Üç parlaq imza – bir doğum günü – Nadir Rzalı yazır

8 Baxış

hg

Ömrünü, bütün qüvvətini, sözünün, fikrinin ən özəl, xalq üçün ən lazımlı hissəsini ədəbiyyata, onun inkişafına, yaranıb yayılmasına xidmət edən insanlar az olmayıb. Elə insanlar ki, bu gün nəinki ədəbiyyat adamları, cəmiyyətin həmin proseslərdən xəbərdar olan bütün nümayəndələri o imzalarla fəxr edir. O insanların ömrü ədəbiyyat uğrunda şam kimi əriyib. Həmin şam yandıqca süzülən ərinti dayaq mərkəzini daha da möhkəmləndirib, sarsılmaz edib.

Bu gün – 26 mayda Azərbaycanın görkəmli alimi Vəli Xuluflunun anadan olmasından 127 il, dahi dramaturq, nasir İlyas Əfəndiyevin dünyaya gəlişindən 107 il, böyük istedad sahibi, qəzəlxan Hacı Ələmdar Mahirin təvəllüd tapmasından isə 71 il ötür. Bu isimlərin hər üçü müxtəlif illərdə və ayrı-ayrı istiqamətlərdə Azərbaycan xalqına, xalqın zövqünə, mütaliəsinə, tarixinə və nəhayət, ədəbiyyatına xidmət edib. Bu cümləni yazılarımda mütəmadi işlədirəm və hər dəfə həqiqət olduğuna varıram: “Ədəbiyyat həm də qəribə bir mistikadır”. XIX əsrin sonunda dünyaya gələn Vəli Xuluflu, XX əsrin əvvəlində dünyaya gələn İlyas Əfəndiyev və həmin əsrin tən ortasında – 1950-ci ildə dünyaya gələn Hacı Ələmdar Mahir, həm də eyni gündə – 26 mayda.

Vəli Xuluflu cəmi 43 il ömür sürüb. Bu 43 illik ömrün yarısını Azərbaycan Şifahi Xalq ədəbiyyatının tədqiqi ilə məşğul olub. Bu illər ərzində onun ədəbiyyatşünaslıq elminə verdiyi töhfələr bu yazının miqyasını çox-çox aşar. Ümumi olaraq, onu demək olar ki, bir sıra Azərbaycan dastanlarının toplanıb nəşr edilməsi Vəli Xuluflunun adı ilə bağlıdır. Xüsusən, əgər Vəli Xuluflu olmasaydı, bu gün biz “Koroğlu” dastanının belə möhtəşəm variantından xəbərsiz olardıq. BDU-nun Filologiya fakültəsinin “Şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti Etibar Talıblı mühazirələr zamanı Vəli Xuluflu haqqında bizə geniş məlumat vermişdi. Etibar müəllim onun barəsində söhbət açanda həm çox əhatəli və yüksək şövqlə danışırdı, həm də gözündə kədər hiss olunurdu. Çünki 37-ci ilin qanlı represiyası Vəli Xuluflunu da öz caynağına almışdı. Nə qədər ki onun araşdırmaları sayəsində bəzi məsələlər ali təhsil ocaqlarında tədris olunur, Vəli Xuluflu da yaşaycaq, öyrəniləcək, ehtiramla yad olunacaq…

Ədəbi dövrlər, xüsusən sevilən qələm adamları arasında tarixi bir körpü olub. Bu, mənə domino effektini xatırladır. Elə adamlar var ki, kobud da səslənsə, varlığı ilə yoxluğu bilinməyib, qələmini, bədii nümunəsini, ələlxüsus özünü təsdiq edə bilməyib. Amma İlyas Əfəndiyevi, onun əsərlərini bir kənara qoysaq, ədəbiyyatın həmin mərhələsi boş qalar, nəsr körpüsünün əsas dayaqlarından biri uçub gedər. İlyas Əfəndiyev ilk olaraq öz lirik-psixoloji pyesləri ilə mənim sevimli yazıçıma çevrilib. Tarixi mövzuda yazılmış “Xürşidbanu Natəvan” pyesi xalqımızın taleyi ilə bağlı, mətnaltı mənaları zəngin olan bir dram əsəridir. Daha sonra “Geriyə baxma, qoca”, “Sarıköynəklə Valehin nağılı” əsərlərini sevə-sevə mütaliə eləmişəm. İlyas Əfəndiyevin ruhu qarşısında həm də ona görə mütəşəkkirəm ki, Azərbaycan ədəbiyyatına Xalq yazıçısı Elçin kimi parlaq imza bağışlayıb. İki gün öncə Azərbaycan ədəbiyyat tarixi fənninin mühazirə mövzusu yazıçı Elçinin yaradıcılığı idi. Müəllimimiz, böyük alim Abdulla Abbasovun yadigarı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Abdullayeva məhz bu mövzuya toxundu, həm İlyas Əfəndiyevin, həm də Elçinin yüksək peşəkarlığı barədə söhbət açdı. İlyas Əfəndiyev ölməz qələm sahiblərindəndir, xalqımız böyük yazıçısını heç vaxt unutmayacaq. İlyas Əfəndiyevin ruhu şaddır, çünki dədə-baba yurdu olan Qarabağ öz əzəli sahiblərinə qovuşub…

Dahi Məhəmməd Füzulidən sonra o səviyyədə poeziya yaratmaq müşkül məsələ idi. Ancaq sonrakı dövrlər də klassik şeir janrında öz istedadlı qələm sahiblərini yetişdirdi. Yaradıcılığında Füzulinin nəfəsi hiss olunan Seyid Əzim Şirvani, Əliağa Vahid, Hacı Mail Nardaranlı, Hacı Ələmdar Mahir və digərləri… Hacı Ələmdar Mahir Bakı qəzəlxanlıq məktəbinin layiqli davamçılarından biri idi. Füzulişünaslıq üzrə geniş tədqiqat işləri aparan Hacı Ələmdar Mahir, sözün əsl mənasında, şeirin ruhunu dərindən duyan, klassik şeir ənənələrinə yüksək səviyyədə bələd olan qəzəlxan idi. Onun vaxtilə televiziya verilişlərində qəzəl şərhlərini maraqla dinləyirdim. “Məclisi-üns” verilişində tez-tez çıxışlar edirdi. Təsəvvüf ədəbiyyatının müddəalarını dərindən bilən barmaqhesabı insanlardan biri idi. Öz qəzəlinin məqtə beytində dediyi kimi, o, 63 illik ömrünü bada vermədi, yazdı, yaratdı, sözü, şeiri ən ali səviyyədə xırdaladı və özündən sonrakı nəslə gözəl şeir nümunələri bağışladı:

Mahir, ölsəm də, qəmim yox,
dolanıb boş-boşuna
Sürmədim ömrü hədər,
nəysə yaratdım getdim.

Hər üç ədəbi şəxsiyyətə Allahdan rəhmət diləyirəm…

Nadir RZALI

525.az

 

Bölmə : Manşet, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10