“Üç meymunu oynayan dünya…” – Türkan Turan yazır

10 Baxış

169250_ixfw87m2s8

“Üstünü örttüğünüz birinin cenazesine katılmadan dünyayı anlayamazsınız”, deyir türkiyəli rejissor və senarist Nuri Bilge Ceylan. Dəhşətli həqiqətdir! Nəinki yaşamaq, oxuyanda belə insanın nəfəsi kəsilir. Ötən həftə Gəncə növbəti terrora məruz qaldı.

Üstünü örtdükləri körpələrini kəfənə bükərək atalarının qollarına verdilər. Gözləri yaş, ürəyi qan ağlayan dağ boyda kişilərin dəqiqələr içində boyunları, belləri büküldü, qədləri əyildi. Körpələrinin cansız bədənlərini bağırlarına basıb öpdülər, qoxladılar, hönkürdülər. Atalardan biri yerlə-yeksan olmuş evinin qalıqları üstündə oturaraq dağıntılar altında qalan oğlunun şəklinə baxıb ağlayırdı. Çünki can evindən – övladından vurulmuşdu, əli-qolu bağlı idi, edə biləcəyi heç nə yox idi.

Əminliklə demək olar ki, ömründə ilk dəfə çarəsizliyin əsl siması ilə üzləşmişdi. Digər ata isə əliylə, barmaqlarının ucu, dırnaqları ilə ovulmuş daşı, betonu qazaraq uşaqlarını yerlə-yeksan olmuş evinin altından çıxarmaq üçün çırpınırdı. Oradan heç bir canlının sağ çıxmayacağını bildiyi halda dayanmırdı. Arxadan onu qucaqlayıb geri çəkmək istəyən adamı itələyir, yenidən dizlərini yerə ataraq barmaqlarını torpağa keçirirdi. Həmin gecə bütün ailəsini itirən uşaqlar oldu. Həmin gecə övladlarının hamısı ölən atalar oldu. Həmin hadisənin izi əbədi qalan şram kimi çəkildi tarixin üzünə. Baxışlarımızı hara çevirsək, həmin çapıq görünəcək gözümüzə. Eynən Xocalı kimi… Ermənilər tarix boyu bu qədər qansız, mərhəmətsiz, vicdansız olub. Uşaq, böyük demədən həmişə azərbaycanlıların qanını içiblər. Pedofiliyanın son dövrlər daha yayqın və aktual olduğu dünyada ermənilər 1992-ci ildə bələkdəki körpələrə, yenicə ayaq açıb yeriməyə başlayan uşaqlara təcavüz etdilər.

Milli Qəhrəman Çingiz Mustafayevin hönkürərək lentə aldığı 4-5 yaşlı uşaqların qurşaqdan aşağı çılpaq olması bunun əyani sübutudur. Hamilə qadınların bətinlərini yararaq körpələri çıxardıb ocağa atdılar. Həmin o körpələrin fəryadını nə Tanrı duydu, nə də dünya. Qışın ən sərt ayında, şaxtanın, ayazın ortasında, əli yalın, silahsız, övladlarını bağrına basaraq qaçıb canını qurtarmağa çalışan insanlara necə bu cür divan tutmaq olar?! Həm evini, həm torpağını, həm keçmişini, həm gələcəyini zəbt etmək az deyilmiş kimi birdə canını necə almaq olar?! İnsan necə bu qədər vəhşi, amansız ola bilər?! Özü də gözünü qırpmadan, əli titrəmədən, ürəyi əsmədən, hırıldayaraq, qəhqəhə ataraq bunu necə etmək mümkündür?! Amma ermənilər hamısını və daha artığını tükləri belə ürpənmədən azərbaycanlıların başına gətirdi. Milyonlarla insanı yerindən, yuvasından, canından etdilər. Tarixin belə təqviminə salmağa utandığı işgəncələri, əzabları çəkdirdilər suçsuz, köməksiz insanlara. Quduz it kimi nə dişləməyə doydular, nə parçalamağa. Aradan 30 ilə yaxın vaxt keçib. Texnika, texnologiya inkişaf edib. Hamı, hər şey dəyişib. Amma ermənilərin Gəncədə törətdikləri terror bir daha sübut etdi ki, bircə onlar vandallığı, vəhşiliyi dəyişməyib. Əllərində imkan olsa Xocalıda törətdiklərinin beş qat artığını edərlər. Amma bu, mümkün deyil. Çünki indi qarşılarında 1992-ci ildəki fağır, yiyəsiz, kimsəsiz, çarəsiz Azərbaycan yoxdur. Güclü, azad, dünyada öz sözünü deməyi bacaran, məğrur ölkə var. Onlar da bunu yaxşı bilirlər. Sadəcə hər zamankı xislətlərini nümayiş etdirirlər. Ermənistan bəlkə də dünyada yeganə ölkədir ki, düşmən sözünü zərrəsinə qədər haqq edir. Düşmən olmaq, savaşmaq, çəkişmək, müharibə etmək əsrlərdir dünyanın dəyişməyən və qarşısıalınmaz gerçəyidir, amma uşaqları güllələmək, təcavüz etmək, diri-diri yandırmaq, canlı-canlı qaynar suya atmaq, başına raket, bomba, top, mərmi yağdırmaq düşmənçilikdən daha dəhşətli bir nəsnədir. Bunun adı yoxdur.

Ən dəhşətlisi isə budur ki, dünya azərbaycanlı körpələrin beşiyində, yatağında Ermənistanın atdığı raketlərin altında ölməklərinə, pampers əvəzinə kəfənlərə bükülərək yan-yana düzülməklərinə susur. Başqa vaxt ağzı köpüklənə-köpüklənə  barmaq silkləyən liderlər birdən-birə üç meymunu oynamağa başladılar. Günlərdir nə görürlər, nə eşidirlər, nə də ağızlarını açıb bir kəlmə danışırlar. Yaxşı, bəs Azərbaycan ordusu erməni sivillərin yatdığı yerdə başına raket yağdırsaydı, onda da bu cür susardılarmı?! Əsla! Hamısı əl-ələ verib Ermənistanın qarşısında ətdən sipər hörərdilər. Çünki dünyada haqq-ədalət kəlməsi çoxdan ayaqlar altına alınıb. Gəncə terroru bunu bir daha sübut etdi!

Yeri gəlmişkən, o atalar üçün ömürlərinin sonuna qədər mövsum payız, hava soyuq, gündüzlər qaranlıq olacaq. Yarpaq-yarpaq saralıb, zərrə-zərrə quruyacaqlar. Çünki üstlərini örtdükləri övladlarını torpağın altına əlləri ilə qoydular. Kim bilir, torpaq neçənci dəfə utandı, bircə ermənilər utanmadı!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10