələrdən,
otellərdən qaçaq salırlar!
Səni hava limanlarında bir küncə sıxdılar,
Səni qatarlarda
ən kirli vaqonlarda qapatdılar!
Dözdün, dayandın!
Sakit baxdın!

Üstünə yüyürdü
Qanunlar, yasalar!
Orda onun, burda bunun bəyanatı!
Birinin gur,
birinin yumşaq səsi.
Bizdə də Qənirə xanımın qanun layihəsi!
Qapalı alanlar!
«No smokinq»lər,
«Ne kurit»lər,
«içiləməz»lər,
«çəkmək olmaz»lar!

Sən olmasaydın,
bəşər uşaqlıq çağında qalmışdı hələ!
Sənsən dünyanın ən böyük kəşfi,
ən böyük kəşflərin cığır açanı!
Ən gözəl musiqinin,
ən ilahi sözün qanad verəni!
Yarım gün
ayrı düşəndə səndən
gizildəyir damarlarım,
çığırışır hüceyrələrim!
Sakitliyim,
rahatlığım,
süstlüyüm!
həm də
Coşqum,
üsyanımsan!

Hava limanlarında
ziyarətə gələntək
sıxışdırıldığın
balaca otağa
tələsir
3–5 saat sənsiz qalan
insanların ağı-qarası,
qocası-cavanı…
Sənsən susduran acı söhbəti,
durduran qəliz davanı

Dünən on adama ağız açdım
qapısında «içiləməz» yazılan odamda
sənə bir tabaq tapılanacan!
İncimə, küsmə!
Bu şeirdi mənim sənə
təşəkkürüm, sədaqətim!
Tütünüm!
Nikotinim!
Tüstüm!
Siqaretim!

Siqareti tərgitmək

Siqareti tərgitmək,
atmaq,
buraxmaq,
tullamaq –
adına nə deyirsiz-deyin,
bu işi görmək istəyirəm!
Bilirəm ki, gizlətməklə,
uzaq durmaqla
alınmayacaq!
Qoxusunu duyan kimi
darıxacam,
tüstüsünü görən kimi
karıxacam!
Ən rahatı
elə gözümün önündə ola-ola
tərgitməkdi!
Təptəzə, dopdolu qutusu
qarşımda,
alışqanı üstündə!
İstəsəm yandırıb
birini sümürərəm,
ürəkdolusu bir qullab da vuraram,
ya da birinin oduna
o birini yandıraram…
Amma uzaq durmuşam –
yandırmıram,
çəkmirəm,
istəmirəm!
Bax belə,
gözüm baxa-baxa atıram səni!
Bir də ətrin məni çəkməz,
dadın məni ovsunlamaz!
Bir də
tilsiminə düşmərəm,
bir də öyrədə bilməzsən
o bomboz dumana,
o cansız tüstüyə məni.
Bu ciyər,
bu barmaqlar,
bu dodaqlar
bir də çətin,
çətin istəyə səni.

***

Yox, deyəsən, boşunadı bu əmək –
Çətin işdi
Səni atmaq,
Müşkül işdi
Səni tərgitmək!

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10