Üç əhvalat… Vüsal Bağırlı

75 Baxış

Без названия

Hekayə

Səngərdəyəm. Xidmət etdiyim ərazi döyüş zonasında yerləşir. Burada müxtəlif kalibrli qəfil güllələr daim ora-bura uçuşur. Başımızın üzərindən, gicgahımızın bir neçə santimetrliyindən keçir, bizi öldürməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Onlar gözəgörünməz sürətlə axır, vıyıldayırlar. Düşmən tərəfindən atılan mərmi-sursatlar ətrafa ölümcül qəlpə saçırlar. Hər günümüz risk altındadır. Hamımız kaska taxmağa məcburuq. Statistikaya görə, döyüş zamanı əsgər ölümlərinin iyirmi faizi, başa dəyən güllə yarasından baş verir.

Bədənimizi səngər, başımızı parça-polimer və kevlar örtüklü kaska qoruyur. Bu şlemlərə bel bağlamaqdan savayı əlacımız yoxdur. Kaska döyüş tapşırığı zamanı, əsgərin nə vacib geyim elementi hesab olunur.

***

Şəhərdəyəm. Pandemiya elan olunub. Yaşadığım ərazi karantin zonasıdır. Hər yerdə ölümcül virusa yoluxma təhlükəsi mövcuddur. O, çox qorxuludur. Çünki, gün ərzində müxtəlif yerlərə və əşyalara – qapı dəstəyi, telefon, pul əskinası, kompüter klaviaturası, lift düyməsi – toxunuruq. Müxtəlif qapalı məkanlarda – ev, avtobus, metro, dükan, market – oluruq. Virus əllərimizə, bədənimizə yapışır, səthdən, sudan, hava-damcı yolu ilə asanlıqla insan orqanizminə keçir. Daxilimiz, ciyərlərimiz, bronxlarımız zədələnir. Gözümüz, əllərimiz, burnumuz, hətta gözlərimiz belə həssas yoluxma zonası hesab olunur. Hər günümüz risk altındadır. Hamımız maska taxmağa məcburuq. Onların etibarına bel bağlamaqdan savayı əlacımız yoxdur. Statistikaya görə, yoluxanların dörd faizi ölümə məhkumdur.

Rezin qaytanlı maskalarla, ən həssas nöqtələri, ağız-burun boşluğunu qorumağa çalışırıq. Maska pandemiya zamanı insanın ən vacib qoruma vasitələrindən biridir.

***

Adım Caviddir. Yaşım 19. Bilirsiniz, son zamanların hadisələri məni yaman çaşdırır. Bir yerdə qərar tuta bilmirəm, daxili sakitlik tapmıram. Hər yerdə – xəbər buraxılışları, internet saytları, vatzap, feysbuk və sair informasiya məkanları – öz adımla rastlaşıram. Söhbətlərin əsas mövzusuna, xəbər başlığına çevrilmişəm.

Dostlar, tanışlar, hamı bu şiti-şoru çıxmış mövzuda mənimlə guya zarafat edirmiş kimi davranır, yerli-yersiz söz atırlar. Gah mənə “yeriyən korona” deyir, gah da “ikiayaqlı virus” ləqəbiylə ələ salırlar. Düşük zarafatlar, mənasız tənələr, yersiz atmacalar zəhləmi tökür.

Bizdə belədir də, gərək daim ehtiyatlı ola, kiməsə fürsət verməyəsən. Anidən səhv etdinmi, bil ki, işin bitdi. Daim lağ olunacaq, məzə obyektinə çevriləcəksən.

Əvvəllər öz adımı sevirdim, onunla fəxr edirdim. İndi isə yox. Hər gün valideynlərimlə dalaşıram. Mənə bu adı seçdiklərinə görə. Elə hey onları qınayıram.

Dünən isə, informasiya kanallarında bir xəbər yayıldı:

“Hindistanın Çattisqarx ştatında bir ailənin yeni doğulan əkiz uşaqlarına Korona və Covid adlarını qoyublar.”

Uşaqların anası bu qəribə qərarı belə izah edirdi: “Həkimlər, xəstəxana işçiləri övladlarımızı bu adla çağırırdılar. Biz də burada yaşadığımız çətinlikləri daim xatırlamaq üçün uşaqlara bu adı seçdik.”

Bu xəbəri eşidəndən sonra, əhvalım dəyişdi. Eynim açıldı, kefim əməllisə kökəldi. Düşündüm ki, nahaq emosiyaya qapılırmışam. Cırtqozluğa, darqursaqlığın da qəti yeri yoxdur.

Bir halda ki, ad get-gedə məşhur trendə, elit brendə çevrilir, utanmağa, çəkinməyə nə hacət ?

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10