Üç “AX”dan biri – İlqar Fəhmi yazır

21 Baxış

author_49

Şairə Alla Axundovanın 80 illiyinə

Proloq

Onu axırıncı dəfə altı-yeddi il əvvəl Moskvada, bir tədbirdə gördüm. İstədim yaxınlaşıb əlindən öpüm. Amma utandım. Heç salam da vermədim. Axı şəxsi tanışlığımız yox idi. Eləcə kənardan dayanıb baxdım və 70-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovskinin məşhur kəlməsini xatırladım – “Müasir qadın poeziyamızın əsas sütunu üç “Ax”dan ibarətdir – Axmatova, Axmadulina, Axundova…

Məşhur rus şairələri Anna Axmatova, Bella Axmadulinadan sonra həmyerlimiz Alla Axundovanın adının gəlməsi, əlbəttə ki, qürurverici haldır. Lakin həmin tədbir zamanı özlüyümdə bir detalı kəşf elədim – necə olub ki, bu vaxtacan fikir verməmişəm, Lesnovskinin dediyi bu “Ax”ların hər üçü türk soykökünə bağlıdırlar…

Bəlkə hər üç şairənin rus poeziyasında özünəməxsus poetik səsləri ilə seçilməsinin səbəbi də əski türk xatunlarının ali şəxsiyyətini ləyaqətini, qürurunu təmsil etmələri olub… Axı hər birinin həyatına diqqət yetirəndə görürük ki, ömür boyu çoxsaylı ağır sınaqlardan keçsələr də, müxtəlif sərt təzyiqlərlə üzləşsələr də, heç vaxt heç kimin qarşısında əyilməyiblər, yaltaqlanmayıblar, tarixin bütün imtahanlarından əsl türk qadınları kimi alnıaçıq, üzüağ çıxıblar. Həm Anna Axmatova, həm Bella Axmadulina, həm də bu ilin oktyabrında 80 illiyi qeyd olunan Alla Axundova…

Poeziyadan kinoya

Alla Axundovanın poetik irsi çox zəngindir və Rusiya ədəbi mühiti tərəfindən kifayət qədər dəyərləndirilib, 31 yaşında SSRİ Yazıçılar İttifaqının, 32 yaşında isə SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub, SSRİ Dövlət mükafatına layiq görülüb. Bununla bərabər bütün fəaliyyəti dövrü Azərbaycan ədəbiyyatının Rusiyada təbliğini də unutmayıb, çoxsaylı şairlərimizin şeirləri onun tərcüməsində dərc olunub, ulu “Dədə Qorqud” dastanını da rus dilinə çevirib…

70-80-ci illərdə onun poetik topluları, uşaq şeirləri, ssenarilərinə yazılmış filmlər SSRİ-də çox böyük maraqla qarşılanırdı… Əlbəttə, rus oxucuları üçün Alla Axundova ilk olaraq zərif ruhlu şairə olaraq rus qadın poeziyasının ən ali təmsilçilərindən biridir. Lakin Azərbaycan mədəniyyət tarixinə Alla Axundovanın iki böyük töhfəsi olub ki, bunlar da onun ssenariləri əsasında çəkilmiş “Şərikli çörək” və “Alma almaya bənzər” filmləridir…

Onun ssenarilərinə başqa filmlər çəkilsə də, məhz bu iki film Azərbaycan xalqının kollektiv təhtəlşüurunun dərin arxetiplərinə toxunduğuna görə, vaxtilə xalqımız tərəfindən çox böyük məhəbbətlə qarşılanıb, bu filmlərdən qopan sitatlar, kadrlar, epizodlar xalqımızın düşüncəsinə elə həkk olunub ki, bu günə qədər də həvəslə baxılır. Bəlkə də, onları mədəniyyət, kino tariximizdən çıxarsaq, yerində çox böyük boşluq qalar…

Bəs, görəsən, niyə məhz bu iki film? Ümumiyyətlə, bunları iki film hesab eləmək olarmı? Bəlkə elə bir filmin iki hissəsidi?

İlk baxışdan hər iki film arasında yerlə-göy qədər fərq var. Biri Bakının müharibədən sonrakı ab-havasını, digəri isə 70-ci illərin “xoşbəxt sovet kəndi”ni əks etdirir. Biri ağ-qara, digəri isə rəngli çəkilib. Müxtəlif rejissorlar tərəfindən fərqi üslublarda işlənib, istehsal tarixləri arasında da 6 il fərq var…

Bəlkə elə məhz bu altı rəqəmindən yola çıxaq?

Əksər dini mifologiyalarda altı rəqəmi iblisin və cəhənnəmin rəmzidir. Bəli, məhz cəhənnəm…

Alla Axundovanın adıçəkilən ssenarilərini yanaşı qoyanda, sanki cəhənnəmdən cənnətə gedən bir yolu müşahidə edirik. Beləliklə, müəllif bizimçün öz ruhunun dərin qatlarındakı cəhənnəmi (uşaqlığının keçdiyi 40-cı illərin sonunu) və gənclik dövründə yaşadığı cənnəti (60-cı illər) göstərir. Lakin bu cəhənnəm də, cənnət də birmənalı deyil, spesifikdir, məhz Alla Axundovanın ruhunun dərin qatlarındakı hiss və duyğuların, fikir və düşüncələrin məhsuludur…

Hər iki ssenari müəyyən mənada realist üslubda yazılıb. Lakin məşhur rus alimi Losevin dediyi kimi, heç kim realist sənətdə simvolları qadağan eləməyib… Bu baxımdan Alla Axundovanın ortaya qoyduğu materiallar çoxmənalı simvollarla zəngindir… Həm cəhənnəm, həm də cənnət simvollarıyla…

İşıqlı cəhənnəm

Əlbəttə, fenomenoloji və psixoanalitik yanaşma tərzi müəllifin hər addımını heç də şüurlu şəkildə atdığını qəbul etmir. Ola bilər ki, müəllif özü də təhtəlşüurun təzyiqi altında elə bir poetik məhsul ortaya qoysun ki, tam mənası heç özünə də aydın olmasın. Məncə, adıçəkilən filmlərə də məhz bu cür yanaşmaq lazımdı. Hansı detalın müəllif tərəfindən məqsədli şəkildə ortaya qoyulduğunu, hansı detalın isə təhtəlşüur səviyyəsində ərsəyə gəldiyini araşdırmağa ehtiyac yoxdu. Əsas məqsəd fenomenin- bədii materialın, simvolların arxetiplərin bağlarını tapmaqdı…

“Şərikli çörək” filminə sırf sosializm realizmi prizmasından yanaşanda da, təbii ki, çox dəyərli, maraqlı materialla üz-üzə gəlmiş oluruq. Ancaq, zənnimcə, dərin təhtəlşüur qatlarına düşəndə daha maraqlı mənzərəni müşahidə etmiş oluruq.

Əlbəttə ki, bu bir cəhənnəmdi. Müharibə bitsə də, fəsadları davam edir. Bunlar böyük cəhənnəmin izləridir. Yetim uşaqlar, əlil əsgərlər, dul qadınlar və ən əsas da aclar… Aclıq. Çörəksizlik. Daha dəqiq desək, qıtlıq…

Burda biz cəhənnəm anlayışını bir uşaq psixikasına proyeksiyasını görürük. 1939-cu ildə doğulan Alla Axundova birbaşa müharibə dövrünü, təbii ki, yaxşı xatırlaya bilməzdi. Bu səbəbdən də onun yaddaşında müharibənin birbaşa faciələri – bombardmanlar, sirenalar, yaralı əsgərlər, Moskvaya dirənən faşist orduları, qara kağızlar, daimi qorxu, vahimə, xof – bütün bunlar əks olunmayıb… Lakin uşaq təfəkkürünün formalaşdığı 40-cı illərin ikinci yarısı artıq vəziyyət başqa cür idi. Qara duman çəkilsə də, yuxarıda qeyd etdiyimiz kimi, təsiri, izi qalmışdı. Və Alla Axundovanın uşaqlıq qorxularıyla və travmalarıyla dolu cəhənnəmi məhz bu izlərin üzərində qurulub…

Bəs niyə məhz “uşaq cəhənnəmi” obrazını önə çəkmişik? Birinci ona görə ki, mifologiya ilə məşğul olan bir çox dünya alimləri maraqlı bir məsələyə toxunurlar. Qeyd olunur ki, cənnətdə yaşayan və sonradan cənnətini itirib yerə sürgün olunan Adəm obrazı insanın sonrakı minilliklərdəki təhtəlşüurunu müəyyən edir. Hər kəsin öz içində daşıdığı qorxu və vahimələrin cəhənnəmi və ümidlərin, xəyalların cənnəti var. Əsasən uşaqlıq dövrü Adəmin cənnətdəki xoşbəxt həyatıyla, sonrakı böyümə və acı həyata atılma dövrü isə Adəmin göydən – cənnətdən qaranlıq yerə sürgün olunması kimi qiymətləndirir.  Hətta bir çox Avropa şairlərinin şeirlərində də oxşar fikirlərə rast gəlirik – “mən bu həyata sürgün olundum” fikri bir çox modernist şairlərin yaradıcılığından qırmızı xətlə keçir.

Aclıq qorxusu

Avropa mifoloqlarının bu fikirlərinə bir əlavəni də etmək istərdim. Bəzən cənnət – xoşbəxt uşaqlıq dövrü hansısa qlobal faciələrlə üst-üstə düşəndə biz insan psixikasında qəribə bir transformasiya müşahidə edirik – bu cənnət öz əlvanlığını itirərək vaxtından əvvəl cəhənnəmə çevrilməyə başlayır. Lakin məhz bu cəhənnəm böyüklərin cəhənnəmindən fərqli olaraq məhz uşaq hissiyyatının məhsuludur. Uşaqlıq fobiyalarının, qorxularının, travmalarının cənnət işığı ilə bir-birinə sarmaşdığı bir cəhənnəmdir…

Məhz bu filmdə öz cənnətini yaşamalı olan uşaqların içindəki gizli cəhənnəmin əsas fobiyası təqdim olunur – əlbəttə ki, uşaq üçün böyüklərin həyatını alt-üst edib cəhənnəmə çevirən faktorlar hələ mövcud deyil. Hələ ki hər şey yalnız instinkt həddindədi. Bütün fobiyaların başında yalnız bir şey dayanır – ACLIQ qorxusu…

Məhz Alla Axundovanın bədii təxəyyülü nəticəsində bu dəhşətli fobiyanın açarı tapılır – kartoçkalar (çörək talonları).

Öz cənnətini yaşayan, hətta ətrafındakı müharibə izlərini belə uşaq pozitivliyilə qarşılayan baş qəhrəman birdən-birə bu kartoçkalarını itirməklə birbaşa cəhənnəmə düşmüş olur. Aclıq qorxusu bütün hiss və duyğuları kənara itələməklə ön plana çıxmış olur…

Ssenari yazılanda 30 yaşın ərəfəsində olan Alla Axundovanın, məncə, məhz bu məqamda özünün uşaqlıq cəhənnəminə diqqət etmək lazımdı. Filmdə təqdim olunan ilərdə Alla Axundova da məhz ordakı uşaqlarla eyni yaşdaydı və çox güman ki, baş qəhrəmanın yanındakı qızcığaz obrazında da elə özünü görürdü, öz hiss duyğularını, öz təhtəlşüur vahimələrini və qorxularını yazırdı… Məkanın fərqi yoxdu, istər Rusiya olsun, istər Orta Asiya, istər Qafqaz… həmin illərdə bütün SSRİ uşaqlarının yalnız bir vahiməsi vardı – ACLIQ qorxusu…

Filmin əvvəlində balaca oğlanla qızın çörək növbəsindəki söhbətləri də bunu bizə xatırladır. Bütün ümidlər, arzular xəyallar yalnız çörəklə bağlıdır – kaş çörəyin üstündə əlavə tikəsi olaydı, kaş bir normanı tək yeyəydim, kaş hamımıza bütöv bir çörək verərdilər… hətta uşaq təfəkküründə öz iradəsinin möhkəmliyi ilə lovğalanmaq cəhdi də çörəklə bağlıdır – mən dünən çörəyin üstündəki tikəni yemədim, evə qədər özümü saxlaya bildim…

Bu mövzuda müəllifin bir şeirini orijinalda təqdim etmək, məncə, yerinə düşər.

Не по зубам сухарик,

А в чай не обмакну.
Метафорой кухарок
Себя не попрекну.

Какой уж там сухарик,
Мне жизнь не по зубам.
Не разгрызу подарок
И размочить не дам.

Характер свой, железку,
И гну, да не согну.
Отдерну занавеску
И голубя спугну.

А голубь что ж, он голубь,
Не сеет и не жнет.
А голод что ж, он голод,
Он хоть кого прижмет.

Поклюй-ка, мой сударик, -
Скажу, смахну слезу…
Не по зубам сухарик,
А все-таки грызу.

Qır qazanı

Filmdəki cəhənnəm motivlərinin ən açıq simvolu, təbii ki, Məhəmməd obrazıdır.

Cəhənnəmdən danışarkən ilk olaraq yada düşən nədi? Əbədi alov, isti, qır qazanı, iblis, qara-qura əcinnələr – cəhənnəmin ocaqçıları…

Bəli, oxucularımız, yəqin, başa düşdü ki, söhbət unudulmaz Fazil Salayevin oynadığı qırçı Məhəmməd obrazından gedir…

Sırf realizm baxımından baş qəhrəmanın dostlaşdığı obrazın hansı işlə məşğul olması şərtidir. Məqsəd sadəcə uşağın zəhmətə alışmasını göstərməkdir. Lakin məhz bu məqamda Alla Axundova qara qır qazanı ətrafında dolaşan, alovdan göz-başı qaralmış qırçı obrazını yaratmaqla, sanki yenə də bizə təhtəlşüurdakı cəhənnəmi xatırladır.

(Alla Axundovanın bu obrazla təhtəlşüur səviyyəsində nə demək istədiyini çox gözəl hiss edən rejissor Şamil Mahmudbəyov da məhz qır qazanı, alov kimi simvolları iri planlarla, gözəl kadrlarla tamaşaçılara təqdim etməyi bacarıb. Ümumiyyətlə, film rejissor tapıntılarıyla zəngindir. Lakin mövzu filmin kinematoqrafik analizi olmadığına görə bu istiqamətdə çox dərinə getmək istəmirəm).

Ancaq diqqət etsək görərik ki, Alla Axundova bu məqamda da, cəhənnəm obrazlarını uşaq təfəkküründən keçirib işıqlandırır. İlk baxışdan qır qazanının yanında, alovun az qala içində dolaşan İblis arxetipinin təzahürü olan qırçı Məhəmməd obrazı müəllifin təqdimatında mənfi yox, müsbət obraz kimi çıxış edir. Bu İblis bir muğama qulaq asıb təsirlənəcək, gözləri yaşaracaq dərəcədə yumşaq və mərhəmətlidir.

Filmdə cəmisi bir dəfə işlədilən “Cəhənnəm” sözü də məhz bu epizodda, qırçı Məhəmmədin dilindən səslənir – Cəhənnəmə ki… Sözə bax a, cəhənnəmə ki…

Bu iki kəlmə söz də şübhəsiz ki, ssenaridə əbəs yerə peyda olmayıb…

Başqa tərəfdən yanaşanda isə, əsərdə, ümumiyyətlə, Cəhənnəmin real konkret maddi iblisi demək olar ki, yoxdur. Hətta ətrafda dolaşan fırıldaqçılar da karikatura təsiri bağışlayır. Əsl İblis isə bir dənədir. ACLIQ…. Bəli, sırf müharibə faciələrilə bağlı olan əsərlərdəki kimi, MÜHARİBƏ yox, onun fəsadlarından olan ACLIQ…

Filmdəki karikaturalar da əbəs yerə peyda olmayıb. Bayaq qeyd etdiyimiz kimi, uşaq təfəkküründə cənnət-cəhənnəm motivlərinin bir-birinə qarışması bu əsərdə yüksək bədii dildə, müəyyən yumor elementləriylə birlikdə təqdim edilib ki, bu da Alla Axundovanın istedadının və özünün uşaqlıq yaddaşını yüksək səviyyədə sənət müstəvisində gətirə bilmək bacarığını nümayiş etdirir…

Bir tərəfdə hamının çöhrəsini solduran aclıq, qıtlıq – digər tərəfdə, “Baden-Badenin mavi gecələri”… Bir tərəfdə qıtlıq içində olan xalqın qanını sovuran fırıldaqçı möhtəkirlər, – digər tərəfdə, “Fransız xalqı kef eliyir”.

Film belə paradokslarla, zahiri ziddiyyətlərlə doludur. Daxili gərginlik, həyəcan və zahiri fərəh, ümid…

Bəli, uşaq cəhənnəminin böyük cəhənnəmindən əsas fərqi bundan ibarətdir ki, müəllif bunu çox gözəl tuta bilib – uşaq cəhənnəmində əbədi qaranlıq, çıxılmazlıq yoxdu. Zülmətin hər tərəfində ümid, inam və işıq parıltıları görünür…  əsərdəki yumor elementləri də buna xidmət edir.

Ümumilikdə, Alla Axundovanın öz uşaqlıq dünyası ilə rabitəni möhkəm saxlaması onun yaradıcılığının böyük hissəsini təşkil edən uşaq şeirlərində də görünür. Məhz orda da kədərlə sevinc, ağrı ilə fərəh, sanki yanaşı addımlayır…

Və bir də əsərdə zərif qadın psixologiyasından axan bir çox incəliklər xüsusilə diqqəti çəkir. Atası müharibədə həlak olan balaca Vaqifin anası da filmin yalnız əvvəlində görünür, sonra bir neçə günlük iş növbəsinə gedir və bütün film boyu biz baş qəhrəmanın anasını görmürük. Lakin bütün Bakı əhalisi onunçün ana qayğısını əvəz etməyə çalışır – bütün şəhər, bütün insanlar, sanki birləşərək balaca Vaqif üçün abstrakt bir anaya çevrilir. Bəli, qadınların içindəki analıq instinktinin doğurduğu ən böyük arzu – bütün insanların ürəyində əsl “ana mərhəməti”nin təzahür etməsi və beləcə mərhəmətli dünyanın qurulması…

Yenə də iki cəhənnəm fərqinə diqqət etməli oluruq – böyüklər dünyasındakı həqiqi cəhənnəmdən fərqli olaraq, burda gördüyümüz uşaq cəhənnəmində, hətta bəzən utopiya elementləri də təzahür edir. Bütün insanların bir-birinə qarşı mərhəmətli olduğu, hamının çətin məqamda (şərti cəhənnəmin içində) bir-birinə arxa-dayaq olduğu bir utopiya…

Və filmin finalı da, sanki bu utopiyanın reallığa çevrilməsinə doğru bir addım atılır – məşum kartoçkalar tapılır və yanğınsöndürənlər divara yazılmış “Hər şey cəbhə üçün” yazısını su şırnağı ilə yuyurlar…

Deməli, “cəhənnəm mərhələsi” başa çatır, bundan sonra hər şey gözəl olacaq, qara rənglər itəcək və bizim həyatımız ideal bir “Sovet cənnəti”nə (Kommunizmə) çevriləcək…

Lakin hansı cənnət? Ümumiyyətlə, Kommunist ideologiyası çərçivəsində, Sovet cəmiyyətində hansı cənnətin mövcudluğu mümkün idimi? Və yaxud cənnət deyərkən, nə nəzərdə tutulurdu?

Alma almaya bənzər

Bu suallara isə Alla Axundova beş-altı il sonra, 1975-ci ildə çəkilən “Alma almaya bənzər” filminin ssenarisində cavab axtarır…

Stabil dövrdə yaşayan yaradıcı insanlarda, adətən, uşaqlıq və yeniyetməlik dövrüylə bağlı xatirələr daha çox cənnəti, sonrakı dövr isə, sanki acı həyatın cəhənnəmi kimi çıxış edir. Lakin qeyd etdiyimiz kimi, Alla Axundovanın cənnəti müharibə dövrünə düşdüyünə görə, sanki həyatın fəsilləri qarışıb, onun yaradıcılığının ilk olaraq biz “cəhənnəm”i (hərçənd ki, bu cəhənnəm də, yuxarıda qeyd etdiyimiz kimi, sırf qara rənglər üzərində qurulan odlu-alovlu cəhənnəm deyil), daha sonra isə cənnəti görürük…

Bu cənnət isə Sovet dövlətində kənd təsərrüfatının inkişafının xüsusi diqqət altında olduğu 50-ci illərin sonu, 60 illərin əvvəllərinə (Xruşşov dönəmi) təsadüf edir… Həmin illərdə Alla Axundova təxminən 20 yaşlarındaydı. Bu yaşda bir qız hələ yeniyetməlik romantikasından tam çıxmayıb, lakin bununla bərabər artıq ətrafdakı reallığı düzgün dərk etməyə başlayır, onu əhatə edən gözəlliklərin içində rəzalət, riyakarlıq cizgilərini sezə bilir… Film çəkiləndə Alla Axundovanın artıq 35 yaşı vardı, ancaq diqqət edəndə görürük ki, əsərdə təsvir olunan cənnət artıq gəncliyilə vidalaşmış bir qadın təsəvvüründəki cənnət deyil, yox, bu, məhz 20 yaşlarında gənc bir qızın cənnətidir ki, bu da yenə də müəllifin öz təəssürat və xatirələri üzərində çox gözəl gəzişə bilməyinin təzahürüdür…

Başqa sözlə desək, “Şərikli çörək” 9-10 yaşlı Alla Axundovanın cəhənnəmi idisə, “Alma almaya bənzər” 20 yaşlı Alla Axundovanın cənnətidir…

Əsərdəki cənnətin ilk əlaməti, təbii ki, alma simvoludur. Adəmin almaları…

Hamı xatırlayır ki, filmin ana xətti toxumsuz alma yetişdirmiş bir kəndlinin macəralarından bəhs edir… Bəs görəsən, bu, sadəcə, gözəl bir poetik tapıntıdır, yoxsa altında hansısa incəlik var?

Bəlkə insanları cənnətdən çıxaran almanın kökünü kəsmək fikri var altda? Almaların hamısı toxumsuz olarsa, artım təhlükə altına atılır… Deməli, nəzəri cəhətdən, nə vaxtsa almanın kökü kəsilə bilər… Deməli, cənnətdən çıxmağa da bəhanə qalmayacaq. Başqa sözlə desək, cənnət dövrü bitməyəcək.. Növbəti bir utopiya?

Əlbəttə, bunlar subyektiv fikirlərdir, ancaq filmin mifik qatındakı Cənnət motivlərinin, Adəm-Həvva, İblis obrazlarının olmağı danılmaz faktdır… Elə kəndin özünün Cənnətməkan adlandırılması da buna şarədir… Elə ilk səhnələrdəki hadisələr bizə cənnəti xatırladan bağda cərəyan edir… Və ilk gördüyümüz obrazlar bu bağdan alma dərməyə çalışan balaca uşaqlar…Və yuxular…

Sovet cənnəti

Alla Axundovanın qurduğu cənnət də, təbii ki, Sovet dövrünün cənnəti idi… Bu cənnətin Adəmi yetim, sadə, saf sürücü, Həvvası isə yenə də yetim kolxozçu qızdır… İblis isə, təbii ki, sovet dövründə ən çox tənqid olunan sosial təbəqənin – ticarət sahəsinin adamı olan möhtəkir bazarkom Məmmədəlidir…

Əbəs deyil ki, “Alma almaya bənzər” filmi haqqında danışarkən onu film-nağıl kimi xarakterizə edirlər… Təbii ki, o dövrdə mifoloji təfəkkür, kollektiv təhtəlşüur arxetipləri kimi faktorları açıq şəkildə təbliğ eləmək olmurdu, psixoanaliz üzərində qurulan bütün bu fəlsəfi cərəyanlar o dönəmdə mürtəce burjua dünyagörüşünün bir hissəsi kimi təqdim edilirdi…

Lakin elə “film-nağıl” ifadəsi də, zənnimcə, bir çox mətləbləri açmaq üçün kifayət edir… Bu, həqiqətən də nağıldı, sadəcə sıravi bir məişət nağılı yox, bəşəriyyətin çox-çox uzaq keçmişini – hətta ilk insanların dünyada peyda olmasını XX əsrin Sovet cəmiyyəti ilə bağlayan unikal bir nağıldı… Sadəcə, bu nağıl Alla Axundovanın özünün təhtəlşüurundan süzülüb gələn, onun qadın psixologiyasının filtrindən keçən və poetik tapıntılarla bəzədilən bir nağıldı…

Və əlbəttə ki, bir almanın nağılıdı… Müəllif əsərdə bu almanı az qala mifi bir güclə yükləyir. Bu alma iki yetim gəncin arasında Adəm Həvva sevgisi yaratmağa qadirdir; bu alma uzun illər oğul həsrətində olan kişini muradına çatdırmağa qadirdir; bu alma, hətta bir “əzbərçi şagird”in zahiri yalanını belə, həqiqətə çevirməyə qadirdir. Çünki bu alma cənnət almasıdır, ilahi gücə malikdir… Amma unutmayaq ki, bu alma Sovet kəndində, Sovet kolxozçusu tərəfindən becərilib…

Zənnimcə, təhtəlşüur qatlarından gələn bütün bu mifik motivlər üzərində qurulan ssenarinin çəkilməyə icazə verilməsinin də səbəbi, sanki bu son detallardır. Bəli, ideologiyanın fikrincə, SSRİ vətəndaşlarına sanki bu filmlə mesaj verilir ki, bəli, sizi muradınıza çatdıra biləcək mifik, möcüzəli almanın həsrətində ola bilərsiz, lakin nəzərdə saxlayın ki, belə bir sehrli-tilsimli artefakt da yalnız və yalnız sovet kəndində, sovet kolxozçusu tərəfindən becərilə bilər. Budur əsl Sovet nağılı. Yeganə işıqlı nağıl… Əgər bütün danışdığımız təhtəlşüur motivlərinə, mifik elementlərə əsərdə məhz bu tipli don geyindirilməsəydi, yəqin ki, sovet dövründə bu ssenarinin çəkilişinə icazə verilməzdi, “mənası tam aydın olmayan, qarışıq motivli, qeyri-müəyyən fantastik” bir ssenari kimi kənara atılardı…

Əsərdəki təmənnalı “duz-çörək” mövzusu, yeddi qızdan sonra oğlunun dünyaya gəlməsini gözləyən kişinin hekayəti, möhtəkir bazarkomun sevgi macərası, alma qəbul edən idarələrin alim rəhbərləri – və bu kimi digər obrazlar Alla Axundovanın cənnətinin ayrılmaz hissələridir…

Telefonçu qızın diliylə “bizim sehrbaz” adlandırılan Nadir kişinin öz oğlu ilə mübahisə səhnəsi, sanki həqiqətən də, mifik təfəkkürdən gələn epizodu – Tanrı və İblis mübahisəsini xatırladır.

Sadəcə fərq ondadır ki, mifologiyadan fərqli olaraq bu dəfə, İblisin fitnəsinə uyan Adəm cənnətdən qovulmur, əksinə, İblis ifşa edilərək Tanrı tərəfindən evdən qovulur.

Başqa bir maraqlı detal – bir tərəfdə çox gözəl şəkildə təqdim olunan təriflənən, hamını muradına çatdıran almanın paralelində, hansısa bir bazada həyətə az qala zibil kimi tökülmüş tonlarla almalar ön plana çəkilir. Bu çürümüş almalar, sanki dünyadakı milyonlarla insanın yerinə yetməyən arzularını, muradlarını simvolizə edir… Bu məqamda əsərdəki milis obrazının yolda ibarəylə dediyi “Alma var, alma var” ifadəsi yada düşür…

Müəllif ssenaridə Nadir kişinin üç alimlə söhbətlərində də maraqlı və mistik məqamlara toxunur. Almanın qurdu obrazı, təbii ki, insan muradının (məqsədinin, istəyinin) içindəki dağıdıcı elementlərə işarə edir. Axı heç də hamının arzusu-muradı təhlükəsiz, ziyansız deyil, bəzən kiminsə arzusu-muradı başqa birinin zərərinə olan məqamlar üzərində qurulur; kiminsə öz arzusuna çatması, başqa birisinin həyatını məhv edir. Belə də olur… Ona görə nəyisə şiddətlə arzulayanda bir az ehtiyatlı olmaq lazımdır. Çünki almanın (muradın, məqsədin) içindən hər an qurd (dağıdıcı energetika) çıxma ehtimalı var…

Əsərdəki alimlərə Nadir kişi alma cildində, sanki mif-nağıl təqdim edir, onlar isə bu obyektə sırf rasional mənfəət obyekti kimi baxır – biri plan doldurmağı düşünür, digəri elmi adlar almağı fikirləşir – başqa sözlə desək, hamı bu “tumsuz alma”dan nəsə “dartmaq” məqsədi güdür, onun mistikası (sehri-tilsimi) heç kimə diqqətini cəlb etmir…

Sonda, müəllif obrazlardan birinin diliylə az qala yanıqlı fəryad şəklində səslənən “Bəs alma? Alma heç kimə lazım deyil?” sədası ilə öz növbəsində elə bil ki, müasir dövrün sırf rasional cəmiyyətin insanlarına üz tutaraq fəryad edir ki, bəs nağıl-mif heç kimə lazım deyil? Axı nağılsız, mifsiz (cənnət xülyaları) həyat yoxdur? Mifdən bu qədər uzaqlaşmaq böyük fəlakətlərə gətirib çıxara bilər.

Ümumiyyətlə, hər iki ssenarinin içində o qədər maraqlı incə məqamlar var ki, hamısına toxunmaq bəlkə də böyük bir araşdırma qədər yer tutar. Lakin, zənnimcə, bu kiçik yazıda Alla Axundovanın kino yaradıcılığındaki iki maraqlı qütbə – cənnət və cəhənnəm motivlərinə toxuna bildi.

Mənbə: edebiyyatqazeti.az

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10