“Üç əsr keçsə də…”

11 Baxış

Molla_Pənah_Vaqifdfgv

Molla Pənah Vaqif xalqımızın o şairlərindəndir ki, kimsə onun ən azı bir şeirini oxumasın, oxuyub heyran qalmasın, heyran qalıb əzbərləməsin, əzbərləyib zaman-zaman yaddaşında yaşatmasın.

Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də…” bədii-musiqili gecəni giriş sözü ilə açan muzeyin direktoru Sevinc Mikayılovanın söylədiyi bu sözlər Vaqif poeziyasının əbədiyaşarlığı, sehrkarlığı və qanadlı misralarının ölməzliyinə verilən düzgün dəyərdir.

Senet.az xəbər verir ki, gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı da bu fikrə tərəfdar çıxıblar. Onlar Mola Pənah Vaqifi təkcə “pərvanə tək hüsnün çırağında”, “bir ala gözlünün sorağında” olan lirik şair kimi yox, həm də “gərdişi-dövranı gəcrəftardan” baş çıxaran tarixi şəxsiyyət kimi də xarakterizə ediblər. Realist poeziyamızın ilk nümunələrini qələmə alan böyük şairin həmin şeirləri ilə poeziya tariximizdə yeni bir dövr başlanılıb. Böyük şairin yaradıcılığına olan məhəbbət, ədəbiyyat tarixində tutduğu mövqe də onun bənzərsiz poetik istedadından və zamana sığmayan qanadlı misralarından irəli gəlir.

Gecədə Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva “Solmazı”, Aşıq Altay Məmmədov “Ovşarı” havası üstündə Vaqif poeziyasından nümunələr ifa ediblər, Elşən Xaliqoğlu, gənc aşıq Əli Məmmədlinin və başqalarının ifaları da gecəyə rəng qatıb.

Milli Dram Teatrının aktyoru, Xalq Artisti Rafiq Əzimov şairin şeirindən parçalar səsləndirib, şairin qəzəl və qoşmalarından nümunələr söylənilib.

İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında “Vaqif” dramından səhnələr nümayiş olunub, muzeyin fond materialları əsasında hazırlanan videoçarx nümayiş etdirilib.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi sarayda xidmət göstərən Mola Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş bədii-musiqili gecədə gənc xanəndələr “Qarabağ şikəstəsi”ni də ifa ediblər.

Muzey Mərkəzi ilə Aşıqlar Birliyinin birgə təşkil etdiyi gecə bira daha nümayiş etdirdi ki, Vaqif poeziyası dildən-dilə düşərək həmişə sevilir, zamana sinə gərərək müasir səslənir, yaşarıdır və unudulmazdır.

Lap üç yüz il keçsə də…

KÖŞƏ YAZARLARI
TOP 10