Üç ağacın üç sirri –  Minaxanım Təkləli yazır….

78 Baxış

minexanimtekleliTÜRK ƏFSANƏSİ

Artıq bir çox illərdir ki, Altaylardan başlamış Türk aləminin hər bir guşəsində eşidib öyrəndiyim xalq əfsanə və rəvayətlərini toplayaraq onların əsasında hekayələr yazmaqdayam. Ümid edirəm ki, bu fəaliyyətimin bəhrələri Türk topraqlarının əsil tarixi və Türk xalqları düşüncə tərzi, amalları üzə çıxarmaqla ortaq nöqtələrini ortaya qoymağa yardım edəcəkdir.

ÜÇ AĞACIN ÜÇ SİRRİ

Yaradanın bir möcüzəsi olan Dəmirçi dağının ətəklərində üzü Qara dənizə baxan səfalı bir ovalıqda Aluşta şəhəri yerləşir. Şəhər ətrafındakı bağçalar, bostanlıqlar arasında, dənizin sahilində balıqçı Rahim öz ailəsi ilə şad-xürrəm yaşamaqda idi. Dənizdə balıq bol, Rahimin qolları güclü, arvadı Hurizat Kırımın hər fəsildə açan gülləri tək gözəl idi. Onların üç qızı var idi; Rahim buna heç darılmaz, niyə mənə bir oğlan doğmadın, deyə xatununu məzəmmət edib küsdürməzdi də. Təbiətən çox comərd olan və üzündən-gözündən şəfqət yağan Rahim: peyğəmbər əfəndimiz üç qız saxlayıb böyüdən ataya cənnəti bağışlamışdır, deməklə həm özünü, həm də arvadını təskin edirdi. Bu balaca kənd onları xoşrəftarına, rəhmdilliyinə, əliaçıqlığına görə sevib hörmət edirdi. Lakin bu ailənin nəşəsini yenicə böyüməkdə olan qızlarının evdə hər gün bir-biri ilə deyinib döyüşməsi qaçırırdı. Bu yeniyetmələrin səsi çıxdıqca qonşular onlara təsəlli verir; qızların böyüdükcə ağıllanacağına, hədd-buluğa dolarkən dönüb “ağır taxta” xanım qızlara çevriləcəyinə bu gənc valideynləri inandırmağa çalışırdılar.  Hurizat gəlinin isə nədənsə son vaxtlar bu gəlişi gözəl sözlərə daha inanmağı gəlmirdi. Amma gənc ana qonşularının canıyananlığını görüb onların ürəyini sındırmaq da istəmirdi.

Bacılar bütün günü güzgü qabağından çəkilmirdilər. Yox, onlar güzgüdən sanki digər yaşıdları kimi bəzənib-düzənib özlərinə baxıb tamaşa etmək üçün yox, deyinib-deyinib axırda da dalaşıb ağlamaq üçün istifadə edirdilər. Bacıların böyüyünün adı Sərvi-şah, ortancıl bacının adı Gülnar, sonbeşiyin adı isə Nazəndə idi. Hamısından böyük bacı Sərvi-şah adına müğayir (Sərv ən uca ağacın adıdır) boyca onların ikisindən də balaca görünürdü. Lakin arıq, çəlimsiz bu yeniyetmə qızcığaz böyüyərkən incə qamətli, zərif bir gözəl olacağından xəbər verirdi. O isə öz balaca boyunu özü ələ salır, həqarətlə özü özünə  “qarışqa” deyirdi. Hər gün ata-anasını bizar edir, boy-buxununa görə onları məzəmmət edib yamanlayırdı. Atası onu nazlamağa çalışır, bax, qızıl da kiçikdir, hələ almas, amma gör nə gözəldirlər, necə qiymətlidirlər. Anası da atanın sözlərinə qüvvət vermək istəyəndə səbri aşıb daşan qızcığaz: ah, məni doğduğun günə daş düşəydi, deyə fəryada keçirdi. Yazıqlar bu zaman başlarını soxmağa yer axtarırdılar.

Ortancıl Gülnar isə qaraşın, çöhrəsi saf kəhrəba rəngində  xoşagəlimli bir yeniyetmə idi. Buğdayı rəngi ona sağlam, çoxlarında həsəd oyadaçaq bir məlahət verirdi. Onunsa öz rəngindən zəhləsi gedirdi. Anasına: sənin öz üzün qızarmış xaşxaşlı kömbə kimi ikən, məni bəs niyə belə doğdun? Hələ adımı da Gülnar qoydunuz, kaş yanaqlarım o nar çiçəklərinə bənzəsəydi… Ah, mən doğulan günə qar yağaydı… Anası onun göz yaşlarına dözə bilmir, onu bağrına basıb ovundurmaq üçün qollarını açdıqda Gülnar hirslə onun qollarından vurub itələyirdi. Belə olduqda anası yaxın gəlməyə ürək etməyir, elə uzaqdan onu nazlayırdı: ay qızım, ay nazım, həmişə deyərlər: ağ ayran çəpər dibində, qara kişmiş bəylər cibində…

Kiçik bacı Nazəndə bacılarından fərqli olaraq deyib gülən idi, həm də çox gözəl idi. Onun hələ tam formalaşmamış qaməti söyüd şivi kimi elastik və incə idi. Amma bacılar deyinib qışqırışanda o da ağlamsına-ağlamsına onlara qoşulurdu. Hirsini ata-anasının üstünə tökür, niyə məni belə yüngülxasiyyət, bütün günü dişi ağara-ağara gəzib dolaşan arsız qız doğurdunuz?  Məni doğan gününüz görüm, lənətə gəlsin.

Qızları böyüdükcə dərdləri də böyüyən ana-ata artıq yaşlarından əvvəl qocalmış, köhnə günlərin fərəhini az qala yaddan çıxarmışdılar. Amma qızlarının hər birinin dünyaya gəlişini necə bayram etdiklərini yadlarına da salıb xatırlamağa qorxurdular. Hələ çağa ikən onları əzizləyən, göyə atıb-tutan xoşbəxt ata xanımına: bax, vaxt olacaq bizim hərəsi bir yanda üç evimiz olacaq,  onlar biz qocalanda nə bizi tək qalmağa, nə də darıxmağa qoymayacaqlar, hər birinin yanında növbə ilə qalarıq. Gənc ana səadət içində: inşaallah, deyə pıçıldayırdı.

Indisə günləri zəhər dadırdı. Acıdil, yurd bayquşu kimi ulayan bu qızların adını tutub elçi göndərəcək kürəkən də yox idi. Bunlardan onlar daha da hirslənir, analarına: sən bizi belə çirkin, başdan ayağa eyib içində doğmasaydın biz indi evlərdə oturmuşduq, daha sənin bu uğursuz xarabanda yox, deyib ona boğma çıxarırdılar.

Günlərin bir günü üç bacı ağız ağıza verib yenə ağlaşıb bəddua edirdilər. Səbri tükənmiş ata-ana fəryad edərək: ey yerin-göyün sahibi, bizi bunların danlağından qurtar, demişdilər ki, ərşin ənginliklərindən göy gurultusuna bənzəyən bir səs gəldi: Sərvi-şah! Sən ata-ananı çərlətdin ki, səni dünyaya cırtdan gətiriblər. İndi get, uca bir sərv ağacı olacaqsan, sən özündən hündür heç bir ağac görməyəcəksən, amma nə çiçəyin, nə də meyvən olacaqdır. Qarğadan başqa da qoluna-budağına  qonub yuva tikən olmayacaqdır.

Ardınca o hökmlü səs yenə gurladı: Gülnar! Sənin də arzuların həyata keçəcəkdir, səbr eylə. Sən öz gözəl çöhrəni bəyənmirdin; nar çiçəyi kimi bir surət üçün yanıb yaxılırdın. Eləsə sən də çəhrayı rəngdə bir ağac ol. Səni görənlər sənin o həsrətini çəkdiyin çiçəklərinə heyran olub vəcdə gəlsinlər, amma bu çox çəkməyəcək. Axı o gözəl çiçəklərin qoxusu yoxdur. Meyvələrin də gözəl, cazibədar bir gözəl kimi gələnə-gedənə “gəl-gəl” deyəcək. Şirəli-sulu olasalar da nə susuzluğu yatıracaq, nə də aclığı dəf edəcək. Get…

Nazəndə! Sən isə özünün xoş və məzəli ədalarına darilib lağ edirdin. Sən də qəşəng bir nazənin ağaca –yaşıl söyüdə çevriləcəksən, amma bu gözəl nazlı ağac həmişə qəm qoxuyacaq, hamını kədərləndirəcəkdir. Nə qədər istidən qovrulsalar da sənin sərin, amma kədər yelləri əsdirən kölgənə sığınmayacaqlar. Öz nəsibinizi qəbul edin. Səs kəsildi.

Qızlar daha evdə dura bilməyib dəhşətdən dilləri tutulmuş halda həyətə cumdular. Bayaqdan nankor övladlarından tanrıya şikayət edib, ağlayıb sıtqıyan valideynlər öz narazılıqlarından peşiman olub bərk qorxuya düşdülər  və onların dalınca həyətə qaçdılar. Amma qızlar heç yerdə yox idi. Qapılarında isə heç vaxt indiyədək görmədikləri üç ağac yan-yana dayanmışdı. Ən böyük sərv ağacının göyə millənən şah budağı qalxıb az qala buludlara toxunurdu. Ikinci ağac zərif qırmızı cizgili zümrüdü yarpaqları arasından sehrli bir çəhrayı rəngdə olan bardaqvarı çiçəklərini lovğa-lovğa oynadırdı. Üçüncü ağac ürəkləri ağrıdan kədərli bir sükutda durmuşdu; zorla sezilən bir mehin təsirindən nazla çırpınırdısa da, sanki qəmə batmış  bir qız saçlarını süpürgə edib ağlaya-ağlaya yeri süpürürdü. Bu ağac xalqın gah “naz ağacı”, gah da “ağlağan söyüd” dedikləri gözəl söyüd idi. Bundan sonra camaat yeni ağacları da bacıların adı ilə Sərv, Gülnar, Nazəndə söyüd adlandırmağa başladılar.

Deyirlər, onlar bütün gecəni, gündüzü hey pıçıldaşmaqdadırlar. Çoxları heç nə başa düşməsə də diqqətlə qulaq verdikdə onların aramsız olaraq həsrət və peşmanlıqla bacı…bacılı… dediklərini eşidib anlaya bilirlər.

 

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10